Mədəniyyət

İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)

2 Noyabr 2026 16:28
Baxış: 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Latviya Rəssamlıq Akademiyasının rəssamlarının əsərlərini bir araya gətirən "Bir üfüqün işığında" adlı sərgi təqdim olunub. Ekspozisiya Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Fly to Baku. Art Weekend: GƏLƏCƏYİ İNDİ HİSS ET" festivalının tədbirlərindən biri olub. Bu barədə Akademiyanın mətbuat xidməti məlumat yayıb.

Sərginin açılışında çıxış edən Akademiyanın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev bu cür layihələrin mədəni mübadilə və beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan rəssamların görüşləri yaradıcı təcrübə mübadiləsinə imkan yaratmaqla yanaşı, incəsənət vasitəsilə bir-birini daha yaxından tanımağa şərait yaradır. İncəsənət müxtəlif mədəniyyətlər arasında özünəməxsus ünsiyyət dilinə çevrilir.

Tədbirdə, həmçinin beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı Səlhab Məmmədov, elmi və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayev və Latviya Rəssamlıq Akademiyasının dosenti Eqons Perşevits iştirak ediblər.

Sərgidə rəngkarlıq, qrafika, bədii tekstil və qarışıq texnikalarda işlənmiş 30 əsər nümayiş olunur. Müxtəlif üslub və texnikalarda yaradılmış əsərlərdə latviyalı rəssamlar təbiət, məkan, yaddaş və insan təcrübəsi mövzularına fərdi yaradıcılıq baxışları prizmasından yanaşıblar. Ekspozisiyada Andris Vitolins, Kristaps Zarins, Aleksey Naumov, Madara Kvepe, Emma Sofiya və Diana Yansone kimi rəssamların əsərləri yer alıb.

"Bir üfüqün işığında" sərgisi ziyarətçilərə dünyaya fərqli mədəni mühitdən olan rəssamların gözü ilə baxmaq, onların gerçəkliyi fərdi qavrayışı və müxtəlif bədii yanaşmaları ilə tanış olmaq imkanı yaradır. Sərginin əhəmiyyəti yalnız xarici incəsənətlə tanışlıqla məhdudlaşmır. Bu cür görüşlər yeni yaradıcılıq əlaqələrinin qurulmasına zəmin yaradır, Azərbaycan ilə Latviya arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir.

Sərginin təşkilatçısı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr, sərgilər və əcnəbi tələbələrlə iş şöbəsidir.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.