Ölkə

İnsan niyə tükənir? - Səbəblər və qurtuluş yolları

5 Oktyabr 2018 10:50
5 Şərh     Baxış: 15 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:

Çoxlarının bundan əziyyət çəkdiyi aşkarlanıb - "Peşəkarların Tükənmə Sindromu"

- Sizcə hazırda cəmiyyətdə müzakirəsi zəruri və aktual olan psixoloji problemlər hansılardır? Onlardan hansını qeyd edərdiz? 

- Bir çoxunu qeyd etmək olar, amma son zamanlar diqqətimi "Peşəkarların Emosional Tükənmə Sindromu" çəkir. Bu sindrom günümüzdə çox geniş yayılmış hallardandır.

- Sindromun maraqlı adı var. Daha çox insanların enerjisinin tükəndiyini eşidirik, emosiyaların tükənməsi isə, özü də peşəkarların, cəmiyyət üçün hardasa yenidir...

- Bu sindrom "Peşəkarların Tükənmə Sindromu", "Peşəkarların Yanma" və ya "Emosional Tükənmə Sindromları" adları ilə də tanınır. Amerikalı psixoloq, psixiatr Herbert Freydenberger tərəfindən 1974-cü ildə psixologiya elminə daxil edilib. Buna bəzən ünsiyyət sindromu da deyirlər. Bəzi şəxlər işləri ilə əlaqədər çoxlu insanlarla ünsiyyətdə olurlar və ünsiyyətdə olduğu insanların emosional vəziyyəti onlarda əks olunmağa başlayır. Hər bir insanın özünəməxsus aurası, düşüncəsi və fikirləri var. Bir insan müxtəlif psixologiyalı insanlarla ünsiyyətdə olanda müxtəlif təsirlənməyə məruz qalır. Nəticədə emosional tükənmələri başlayır və onlar peşəkarların yanma sindromuna tutulurlar.

 - Freydenbergerə qədər insanlar bu problemə diqqət etmirdilər ki?

- O vaxta kimi müxtəlif peşə sahibləri bu sindromla qarşılaşırdılar, sadəcə olaraq bunu ya normal hal kimi qəbul edir, ya da bu halı psixoloji təsnifata sala bilmirdilər. Araşdırmalar göstərir ki, insanların 80 faizi özlərində olan bu sindromdan xəbərsizdirlər. Ən pisi isə bundan xəbərsiz halda peşələrini davam etdirirlər. Freydenbergerin bu araşdırmasından sonra isə minlərlə məqalələr və kitablar yazıldı, insanlar bu peşə sindromuna daha çox diqqət yetirməyə başladılar.

Bununla insanlarla daha çox ünsiyyətdə olan peşə sahibləri üzləşirlər. 

- Siz bunu peşəkarların sindromu kimi təqdim etdiniz. Sindrom niyə məhz belə adlanır?

- Bu sindrom daha çox insan faktoru olan peşələrdə rast gəlinən haldır. Bu peşələr arasında müəllim, menecer, psixoterapevt, tibb işçisi və həkim sənətini xüsusi vurğulaya bilərik. Qısası, insanlarla daha çox ünsiyyətdə olan peşə sahibləri bununla üzləşirlər. Bəzən bu ünsiyyət bilavasitə olmur. İnsan sadəcə ofisdə telefonlara cavab verir, ya da kadrlar şöbəsində işləyir. Bu şəxslər də belə sindromla üzləşə bilərlər.

- Axı insanlarla ünsiyyətdə nə var ki, gücün tükənməsinə, enerjinin bitməsinə səbəb olur?

- Şəxs bütün gücünü işə qoyur. Bütün hədəfi və fikirləri işdən ibarət olur. Bu bir tərəfdən insanı fiziki və psixoloji gərir, digər tərəfdən də işləməklə yanaşı, daim ünsiyyətdə olduğu insanların aurası da onu yorur. Daha doğrusu, əsasən neqativ insanlarla ünsiyyət bu sindroma tutulma riskini artırır. Tükənmiş insan artıq "yanıb". Onun enerjisi, gücü tükənib və motivasiyası yoxdur.

