Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
David Qarrett, "Rezo Qabriadze Kukla Teatrı", "İngiltərə Milli Baleti" "Monte-Karlo Baleti" Bakı Beynəlxalq İncəsənət Festivalında
Paytaxtımızın nüfuzlu mədəniyyət ocaqlarında 28 oktyabr-8 noyabr 2026-cı il tarixlərində keçiriləcək Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) builki proqramının əsas iştirakçılarını elan etməyə davam edir. Onların arasında musiqi, müasir xoreoqrafiya, dram teatrı və vizual sənətlərin dünyaca tanınmış ulduzları yer alır.
Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünya səviyyəli skripkaçı David Qarrett Bakıda yeganə konsertini təqdim edəcək. Klassik krosoverin müasir üslubunun formalaşmasında böyük rol oynamış, Zaxar Bron, İda Hendel kimi ustadların yanında klassik musiqi təhsili almış sənətçi "Juilliard" məktəbinin məzunudur. Gənclik illərində o, Yehudi Menuhin də daxil olmaqla görkəmli dirijorlarla əməkdaşlıq edib. Menuhin onu "öz dövrünün ən böyük skripkaçısı" adlandırıb. Güclü akademik baza Qarrettə janrlar və müxtəlif dövrlərin musiqiləri arasında sərbəst hərəkət etmək üçün inam və azadlıq verərək ona "klassik səhnənin Cimi Hendriksi" və "popun Paqaninisi" ləqəblərini qazandırıb. Klassik musiqinin rok ulduzu Bakıya ilk dəfə məşhur "Minilliyin Simfoniyası" ("Millennium Symphony") proqramını gətirəcək. Möhtəşəm şouda son 25 ilin ən böyük hitləri skripka üçün genişmiqyaslı simfonik aranjimanlarda səsləndiriləcək. Tamaşaçıları parlaq texnika, rok səhnəsinin enerjisi və dövrümüzün ən xarizmatik sənətkarlarından birinin yaradıcılıq azadlığının emosional vəhdəti gözləyir. Gözəl axşam üçün ideal məkan olan Heydər Əliyev Mərkəzinin axıcı və sanki çəkisiz görünən memarlığı Qarrettin musiqisindəki güc və hüdudsuzluq hissi ilə ahəng təşkil edir.
Həmin səhnədə noyabrın 3-də və 4-də tanınmış "Rezo Qabriadze Kukla Teatrı" dövrümüzün ən diqqətəlayiq və poetik teatr hadisələrindən biri olan "Alfred və Violetta" tamaşasını təqdim edəcək. Görkəmli gürcü teatr xadimi Rezo Qabriadzenin yazdığı və ilk dəfə səhnələşdirdiyi tamaşa tamamilə yeni quruluşda qayıdır. Müəllif 2021-ci ildə vəfatından az öncə əsəri demək olar ki, yenidən yazıb. Son səhnələşdirməni isə onun oğlu, rejissor Leo Qabriadze tamamlayıb. Aleksandr Dümanın (oğul) "Kameliya xanım" romanından və Cüzeppe Verdinin "Traviata" operasından tanınan klassik sevgi hekayəsi 1990-cı illərin tufanlı Tbilisisinə köçürülür - burada qəhrəmanlar daha ağır sınaqlardan keçməlidirlər. Yenilənmiş tamaşanın dünya premyerası 2022-ci ilin fevralında Venesiyadakı "Teatro Goldoni" teatrında keçirilib. Əsər həm tamaşaçıları, həm də tənqidçiləri heyran edib. İtaliya mətbuatında bu haqda geniş müzakirələr gedib: "Qabriadze yumorla dərin kədəri birləşdirən özünəməxsus teatr üslubunun ustasıdır. O, canlı və duyğulu təsir bağışlayan kuklalar vasitəsilə sirli, bənzərsiz bir dünya yaradır." (La Nuova, Venesiya, 2022).
Noyabrın 6-da və 7-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Bakı tarixində ilk dəfə tanınmış "İngiltərə Milli Baleti" (English National Ballet) truppasını qəbul edəcək.
