Mədəniyyət

Sovet marşalına “qatilsən” dedi, birinci katibi kabinetində söydü, deputatlıq üstündə bıçaqladılar

19 Sentyabr 2021 14:00
4 Şərh     Baxış: 5 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Kulis.az-a istinadən böyük bəstəkar, Xalq artisti Arif Məlikov haqqında maraqlı faktları təqdim edir.

Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. Uşaqlıqda o qədər yaxşı tar ifa edib ki, on beş yaşı olanda onu Asəf Zeynallı adına musiqi məktəbinə dəvət ediblər.

***

Məktəbi başa vurduqdan sonra Şuşaya yollanır və orada müəllim işləməyə başlayır. Müəllimliklə yanaşı fortepianoda ifa etməyi də öyrənir.

1953-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Qara Qarayevin bəstəkarlıq sinfində oxumağa başlayır. 60-cı ildə konservatoriyanı bitirir vəorada dərs deyir. Uzun illər müəllimi Qara Qarayevin dəstəyini üzərində hiss edən bəstəkar onu belə xatırlayır: "Həyatda çox şeyə nail olmağım onunla ünsiyyətimin nəticəsidir".

***

Türk şair və dramaturqu Nazim Hikmətlə Arif Məlikov dost olublar. İllər bu dostluğu ata-oğul münasibətinə qədər gətirib çıxarıb. Bakıya yolu düşəndə hamı onu öz evinə dəvət edirdi. Nazim Hikmət isə "öncə oğluma dəyməliyəm" deyərmiş.

***

Professor İhsan Doğramacı Arif Məlikovdan bir simfoniya yazmasını xahiş edir. Arif Məlikov onun xahişini yerinə yetirə biləcəyini bildirir. Lakin ardınca əlavə edir: "Təəssüf ki, Türkiyədə mənim yazacağım simfoniyanın təqdim oluna biləcəyi səhnə yoxdur." İhsan Doğramacı yazacağı simfoniyanın şərəfinə xüsusi konsert salonu tikdirəcəyinə söz verir. Bəstəkar iki ilə "Yeddinci simfoniya"nı bitirir, İhsan Doğramacı isə söz verdiyi konsert salonunu başa çatdırır.

"Məhəbbət əfsanəsi" baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru Niyazi (bəstəkarın təkidi ilə - red.) olub. Daha sonra tamaşanın Novosibirskdə təqdimatı keçirilib. 1962-ci ilin iyulunda isə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası olub. Əsər dünyanın bir çox ölkələrini gəzsə də, Azərbaycan səhnəsində yenidən nümayiş olunmayıb. Deyilənə görə, buna səbəb keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu ilə Arif Məlikov arasındakı küsülülük olub. "Məhəbbət əfsanəsi" bir də Bakı səhnəsinə 2020-ci ilin yanvar ayında qayıdıb.

***

"Məhəbbət əfsanəsi" baletinin 60-dan çox ölkədə premyerası keçirilib. Balet bəstəkara dünya şöhrəti gətirib və hər yerdə tanıdıb.

Bundan sonra görkəmli bəstəkar "İki qəlbin poeması", "Yer üzündə iki nəfər", "İki ürək dastanı", "Əlibaba və qırx quldur","Yusif və Züleyxa" baletlərini və simfonik orkestrlər yazır.

***

Arif Məlikov "Axırıncı aşırım", "Sehrli xalat", "Qərib cinlər diyarında", "Ulduzlar sönmür", "İşarəni dənizdən gözləyin" kimi 30-a yaxın filmə musiqi bəstələyib.

Bəstəkar mahnı janrında da çox gözəl musiqilər bəstələyib. Günlərin birində Akif İslamzadə onun yanına gəlib gileylənir, bildirir ki, ona efir qadağası qoyulub. Arif müəllim əvvəlcə inanmır, sonradan bunun doğru olduğunu biləndə məyus olur. Tez şair dostlarından birinə zəng vurub ondan beş-altı yaxşı mahnı mətni göndərməsini xahiş edir. Qısa müddətdə həmin mətnlərdən birinə bəstə yazıb radio rəhbərinin yanına gedir. Deyir, mahnı yazmışam. O da xeyli sevinib deyir, Arif müəllim, siz də mahnı yazmısız? Lakin bir az keçəndən sonra sədr mahnının Akif İslamzadə tərəfindən ifa olunacağını öyrənir və bəstəkara Akifin efirə çıxmasının qadağan edildiyini deyir. Arif müəllim əsəbiləşib ona belə cavab verir: "Adə, müğənniyə də yasaq?!" Bu sözdən sonra sədrin tapşırığı ilə Akif İslamzadəyə qoyulan qadağa aradan götürülür.

