Cəmiyyət

Azərbaycanda çanaq antenləri niyə ləğv olunur və nə ilə əvəz ediləcək?

31 Yanvar 2011 13:37
Baxış: 10 178
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Xarici telekanalları niyə çox izləyirik?

Milli.Az xəbər verir ki, ötən həftənin ən aktual mövzularından biri də Azərbaycanda peyk antenalarının yığışdırılacağı və rəqəmsal yayıma keçiləcəyi ilə bağlı xəbərlər oldu. Belə ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirdi ki, bu yaxınlarda Azərbaycanda rəqəmsal yayıma keçiləcək və əhaliyə ödənişsiz 10 kanala baxmaq şansı yaradılacaq.

Çanaq antenləri niyə ləğv olunur?

Heç kimə sirr deyil ki, yerli telekanalların aşağı səviyyəli proqramlarından bezən əhali televiziyaya olan ehtiyacını əsasən peyk antenaları və kabel televiziyası vasitəsilə ilə xarici telekanalları izləməklə təmin edir.
Hesablamalara görə, son illərdə peyk antenlərinin satışı artıb. Bunu adi gözlə də müşahidə etmək mümkündür. Bir çox binaların artıq fasadında və damında boş yer qalmayıb. Hətta bir evdə 2-3 çanaq quraşdıranlara da rasg gəlinir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yetkililəri bildirir ki, bütün eyvanlara, damlara asılmış çanaq antenləri şəhərlərin arxitekturasına xələl gətirir. Eyni zamanda, qeyd edilir ki, peyk antenləri binaların damındakı bacalara və digər kommunal sistemlərə maneə yaradır.  
Nazirliyin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin baş məsləhətçisi Qulam Abdullayevin sözlərinə görə, rəqəmsal yayıma keçdikdən sonra tədricən peyk antenlərindən imtina ediləcək. Bu sistemlə böyük şəhərlərdə 50, digər ərazilərdə isə təxminən 20 kanal yayımlanacaq.

Q. Abdullayev bildirib ki, 2012-ci ilin sonuna qədər Azərbaycanı rəqəmsal yayımla tam əhatələmək və analoq yayımını dayandırmaq planlaşdırılır: "Azərbaycan əhalisinə iki rəqəmsal yayım paketi təqdim olunacaq ki, bunlardan biri sosial olacaq". Nazirlik sözçüsünün dediyinə görə, burada tamaşaçıların hüquqlarının pozulmasından söhbət belə gedə bilməz.
Qeyd edək ki, peyk antenalarının qadağan olunması praktikası dünyanın bəzi ölkələrində tətbiq olunur. Şimali Koreya, Birma, Türkmənistan və s. ölkələrdə belə qadağalar mövcuddur.

Bir sıra ölkələrdə rəqəmsal sistemlə yüzlərlə tele ve radio kanal yayımlanır. Müxtəlif paketlər var, xüsusi sifarişlər də mümkündür, qiymətlər də çox ucuz olur. Amma bir sıra ölkələrdə xarici kanalların yerüstü yayımı qadagandır, peyk anteni ilə yayıma isə qadağa yoxdur.

Xarici telekanalları hansı vasitələrlə izləyirik?

Araşdırmalara görə, ölkədə peyk antenalarından əhalinin 60%-i istifadə edir, çünki Azərbaycan əhalisinin əksəriyyəti xarici telekanalları izləyir. Xarici kanallara baxmaq üçün bir neçə variantdan yararlanmaq mümkündür.
Bunlardan biri şəxsi peyk antenləri alıb quraşdırmaq, digəri isə kabel televiziyalarına abunə olmaqdır. Daha bir variant da var - bəzi yeni binalarda bir böyük çanaq anten qoyulur və bütün mənzillərə eyni antendən kanallar verilir. Təbii ki, hər kəs fərqli kanalları izləyə bilir.

Kabel televiziyalardan fərqli olaraq peyk antenalarında seçim imkanı genişdir. Məsələn, seyrçilər bu antenalar vasitəsilə yüzlərlə Rusiya, Türkiyə və Avropa telekanallarını izləyir, istədikləri informasiya, film və s proqramlara baxa bilirlər.

Kabel televiziyalarına abunə haqqı neçədir?

