İtaliyada katolik kilsəsi ilə bağlı daha bir böyük qalmaqal gündəmə gəlib. "Rete Labuso" adlı qurbanların hüquqlarını müdafiə edən təşkilatın açıqlamasına görə, 2020-ci ildən bəri təxminən 4400 nəfər katolik keşişləri tərəfindən zorakılığa məruz qalıb.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın rəhbəri Françesko Dzanardi hadisələrin illər boyu sistemli şəkildə baş verdiyini bildirib. Onun sözlərinə görə, təqdim edilən məlumatlar zərərçəkənlərin ifadələrinə, məhkəmə sənədlərinə və KİV mənbələrinə əsaslanır. Lakin zorakılıq hadisələrinin dəqiq tarixi açıqlanmayıb.
Təşkilatın hesabatına görə, sənədləşdirilmiş 1250 zorakılıq faktından 1106-sı məhz keşişlərlə bağlıdır, qalan hallarda isə rahibələr, din müəllimləri, könüllülər və tərbiyəçilər iştirak edib. Ümumilikdə 4625 nəfər zərərçəkib, onların 4451-i yetkinlik yaşına çatmayan, 4108-i isə kişi olub. Qurbanlar arasında beş rahibə, 156 həssas kateqoriyadan olan yetkin və 11 fiziki və ya əqli məhdudiyyətli şəxs də var.
Məlum olub ki, adı hallanan 1106 keşişdən yalnız 76 nəfəri barədə kilsədaxili araşdırma aparılıb. Onlardan 17-si vəzifədən müvəqqəti uzaqlaşdırılıb, 7 nəfər başqa bölgələrə köçürülüb, 18 nəfər keşişlikdən azad edilib və ya özü imtina edib, 5 nəfər isə intihar edib.
Bundan başqa, Vatikanın Uşaqların Müdafiəsi üzrə Komissiyasının 16 oktyabr tarixli hesabatında qeyd olunur ki, İtaliyadakı 226 yeparxiyadan yalnız 81-i uşaq müdafiəsi tədbirləri barədə hesabat təqdim edib.
Məsələ ilə bağlı Roma Papası Fransisk bu həftə ilk dəfə zərərçəkənlərlə görüşərək, yepiskoplara cinsi zorakılıq hallarını gizlətməməyi və belə faktlara dərhal reaksiya verməyi tövsiyə edib.
Hadisə İtaliyada və beynəlxalq miqyasda ciddi rezonans doğurub və Vatikan daxilində islahat çağırışlarını gücləndirib.
Kənan
Milli.Az





