Milli Məclisdə büdcə müzakirələri davam edir.
Milli.Az xəbər verir ki, bu gün keçirilən iclasda Vergi Məcəlləsinə və əlavə 16 qanuna dəyişikliklər müzakirə edilir.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov dəyişikliklərin mahiyyətini açıqlayıb.
Onun sözlərinə görə, Vergi Məcəlləsinə və əlavə 16 qanunvericilik aktına dəyişikliklər edilməsini nəzərdə tutan bu layihə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirə olunub. Aidiyyəti qurumlar tərəfindən əhatəli təqdimatlar edilib. Komitə üzvləri layihəni dəstəkləməklə yanaşı, gələcəkdə vergi siyasətinin təkmilləşdirilməsinə dair dəyərli fikirlər və təkliflər səsləndirib.
"Bu gün müzakirəyə çıxarılan layihə birinci oxunuşun tələblərinə uyğun olaraq təqdim edilir. Vergi Məcəlləsinə dəyişikliklər 2026-cı ilin büdcə zərfinin əsas tərkib hissəsi olaraq büdcənin parametrləri ilə bilavasitə bağlıdır.
Bu dəyişikliklər biznes və vətəndaşlar üçün nə vergi yükünü artırır, nə "qeyri-stabillik yaradır", nə də "biznesin planlaşdırılmasını çətinləşdirir". Əksinə yeni sahələr üzrə təşviqlərin verilməsi, vergi yığımı bazasının genişləndirilməsini nəzərdə tutur.
Layihədə nəzərdə tutulan dəyişikliklər ölkənin iqtisadi inkişafını sürətləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərini gücləndirilmək, daxili bazarı qorumaq və idxaldan asılılığı azaltmaq, strateji sahələrə investisiyaların təşviqi və inzibatçılığın təkmilləşdirilməsi üzrə istiqamətləri nəzərdə tutur".
Maaşdan nə qədər vergi verəcəyik?
Komitə sədri bildirib ki, Vergi Məcəlləsinə dəyişiklər ilk növbədə qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlıdır.
"Məlum olduğu kimi, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının və əmək haqqının əhəmiyyətli leqallaşması olub.
İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayında 2 dəfəyədək, əmək haqqı fondunda 2 dəfədən çox artımlar əldə edilib.
2026-cı ildə güzəşt dövrü başa çatır və gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14 faiz, 2500 manatdan artıq gəlirlər üzrə isə 25 faiz tətbiq olunmalıdır. Ancaq Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəcələrinin olduğu kimi yenidən bərpasını deyil yeni güzəştli rejimin tətbiqini nəzərdə tutur. Belə ki, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14 faiz əvəzinə 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz dərəcə ilə tətbiq ediləcək. Nəticədə bu region ölkələri arasında ən aşağı göstərici olacaqdır. Bu addım sahibkarlara və işçilərə yeni vergi qaydalarına rahat uyğunlaşmağa kömək edəcək".
Naxçıvan vergidən azad edilir
Qeyd edilib ki, layihədə işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş vergitutma rejiminin eynilə Naxçıvan Muxtar Respublikasına da şamil edilməsi nəzərdə tutulur. Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azadetmə tətbiq ediləcək. Bu dəyişikliyin məqsədi Muxtar Respublikada iqtisadi fəallığın artırılması, investisiyaların cəlbi, məşğulluq səviyyəsinin və rifahın yüksəldilməsidir.
Dəyişikliyə əsasən həm də Muxtar Respublikada sığortaedənlər tərəfindən işçilərə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması təklif edilir".
Kimlər vergidən azad ediləcək?
Azər Əmiraslanov bildirib ki, yerli avtomobil sənayesinin dəstəklənməsi üçün də müvafiq güzəştli vergi rejimi tətbiq ediləcəkdir:
"Təklif olunan dəyişiklikdə balıqçılıq (balıq kürüsünün istehsalı istisna olmaqla) kənd təsərrüfatı məhsullarının istehsalına aid edilməklə aqrar sahəyə verilən güzəştlər balıqçılığa da şamil ediləcəkdir.
