Siyasət

Mehriban Əliyeva reabilitasiya mərkəzinin açılışında iştirak edib, uşaq bağçasında yaradılmış şəraitlə və "Olimpiya kəndi"ndə aparılan işlərlə tanış olub - YENİLƏNİB - FOTO

4 May 2013 07:01
Baxış: 1 116
03.05.2013
21:56


AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonundakı 82 nömrəli körpələr evi-uşaq bağçasında əsaslı yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur.

Mehriban xanım Əliyeva 82 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendlə tanış oldu, binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostendə baxdı.

Məlumat verildi ki, 1963-cü ildə inşa edilən ikimərtəbəli binanın təmiri "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq aparılmışdır. Yenidənqurma işlərinə 2012-ci ilin martından başlanılmışdır. Bağçada 3-6 yaş arası 95 uşağın təlim-tərbiyəsi ilə ümumilikdə 20 nəfər məşğul olur. Bağçanın bütün otaqları tamamilə yenilənmişdir. Buradakı bütün avadanlıq Heydər Əliyev Fondunun hədiyyəsidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçada yaradılan şəraitdən razılığını bildirdi.

X X X

AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mayın 3-də "Olimpiya kəndi"ndə aparılan hazırlıq işləri ilə tanış olmuşdur.

Bakının Nizami rayonunda yerləşən, birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq "Olimpiya kəndi" 382 min 397 kvadratmetr sahəni əhatə edir. Olimpiya kəndi Avropa Oyunlarının keçiriləcəyi əsas idman komplekslərinə - Olimpiya Stadionuna, Su İdmanı Növləri Mərkəzinə, Gimnastika Kompleksinə və Hava Limanına yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir. On üç yaşayış binası, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dörd otaqlı 1161 mənzil vardır. Burada, həmçinin elektrik yarımstansiyaları, qazanxana, yeraltı su anbarı, nasosxana, hər binanın maşın parkı mövcuddur. Kompleksdə 3520 otaqdan əlavə 42 min sahəni əhatə edən dupleks evlərin salınması üçün də hazırlıq işləri görülmüşdür.

Ərazidəki 1100 şagird yerlik yeni məktəb binası isə Bakı Avropa Oyunları Koordinasiya Komitəsinin fəaliyyəti üçün ayrılmışdır.

Xanım Mehriban Əliyevaya məlumat verildi ki, Koordinasiya Komitəsinin fəaliyyəti, burada çalışan yerli və beynəlxalq ekspertlər üçün bütün lazımi şərait yaradılmışdır. Binada müxtəlif toplantıların keçirilməsi üçün böyük və kiçik zallar, müxtəlif kabinələr vardır. Kompleksdə voleybol, basketbol meydançaları yaradılmışdır, qapalı üzgüçülük hovuzu, trenajor zalı inşa olunur. Həmçinin kütləvi informasiya vasitələri təmsilçilərinin fəaliyyəti də nəzərə alınmışdır. Bütünlükdə kompleksdəki hazırlıq işləri 2014-cü ilin sonunadək başa çatdırılacaqdır.

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva yarışlar zamanı ölkəmizə gələcək idmançıların və nümayəndə heyətlərinin qalması üçün hazırlanan mənzillərdəki şəraitlə tanış oldu.

Görülən işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva tövsiyələrini verdi.

---------
19:24

AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mayın 3-də Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 1 ünvanında yerləşən fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli "Qayğı" reabilitasiya mərkəzinin açılışında iştirak edib.

Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra Mehriban xanım Əliyeva binada yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, "Qayğı" reabilitasiya mərkəzi 1952-ci ildə inşa olunmuş və Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən "Zanbaq" uşaq bağçası binasının bazasında yaradılmışdır. Ötən ilin sonlarından yenidən qurulmasına başlanılan bağça binasının konstruksiyası dəmir-beton kəmərlərlə gücləndirilmiş, binaya 73 kvadratmetrlik tikili əlavə olunmuşdur. Ərazidə fiziki qüsurlu uşaqların müalicəsi üçün nəzərdə tutulmuş 265 kvadratmetrlik qapalı hovuz inşa olunmuşdur.

Reabilitasiya mərkəzi serebral iflic keçirmiş 30-50 uşaq üçün nəzərdə tutulmuşdur. Bağça tipli mərkəzdə 3 qrup üzrə 3-6 yaş arası uşaqlar tərbiyə və müvafiq müalicə alacaqlar. Bina içməli su, yanğından mühafizə hovuzları və 56 ədəd nəzarət kamerası ilə təchiz olunmuşdur. Mərkəzin ərazisi yaşıllaşdırılmışdır.

Birinci xanım Mehriban Əliyeva mərkəzdəki prosedur, yataq, qrup, trenajor, oyun, massaj, həkim otaqlarına baxdı, həyəti gəzdi.

Mərkəzdəki bütün avadanlıq Heydər Əliyev Fondunun hədiyyəsidir. Serebral iflic xəstələri üçün nəzərdə tutulmuş xüsusi trenajorlar İtaliya istehsalıdır.

Azərbaycanın birinci xanımı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi və tövsiyələrini verdi.

Milli.Az

-----------------
04.05.2013
07:01

Böyütmək üçün şəkillərə klikləyin.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fiziki qüsurlu uşaqlar üçün "Qayğı" reabilitasiya mərkəzinin açılışında iştirak etmişdir













Bakı birinci Avropa Oyunlarına ciddi hazırlaşır
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Olimpiya kəndi"ndə aparılan hazırlıq işləri ilə tanış olmuşdur








Yasamal rayonundakı 82 nömrəli körpələr evi-uşaq bağçası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir

















Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.