Mədəniyyət

Bizi özümüzə tanıdan teleqram - VİDEO - FOTO

18 Oktyabr 2018 21:17
0 Şərh     Baxış: 6 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox kövrək filmdi. O dərəcədə duyğusal və kövrəkdi ki, qloballaşmaya ən çox məruz qalan kəsə də təsir etməyə bilməz. Yaxşı filmin özəyi yaxşı ədəbi material və ya ssenaridi. Bu tərkib hissəsi zövqlü, düşünməyi və duymağı özünə artıq yük bilməyən, son dərəcə peşəkar rejissor yanaşması ilə birləşəndə ərsəyə gələn kamilliklərdən biri - Arif Babayevin (25 sentyabr 1928 - 26 avqust 1983) "Bizi bağışlayın" ekran əsəri - haqqındadır budəfəki söhbətimiz. SSRİ Televiziya və Radio Yayımları Dövlət Komitəsinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilən bu film rus-sovet yazıçısı və ssenari müəllifi Yuri Vasilyeviç Bondarevin (15 mart 1924) eyniadlı hekayəsinin ekran versiyasıdır. Aqlaya Boqoslovskaya və Alla Axundovanın (film haqqında Rusiya mənbələrindəki məlumatlarda Alla Axundovanın adı qeyd olunmur) hekayənin süjetini ssenariyə çevirmək cəhdləri və bu ssenari əsasında film çəkilişi uğurla nəticələnib. Belə olmasaydı, "Azərbaycanın kino incilərindən" layihəmizin növbəti səhifəsi "Bizi bağışlayın" adlanmazdı.         

"Fotosınaqsız çəkildim"

"Bizi bağışlayın"nın nəsr variantında baş qəhrəman Pavel Georgeyeviç Safonovun ilk məhəbbətinin adı Veradır. Ssenari yazılarkən Krım-Moskva istiqamətində hərəkət edən cənub ekspressinin yolunun üstündə yerləşən cənub şəhərlərindən biri Bakıya, oranın sakinləri isə bakılılara çevriliblər. Sonralar Moskva zavodlarının birində baş konstruktor olan baş qəhrəman, daha doğrusu, əsl baş qəhrəman olan fərd və mühit və bu mühitin ekoloji təmizlik səviyyəsinin özəlliklərini tamaşaçıya çatdıran tərcüman-bələdçi Nəriman Bakının rusdilli məktəblərindən birində oxuyub. İlk sevgisi də yəhudi qızı Klara olub. Filmdə Klaranın gəncliyini canlandırmış xalq artisti Səidə xanım Quliyeva çəkiliş dövrünün xatirələrini Milli.Az-ın oxucuları üçün danışdı:

"1979-cu ildə Arif Babayev məni bu obrazla bağlı kinostudiyaya dəvət etdi. Bütün rollara aktyorlar seçilib təsdiq edilmişdi, bircə Klaranın cavanlığı oynayan lazım idi. Sən demə, axşam Ruhəngiz Qasımovanın "Yollar görüşəndə" televiziya tamaşasına baxanda Arif müəllim məni görən kimi deyib ki, budey, Klaranın cavanlığı. Nə isə, yaradıcı heyətin digər üzvləri də gördülər ki, Klaranın sonrakı yaş dövrünü oynayan Ariadna Şengelaya ilə oxşarlığımız çoxdu. Beləliklə, portret oxşarlığı olduğu üçün məni fotosınaqsız bu rola təsdiq etdilər. Film bütünlüklə Bakıda çəkilib. Ümumiyyətlə, Arif Babayevin filmlərində baş qəhrəman Bakı şəhəridir".

Və bu, tamamilə dəqiq müşahidədir. Və yəqin ki, belə ehtiram, sevgi qarşılıqlı olmaya bilməz - 54 yaşında dünyasını dəyişməsəydi, bu il 80 yaşını birlikdə qeyd edə biləcəyimiz gözəl rejissorlarımızdan biri paytaxtımızın ən seçilən bakılılarından, Bakını ən çox sevənlərindən biri olmasaydı, şəhərinə öz məhəbbətini bunca möhtəşəm izhar etmək bacarığına malik olmazdı, şəhərin ruhu buna icazə verməzdi.  

