ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) sentyabrın 5-6-da Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı növbəti hesabatını açıqlayıb.
Milli.Az xəbər verir ki, sənəddə xüsusilə Xarkov və Donetsk vilayətlərində rus qoşunlarının fəaliyyətindən bəhs olunur.
Məlumata görə, sentyabrın 6-da Rusiya ordusu Xarkov vilayətinin şimalında hücumlarını davam etdirsə də, təsdiqlənmiş irəliləyiş əldə edə bilməyib. Bununla belə, geolokasiya materialları rusların Kupyanskın şimal-qərbinə daxil olduğunu göstərir.
Liman istiqamətində isə hər iki tərəfin irəliləyiş cəhdləri qeydə alınıb. Sentyabrın 5-də yayılan görüntülər Ukrayna ordusunun Zareçnının qərbində müəyyən uğur qazandığını təsdiqləyir. Eyni zamanda rus qüvvələri Limanın şimal-qərbinə doğru hərəkət edərək Netrius çayının sol sahilinə çatıb.
ISW bildirir ki, sentyabrın 6-da Rusiya ordusu Seversk və Pokrovsk istiqamətlərində də hücuma keçib. Geolokasiya videolarına əsasən, Pokrovskdan şimal-şərqdə yerləşən Mirolyubovka ətrafında rusların kiçik irəliləyişləri qeydə alınıb.
Novopavlovka və Zaporojye vilayətinin şərq istiqamətlərində də hücumlar davam etsə də, cəbhə xəttində dəyişiklik olmayıb. Həmçinin Xerson istiqamətində sentyabrın 5-6-da məhdud hücumlar təşkil edilsə də, nəticəsiz qalıb.
Mənbələrin məlumatına görə, Rusiya komandanlığı təcrübəli dəniz birləşmələrini Pokrovska yönləndirib və taktikasında dəyişiklik edib. Qüvvələr tək-tək və ya kiçik qruplar halında şəhərə daxil olmağa çalışır.
Ukrayna Hava Hücum Qüvvələrinin nümayəndələri bildirirlər ki, Moskva ordusu Pokrovsk istiqamətində "həlledici irəliləyiş" planlaşdırır.
Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya üçün əsas məqsəd Pokrovsk-Kramatorsk-Slavyansk aqlomerasiyasını ələ keçirməkdir. (Musavat.com)
Milli.Az