- Maraqlıdır, biz jurnalistlərin necə, bu sindroma tutulma ehtimalı var?

- Əlbəttə! Psixoloji statistikaya görə jurnalistlərin də bu sindromdan əziyyət çəkdiyi aşkarlanıb.

- Doğrudan da, bir az müşahidəçi nəzərlərlə baxdıqda bəzi jurnalist dostlarımızın da tam tükəndiyini görmək mümkündür. Artıq məhsuldar işləməyə qüvvələri qalmayıb. Psixoloqlar necə, maraqlıdır, onlar bu tükənmədən sığortalanıblarmı?

- Bu sindrom elə ilk olaraq psixoloqlarda aşkarlanıb. Boğazda hərdən su da qalır. Əslində psixoloq digərlərinə yardım edən bir şəxsdir. Ancaq görürsən ki, onlar da emosional tükənə bilirlər. Bu zaman onların da başqa bir psixoloqa müraciət edərək problemlərini həll etmələri lazımdır. Onlardan sonra menecerlərdə bu sindrom aşkarlanıb. Tədricən isə əhatəsi genişlənib və digər peşə sahiblərində də müəyyən edilib.

Heç bir peşə sahibi bundan sığortalanmayıb. 

 - Müxtəlif peşə sahiblərini misal gətirdiniz. Din xadimləri necə, onlar da bu sindromdan əziyyət çəkə bilərlər?

- Nəyə görə hesab edirsiz ki, onlar psixoloji problemlərlə üzləşmirlər?

- Əslində mən elə fikirləşmirəm. Sadəcə olaraq ilk baxışda insan düşünə bilər ki, inanclı insanlar və dini elm xadimləri emosional tükənmədən sığortalanıblar.

- Heç bir peşə sahibi bundan sığortalanmayıb. Din xadimləri də insandırlar, onlar da mühitin psixoloji təsirinə məruz qala bilirlər. Din xadimləri, ruhanilər də öz fəaliyyətlərinin tələbi ilə mütəmadi olaraq çoxlu və müxtəlif insanlarla ünsiyyətdə olurlar. Onlar öz problemlərini, dərdlərini, suallarını verməklə ruhaniləri psixoloji cəhətdən yükləyirlər, emosional olaraq tükəndirirlər. Nəticədə emosional tükənmiş ruhaninin və ya psixoloqun öz işinə olan rəğbəti azalır. O işini avtomatik, ruhsuz, ürəksiz etməyə başlayır. Psixoloq xəstəsinin, ruhani də yanına gələn problemli, sualı olan inanclının dərdinə şərik çıxa bilmir, ürəyi yanmır.

Biorobota çevrilən həkim, jurnalist, menecer...

- Bu sönmə prosesi yəqin ki, bir psixoloji özünümüdafiədir?

- Bəli, insan artıq gücünün tükəndiyini hiss edir. Sizə bir misal çəkəcəm. Enerjinin bitmə məqamında müxtəlif texnoloji vasitələri - noutbuklar, aypədlər, telefonlar "ekonom" rejimə keçirlər. Bu zaman həmin vasitələrdə bəzi proqramlar işləmir. Çünki malik olduqları az enerji ilə ən zəruri işləri idarə etməyə məcburdular. "Emosional Tükənmə Sindromu"nda da orqanizm artıq minimum proqramla işləməyə başlayır. Təbii olaraq insan psixologiyası da enerjisini ən zərurilərə saxlayır. Artıq ikinci dərəcəli bildiklərinə enerji sərf etmir. Nəticədə nə baş verir? Məsələn, bir həkim bu sinrdromdan əziyyət çəkirsə, o, artıq pasientlərinə ayıracaq enerjini tapmır, biorobota çevrilir. Biorobota çevrilən həkim, jurnalist, menecer, yaxud da satıcı öz işini mexaniki olaraq idarə edir və fikirləri dağınıq olur. Zahiri cəhətdən tamamilə emosional donuqluğa bürünürlər. Artıq işinə can yandırmaq və insanlara empati duymaq məsələləri arxa plana keçir. İşi monotonlaşır və şablon hal alır. Bu sindromla bağlı rus psixoloqu Vladimir Boykanın araşdırmaları var. O, bunu psixoloji mexanizmin işə düşməsi ilə əlaqələndirib. İnsan psixologiyası bu sindromda özünümüdafiə mexanizmini işə salır.

