Ölkə

İsmayıllı, Quba, Şəki... 4 günlük tətil cibimizə neçəyə başa gələcək?

3 Noyabr 2026 12:23
Baxış: 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Noyabrın 7-dən 10-dək Azərbaycanda ardıcıl 4 gün qeyri-iş günü olması daxili turizmə marağı artıra bilər. Uzun həftəsonundan istifadə etmək istəyən ailələrin və dost qruplarının bölgələrə üz tutması hotellərə, kotteclərə və günlük kirayə evlərə tələbatı yüksəldə bilər.

Milli.Az-ın araşdırmasına görə, noyabr tətili ərəfəsində bölgələrdə günlük kirayə evlərin qiymətləri 50 manatdan başlayır. Evin şəraiti, otaqların sayı, yerləşdiyi ərazi və əlavə imkanlardan asılı olaraq qiymətlər bir neçə yüz manata çatır.

Noyabrın 2-də yerləşdirilmiş elanlara əsasən, Qəbələdə günlük kirayə evlər 100-250 manat, daha böyük və geniş villalar isə 130-170 manat civarında təklif olunur. Bəzi evlərdə isti hovuz və digər əlavə imkanlar da mövcuddur.

Qubada günlük kirayə evlərin qiymətləri təxminən 140-300 manat, İsmayıllıda 70-185 manat, Şamaxıda 120-170 manat, Qaxın İlisu kəndində isə 200-250 manat arasında dəyişir. Hovuzlu, geniş həyəti və çoxsaylı yataq otaqları olan villalarda qiymətlər daha yüksək ola bilər.

Hotellərdə də qiymətlər seçilən bölgəyə və xidmət səviyyəsinə görə fərqlənir. Noyabr tətili ilə əlaqədar yayımlanan təkliflərə əsasən, Şəkidə Qala Hotel-də 2 nəfərlik otağın qiyməti 100 manat, 3 nəfərlik otaq 120 manat, 4 nəfərlik otaq isə 140 manatdır.

Qəbələdə Yeddi Gözəl Hotel-də 2 nəfərlik standart otaq 90 manata təklif olunur. Gabala Garden Hotel-də 2 nəfər üçün 1 gecəlik yerləşmə 203 manat, 4 nəfərlik kottecdə qalmaq isə 396 manat təşkil edir. Gabala Karvansaray Hotel-də 2 nəfərlik paketlərin qiyməti 240 manatdan başlayır.

Şəkidə yerləşən Marxal Resort & Spa-da 2 nəfər üçün bir gecəlik qiymət 250 manatdan başlayır. Təklifə səhər yeməyi, qapalı hovuz, sauna, fitnes zalı və əyləncə imkanları daxildir.

Qubada Şahdağ Truskavets Sanatorium-da bir nəfər üçün 240 manatlıq paket təklif olunur. Buraya səhər, nahar və şam yeməyi, həkim konsultasiyaları, SPA xidmətləri və əyləncə proqramları daxildir.

Lənkəran və Astara istiqamətində də istirahət paketləri mövcuddur. Maricel Astara Resort-da bir nəfər üçün bir gecəlik qiymət 75 manatdır. Təklifə 2 dəfə qidalanma və əyləncə proqramı daxildir.

Beləliklə, bölgələrdə 2 nəfərin bir gecəlik hotel istirahəti üçün 90-250 manat və daha yüksək məbləğ tələb oluna bilər. Günlük kirayə evlərdə isə qiymətlər 70-300 manat arasında dəyişir. Daha geniş və əlavə imkanları olan villaların qiyməti bundan xeyli yüksəkdir.

Ardıcıl 4 qeyri-iş gününün olması xüsusilə 7-10 noyabr tarixlərində yerləşmə obyektlərinə marağı artıra bilər. Rezervasiyaların çoxalacağı təqdirdə bəzi hotellərdə və kirayə evlərdə qiymətlərin yüksəlməsi istisna edilmir.

Qeyd edək ki, göstərilən qiymətlər 2026-cı ilin noyabr ayına aid elan və təkliflər əsasında hazırlanıb. Qiymətlər otaq sayına, qonaqların sayına, seçilən tarixə və xidmət paketinə görə dəyişə bilər.

Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.