Təhsil Nazirliyinin dəstəyi ilə "İnkişaf" Elmi Mərkəzi "Müəllimlər üçün peşə standartlarının hazırlanması" layihəsini həyata keçirir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən xəbərə görə, pilot layihə çərçivəsində müəllimlərin peşə standartları müəyyənləşdirilir.
Məlumata görə, hazırlıq prosesində olan standartlar üzərində təcrübə aparılır, peşəkarların fikirləri öyrənilir. Eyni zamanda, hazırlanmış peşə standartlarının obyektivliyini və validliyini müəyyənləşdirmək məqsədi ilə müəllimlər tərəfindən anonim qiymətləndirilməsi də nəzərdə tutulur.
Bu məqsədlə noyabrın 20-də ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində dərs deyən 500 nəfər Azərbaycan dili və 500 nəfər riyaziyyat müəllimi 2 mərkəzdə (18 və 220 nömrəli tam orta məktəblər) toplanaraq peşə standartlarının müəyyənləşdirilməsində və anonim qiymətləndirilməsində iştirak edəcək: "Bu standartlar "Azərbaycanda Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Artırılması Sistemi"nin yaradılması və həyata keçirilməsi üçün perspektiv yolların göstərilməsinə xidmət edəcək və Azərbaycan müəllimlərinin inkişafına böyük təkan verəcək.
Eyni zamanda, müəllimlərin peşə standartlarının hazırlanması Azərbaycanda müəllim heyətinin müasir tələblərə cavab verməsində rol oynayacaq. Bu standartların hazırlanması müəllim kompetensiyalarının inkişafının istiqamətləndirilməsinə, müəllim peşəsinin nüfuzunu artırılmasına zəmin verəcək, həmçinin, hər bir müəllimə dünya təcrübəsinə yiyələnmək imkanı yaradacaq".
Qeyd edək ki, layihənin icrası müddətində dərslərin müşahidəsi və hədəf qruplarda müzakirələrin keçirilməsi nəzərdə tutulub.
Milli.Az