Göyçay rayonunda yerləşən qəbiristanlıqlardan birindən çəkilən şəhid məzarının fotosu Türkiyənin Azərbaycandakı səfirliyinin dərhal reaksiyasına səbəb olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, fotonu Türkiyədə yaşayan azərbaycanlı jurnalist Nigar Ögeday paylaşıb.
O, qeyd edib ki, şəkli ona İnstaqram üzərindən bir dostu göndərib:
"Foto Göyçay rayonunun Yekəxana kəndinin qəbiristanlığında çəkilib. Bu kənddə də 1918-ci ildə ermənilər qətliamlar törətmişdilər. Yekəxana həmin faciənin yaşandığı məkanlardan biridir.
Paylaşımda yer alan məzarın Qafqaz İslam Ordusunun bir əsgərinə aid olduğu bildirilir. Kənd sakinlərinin sözlərinə görə, burada üç Osmanlı əsgərinin məzarı var. Yerli əhali bu məzarları Sovet dönəmində belə qoruyub, rusların dağıtmasına imkan verməyib, şəhidlərə öz ailə üzvləri kimi sahib çıxıblar".
Nigar Ögeday yaxın günlərdə Türkiyədən mühüm bir heyətin tərkibində Azərbaycana səfər edəcəyini, müxtəlif görüşlərdə bu məsələni qaldırmağa çalışacağını bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün N.Ögedayın paylaşımına dərhal reaksiya verib.
"Narahat olmayın, Nigar xanım. Məsələni dərhal nəzarətə götürürük. Bu foto bu həftə bizə çatan ikinci şəhid məzarı məlumatıdır. Bütün ciddi məlumatları diqqətlə qiymətləndiririk. Sizə təşəkkür edirik", - səfir yazıb.
Qeyd edək ki, Göyçayda döyüşlər 1918-ci ilin iyununda baş verib. Nəhayət, 27 iyun 1918-ci ildə başlayan və 3 gün davam edən 3-cü həmlədə düşməndən 6 dəfə az qüvvəyə malik olmasına baxmayaraq, Qafqaz İslam Ordusu rus-bolşevik ordusu və erməni daşnaklarını darmadağın edir və Şamaxıya qədər olan ərazilərə nəzarəti ələ keçirir.
Milli.Az