Sindromun əlamətləri

 - Bəs bu sindromun əlamətləri nədir? Bu sindromdan əziyyət çəkən insanları necə müəyyən etmək olar?

- Hər bir psixoloji sindromun özünün əlamətləri var. Bəzən insan özündə olan əlamətləri görmür. Bunu adətən kənardakılar daha yaxşı müşahidə edə bilirlər. İnsanlar onun emosional olaraq söndüyünü və donuqluğunu hiss edirlər. Bunu onların əvvəlki halı ilə yaşadıqları anın fərqini hiss edən dostları, yaxınları söyləyə bilərlər. Şəxs özü də bunun fərqində ola bilər. Ümumiyyətlə, əsas əlamətlər iki yerə bölünür: fiziki və psixi əlamətlər. Psixi əlamətləri insan öz daxilində hiss edir. Fiziki əlamətləri isə davranışları və bədən üzvləri ilə özünü büruzə verir. Ən böyük əlamətlərdən biri əslində çox normal olan işlərə qıcıqlanmasıdır. Əvvəllər müəyyən bir hadisəyə reaksiya verməyən adamı indi həmin hadisə özündən çıxarır. Halbuki, işi ilə əlaqədər dəfələrlə bununla üzləşib. Ya da elementar bir işi şişirdib böyük bir problem edir. İnsanlarla ünsiyyətdən bezir. O, bütünlüklə ünsiyyət üzərində qurulmuş sənətindən az qala imtina edir. Onlardan uzaqlaşıb təkliyə və tənhalığa çəkilmək istəyir. Özünə qapanma və tərkidünyalıq yaranır. Heç kəsin onları narahat etməsini istəmirlər. Bu sindromdan əziyyət çəkənlər iş yerlərini dəfələrlə dəyişir və bir yerdə qərar tuta bilmirlər. Hisləri kütləşmiş olduğuna görə hansısa işlər onu şənləndirmir. Yaxud da qəmli hadisələr onları elə də narahat etmir. Yatıb dincəlməsinə baxmayaraq, hey yorğunluq hiss edirlər. Adətən özlərini belə ifadə edirlər: "Səhər oyanmışam, elə bil bütün bədənimdən daş asılıb" və ya "Elə bil heç yatmamışam". Bəzən baş ağrıları incidir, oynaqlar ağrıyır və ishaldan əziyyət çəkirlər. Bütün bunlar bu sindromun fiziki əlamətlərinə aiddir. Daim mənfi əhval-ruhiyyədə olur və onun təsirindən çıxa bilmirlər. Xroniki yorğunluqdan şikayətlənir, çoxunun zövq aldığı işlərdən belə zövq ala bilmirlər. Dincələ bilmirlər və birinci gün işə getmək fikri artıq onları stresə salır. Qətiyyən "relax" ola bilmirlər. Ola bilsin ki, o an adam işini düşünmür, amma alt şüurda o düşüncələr bütün halını işğal edir. Onların gələcək haqda çox mənfi düşüncələri olur. Halbuki işləri perspektivli olsa da, onlar bu mənfi xəyallardan can qurtara bilmirlər. Bəzən işdə yaşadığı bu gərginlik həyatının işlə əlaqədər olmayan hissəsinə keçid edir. Bu artıq yuxarı mərhələdir. İnsan bu sindromun yaratdığı vəziyyəti ailəyə və dostları ilə münasibətlərə daşıyır. Onun üçün hər kəs əhəmiyyətini itirir. İşdə biznes maraqlarına xidmət edən insanlarla ünsiyyət robot kimi aparılır, şəxsi həyatında da bu öz təsirini qoyur. Təsəvvür edin,  insan maddi gəlir əldə etmək üçün işlədiyi işə heç bir maraq duymur. Bəzən də insanlar işin mənəvi tərəfini də düşünürlər. Bu sindromdan əziyyət çəkənlər üçün nə maddi maraq qalır, nə də mənəvi. Onu həmin anda işdən çıxartsalar da, narahat olmaz. Halbuki, əvvəllər işi üçün çox narahat olardı.

