İqtisadiyyat

Ucqar ərazilər bərpa olunan enerji mənbələri ilə təmin olunacaq - Energetika Nazirliyi

12 İyun 2020 10:39
Baxış: 1 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizim əsas məqsədlərimizdən biri qazlaşdırılması mümkün olmayan ucqar yaşayış məntəqələrinin bərpa olunan enerji mənbələri ilə təmin olunması məsələsidir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Energetika Nazirliyinin Enerji səmərəliliyi və ekologiya departamentinin direktoru Ələsgər Həsənov deyib.

Onun sözlərinə görə, ucqar kəndlərin bərpa olunan enerji mənbələri ilə təmin olunması strateji yol xəritəsində qeyd edilib:

"Bildiyiniz kimi, bu istiqamətdə qazlaşdırmanın məqsədəuyğun olmadığı ucqar yaşayış məntəqələri ilə bağlı təkliflərin hazırlanması və bərpa olunan enerji mənbələri ilə təmin olunması layihəsi reallaşdırılır. Bunun üçün konsaltinq şirkəti cəlb edilib. Hazırda layihə ilkin mərhələdədir, daha sonra təkliflər hazırlanacaq və pilot layihələr seçilib hökumətə təqdim olunacaq. Söhbət təkcə bərpa olunan enerji mənbələrindən getmir, buraya elektrik enerjisi və maye qaz, eləcə də digər alternativ enerji mənbələri aiddir".

Ə.Həsənov bildirib ki, bütün alternativ enerji mənbələri diqqət mərkəzindədir və təkliflər müvafiq şəkildə hazırlanacaq:

"Ümumilikdə, ucqar kəndlərin və yaşayış məntəqələrinin bərpa olunan enerji mənbələri ilə təmin olunması yeni texnologiyaların tətbiqinin iqtisadi baxımdan daha səmərəli aspektləri qeydə alınmaqla nəzərdən keçirilməlidir. Bildiyiniz kimi, Azərbaycanda demək olar ki, bütün ərazilər elektrik enerjisi ilə təmin edilib. Müəyyən ərazilərdə bərpa olunan enerji mənbələrinin inkişafı məsələsi istehlakçıların şəxsi təşəbbüsü əsasında nəzərdən keçirilir. Dövlətin rolu burada nizamlayıcı mühitin və qanunvericilik mexanizminin yaradılmasından ibarətdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.