Cəmiyyət

Qonşu haqqına diqqətlə yanaşaq

21 Noyabr 2021 21:20
0 Şərh     Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dinimizdə ən çox təkid edilən məsələlərdən biri ədalət məsələsidir. Ədalət - hər şeyin (və ya hər kəsin) haqqını vermək, hər şeyin (və ya hər kəsin) layiq olduğu miqdarda hüququna riayət etməkdir.
Başqasının haqqına təcavüz etmək ən böyük günahlardan sayılır. Təsadüfi deyil ki, hətta şifahi xalq ədəbiyyatı nümunələrində "qul haqqı" deyilən bir anlayış vardır. Toxunulmaz olan qul haqqına təcavüz etmək bağışlanmaz günah kimi təqdim edilir. Qul haqqına girmək insanlığın uçurum halıdır, mənəvi fəlakətdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, xalq dilində "qul haqqı" kimi tanınan anlayışın dinimizdəki adı "həqqun-nas"dır, yəni "insanların haqqı". İnsanın boynunda olan haqları əsasən iki qrupa bölürlər: həqqullah və həqqunnas, yəni Allahın haqqı və insanların haqqı. Həqqullah hər kəsin bəndəlik borcudur. Allahı olduğu kimi tanımaq, Ona iman gətirmək, Onun əmr və qadağanlarına riayət etmək, Ona ibadət etmək... Bunlar hər kəsin fərdi olaraq Allah qarşısında daşıdığı vəzifələrdir.

Bunlara riayət edən mütləq Allah tərəfindən mükafat alacaq, bunlara məhəl qoymayan isə məsuliyyət daşıyacaq.
Allah-Taala qiyamət günündə Öz mərhəmətini işə salaraq, Öz haqqını bəndəsinə bağışlaya da bilər. Amma bəndənin boynundakı başqa insanların haqqını Allah təkbaşına, Öz qərarı ilə bağışlamaz. Bir kəsin boynunda baqşasının haqqı varsa, haqq sahibi bunu halal etməyincə, məsuliyyət qüvvədə qalar. Hətta məşhur hədisdə buyurulur ki, şəhidin qanının ilk damlası yerə töküləndə bütün günahları bağışlanar, təkcə həqqunnasdan savayı...
Həqqullah və həqqunnas bir-biri ilə əlaqəli məfhumlardır.

İnsanların haqqına riayət etməyən şəxs Allahın haqqını da lazımınca verməz. Əgər Allaha yetərincə imanı olsaydı, Allahın ən mühüm tapşırığı olan ədaləti qoruyardı, Allahın bəndələrini incitməzdi. İmam Əli (ə) buyurub: "Allah-Taala Öz bəndələrinin haqqını Öz haqqının müqəddiməsi edib. Belə ki, Allahın bəndələrinin hüququnu qoruyan kəs Allahın hüququna da riayət edər". Həqqunnas ictimai məsuliyyətdir.

Bura insanlararası münasibətlərin bütün sahələri aiddir. Qadının öz əri, atanın övlad üzərindəki haqqı, qonşunun qonşu üzərində, qohumun qohum üzərində haqqı, müəllimin şagird üzərində, alıcının satıcı üzərində haqqı, işçinin müdir üzərində, rəiyyətin hakim üzərində haqqı və s.

İnsanlarası münasibətlər saysız-hesabsız qarşılıqlı haqlar zəncirindən ibarətdir.
Hər kəsin haqqına riayət etmək üçün son dərəcə diqqətli, məsuliyyətli, vicdanlı olmalıyıq. Başqasının haqqına müxtəlif yollarla təcavüz etmək mümkündür: onun malını mənimsəməklə, qeybətini etməklə, növbəsindən qabağa keçməklə, onu aldatmaqla, əmanətinə xəyanət etməklə, vədə verib xilaf çıxmaqla, işlədib pulunu kəsməklə və s. Həqqunnası pozmağın ən geniş yayılmış növlərindən biri də istər ümumi (mağaza və sairə yerlərdə), istərsə də qapalı (mənzil, yardım və s. üçün) növbələrdə başqalarından qabağa keçməkdir. Bunu edən şəxs başqalarına qarşı hörmətsizliyini nümayiş etdirir. Qanunsuz və növbəsiz əldə etdiyi nemət də artıq ona halal deyil, çünki bu nemət başqalarının haqqıdır. Növbədə qabağa keçməklə əldə etdiyi nemət növbənin sonunda duran şəxsin haqqıdır ki, onun əlindən qəsb etmişdir...

Böyük ariflərdən biri mərhum Ayətullah Şeyx Mürtəza Zahidlə bağlı bir hadisə həqqunnası qorumağa gözəl misal ola bilər. Keçmişdə evlərə su lüləsi (krant) çəkilmədiyi üçün, hər həyətdə su ehtiyatını hovuza yığırdılar.
Məhəllənin su təminatına nəzarət edən məmur (ona mirab deyirdilər) hər neçə vaxtdan-bir gəlib həyətlərdəki hovuzları su ilə doldurardı. Bir gün də mirab adıkeçən alimin yaşadığı məhəlləyə su gətirir. Eşidir ki, Şeyxin hovuzundakı su ehtiyatı tamam qurtarıb. Həyətləri ardıcıl olaraq su ilə təmin etmək xeyli vaxt aparırdı. Mirab qərara gəlir ki, əvvəlcə Şeyxin həyətindəki hovuzu doldursun, sonra növbə ilə o biri qonşulara su versin. Şeyx özü evdə olmadığı halda, onun həyətindəki hovuzu doldurub, sonra məhəllənin başındakı həyətdən növbə ilə gəlməyə başlayırlar...

Şeyx Mürtəza Zahidin qonşularından biri deyirdi ki, alim bu hadisədən xəbər tutanda bizim evimizə gəldi, atamı çağırıb ona dedi:
"Bu gün mirab bizim məhəlləyə su gətirib, mənə hörmət edib həyətimdəki hovuzu növbədənkənar doldurub. Məhəllə çox böyükdür, mən bütün qonşulardan bir-bir halallıq ala bilməyəcəyəm. Ona görə gəlmişəm icazə verəsən ki, dəstəmaz almaq üçün sənin həyətindən bir az su aparım, dəstəmazımı həmin su ilə alım. Çünki qonşuların haqqını qəsb etdiyim üçün hovuzdakı su ilə dəstəmaz ala bilmərəm".

Deyirlər ki, hovuzu növbəti dəfə doldurana kimi alim qonşunun həyətindən gətirdiyi su ilə dəstəmaz almışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.