- Belə məlum olur ki, bu sindrom birbaşa insanın işinin perspektivini, gələcək uğurlarını hədəfə alıb?

- İşinin perspektivi haqqında düşünməyən insan nə yeni ideyalar verir, nə də gələcəyə dair bir plana sahib olur. Bir növ bu sindrom insanı bloka salır. İnsan nə zaman maraqlı ideyalarla çıxış edir? O zaman ki həmin iş onun üçün maraqlı olur. Alma Nyutona qədər milyonlarla insanın başına düşmüşdü. Amma Nyuton onu fizikada kəşfə çevirə bildi. Bu o deməkdir ki, insan işdə olmayanda belə fikirləri maraq dairəsində olan işə fokuslanır. Nyuton alma ağacının altında oturub qanun kəşf etməyi düşünmürdü. Bu psixoloji hallar bizim iradəmizdən asılı olmadan baş verir. Ona görə də bu sindrom insanı bloklayır və dərindən ideyaların istehsal olunması prosesini dayandırır. O insan istəsə də, təhlil istəyindən məhrumdur. Çünki təhlil qabiliyyəti dərin bir prossesdir. Sindromdan əziyyət çəkən isə dayazda əziyyət çəkir. Necə deyərlər, bulaq quruyub, ya da qurumaq üzrədir.

Tükənmə sindromu insana və cəmiyyətə hərtərəfli ziyan vurur. 

- Görünür, bu sindrom yalnız fərdi həyatı zədələməklə kifayətlənmir, insanın ictimai işlərinin məhsuldarlığına da ciddi zərər vurur.

- Bu məsələ ilə əlaqədar beynəlxalq səviyyədə araşdırma aparılıb. Bu sindromun 15 ölkədə nə qədər maddi ziyan vurması müəyyənləşdirilib. Məlum olub ki, bu ziyan 265 milyard dollardır. Təsəvvür edirsiniz? Ziyan milyardlarla ölçülür. Yəni faydalı iş əmsalı aşağı düşür. Bir insan 8 saatda 15 iş görə bilərsə, artıq 3 iş görür. Nə qədər ünsiyyətdə olduğu müştərini qaçırdır və bu da biznes maraqlarına ciddi ziyan vurur. İşçi işə ürəyini qoymalıdır. Əks halda o iş nə irəli gedər, nə də böyüyər.
Xəstəliklərin beynəlxalq təsnifatı var. Bu hər il yenilənən bir təsnifatdır. Hər il yeni çıxan xəstəliklərin adı ora daxil edilir, simptomları qeyd olunur. Məhz bu cür ciddi fəsadlarına görədir ki, "Peşəkarların Tükənmə Sindromu" da psixoloji sindrom kimi orada yer alıb.

"Peşəkarların Tükənmə Sindorumu"nu yaradan səbəblər

 - Siz bu sindromun əlamətlərini saydınız. Bəs bu sindromu meydana çıxaran səbəblər nədir?