Hazırda orta səviyyəli peyk antenlərin satış qiyməti 80-150 manatdır. Çanaq üzərində 2 qəbuledici başlıq qoyulduqda Rusiya, Türkiyə, Avropa və s. ölkələrinin yüzlərlə kanallarını izləmək mümkündür. Burada aylıq xərc yoxdur.
Amma kabel televiziyasında ən ucuz paketin aylıq abunə haqqı 9 manatdır. Bu məbləğə şirkətin müxtəlif ölkələrdən seçdiyi 50-dən yuxarı telekanala baxmaq mümkündür. Üstəlik, kabel televiziyaları hərdən kanalları pozub yenisini əlavə edir ki, bu da narazılığa səbəb olur.

Təbii ki, ölkəmizdə bu sistemlərdən yararlana bilməyənlər də var. Onlar da adi antena ilə əsasən ölkə və regional kanallara, sərhəd bölgələrdə yaşayanlar isə həm də qonşu ölkələrin kanallarına baxırlar.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyir ki, texniki imkanlar baxımından istənilən bir ölkənin televiziya ötürücüsü digər ölkənin ərazisinə hava vasitəsi ilə girə bilir. "Bunun qarşısını tam almaq mümkün deyil. Dünya ölkələrinin hamısında sərhəddən təqribən 50-70 km ərazidə qonşu ölkələrin televiziya və radio kanallarını izləmək mümkündür".
MTRŞ sədri bildirdi ki, 2012-ci ilə kimi Bakı və Abşeron yarımadası rəqəmsal yayıma keçəcək, sonrakı dövrlərdə isə digər regionlarda da rəqəmsal yayım həyata keçiriləcək. Əgər bir tezlikdə yalnız bir televiziya kanalı fəaliyyət göstərirdisə, həmin tezlikdə 12-yə qədər televiziya kanalı fəaliyyət göstərə biləcək".

Rəqəmsal sistemlə neçə telekanal yayımlanacaq?

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda rəqəmsal yayıma keçid üçün hazırlıqlar gedir. "Rəqəmsal yayıma keçid baş verəndən sonra hökumətin müvafiq strukturları əhaliyə 10-dək xarici telekanaldan ibarət paket təklif edəcək, qalan kanalların isə yayımına imkan verilməyəcək. Rəqəmsal yayıma keçəndən sonra əhalidən çanaq antenaları yığışdırılacaq"- nazir deyib.
Ə.Abbasov rəqəmsal sistemlə hansı telekanalların yayımlanacağına aydınlıq gətirməyib. Bəs seçim hansı prinsiplə aparılacaq? "Teleradio" İstehsalat Birliyininin rəhbəri Ə.Şərifov bildirir ki, rəqəmsal yayıma keçəndə peyk kanalları arasında ən yaxşılarının seçilərək efirə verilməsinə çalışılacaq: "Bununla bağlı bir çox məsələni həll edildikdən sonra antenaların yığışdırılması məsələsini də dövlət tənzimləyəcək".

İranın "Zəhər"i yenə yayılacaqmı?

Heç kimə sirr deyil ki, bəzi xarici telekanallarda Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv və bəzən də təxribatçı proqramlar yayımlanır. Belə televiziyalardan biri də İrana məxsus "Səhər" telekanalıdır.
Ə.Şərifov qeyd edir ki, hazırda peyk vasitəsilə yayımlanan "Səhər" kanalının Azərbaycanda gələcəkdə yayımı ilə bağlı İranla danışıqlar gedir: "Bu, dövlət səviyyəsində həll olunan məsələdir. Məsələ həllini tapanda ictimaiyyətə məlumat veriləcək".

RİT naziri isə deyib ki, hökumət bu kimi hallarla mübarizə üçün radikal dəyişikliklər hazırlayır. Ə.Abbasov "Səhər" kanalının peyk vasitəsilə yayımlandığını, Azərbaycanın isə beynəlxalq konvensiyalara görə peyk yayımına müdaxilə edə bilmədiyini bildirib. Lakin nazirin dediyinə görə, Azərbaycanın bu müdaxilə üçün texniki imkanları var.

Azərbaycanda hansı xarici telekanallar daha çox izlənir?

