Cəmiyyət

Miasteniya xəstəliyi

14 Mart 2018 21:40
0 Şərh     Baxış: 3 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miasteniya xəstəliyi əksər hallarda 20-40 yaşlar arası insanlarda inkişaf edir. Qadınlarda bu xəstəliyə daha tez-tez təsadüf edilir.

Miasteniya sirli xəstəlikdir. Bu vaxta kimi onun inkişaf etmə səbəbləri və mexanizmi sona kimi öyrənilməyib. Bir çox hallarda xəstəlik güclü stress, soyuqdəymə xəstəliyindən sonra inkişaf etməyə başlayır. Lakin bəzən xəstəlik heç bir görünən səbəb olmadan inkişaf edə bilər.

Milli.Az hekimtap.az-a istinadən bildirir ki, xəstəlik tədricən inkişaf edir - insan tez yorulur, zəifləyir, göz qapaqları aşağı düşür, nitq aydın olmur, insan çeynəyəndə və udanda əziyyət çəkir.
Miasteniya zamanı insan orqanizmində nə baş verir? İnsanın istənilən hərəkəti əzələlərlə sinirlərin kollektiv işidir - sinirlər əzələlərə impulslar ötürür, əzələlər isə lazım olan hərəkətlər edir. Miasteniya zamanı bu prosesdə pozulmalar yaranır ki, nəticədə əzələlər normal işləmir - tez yorulur, insana "qulaq asmır", hətta iflic olur. Səhər oyanandan sonra xəstə özünü tam normal hiss edir, lakin bir neçə saatdan sonra xəstəliyin simptomları meydana çıxmağa başlayır.

Beləliklə, xəstəliyin əsas simptomu əzələ zəifliyidir. Xəstəlik zamanı istənilən əzələ zədələnə bilər. Daha tez-tez üz və boyun əzələləri zədələnir.

Miasteniya xəstəliyinin simptomları arasında:
 - Patoloji yorğunluq;
 - Ptoz (qöz qapaqlarının enməsi);
 - İkiligörmə;
 - Nitqin pozulması və burunda danışma;
 - Udmanın çətinləşməsi və çeynəmə əzələlərin tez yorulması;
 - Nəfəsalmanın çətinləşməsi (bu xüsusilə təhlükəlidir ki, insanın boğulma nəticəsində həlak olmasına səbəb ola bilər);
 - Boyun əzələlərin tez yorulması (insan başını düz tuta bilmir, əziyyət çəkir);
 - Ayaqlarda və qollarda zəiflik.

Bir insanda xəstəliyin bir neçə simptomu ola bilər (məsələn, nitqin, çeynəmə və udma proseslərin, nəfəsalmanın pozulması). Bu zədələnmiş əzələlərdə asılıdır. Miasteniya zamanı həmçinin bədənin bütün əzələləri zədələnə bilər.
Xəstəliyin simptomları gərginlikdən sonra meydana çıxır. Gərginlik artdıqda, xəstənin vəziyyəti daha da pisləşir. Misal üçün, danışmağa başlayanda insan bir az buruna danışır, lakin sözləri aydın tələffüz edir. Daha sonra ayrı-ayrı səsləri "udmağa" başlayır, sonra isə heç danışa bilmir. Bir müddət dincəldikdən sonra bu hal keçir.

Miasteniyanın ağır formalarında xəstədə kriz vəziyyəti inkişaf edə bilər ki, bu zaman nəfəsalmada iştirak edən əzələlər iflic ola bilər ki, bu da xəstənin həlak olmasına səbəb olacaq.

Miasteniya xroniki proqressivləşən xəstəlikdir. Müalicəsiz buraxılmış bu xəstəlik ağır pozulmalara - əlilliyə və hətta insanın ölümünə səbəb ola bilər. Lakin miasteniyanı tam müalicə etmək mümkün olmasa da, müəyyən müalicə tədbirləri bu xəstəliyin simptomları ilə uğurla mübarizə aparır. Belə xəstə daim həkimlərin nəzarətində olmalı və müalicə almalıdır. Bəzən cərrahi müalicə tətbiq olunur. Miasteniyanın müalicəsi ilə nevroloq məşğul olur.

Miasteniya xəstəliyi olan insanlara günün altında qaralmaq, ağır fiziki iş görmək, bəzi dərman preparatları (maqnezium preparatları, sidiqovucular, bəzi antibiotiklər və s.) qəbul etmək qəti sürətdə olmaz. Bu xəstənin vəziyyətinə mənfi təsir edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.