- Bu sindromun səbəblərini iki əsas yerə ayırmaq olar. Birincisi, ümumi səbəblər, ikincisi, xüsusi səbəblərdir. Ümumi olanlar bu sindromun hər kəsdə yaranmasına təkan verən səbəblərdir. Xüsusi səbəblər isə peşədən peşəyə, insandan insana dəyişə bilər. Ümumi səbəblər sırasına müxtəlif və fərqli şəxsiyyətlərlə ünsiyyətdə olmaq, ünsiyyətdə olduğu insanların neqativ və aqressiv olması və çətin ünsiyyətə girmələri daxildir. Ünsiyyətdə olduğu insanlar nə qədər qəlizdirsə, şəxsin bu sindromdan əziyyət çəkmə riski o qədər artır. Digər bir səbəb isə meqapolislərdə və böyük şəhərlərdə yaşama faktorudur. Kənar və ucqar yerlərdə insanların bu sindromdan əziyyət çəkməsi nadir hallarda olur. Böyük şəhərlərdə isə nəinki işdə, hətta yola çıxıb qayıtsan belə, onlarla insanla ünsiyyətdə ola bilirsən. Ona görə böyük şəhərlərdə bu sindromdan əziyyət çəkən insanlar daha çoxdur. Həmçinin, insanın ya istirahətə ayıracaq vaxtı olmur və o, bütün enerjisini işinə qoyur, ya da maddi vəziyyəti buna imkan vermir. Yaxud da tutulduğu və müalicə etdirə bilmədiyi bir xəstəlik psixologiyasına təsir edir. Bütün bunlar sindromdan əziyyət çəkmə risklərini artırır. Bir məqalədə oxumuşdum ki, həkimlərin bu sindromdan əziyyət çəkməsinə müalicə etdiyi xəstələr yox, onların yaxınları ilə qurduğu ünsiyyət səbəb olur. Çünki xəstə sağalmırsa və ya ağır xəstədirsə, onun yaxınlarının dayanmadan həkimlə ünsiyyəti, narahat etməsi onu peşəkar olaraq "yandırır". Yaxud da başqa bir misal çəkim. Həkim xəstə üçün hansısa avadanlığın və ya ləvazimatın əldə olunmasını istəyir. Bu avadanlığı və ya ləvazimatı nə xəstəxana təmin edir, nə də həkimin maliyyə vəziyyəti buna imkan verir. Bu zaman həkim məsuliyyət duyğusunun təzyiqi altında nə edəcəyini bilmir. Çünki işini görə bilmir. Bu da onda dərin bir gərginlik və stress yaradır. Yaxud da bir xəstəxanada ölüm faktoru çoxdursa, bu da həkimi gərginlikdə saxlayır. Əgər həkim belə psixoloji gərginliyin bol olduğu bir yerdə işləyirsə, onun bu sindroma yaxalanmağı riskdən daha çox, dəqiq bir məsələyə çevrilir.

 - Mütəxəssisin tükənməsinə səbəb olan ən mühüm mənəvi səbəb nədir?

- Ən mühüm məqamlardan biri də budur ki, insan öz işinə ürəyini qoyur, amma fəaliyyətinə, zəhmətinə layiqli bir qiymət verən olmur. İstər maddi, istər mənəvi qarşılığını görməyəndə insanda öz işinə qarşı biganəlik, nəticədə də özünün tükənməyi başlayır. Bu qarşılıq görmək sadə tərif də ola bilər. Adi bir tərif işdə bir mütəxəssisi bu sindromdan qoruya bilər. Ya da çox işləyir, maddi qarşılığını ala bilmir. Bu təzad edilən tələblərin ödənilən qarşılığa uyğun gəlməməsi halında yaranır. Problem artıq işçini yükləməyə başlayır. Başqa bir nüans isə ünsiyyətdə olduğu insanlardan qarşılıq görməməkdir. Avtomatik olaraq insanda əks fikir formalaşır: "Mən niyə qarşılığını görmədiyim bu işə bu qədər enerji sərf etməliyəm? Onsuz da qədirbilən yoxdur..." Bu çox təhlukəli bir nəticədir və bu fikrə gələn insan çox davam gətirə bilməz və o, psixoloji yanmanın son mərhələrinə qədər gedib çıxa bilər.

Kimlər "yanmağ"a daha çox meyllidir?

- Hansı insanlar bu hala düşməyə daha çox meyillidirlər? Ümumiyyətlə, elə bir insan tipi varmı ki, bu cür hallardan qətiyyən əziyyət çəkməsin?

