Cəmiyyət

Əsl tövbəkar kimdir?

7 Yanvar 2014 22:13
0 Şərh     Baxış: 1 178
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Dini kitablarda Allah tərəfindən qəbul edilən və yüksək dəyərləndirilən tövbənin xüsusiyyətləri barədə çoxlu hədis və rəvayətlərə rast gəlirik. Tövbənin ən yüksək və səmimi mərtəbəsinə "tövbeyi-nəsuh" deyirlər.

Bu həmin tövbədir ki, Qurani-kərimdə onun barəsində buyurulur: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (nəsuh) tövbə edin!" (Təhrim, 8).

Milli.Az İslam.az-a istinadən bildirir ki, bəzi alimlərin fikrincə, ən yaxşı tövbənin 4 şərti var: etdiyin günah üçün ürəkdən peşman olmaq, dillə tövbə-istiğfar etmək, həmin günahdan çəkinmək və bir da­ha o günaha sarı qayıtmamağı qəsd etmək. Səmimi tövbənin 3 xüsusiyyəti olduğunu deyənlər də var: Allah tərəfindən qəbul olunmama­sı üçün qorxmaq, qəbul olunacağına ümid etmək və Allaha itaəti davam etdirmək. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Tövbeyi-nəsuh elə bir tövbədir ki, onu edənin batini ilə zahiri eynidir, hətta batini zahirindən daha üstün­dür".

Əsl tövbənin necəliyi haqqında aşağıdakı iki hədis xüsusi əhəmiyyət daşıyır.

Bir gün Həzrət Muhəmməd Peyğəmbər (s) səhabələrdən soruşdu: "Bilirsinizmi, əsl tövbəkar kimdir?" Cavab verdilər: "Allaha and olsun ki, xeyr, bilmirik". Peyğəmbər buyurdu:

"Bəndə tövbə edirsə, amma ondan şikayəti olanları (yəni, haqqını qəsb etdiyi adamları) razı salmırsa (onlardan halallıq almırsa), tövbəkar sayılmaz. Hər kim tövbə etsə, amma oturub-durduğu məclisləri və yediyi (haram) yeməkləri dəyişdirməsə, tövbəkar deyil. Hər kim tövbə etsə, amma (günahda ona şəriklik edən) dostlarını dəyişdirməsə, əsl tövbəkar deyil. Hər kim tövbə etsə, amma ibadətini çoxaltmasa (yəni ibadətinin sayını və keyfiyyətini artırmasa), tövbə etmiş sayılmaz. Hər kim tövbə etsə, amma (ona fəxr gətirən) libasını dəyişdirməsə, tövbəkar deyil. Hər kim tövbə etsə, amma yatağını dəyişdirməsə (yəni, naz-nemətli, rahat yataqdan uzaq olmasa və ya əxlaqsızlığa son qoymasa), əsl tövbə edənlərdən deyil. Hər kim tövbə etsə, amma qəlbi (imana, təqvaya və ibadətə sarı) açılmasa, səxavəti artmasa, əsl tövbəkar olmaz. Hər kim tövbə etsə, amma (bu dünyaya aid olan) arzu-xəyallarını azaltmasa və dilini (yalan, qeybət və söyüşdən) qorumasa, əsl tövbəkarlardan sayılmaz. Hər kim tövbə etsə, amma yeməyindən qalanı başqasına verməsə, tövbə etmiş olmaz. Hər kim bu xüsusiyyətlər üzrə istiqamət götürsə (bunlara nail olsa), əsl tövbəkar odur".

Başqa bir rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Tövbə edən hansı şəxsdə bu təsirlər duyulmasa, əsl tövbəkarlardan sayılmaz: ondan narazı və şikayətçi olanları razı salsın, namazlarını artırsın, xalq içində təvazö ilə davransın, nəfsini şəhvətlərdən uzaq tutsun, gündüzlər oruc tutmaqdan boynu incəlsin, gecələr namaz qılmaqdan rəngi saralsın, yeməyin azlığından qarnı arıqlasın, cəhənnəmin xovfundan beli əyilsin, cənnətin şövqündən sümükləri ərisin, ölüm mələyinin qorxusundan qəlbi yumşalsın, əcəl barədə düşünməkdən bədəndə dərisi qurusun. Bunlar tövbənin təsirləridir. Əgər bu nişanələrə malik olan bir bəndə görsəniz, bilin ki, tövbeyi-nəsuh edən əsl tövbəkar odur".(Biharül-ənvar, VI, 35-36)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.