Elm adamları uzun müddət diqqətdən kənarda qalan bu tərəvəzin əslində sağlamlıq üçün əvəzolunmaz olduğunu açıqlayıblar. Mütəxəssislərə görə o, təkcə immunitet sistemini gücləndirmir, həm də xolesterini aşağı salır və bağırsaqları təbii şəkildə bərpa edir.
Milli.Az xəbər verir ki, söhbət rəngi ilə diqqət çəkən qırmızı kələmdən gedir. Artıq o, yalnız salatların deyil, sağlam həyat tərzinin də vacib hissəsinə çevrilib.
Qidalanma mütəxəssisləri qırmızı kələmin yüksək lif tərkibi, güclü antioksidant maddələri və iltihab əleyhinə xüsusiyyətləri sayəsində "həqiqi super qida" olduğunu vurğulayırlar.
Aşağı kalorili olmasına baxmayaraq, qida dəyəri çox yüksəkdir. Buna görə də qırmızı kələm uzunmüddətli istifadədə həm ürək-damar, həm də həzm sisteminin sağlamlığını dəstəkləyir.
Qidalanma və sağlamlıq üzrə ekspert Dr. Franklin Joseph qırmızı kələmi "marketlərdə ən çox gözdən qaçan, lakin ən faydalı tərəvəzlərdən biri" adlandırır:
"Qırmızı kələm liflə zəngindir, kalori baxımından azdır və bağırsaq florasını tarazlayan birləşmələrə malikdir. Eyni zamanda pis xolesterini azaldır və immun sistemini gücləndirir."
Qırmızı-bənövşəyi rəng yalnız estetik görünüş deyil. Bu rəng, tərəvəzin antosiyanin və polifenol kimi güclü antioksidant maddələr daşıdığını göstərir.
Bu birləşmələr orqanizmdə iltihabı azaldır, hüceyrələri sərbəst radikalların zərərindən qoruyur və qocalma prosesini ləngidir.
Həmçinin antosiyaninlər damar sağlamlığını qoruyaraq qan təzyiqinin normada qalmasına kömək edir.
Dr. Joseph bildirir ki, qırmızı kələm təkcə həzm sisteminə deyil, ümumi sağlamlığa da müsbət təsir edir: "Bağırsaq sağlamlığı, immun sistemindən tutmuş əhval-ruhiyyəyə qədər hər şeyə təsir göstərir. Qırmızı kələmdəki prebiyotik lif faydalı bakteriyaların çoxalmasını təmin edir. Gündə bir neçə qaşıq çiy və ya yüngül bişmiş qırmızı kələm yemək belə fərq yaradır."
Qırmızı kələm, brokoli və gül kələmi ilə eyni - turpgillər ailəsinə aiddir. Buna görə də, sulfur tərkibli birləşmələr baxımından zəngindir.
Bu maddələr qaraciyərin detoks prosesinə dəstək olur, orqanizmi zərərli toksinlərdən təmizləyir və bəzi xərçəng növlərinə qarşı qoruma təmin edən sulforafan maddəsini ehtiva edir.
Aparılan tədqiqatlar göstərir ki, müntəzəm qırmızı kələm qəbulu ürək sağlamlığını gücləndirir, bağırsaq balansını qoruyur və immun sistemini aktivləşdirir.
Antioksidant xüsusiyyətləri hüceyrə yenilənməsini dəstəkləyir, xroniki xəstəlik riskini azaldır və bədənin enerji balansını tənzimləyir.
Dr. Joseph-ə görə qırmızı kələm sağlam qidalanmanın ən sadə və əlçatan yollarından biridir: "Qırmızı kələm sadəcə tərəvəz deyil, orqanizmin özünü bərpaetmə mexanizmini gücləndirən bioloji enerji mənbəyidir. Sağlam qidalanmaq üçün bahalı məhsullara ehtiyac yoxdur - qırmızı kələm bunun ən gözəl sübutudur."
Lalə Qüdrətova
Milli.Az