- Psixoloji sindromlar müxtəlif kateqoriyalara bölünür. Biz öz temperamenti, təbiətinə görə bəlli sindromlardan əziyyət çəkən insanları qruplaşdıra bilərik. Bir qrup insanlar tipik olaraq hansısa sindroma həssas olarlar. Bəzilərində isə bəzi sindromlara qarşı immuntet var. Onlar malik olduqları baryerlə hələm-hələm o sindromlardan əziyyət çəkməzlər. Necə deyərlər, hansısa ötəri stresslər o baryeri yıxa bilmir. "Peşəkarların Tükənmə Sindromu"ndan əsasən introvertlər əziyyət çəkir. İntrovertlər özünə qapanmağa meyilli, enerjisi bir növ özlərinə yönəlmiş şəxslərdir. Fikir verin, sindromun əlamətləri də onlarla uzlaşır. Eynilə introvertlərdə olduğu kimi, tez məyus olma, özünə qapanma, özünəinamı az olma, özünü harasa layiq bilməmək əlamətləri də bu sindroma xasdır.  Bəzi araşdırmalar göstərir ki, bir sıra insanlar soyuqqanlılığa, hissizliyə daha çox meyilli olarlar. Onlarda da bu sindroma tutulma riski daha çoxdur. Bu cür insanlar kiçik bir risk hallarında hadisədən tez təsirlənirlər. Bu, pessimistlərdə də çox rast gəlinən bir sindromdur. Maraqlısı budur ki, hətta evdar xanımlarda da bu özünü büruzə verə bilər. Monoton həyat tərzi onları da bu sindromla üzbəüz qoya bilər.

- Bu sindromu stresslə səhv salmaq mümkündür?

- Biz sindromdan bəhs edirik. Sindrom insanın hansısa psixoloji vəziyyətidir. Biz bu sindromun əsasında, kökündə stress var deyə bilərik. Fikir verin, sindrom "Peşəkarların Tükənməsi" adlanır. Yəni bu iş prossesində meydana çıxır. Bu, insanın gərgin iş rejimi ilə yaranan stressin nəticələndiyi haldır.

 - Bəs cəmiyyət insanların tükənməsində və yanmasında hansısa rol oynayırmı?

- Bəli. Bu, cəmiyyətin düşüncəsindən, adət-ənənələrindən və bir çox başqa hallardan qaynaqlana bilər. Bəzən olur ki, cəmiyyət bir sıra peşə sahələrinə qarşı biganə olur. Onların fəaliyyətlərini dəyərləndirmirlər. Bir nüansı xüsusi qeyd etməliyik ki, insan öz işinin əvəzini gördükdə onu daha çox həvəslə yerinə yetirir. İllərlə çalışsa da, əgər lazımi qiymətini alarsa, bu iş onu tükəndirməz. Yəni insanın fiziki qüvvəsi yetən işə psixoloji motivasiyasının təmin olunması əsas prioritet olmalıdır. Maddi təminat hər zaman əsas deyil. Bəzən kiçik bir tərif xariqələr yarada bilər. Elə bir cəmiyyət təsəvvür edin ki, insan illərlə xidmət edir, amma nə maddi, nə də mənəvi qarşılığını ala bilmir. Beləliklə, cəmiyyət hansısa peşə sahiblərinə öz biganəliyi ilə həmin peşələrin də aradan çıxmasına səbəb ola bilər. Misal üçün, bir cəmiyyətdə kitaba dəyər verilmirsə, bu sahənin adamları - kitabxanaçılar, yazıçılar özlərini həmin cəmiyyətdə ən aşağı statuslu hesab edəcəklər. Təbii ki, cəmiyyətin belə bir münasibəti də nəinki bu peşə sahiblərini emosional tükəndirir, həm də bu peşəni peşə olaraq aradan çıxmasına xidmət edir.

Nə etməli? - Qurtuluş yolu

- Bəs, necə edək ki, tükənməyək, həmişə psixoloji olaraq güclü, qüvvəli, enerjili qalaq?