Obyektivin qapağını açmağı unudan operator, Sona Hacıyevanın evi...

S.Quliyeva:

"Çəkilişlərimiz gecə və axşam saatlarında başlayıb səhərə qədər davam edirdi. İş prosesi çox maraqlı keçirdi. Həsən Məmmədov, Ötkəm İsgəndərov, Ariadna Şengelaya kimi  gözəl tərəf-müqabillərim var idi. Bir dəfə isə operator obyektivin qapağını açmağı unutmuşdu. Təsəvvür edin ki, Arif müəllim nə hala düşdü. O epizod Keşlə qəsəbəsindəki Nizami parkında çəkilirdi. Səhəri dirigözlü açmışdıq və ertəsi gün çəkilişi təkrarlamalı olduq. Arif müəllim çox əsəbiləşmişdi. Sumqayıt yolunda, AFF Mall-la üzbəüz binaların birinin həyətində epizodlar çəkilib. AFF Mall-la üzbəüz binaların birində xalq artistləri Əzizə Məmmədova və Sona Hacıyeva yaşayırdılar. Bizim çəkilişlər Sona Hacıyevanın mənzilində aparılmışdı."

Aktrisanın qulağını dartan Arif Babayev 

Səidə xanım danışır ki, Arif müəllimin bir adəti var imiş, həmişə onunla rastlaşanda "qızım" deyib qulağımı dartırmış...

S.Quliyeva:

"Mən də çox gənc, 20 yaşında olmağıma baxmayaraq təəccüblənirdim ki, sanki balaca uşağam mənim qulağımı dartır... Bu filmdə mənim bacarığımı çox bəyənmişdi. Demişdi ki, növbəti filmlərinə də çəkəcək. Təəssüf ki, son filmində mənə uyğun rol olmadı, sonra isə ömrü vəfa etmədi. Onun yeri kinomuzda çox görünür, çox kinoşedevrlər yarada bilərdi... Özü ailə qurmasa da uşaqları, gəncləri çox sevirdi, hər kəsə doğru-düzgün istiqamət verməyi özünə borc bilirdi. Arif müəllimlə ünsiyyətdə olmayan adam sərt xasiyyətli olduğunu zənn edərdi, amma, əslində, son dərəcə mehriban, səmimi insan idi".

Leninin anasını oynayan knyaz Urusovun nəvəsi

Film dəqiq aktyor seçimi ilə də yadda qalır. Və təbii ki, beynəlmiləl süjetli ekran əsərinin aktyorları da müvafiq xassəli olmalı idilər.

S.Quliyeva:

"Ariadna Şengelaya çox özünəxas xasiyyətli aktrisadı. O vaxt bir məkan idi, sovet məkanı, ona görə kinostudiyalar arasında aktyor mübadilələri çox olurdu. Amma hər bir aktyor dəvət olunduğu kinostudiyanın milli özəlliklərini özündə ehtiva etməyə çalışırdı. Ariadna Şengelaya da istisna deyildi. Çox sadə və dəqiq aktrisadır. Çəkilişlərə vaxtında gəlirdi, çəkilişarası fasilələrdə özünü kənara çəkmirdi, qaynayıb-qarışırdı bizimlə. Baxmayaraq ki, artıq o vaxtı sayılıb-seçilən aktrisalardan idi.

Mariya Petrovnanı oynayan Yelena Fadeyeva ilə isə (1999-cu ildə 85 yaşında dünyasını dəyişən SSRİ xalq artisti Y.A.Fadeyeva knyaz Urusovun nəvəsi idi - red.) təəssüf ki, çəkiliş meydançasında görüşmədim, yalnız ekranda görməklə Müəllimə obrazına tamamilə uyğun gəldiyinin, çox nurlu xanım olduğunun fərqinə vardım. O aktrisa sovet kinosunda bir neçə filmdə Leninin anasını oynayıb. Bu filmdə də Mariya Petrovna roluna ondan başqa hansısa aktrisanı təsəvvür etmək olmur. Həsən Məmmədov isə mənim ən sevimli aktyorlarımdan, ən çox hörmət bəslədiyim həmkarlarımdan idi.  

