Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti keçirilib.
Böyük maraqla gözlənilən konsertdə Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, BMM-nin solistləri Rəvanə Qurbanova, Könül Xəlilzadə, Nisbət Sədrayeva və Rəvan Qaçayev çıxış ediblər. "Mahur", "Bayatı-şiraz", "Segah", "Şur" və "Dilkəş" muğamlarından parçalar, xalq mahnıları və təsniflərdən ibarət muğam gecəsi tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Xanəndələri BMM-nin solistlərindən ibarət instrumental ansambl tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, nağarada Amil Mustafayev, balabanda Rafael Əsgərov, udda Vasif Yusibli, bas tarda Kamran Novruzov və zərb alətlərində Səyyar Teymurov müşayiət edib.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğamat axşamı" adlı konsert layihədir. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir. "Muğamat axşamı" və "Muğam dəstgahları" konsertləri ayda iki dəfə olmaqla muğamsevərlərin görüşünə gəlir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