Misirdə "Məhəbbət əfsanəsi" əsərinin premyerası gedir, amma Arif Məlikovu Azərbaycandan buraxmırlar. Bəstəkar sözlərinə görə, o, möhkəm əsəbiləşir, gedir birbaşa ovaxtkı Mərkəzi Komitədə katibinin yanına və deyir: "Tüpürürəm sənə! Ona görə ki, respublikaya sən rəhbərlik edirsən, cavan bəstəkarlar ayağa yeni qalxan kimi boğursan!" Katib bütün işçiləri çağırıb onlara tapşırıq verir ki, bəstəkarın gediş-gəlişi üçün heç bir maneə olmasın.

***

Xalq artisti məşhur türk aktrisası Türkan Şoray ilə yaxın dost olub. O, Türkiyəyə getdiyi zaman mütləq aktrisa ilə görüşər, onun evində qonaq olarmış. Müsahibələrinin birində bəstəkar deyir: "Hər zaman Türkiyəyə gedəndə onunla görüşürük. Özü insanlarla görüşməyi çox sevir, mehriban insandır. Deyim ki, arada içməyə də getmişik. Orada yüngül şərab içməyə normal baxırlar. Türkan xanımla bizim fotomuz çoxdur. Evində, tamaşalarda, iş zamanı birlikdə olmuşuq. O, çox gözəl qadındır. Atası da bəstəkar olub".

1990-cı il 20 Yanvar hadisələrindən sonra Ali Sovetin deputatı olan Arif Məlikov SSRİ Ali Sovetinin tribunasına çıxaraq, marşal Yazova "Sən qatilsən!" deyir. Sonralar bəstəkar o günləri belə xatırlayır: "Mən Qorbaçova da çox söz demişəm. Dünyanın çox ölkələrində əsərlərim tamaşaya qoyulurdu, o cümlədən Rusiyanın da böyük teatrlarında. Yəqin ona görə məni öldürə bilmədilər. Tanıdığım adamlar arasında elələri olub ki, kabinetində anasını da söymüşəm, özünü də. Mərkəzi Komitənin katibi olmasından belə qorxmamışam".

***

Arif Məlikov 1994-cü ildə bu hadisələrdən bəhs edən "Mən ittiham edirəm" adlı kitab da yazıb.

***

Sovet quruluşu dağılanda deputatlıqdan imtina etmədiyi üçün azərbaycanlılardan ibarət bir qrup gənc onu bıçaqlayır. Hadisəni bəstəkarın belə nəql edir: "Mənə dedilər, deputatlıqdan imtina elə. Dedim, axı niyə? Dedilər, biz onlarla qurtardıq. Dedim, biz də onlarla qurtarmışıq. Amma SSRİ Ali Soveti fikirlərimizi deməyə şərait yaradır. Gənc oğlanın biri dedi ki, yox, biz belə istəyirik. Dedim, yekə oğlansan, demaqoqluq eləmə, get işinlə məşğul ol. Elə bu sözü demişdim ki, arxada dayanan gəncin biri döş qəfəsimin altına bıçaq soxdu. Bir də gördüm, ağ köynək qan içindədir. Barmağımı üstünə qoyub yavaş-yavaş aşağıda yerləşən poliklinikaya düşdüm. Nə isə, yaranı təmizlədilər. İndi də həmin bıçaq hadisəsindən bədənimdə nazik iz qalıb."

Heydər Əliyev Arif Məlikovun yaradıcılığını çox sevirmiş. 1994-cü ildə onu özü ilə birlikdə Məkkə ziyarətinə aparıb. Arif Məlikov danışır ki, ziyarət zamanı Heydər Əliyev mənə dedi: "Arif, bilirsən səni bura niyə gətirmişəm? İstəyirəm ki, sən buraları da görəsən və bunun təsiri altında bir simfonik əsər yazasan. İnanmıram ki, adi adam Məkkədə simfonik musiqi haqqında fikirləşə bilsin. Simfonik əsər yazan mənəmsə, orada mən belə şeylər fikirləşmirdim. Çünki Məkkə, Mədinə hara, Quran hara, böyük simfonik əsər hara?! Bunlar bir-birinə uyuşmayan, üst-üstə düşməyən, tamamilə əks məsələlərdir. Amma böyük şəxsiyyət hiss edirdi ki, məhz oradan qidalanıb dəyərli simfonik əsər yazmaq mümkündür. Mən 8-ci simfoniyanı Heydər Əliyevlə müqəddəs ziyarətə həsr etdim".

***

Arif Məlikov 1979-cu ildə professor adına layiq görülüb. 1982-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyib. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2012-ci ildən Xəzər Universitetinin fəxri doktoru olub.

***
Bəstəkar 9 may 2019-cu ildə 86 yaşında vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.