Maraqlı

Qeyri-müəyyənlik insanın narahatlığını necə gücləndirir?

18 Avqust 2019 14:40
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyatın bilinməzlikləri ilə yaşamağı bacarmamaq qayğı və kədərə səbəb ola bilir.

Culi Bek

"Slate" dərgisinin tövsiyələr bölməsində doqquz il yazdıqdan sonra Emili Yoffe bəzi mövzuların təkrarlandığını anladı: "Qayınanalar, porno alüdəçisi ərlər, yolagetməz ofis yoldaşları, çılğın gəlinlər".

Yoffe deyir ki, bəzən məktub göndərənlər məsləhət nə olursa olsun, ona riayət etməyə hazır olduqlarını söyləyirlər. "İnsanlar mənə yazıb deyirlər: "Düşünürdüm ki, biz üç uşaq istəyirik, lakin ikisi ilə də xoşbəxt olduğumu anladım. İndi həyat yoldaşım üçüncünü istəyir. Siz nə düşünürsünüz bu haqda?" Mən nə düşünürəmmi? Bu mənim qərar verəcəyim məsələ deyil, elə deyilmi?"

Milli.Az bilge.az-a istinadən bildirir ki, lakin o məsləhətlərini verir, insanlar isə özlərinin narahatlıqlarını azaldan qərarlarında yardım istəməkdə davam edirlər, böyük və kiçik qərarlar, həyatın sonuna hazırlaşmaqdan tutmuş qızının ayaqlarını qırxmağa nə vaxt icazə vermək məsələsinə qədər.

Məsləhət-axtaranlar həyatlarının konfliktlərində arbitr rolunu oynamaq üçün neytral, inandıqları üçüncü tərəf axtarışındadırlar. Məktublar, adətən, bu suallarla bitir: Bunun öhdəsindən necə gələ bilərəm? Ona nə deməliyəm? Görəsən, düzgün seçimmi edirəm? Bu suallar da universal "Mən nə etməliyəm?" sualına gətirib çıxarır.

Cavab əldə etdikləri zaman onlar hərəkətə keçə bilir, nə baş verdiyini görə və təxminedilməzliyin təşvişi içərisində yaşamaqdan qurtula bilirlər. Çünki çox vaxt, naməlum olan ən pis olandır.

İnsan şüurunun mənfi tərəflərindən biri gələcək barədə qayğılanmaq bacarığıdır. Gələcəyin mövcud olduğunu bilirik, lakin həmin gələcəkdə nə baş verəcəyini bilmirik. "Digər heyvanlarda təxminedilməzlik və ya qeyri-müəyyənlik ayıq-sayıqlığın inkişaf etməsinə səbəb olur, lakin insanlarla bağlı unikal olan şeyin gələcək hadisələrin naməlum və ya öngörülməz olduğu faktına reaksiya vermək bacarığı olduğunu düşünürəm," Viskonsin-Madison Universitetinin Sağlam Düşüncələrin Araşdırılması üzrə tədqiqatçısı Dan Qrupe belə söyləyir. "Qeyri-müəyyənliyin özü insanların kədərlərinin, streslərinin çoxalmasına səbəb ola bilir."

Bir qayda olaraq, insanlar müəyyənliyi qeyri-müəyyənlikdən üstün tuturlar. Araşdırmalar göstərir ki, insanlar daha sonra elektrik şokuna məruz qalmaq ehtimalındansa, həmin şoka indi məruz qalmağa üstünlük verərdilər və onlar təxminedilməz şoku (və ya digər xoşagəlməz stimulları) gözləyərkən, öncədən təxmin edilən şok halından daha böyük əsəb sistemi aktivliyi nümayiş etdirirlər. İnsanların bu məsələdə fərqləndiyi məqam qeyri-müəyyənliyin onları narahat etmə dərəcəsidir.

Qeyri-müəyyənliyin Dözülməzlik Dərəcəsi də bunu ölçür. 1994-cü ildə Kvebekdə bir qrup araşdırmaçı tərəfindən yaradılan bu ölçü sistemi insanların öngörüləbilənliyi nə qədər arzuladığını və axtardığını, həmçinin ikibaşlı situasiyalara onların necə reaksiya verdiyini nümayiş etdirir. Kanadanın Utavei rayonunun Kvebek Universitetində psixologiya üzrə professor və IUS yaradıcılarından biri olan Mişel Duqlasa görə, qeyri-müəyyənliyə qarşı dözümsüzlüyün (IU - Intolerance of Uncertainty) daha yüksək səviyyəsi "koqnitiv zəiflik"dir. O və onun araşdırmaçı yoldaşları yüksək səviyyəli İU ilə müxtəlif narahatlıq və həyəcan pozğunluqlarını, həmçinin yemək pozğunluğu və depressiyanı əlaqələndirirlər. Onun araşdırmalarının çox hissəsi ümumiləşdirilmiş narahatlıq pozğunluğu (GAD - Generalized Anxiety Disorder) üzərinə edilmişdir. Onun sözlərinə görə, bu məsələdə IU ciddi səbəb kimi risk faktorudur. Yəni yüksək IU səviyyəsi daha çox qayğıya, narahatlığa gətirib çıxarır.