- İnsan əvvəlcə tükənməyinə səbəb olan ən mühüm amili tapmalıdır. Bundan sonra onu aradan qaldırmağa çalışmalıdır. Əgər bu amil monoton həyat tərzidirsə, həyatına rəngarənglik qatmağa çalışmalıdır. Bəzən iş yerində əşyaların yerinin dəyişilməsi, bir dibçəkdə gülün iş masasının üstünə qoyulması, idman məşqlərinə başlanılması, sevilən işin görülməsi və yeni hədəflər insanın həyatını təravətləndirə və güc mənbəyinə çevrilə bilər. Əgər tükənməyə səbəb həddən artıq işlə yüklənmədirsə, onda çalışmalıdır ki, fasilələrlə işləsin. Adətən peşəkarlar fasiləsiz olaraq işə fokuslanırlar. Tükənməmək üçün onlar zövq aldıqları formada istirahətə və əhvallarını açacaq işlərə də vaxt ayırmalıdırlar. Evdar xanımlarda bəzən bu sindroma tutulmağa səbəb səhərdən axşama kimi monoton, eyni işlərlə məşğul olmaqdır. Bunun üçün işlərini azalda və ya işləri arasında fasilə edərək musiqiyə qulaq asa, film izləyə bilərlər. Bəzən isə müvəqqəti olaraq yaşadıqları mühiti dəyişmək tövsiyyə olunan fikirdir. Harasa istirahətə getmək və ya rayonlara, kəndlərə yollanmaq onların enerjisini bərpa edər. Mütəxəssislərin nəzərinə görə, sakitləşdirici məqamlar tükənmənin qarşısını alır. Bu sakitləşdirici səbəb rolunu çox şey oynaya bilər - işdə perspektivlik yaratmaq, özünə müxtəlif strateji hədəflər təyin etmək, həyatına məna qatacaq işlərlə məşğul olmaq, nəticə verəcək işləri görmək. İnsan işindən maddi və mənəvi qayıdış görmədikdə tükənirsə, deməli, bu qayıdışın olacağı işlərdə fəaliyyət göstərməlidir. Özündə gələcəyə ümid yaratmalı, stimul mənbəyini tapmalıdır. Onu anlayacaq bir həmsöhbəti, dostu ilə ünsiyyət qurmalı, narahat edən məsələləri onunla diskusiya etməlidir. Bəzi psixoterapevtlər qrup halında bu cür diskusiyaların təşkil olunmasını, orada ümumi müzakirələrin edilməsini tövsiyə edirlər. Bu müzakirələr problemin həll yolunu müəyyən etməkdən başqa, şəxsin psixoloji gərginliyini də azaldır.

 - Bəzən də olur ki, bir hal birinə mənfi təsir edir, digərinə isə heç təsir etmir, ya da bəzən hətta müsbət təsir edir...

- Ona görə də hadisələrə, insanın öz işində olan mənfi faktorlara baxış bucağını dəyişdirməsi zəruridir. Yeri gəlmişkən, bir əhvalatı xatırladım. Bir nəfər zavodda işləyir və illərdir oradakı dəzgahların səsindən narahat olurmuş. O, bu barədə müdirə müraciət edir və müdir ona bir aylıq istirahət verir. O da istirahət etmək üçün rayonların birinə yollanır. Orada hər gecə cırcıramaların səsini dinləyir. Bu ona çox xoş gəlir. Az sonra düşünür ki, elə zavoddakı dəzgahlar da belə səs eləyirlər. Onda o belə düşünür: "Əslində səsdə bir problem yoxdur, mənim ona yanaşmamda yanlışlıq var". Həmin insan öz işinə qayıdır və baxış bucağını dəyişir. Bəzən taleyimizi dəyişə bilmirik. Onda ya ona təslim olmalıyıq, ya da baxış bucağımızı dəyişməliyik. Bu, bizim üçün yaşamağı asanlaşdırar.

