Son günlərdə artan qrip halları ilə birlikdə öskürək bir çox insan üçün can sıxan bir problemə çevrilib. Lakin nənələrimizin illərdir istifadə etdiyi bu təbii şərbət resepti öskürəyi, bəlğəmi və sinədəki xışıltını qısa zamanda aradan qaldırır.
Milli.Az xəbər verir ki, öskürək bədənin tənəffüs yollarında toplanan yad maddələri, mikrobları və infeksiyaları xaric etməyə çalışarkən göstərdiyi təbii müdafiə refleksidir.
Adətən soyuqdəymə, qrip və ya virus infeksiyaları nəticəsində yaranır, lakin allergiyalar, siqaret, hava çirkliliyi və bəzi xroniki xəstəliklər də səbəb ola bilər.
Xüsusilə qış aylarında zəifləyən immun sistem və soyuq hava öskürəyin artmasına şərait yaradır.
Hər kəsin orqanizmi fərqli olduğu üçün, bəzi təbii üsullar digərlərinə nisbətən daha təsirli ola bilər.
Bal, zəncəfil, limon, alma sirkəsi, soğan, kəklikotu və çörəkotu kimi təbii məhsullar boğazı yumşaldır, immun sistemini gücləndirir və bəlğəmi azaldır.
Mütəxəssislər bildirirlər ki, bu məhsullar düzgün istifadə olunduqda simptomları yüngülləşdirə bilər. Lakin öskürək uzun müddət davam edirsə və ya bəlğəmlidirsə, mütləq həkimlə məsləhətləşmək lazımdır.
Nənə resepti ilə təbii öskürək şərbətləri
Ballı limonlu su
Bal və limon, öskürəyə qarşı ən məşhur təbii vasitələrdəndir. Limon antioksidant təsiri ilə immun sistemini gücləndirir, bal isə boğazı sakitləşdirir və mikrobları məhv edir.
Tərkibi:
1 xörək qaşığı bal
Yarım limonun suyu
1 stəkan ilıq su
Hazırlanması:
Bütün inqrediyentləri qarışdırın və gündə 2-3 dəfə için.
Balın antibakterial xüsusiyyəti boğaz infeksiyalarına qarşı təsir göstərir.
Zəncəfil çayı
Zəncəfil təbii iltihabəleyhinə xüsusiyyətə malikdir və bəlğəmi aradan qaldırmağa kömək edir.
Tərkibi:
1-2 sm təzə zəncəfil
1 stəkan isti su
1 çay qaşığı bal (istəyə görə)
Hazırlanması:
Zəncəfili nazik doğrayın, qaynar suya əlavə edin və 10 dəqiqə dəmləyin.
Sonra istəyə görə bal əlavə edin və isti halda için.
Lalə Qüdrətova
Milli.Az