Bu, sadəcə kliniki narahatlıq kimi deyil, gündəlik qayğılar, narahatlıqlar anlamında da keçərlidir. Duqas və Qrupenin söylədiyinə görə, qeyri-müəyyənlik istənilən növ narahatlıq, təşviş üçün zəruri şərtdir.

Burada alimlərin "narahatlıq" (worry) və "təşviş, qayğı" (anxiety) sözləri ilə ifadə etdikləri mənalar arasında kiçik bir semantik fərq var. "Narahat olmaq" ümumilikdə mümkün gələcək təhlükələr barədə düşünməkdir, bu isə emosiyalar və bədənsəl təşviş duyğusu ilə müşayiət olunur. Əgər narahatlıq obyekti tamamilə öncədən görüləbiləndirsə və ya hazırda baş verməkdədirsə (burada artıq ikibaşlılıq yoxdur), siz bu barədə təşviş və ya qayğı keçirmirsiniz, siz bundan qorxursunuz. Və siz əgər sadəcə gələcəkdəki potensial pis şeylər barədə düşünürsünüzsə və bir soyuqqanlılıq hiss edirsinizsə, "çox güman, siz narahatlıq, qayğı keçirmirsiniz," deyir Duqas. "Siz, çox güman, planlama ilə və ya hazırlaşma ilə məşğulsunuz."

Beləliklə, nə edəcəyini bilməmək, nə baş verəcəyini, başqa insanların nə düşündüyünü və nə hiss etdiyini bilməmək istənilən insanda həyəcanı, narahatlılığı artırmağa hazır situasiyalardır. Bunun təsir qüvvəsi isə insanların qeyri-müəyyənliyə dözmək bacarığından asılıdır.

"Subkliniki və diaqnoz edilmiş narahatlıqlar arasında bir-birindən kəskin fərqlənən məqamların olmadığı inancındayam," deyir Qrupe. "Bu, qeyri-müəyyənliyin yüksək rol oynadığı, öncədən təxmin edilə bilməməyin insanı üzüb əldən saldığı, davam edən bir spektrdir."

Duqas da razılaşaraq deyir: "Bu bir davamlılıqdır. Ümumiləşdirilmiş narahatlıq pozğunluğuna malik insanlar qayğının kəskin uclarında olurlar, lakin bu qayğı sizin və ya mənim qayğımdan fərqlənmir. Sadəcə, çoxlu qayğılar var."

O, qeyri-müəyyənliyə qarşı ekstremal dözümsüzlüyü allergiya reaksiyası ilə müqayisə edir. "Əgər qoz-fındığa qarşı allergiyanız varsa və içərisində bir qram badam olan ad günü tortundan bir dilim yemisinizsə, bədəninizin çox kəskin fiziki reaksiyası baş verəcək," deyir. "İnsanların əksəriyyəti üçün zərərli olmayan nəsnənin ən kiçik miqdarı belə sizdə kəskin reaksiya yaradır. Bu da psixoloji allergiya kimi bir şeydir."

Viskonsin-Madison Universitetindən Qrupe və Cek Nitşke 2013-cü ildə beyin mexanizmlərinin bu psixoloji allergiyada oynaya biləcək rolunu izah edən nəzəriyyə işləyib-hazırladılar. Mürəkkəb bir prosesdir - "IU-nun aid olduğu xüsusi bir beyin hissəsi yoxdur," Qrupe deyir. Qeyri-müəyyənliyə dözüm müxtəlif beyin prosesləri ilə əlaqəlidir. Qrupe ehtimal edir ki, bu proseslərə emosional tənzimləmə, təhlükənin müəyyənləşdirilməsi və təhlükəsizliyin, qorunmanın müəyyənləşdirilməsi də daxildir (son ikisi bir-birindən fərqli, ayrı proseslərdir).