Media sahəsinə dəstəyin davam etdirilməsi məqsədi ilə növbəti 3 il ərzində də media subyektlərinə verilmiş vergi güzəştlərinin müddətinin uzadılması nəzərdə tutulur.
Layihədə rezident fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəliri üzrə vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi təkliflər sırasındadır. Bu bir tərəfdən, xaricdən əldə edilən gəlirlərin könüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən də xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana köçürülməsi üçün əlavə stimullar yaradacaq".
Sahibkarlara dəstək üçün dövriyyə tələbi 2 dəfə artırılır
Komitə sədri qeyd edib ki, kirayə bazarı üzrə "ağarmaya" və könüllü əməletməyə nail olmaq məqsədilə fiziki şəxslərə məxsus, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış sahələrinin kirayə haqları üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14%-dən 10%-ə endirilməsi təklif olunur:
"Nağdsız əməliyyatların stimullaşdırılması və kölgəyə qaçışı azaltmaq məqsədilə ictimai iaşə fəaliyyəti sahəsinə ƏDV və sadələşdirilmiş vergi üzrə güzəştlərin verilməsi nəzərdə tutulur, yəni ƏDV qeydiyyat öhdəliyi yaradan 200 min manatlıq dövriyyə həddinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması təklif edilir. Bununla da, ƏDV qeydiyyat həddinin maksimum 400 min manata çatdırılması nağdsız dövriyyəni stimullaşdırır və kiçik biznes üçün vergi yükünü azaldır.
ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyədən çıxılması, habelə sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nağdsız dövriyyə üzrə vergi dərəcəsinin 8%-dən 6%-ə endirilməsi təklif olunur.
Kölgə iqtisadiyyatının miqyasının böyük olduğu fəaliyyət sahələrində dövriyyələrin şəffaflaşdırılması, nağdsız əməliyyatların stimullaşdırılması və bu sahədə vətəndaşların birbaşa iştirakını təmin etmək məqsədilə "ƏDV gerial" mexanizminin tətbiqi dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Hazırda yalnız mineral gübrələrin idxalı və satışı ƏDV-dən azaddır. Artıq eyni güzəştin orqanomineral gübrələr üçün də tətbiqi təklif edilir.
2025-ci ildən etibarən dövlət-özəl tərəfdaşlıq layihələri çərçivəsində fəaliyyət göstərən özəl tərəfdaşlara və layihə şirkətlərinə, gəlir, mənfəət, torpaq və əmlak vergiləri, həmçinin idxalda ƏDV və gömrük güzəştləri verilmişdir. İndi isə layihənin üçüncü tərəfi hesab olunan dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində özəl tərəfdaş və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçılara idxalda ƏDV və gömrük güzəştlərinin şamil edilməsi təklif olunur.
"Gömrük tarifi haqqında" Qanuna dəyişikliklə bağlı layihədə ƏDV-dən azadolmalarda olduğu kimi Naxçıvan Muxtar Respublikasında sənaye və texnologiyalar parklarının rezidentləri və investisiya təşviqi sənədi almış şəxslər tərəfindən idxal olunan mallar üzrə, müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan bütün növ texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın, dövlət-özəl tərəfdaşlığı layihələri üzrə texnika və avadanlıq, ölkədə istehsal olunan yük avtomobillərinin ehtiyat hissələrinin idxalı üzrə gömrük rüsumlarından azadolma təklif olunur.
"Nağdsız hesablaşmalar haqqında" Qanuna dəyişiklik layihəsində həmin Qanunun 3.5-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alınan malların siyahısına "tullantı yağlarının" əlavə edilməsi təklif edilir.
Təqdim olunan paket iqtisadi fəallığın artırılmasını, kölgə iqtisadiyyatının daralmasını, vergi-büdcə sistemində sadəliyi və şəffaflığı, daxili istehsalın və ixracın stimullaşdırılmasını təmin edəcəkdir".(Modern.az)
Milli.Az





