Mədəniyyət

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:48
Baxış: 88
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçiriləcək XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivləri silsilə konsert proqramları ilə çıxış edəcəklər.

Festival çərçivəsində Filarmoniyanın Kamera Orkestri, Xalq Çalğı Alətləri Orkestri və "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı müxtəlif konsert proqramlarını tamaşaçıların ixtiyarına verəcək.

Silsilə konsertlərin ilk proqramı 18 sentyabr - Milli Musiqi Günündə, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günündə təqdim olunacaq. Həmin gün saat 19:00-da Gəncə Dövlət Filarmoniyasında Filarmoniyanın Kamera Orkestrinin konserti keçiriləcək.

22 sentyabr saat 19:00-da Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, 28 sentyabr saat 19:00-da isə Gəncə Dövlət Filarmoniyasında "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edəcək.

Konsertlərdə Azərbaycan musiqi mədəniyyətinin zəngin irsi, milli musiqi nümunələri və peşəkar ifaçılıq ənənələri təqdim olunacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.