Beləliklə, rəqəmsal yayımda kanallar paketlə veriləcək. Bəs seyrçilər bu paketdə hansı xarici telekanalları görmək istəyərdilər? Bu məsələni aydınlaşdırmaq üçün "facebook" sosial şəbəkəsində kiçik bir sorğu keçirdik. 64 nəfərin iştirak etdiyi sorğunun ümumi nəticələrinə görə, seyrçilər əsasən Rusiya və Türkiyə telekanlarını izləməyə üstünlük verirlər.
Qeyd edək ki, sırf bu ölkələrin kanalları arasındakı seçim zamanı respondentlərin 60 % daha çox Rusiya (OPT, PTP, HTB+, CTC, THT, Nostalji, PEH TV) televiziyalarını izlədiklərini bildirdilər. Bu ölkənin televiziyalarında əsasən informasiya, siyasi analizlər,  elmi proqramlar, bədii və sənədli filmləri izləyirlər.
İkinci yerdə 30 faizlə Türkiyə televiziyaları (Kanal D, CNN-Türk, Star, NTV, ATV, Şou TV) oldu. Bu ölkə kanallarında bizim seyrçilər əsasən teleserialları, şou verilişləri, və xəbərləri izləyirlər.

Qalan 10 %-i isə, əsasən Almaniya (N24, VOX), ABŞ (CNN, CNBC, SBS), Britaniya (BBS, EBC) və Fransa (TV5) kanalları tamamlayır. Bu sırada 3 nəfər "Evronews"-i, 2 nəfər Hindistan, 1 nəfər İran televiziyalarını, 1 nəfər isə ərəb telekanalı "Əl-Cəzirə"-ni izlədiyini yazdı. Bu kanallardan əsasən xəbərlər izlənir.
Kabel yoxsa peyk antenası daha uyğundur sualına əksəriyyət ikincini seçdiyini bildirdi. Səbəb kimi kabel televiziyasında kanalların şirkət tərəfindən, peyk antenada isə özləri tərəfindən seçildiyini göstərdilər.
Bundan başqa, çanaq anteni vasitəsilə yerli kanalları da izləmək mümkündür. Məsələn, antenlərini"Türksat" peykinə yönəldənlər "Lider" TV-dən başqa bütün Azərbaycan kanallarına baxa bilirlər.

Paketə hansı sayda və hansı kanalların salınması arzu edilir?

Qeyd edildiyi kimi, nazirlik xarici yayım paketinə ilk mərhələdə 10 kanalın daxil edilməsini planlaşdırır. Lakin respondentlərimiz bildirdilər ki, paketə 10 xarici telekanalın salınması çox azdır. Onların ümumi fikrinə görə, bu rəqəm 30-dan az olmasa yaxşıdır. Həm də kanal seçimində onların proqram səviyyəsini nəzərə almaq lazımdır.
Beləliklə, sorğumuzun nəticələrinə görə ümimiləşdirsək, o zaman seyrçilərimizn ilk onluqda görmək istədikləri xarici telekanallar bunlar olur:

1.  OPT (Rusiya)

2.  HTB (Rusiya)
3.  PTP (Rusiya)
4.  CTC (Rusiya)
5.  Kanal D (Türkiyə)
6.  Star (Türkiyə)
7.  TRT (Türkiyə)
8.  ATV (Türkiyə)
9.  CNN (ABŞ)
10. Evronews (Avropa)

Sorğu iştirakçıları növbəti 20-likdə əsasən ixtisaslaşmış kanalları görmək istəyirlər. Özəlliklə də, uşaq, idman, film, yumor, elm-təhsil, mədəniyyət üzrə ixtisaslaşmışları. Sonrakı iyirmilikdəki kanallardan isə Rusiya (70%), Türkiyə (30) televiziyalarına üstünlük verilir.

Niyə yerli TV-ləri yox, daha çox xarici kanalları izləyirik?

Təbii ki, nəhəng xarici telekanallarla rəqabətə bizim televiziyalar davam gətirə bilmir. Məsələnin digər tərəfi isə TV-lərimizin kadr siyasətinin zəifliyi, verilişlərin aşağı səviyyəsi və proqram siyasətilə ilə bağlıdır. Ölkədə səviyyəli teleistehsalların (bədii, sənədli, cizgi filmləri, serial və s)  çox az olması da önəmli rol oynayır.

Texnologiyanın inkişafı, peyk yayımları ilə dünya kanalarını izləməyin mümkünlüyü bizim TV-ləri seyrçi itkisinə məruz qoyur. Əhalinin xarici kanalları izləməsi bizim TV-lərin reytinqini aşağı salır, reklam gəlirlərini azaldır. O üzdən də milli kanallarımız itirilmiş seyrçi kütləsini qaytarmaq üçün qollarını çırmalamalıdırlar.

