Bu gecə Yer, Günəş və Ay bir xəttə düzüləcək və Ay tam tutulma mərhələsinə çataraq öz zirvəsini yaşayacaq.
Milli.Az-ın məlumatına görə, hadisə barədə Şimal İrlandiyanın Queens University məlumat yayıb.
Bu təbii hadisə Avropanın, Avstraliyanın və Afrikanın bəzi bölgələrində də görünəcək.
Məlumatda bildirilir ki, bazar günü gecə Asiya, Avropa, Avstraliya və Afrika ərazilərində tam Ay tutulması zamanı "Qanlı Ay" fenomeni müşahidə ediləcək.
Günəş, Yer və Ay düz xəttə gəldikdə, planetimizin kölgəsi Ayın üzərinə düşür və onu qəribə, dərin qırmızı rəngdə işıqlandırır. Bu möhtəşəm mənzərə minillərdir insanları valeh edir.
Asiyanın, o cümlədən Hindistan və Çin ərazilərində yaşayanlar tutulmanı ən yaxşı şəraitdə izləyə biləcəklər. Eyni zamanda hadisə Afrikanın şərq hissələrində və Avstraliyanın qərbində də görünəcək.
Avropa və Afrikada isə Ayın üfüqdən qalxması zamanı qısa müddətli qismən tutulma müşahidə olunacaq. Amerika qitəsi isə bu dəfə tutulmanı görə bilməyəcək.
Tam Ay tutulması 17:30 GMT-də başlayaraq 18:52 GMT-də sona çatacaq.
Şimal İrlandiyanın Queens University Belfast universitetinin astrofiziki Rayan Milliqan qeyd edir ki, Ayın qırmızı rəngdə görünməsinin səbəbi Yer atmosferindən süzülən və əks olunan günəş işığının Ayın üzərinə düşməsidir.
Kənan
Milli.Az