Film rus dilində çəkilmişdi, buna baxmayaraq tamamilə özümüzünküləşdirmişdik. Sonra iki dəfə Azərbaycan dilinə dublyaj olundu, ikisində də öz rolumu özüm səsləndirdim".

"İnsan yetişdirən peşə sahibinə məhz bu cür yanaşma olmalıdır"

S. Quliyeva:

"Bu film aktuallığını qətiyyən itirməyib. İndi də səmimiyyət, insanların bir-birinə olan etibarlı münasibəti, dostluq, qonşuluq, faciələrə aparıb-çıxaran biganəlik, unutqanlıq çox qabarıq təsvir olunub. Qonşuluq o vaxt o səviyyədə idi ki, qohumluq əlaqələrindən də irəli gedirdi. Mən rejissorla tamamilə razıyam - insan keçmişə qayıdanda kövrəlir. Ona görə ki, buraxdığı səhvlərin ağırlığını daha aydın hiss edir. Ümumiyyətlə, Arif Babayevin filmlərində insani münasibətlər çox incə və dərin həll olunub. Hər dəfə onun filmlərinə baxandan sonra insanda nostalji hisslər baş qaldırır. Bu filmə müasir gəncliyin baxması çox yaxşı olar. Müəllimlərə həsr olunan "əldə qələm tutmağı bizə sən öyrətmisən, möhkəm addım atmağı bizə sən öyrətmisən" sözləri ilə oxunan bir mahnı da var idi o vaxt. Biz elə bilirdik ki, müəllim adi insan deyil və bu təsəvvür çox düzgün idi, çünki müəllimlik peşəsi çox yüksək peşədi, çox böyük sənətdi, insan yetişdirən peşə sahibinə məhz bu cür yanaşma olmalıdır. Arif Babayev də bu məqamı çox qabarıq çatdırıb filmdə".

Həmsöhbətimizin fikirləri ilə razılaşmamaq olan-qalan dəyərləri heçliyə yuvarlatmağa bərabər olar. Təbii ki, insan keçmişlə yaşamamalıdır. Amma o keçmişin üzərinə "delete" düyməsini də vurmamalıdır. Vurarsa, onu manqurtdan ayırd etmək olmaz. Pavel-Nəriman böyük hesabla pis adam deyil. Ömrü boyu qarışqanı taplamamağa çalışan kəslərdəndi. Və ola bilər ki, 40 yaşına qədər sevdiyi, dəyər verdiyi insanlara göstərdiyi biganəliyi bundan sonra tərgidəcək. Bu biganəliklərə ilk məhəbbətinin taleyindən xəbərsizliyi (hekayədə Vera Böyük Vətən Müharibəsində sanitar kimi xidmət edərək həlak olub), adlı-sanlı adam kimi aldığı çoxsaylı təbrik teleqramları arasında sevimli müəlliminin imzasını tanımaması və bu teleqramı cavabsız qoyması kimi ağrılı-acılı məqamlar aiddi. Bu qəbahətlər onu hədsiz dərəcədə üzür, özünü o ki var qınayır. Belə bir fikir var ki, eləmədiyin hərəkətin peşmanlığını çəkmək məqbul davranış deyil. Yəqin ki, bu peşmanlıq çəkə-çəkə eləməli olduqlarından eləməmək silsiləsi yaratmaq halına aiddi. Ümid edək ki, Pavel-Nəriman finalda müəlliminə üzrxahlıq məktubu yazmaq istəyəndə onun ev ünvanını bilmədiyini aşkarlaması ilə unutqanlığını, biganəliyini daha həssas, daha diqqətli olmaqla əvəz edəcək. Və məktəbin ünvanına yolladığı "Bizi bağışalyın!" məzmunlu teleqram onun özünü özünə tanıdan ayna missiyasını yerinə yetirəcək. Hekayəni oxuyan oxucular, filmə baxan tamaşaçılar isə qınaq halətlərinin qəbahətlərini öz əlləri ilə törətməməyə köklənəcəklər.

Samirə Behbudqızı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.