Gerçəkdən ölkəmizin ziyalı auditoriyası yerli tele ve radio kanalları izləmir. Ucuz şouları, keyfiyyətsiz proqramları, bərbad durumda tərcümə olunmuş filmləri,  savadsızlığı efirdən aşkar bilinən teleaparıcıların verilişlərini nədən izləsinlər ki?
Bu məsələlərlə bağlı dəfələrlə ən yüksək səviyələrdə ciddi iradlar tutulsa da, televiziyalar "içlərinə bir şey qoymayıblar". Ölkə Prezidenti, yüksək rütbəli dövlət xadimləri, media ekspertlər dəfələrlə yerli TV-lərdəki proqram və kadr siyasətini sərt tənqid ediblər.  Lakin yenə də "köhnə hamam, köhnə tas".

Biri milli dəyər daşıyıcılarımızdan olan kinofilmlərimizi "qol-budaq" eləyir, birinin efirində bütün günü şoudur, digərində küçə qeybətləri yayımlanır, o birində meyxana yarışması verilir. Bunlardan bezən seyrçimiz isə əlacı xarici TV-lərə üz tutmaqda görür.
Əcnəbi televiziyaların efirində yüksək səviyyəli proqramlar yayımlansa da, bəzi hallarda milli mənafelərimizə və dövlət maraqlarına zidd verilişlərə də rast gəlinir. Bəzi kanallarda isə sırf dini, siyasi, ideoloji təbliğat aparılır ki, bu da cəmiyyətimiz üçün son dərəcə təhlükəli tendensiya sayılır.

Teleməkanımızda çatışmayan nədir?

Ölkəmizdəki televiziyalardan birinin rəhbər strukturunda 5 illik iş təcrübəmə əsaslanıb deyə bilərəm ki, bizim TV-lərin əsas problemi  proqram siyasətidir. Bu gün Azərbaycan teleməkanında çatışmayan proqramları hazırlamaq üçün teleşirkətlərin yetərli maliyyə və maddi-texniki bazası var. Pis-yaxşı kadr potensialı da. Lakin AzTv və İTV istisna olmaqla özəl teleşirkətlər ciddi və səviyyəli proqramlar yaratmaq əvəzinə getdikcə şou verilişləri artırırlar. Bəs nədən belə edirlər? Bunun çox sadə səbəbləri var.
Birincisi odur ki, şit, mənasız hay-küy, qeybət və tərbiyəsizliklə müşayiət olunan şoularda SMS-lə külli miqdarda pul qazanırlar. Belə verilişlər konkret auditoriyaya ünvanlanıb və əmindirlər ki, onları qızışdırmaqla xeyli SMS (yəni pul) qopara biləcəklər. Beləliklə, SMS dilənçiliyi telemenecerlər tərəfindən pul qazanmağın ən asan yolu kimi seçilib.
İkincisi ondan ibarətdir ki, ciddi elmi-intellektual, sosial-iqtisadi, hərbi-vətənpərvərlik və digər verilişlərdən fərqli olaraq bu verilişlər (şou, əyləncə) nə çoxlu maliyyə, nə də peşəkar mütəxəssislər tələb etmir. Əksinə, onlara sponsor və reklam tapmaq daha asan olur.

Üçüncüsü isə, son zamanlar diletantların tele-radio kompaniyalara ayaq açması nəticəsində savadsız, dünyagörüşü olmayan, zövqsüz televiziya əməkdaşlarının sayı artıb. Aşağı əməkhaqqı ilə işləyən praktikantlar isə seyrçiləri öz zövqləri səviyyəsinə salmağa çalışırlar.
"Liderlik" xəstəliyinə tutulan, bəzi yerlərdə bəzilərinin özlərini Napaleon hesab etdikləri kimi ölkənin "birinci kanalı" (?) və ya "ən baxımlı kanal" (?) adına heç bir əsas olmadan iddia edən Azərbaycan televiziyalarını xilas etmək, ona itirilmiş keçmiş nüfuzunu qaytarmaq, cəmiyyətin önündə getməsini təmin etmək üçün ciddi işlər görülməlidir.
Bu prosesi yalnız inzibati yollarla tənzimləmək o qədər də effektli olmazdı. Burada ictimai qınaq önəmli roy oynaya bilər. Sivil ölkələrdə TV-lərin fəaliyyəti cəmiyyət tərəfindən məhz bu üsulla tənzimlənir. Deyəsən Azərbaycanda çatışmayan da elə budur.

Elçin Bayramlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.