İkibaşlı və ya öncədən təxmin edilə bilməyən situasiyalarda beyin ətraf mühitdən ipucları, işarələr axtarmağa başlayır, keçmiş təcrübələrində təhlükə və qorunma ilə assosiyasiya olunan nəsnələri üzə çıxarmağa çalışır. Əgər bu proses uğursuz olarsa və beyin nəyin təhlükəli, nəyin təhlükəsiz olduğunu sizə söyləyə bilmirsə, o zaman hər şey təhlükə kimi görünə bilər. Təhlükə və təhlükəsizliyin müəyyən edilməsi beynin amiqdala bölməsinə aiddir, emosiyaların tənzimlənməsi isə prefrontal korteksin ixtiyarındadır. Qrupenin fikrincə beynin insula bölməsi də daxili, subyektiv duyğuların yaradılmasına kömək etmək üçün bədən və onun mühiti haqqındakı məlumatların prosesdən keçirilməsi məsələsində mühüm rol oynaya bilər.

Qrupe deyir, bu proseslər bir-biriləri ilə çox əlaqəlidirlər, iç-içə keçmiş haldadırlar. İnsanların ümumilikdə müəyyənliyə üstünlük vermələrinə baxmayaraq, naməlum olan heç də həmişə narahatlığı, həyəcanı artırmır. "Qeyri-müəyyənliyin öz müsbət tərəfləri də var, xüsusilə də müvəqqəti qeyri-müəyyənliklər və naməlum nəsnələrlə əlaqədar olanlar", Avstraliya Milli Universitetinin Tibb, Biologiya və Ətraf Muhit Kollecinin professoru Maykl Smitson yazır. "Oxumağa hazırlaşdığımız bütün kitabların, baxacağımız bütün filmlərin sonunu, gələcəkdəki bütün Milad bayramı hədiyyələrimizin nələr olacağını indidən bilmək istəmirik... Çünki biz həm də azadlıq və avtonomiya, seçimlərə malik olma duyğusunu da sevirik."

Elə hallar var ki, bu hallar zamanı qeyri-müəyyənlik narahatvericilikdən daha çox həvəsləndirici və motivasiyaverici ola bilər. Çikaqo Universitetinin marketinq və davranış elmi üzrə professor Ayelet Fişbax öz araşdırmalarında, mükafatın qeyri-müəyyən olduğu tapşırıqlar zamanı insanların özlərini daha həvəsli, həyəcanlı hiss etdiklərini və daha çox çalışdıqlarını üzə çıxarır.

Lakin onu da qeyd edir ki, "qeyri-müəyyən olan kiçik həcmli mükafatlar zamanı baş verir bu həvəslənmə. Biz bu qeyri-müəyyənliyin həcmini kiçik tutmağa çalışırıq ki, bu həvəs hansısa məqamda qorxuya çevrilməsin. Yəni insanların maaşlarının qeyri-müəyyən olduğunu nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz kiçik qeyri-müəyyənliklərdir."

Əgər bir insan üçün bilməmək qayğısı çox böyükdürsə, o, adətən, iki strategiyadan birini seçir: yaxınlaşmaq və ya çəkinmək (imtina etmək). Dərgilərin tövsiyə bölməsindəki klassik senarisini götürün: Həyat yoldaşım məni aldadırmı? Şübhələnən tərəf ya qeyri-müəyyənliyi qovmaq üçün müəyyənlik yaratmağa çalışacaq - ətrafı araşdıracaq, özündən birbaşa soruşacaq, yaxud da bu vəziyyəti düşünməkdən, onunla məşğul olmaqdan ümumiyyətlə əl çəkəcək. (Təəccüblü deyil ki, IU həm də qərarsızlıqla əlaqəlidir.)

Araşdırmalar yüksək IU-a malik insanların başqa bir strategiya kimi özlərini digərləri ilə müqayisə etməyə meylli olduqlarını da göstərir. Bunun öz səbəbi var. Siz əgər nə qədər uğurlu olduğunuzdan və ya şəxsi münasibətlərinizin necə yaxşı olduğundan əmin deyilsinizsə, başqaları ilə özünüzü müqayisə edərək əminlik qazana bilərsiniz. Və ya çəkinmə, imtina etmə əhvalındasınızsa, sizə lazım olan cavabı başqasının söyləməsini xahiş edə bilərsiniz. Dərgilərin tövsiyə səhifələrindəki müraciətlərin çoxu bu yöndədir.

"Bu haqda çox fikirləşmişəm," deyir Yoffe. "Tamamilə yad bir insana niyə elektron poçt vasitəsilə müraciət edir insanlar? Burada forma məsələsi də var. Köşə paraqraflarla yazmağı tələb edir. Mən də paraqraflarla cavab verirəm. Mürəkkəblikdən qaçıram. Forma sizdən mümkün qədər aydın yazmağı tələb edir, mən də bacardığım qədər aydın cavab verə bilirəm."