Truppa müasir xoreoqrafların iki seçkin əsərini bir araya gətirən "Hərəkətin ustaları: Forsayt / Payt" proqramını təqdim edəcək. Proqramda Kristal Paytın "Bədən və ruh (I hissə)", Uilyam Forsaytın isə "Pleylist (EP)" əsərləri nümayiş olunacaq. "Bədən və ruh (I hissə)" münaqişə və bağlılığı araşdıran hipnotik əsərdir. Tamaşa intim duetlə başlayıb tədricən genişlənərək səhnə boyunca təsirli hərəkət dalğaları yaradan böyük bir ifaçı qrupuna çevrilir. "Pleylist (EP)" enerjili və şən əsərdir. Burada klassik balet texnikası və atletik hərəkətlər Barri Uayt, Natali Koul və Xalid də daxil olmaqla pop, R&B və haus musiqisinin ritmləri ilə birləşərək tamaşaçıya yüksək əhval-ruhiyyə bəxş edir.
Digər tanınmış truppa - Sergey Dyaqilevin "Ballets Russes" məktəbinin birbaşa varisləri olan "Monte-Karlo Baleti" (Les Ballets de Monte-Carlo) da Bakıda ilk dəfə çıxış edəcək. Noyabrın 7-də Heydər Əliyev Sarayında onlar görkəmli xoreoqraf Jan Kristof Mayyonun "Qu gölü" baletinə radikal yeni baxışı olan "LAC" əsərinin Bakı premyerasını təqdim edəcəklər. 1993-cü ildən truppaya rəhbərlik edən Mayyon Avropanın ən nüfuzlu müasir xoreoqraflarından biridir. Onun tamaşaları dünyanın aparıcı səhnələrində nümayiş olunur. Mayyon klassik balet ənənələrini müasir teatr dili ilə məharətlə birləşdirməsi ilə tanınır. "LAC" əsərində o, orijinal partituranı qorusa da, səhnə təhkiyəsini tamamilə yenidən qurur və klassik nağılı qaranlıq psixoloji ailə dramına çevirir. 2011-ci ildə Monakoda baş tutan premyerasından bəri "LAC" dünyanın aparıcı teatrlarında nümayiş etdirilib və tənqidçilər tərəfindən bu şah əsərin ən parlaq müasir yozumlarından biri kimi dəyərləndirilib. Bakıdakı təqdimat isə xüsusi əhəmiyyət daşıyır: tamaşa Çaykovskinin orijinal əsərinin yaranmasının 150 illiyinə təsadüf edən yubiley mövsümündə nümayiş olunacaq.
Qarrett, "Rezo Qabriadze Kukla Teatrı ", "İngiltərə Milli Baleti" və "Monte-Karlo Baleti"nin çıxışları Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) əsas proqramının yalnız bir hissəsini təşkil edir. Ümumilikdə, festival zamanı Azərbaycan, Birləşmiş Krallıq, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən görkəmli sənətkarları və truppaları bir araya gətirən müxtəlif janrlarda 20-dən çox tədbirin baş tutması planlaşdırılır.
BIAF 2026-nın tam proqramı ilə festivalın rəsmi internet saytından tanış olmaq mümkündür. Festivalın biletləri də artıq eyni ünvan üzərindən satışdadır:
http://biaf.az/
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
XƏBƏR LENTİ
-
Özlərini bank və polis əməkdaşı kimi təqdim edənlər saxlanıldı - DİN-dən əməliyyat
-
“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər bəyanat yaydı
-
Daha bir tiktoker həbs edildi
-
"Qarabağ" klubu cərimələndi
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin məhkəməsi başlayır
-
Paytaxtda hava dəyişir - Proqnoz verildi
-
Qarabağda ev gözləyənlərə mühüm xəbər
-
İsmayıllı, Quba, Şəki... 4 günlük tətil cibimizə neçəyə başa gələcək?
-
Səbinə Əliyeva yenidən Ombudsman seçildi
-
Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
Paşinyan diktatura qurur, Qərb göz yumur
-
Milli Məclisin iclası başlayıb - (Yenilənib)
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
-
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
-
Prezident İlham Əliyev Panama Prezidentini təbrik edib
-
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
-
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
-
Oğuzda meşədə yanmış meyiti tapılan şəxs vəzifəli şəxs imiş
-
Vergi xidmətində korrupsiya əməliyyatı: Vəzifəli şəxs saxlanıldı - (Yenilənib)
-
Baş mühasib 50 min manatdan çox pulu mənimsəməkdə ittiham edilir
-
Qubada ayı evin həyətinə girdi – (Video)
-
152 minə yaxın şəxslə bağlı yeni xəbər
-
Alen Simonyan İrəvan meri olmaq istəyir - Avinyana rəqib çıxdı