Demək olar, hər kəs, müəyyən dərəcədə, bəzən bu cür strategiyalardan istifadə edir. "Hamımızın müəyyən dayaq nöqtələri var," Duqas deyir. Lakin birisinin "qeyri-müəyyənliyə qarşı allergiyası" varsa, GAD pasiyentləri kimi, partnyorları barədə çox asanlıqla şübhəyə düşürlər. Onlar olmayan yerdə təhlükə görə bilərlər. "Siz gün ərzində dörd dəfə həyat yoldaşınızdan sizi hələ də sevməsi barədə soruşa bilərsiniz, birdən fikrini dəyişmək ehtimalına qarşı," Duqas deyir. "Bu, müəyyənlik-axtarma davranışıdır." Həm də zərərli bir davranışdır bu.

Digər tərəfdən, Duqas deyir, çəkingənlik həddən artıq olanda insanın özünə qarşı yönələ bilir, məsələn, işdə vəzifənin artırılmasının qarşısını almaq kimi. Çünki yeni işin necə olduğunu bilmirsiniz və hazırkı işinizi yaxşı bacardığınızdan əminsiniz. Qrupe göstərir ki, öncədən təxmin edilə bilməyən situasiyalardan çəkinmək, imtina etmək öz qayğılarının yanlış olduğunu sübut etmək imkanlarından məhrum edir insanları. "Mərasimlər, partilər məsələsində olduğu kimi, düşünə bilərsiniz ki, ora getsəm, orda utanaram, darıxaram, insanlar da mənə baxar, yəni bu cür qayğılar. Əgər siz o partiyə getsəniz, bəlkə də bu qorxuları təkzib etmiş olarsınız, bununla da öz narahatlığınızı, təşvişinizi azaldarsınız. "

Əgər qeyri-müəyyənliyə nifrət artıq bir insanın həyatına bu cür mənfi təsir etməyə başlayırsa, üçüncü bir strategiyanı tətbiq etmək yararlı ola bilər: sadəcə, bununla yaşamaq.

Duqas və həmkarları bu konseptə əsaslanan və GAD pasiyentləri üçün çox effektiv olan koqnitiv davranış terapiyasının bir növünü hazırlayıblar. Bəzi insanlar yaxınlaşma strategiyasına, bəziləri çəkinmə strategiyasına, bəziləri isə müxtəlif situasiyalarda hər iki strategiyadan istifadə etməyə meyllidirlər. Fərdlər hansı növ qeyri-müəyyənliyin onları daha çox narahat etdiklərini də fərqləndirə bilərlər. Bir iş adamı dayanmadan fond birjasını yoxlayırsa, Duqas deyir, o, əvvəlcə sadəcə gündə bir dəfə, daha sonra isə günaşırı yoxlamaqla bu qayğını azalda bilər. Uşaqlarının məktəb qiymətlərinin qeyri-müəyyənliyi barədə çox qayğılanan valideynlər, uşaqların tapşırıqlarını əvvəlcədən diqqətlə yoxlamaqla bu qayğını azalda bilərlər.

"Məqsəd həmişə eynidir", Duqas deyir. "Onları qeyri-müəyyənlik təcrübəsinə alışdırmaq və "bu heç də əyləncəli deyil, amma mən buna dözə bilərəm" düşüncəsini öyrənmələrinə nail olmaq."

Yoffe həmçinin bəzən həyatın qeyri-müəyyənliklərini qəbul etməyi tövsiyə edir insanlara. O, bir qadının yazdığı məktubu xatırladır: qadın evlənməzdən az öncəyə qədər ərinin valideynlərini görmədiyini, onları gördüyü zaman isə ərinin görünüşcə onlara heç bənzəmədiyini anladığını yazır. Əri daha çox öz xalasına və xalasının ərinə bənzəyir. Qadın yazır, "Ərimin valideynlərinin xalası və xalasının əri olduğunu düşünürəm. Bunu ona izah etməliyəmmi?" Yoffenin cavabı "xeyr"dir.

Yoffe bu situasiyada məktub müəllifinə, "Spekulyasiyanı özünüzdən uzaqlaşdırın" deyə cavab verir. "Burada bəlli bir qaydanın olduğunu düşünmürəm... Cavab sübut hallarının bütünlüyü və sizin mental durumunuzdur," söyləyir Yoffe.

Yekun olaraq, heç kəs üçün qeyri-müəyyənliklə yaşamaqdan qurtuluş yoxdur. Özünüzü nə qədər digərləri ilə müqayisə etsəniz də, elektron poçtunuzu nə qədər yoxlasanız da, nə qədər xəbərlər oxusanız da və nə qədər qayğılansanız da, ölümünüzdən sonra nə baş verəcəyini, yaxud başqa insanların sizin haqqınızda nə düşündüyünü və ya beş ildən sonra həyatınızın necə olacağını heç vaxt bilməyəcəksiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.