İnsan özündə pozitiv baxış tərzi yaratmalıdır. Mənfi şəraitin ona güc gəlməsinə qoymamalı, pozitiv insanlarla ünsiyyət qurmalı, pessimist düşüncələrin beyninə girməsinə qəti imkan verməməlidir. Həyatın gözəlliklərinə, əlində olan nemətlərə, ailəsinə, övladlarına, dostlarına nəzər salmalı, böyüklüyünə və kiçikliyinə fikir vermədən əldə etdikləri uğurlara baxmalı, bu cür özünə mənəvi dəstək olmalıdır.    

- İstirahətin önəmini vurğuladınız. O zaman belə bir sual yaranır: Necə düzgün istirahət edək? İstirahət etməyi də sizcə bacarmaq lazımdırmı? Yoxsa hər istirahət insanı tükənmədən qoruya bilər?

- İnsan istirahət edəndə həm fiziki olaraq qüvvəsini yenidən əldə edir, həm də psixoloji və koqnitiv olaraq bərpa olunur. Ancaq düzgün istirahət çox önəmlidir. Bəzən insan istirahət adı ilə 3 həftə ardıcıl məzuniyyət götürür. Bütün gününü evdə dörd divar arasında keçirir. Çox vaxtını da yatır. Elə bilirlər ki, çox yatmaq dincəlmək deməkdir. Emosional tükənmə insanın fiziki olaraq yorulmağı deyil ki, yatmaqla problemini həll etsin. Onun daxilində problemlər var. İnsan mənəvi olaraq dincəlməlidir. İnsan özünə hansı istirahətlərin mənəvi zövq verdiyini bilməlidir. Məsələn, idman bu məsələdə əla tövsiyyədir. Soruşa bilərsiz ki, idman edən zaman axı insan fiziki cəhətdən yorulur. Bəli, bu fiziki cəhətdən insanı yora bilər, amma psixoloji cəhətdən insanı boşaldır, onu gümrah saxlayır. Sadəcə səhərlər daha erkən qalxıb qaça da bilərlər.

Taym menecmentdə belə bir qızıl qayda var - İşi evə gətirməmək! İş evə gətirilsə, insanın emosional tükənməsi sürətlənəcək. Bəzən evə gələndən sonra da telefonla, ya da kompüterlə işi görməyə davam edirlər. Bu da insanın dincliyini əlindən alır. Ona görə də işdən sonra iş haqqında düşünməyi kənara qoymaq lazımdır.

- Bəs həyatda hədəfin olması insanın tükənməsinin qarşısını almaqda hansısa rol oynaya bilərmi?

- Həyatda müxtəlif hədəflərin olması insanı onlara çatmaq üçün bütün maneələri aşmağa vadar edir, insanın həyatına rəng qatır. Hədəfsiz həyat mənasız həyatdır. Hədəfsiz insan nə işlə məşğul olacağını bilmir, boş vaxtlarını sərf edə biləcəyi dəyərli bir işi olmur. İnsan müxtəlif sahələrdə özü üçün hədəf təyin etməlidir. İqtisadi, mənəvi, sağlamlıq, maariflənmə, oxumaq kimi hədəfləri olmalı və bunları həyata keçirmək üçün çalışmalıdır. Bu zaman o, hər gün o hədəflərə çatmaq üçün atacağı addımlar barədə düşünəcəkdir. Həyatın mənasızlığından, boşluğundan əziyyət çəkməyəcək, həmişə ruhən gümrah olacaqdır.

Həyatı mənasız görmək təhlükəlidir.

 - Həyatı mənasız görən insan əlində olan bütün nailiyyətlərə, maddi imkanlarına baxmayaraq ruhən tükənə bilirmi? Yoxsa, maddi rifahda olan insan heç bir halda tükənmir?

- Tükənmə psixoloji bir haldır. Maddi vəziyyət, imkan bu hala müsbət təsiredici amil rolunu oynayır. Ancaq mütləq təsirə malik deyil. İnsan həyatında məna görməsə, imkanın çoxluğu onu emosional tükənmədən qoruya bilməyəcəkdir. Həyatında baş verən bütün hadisələrdə məna axtarmaq insana hər bir çətinlik və müsibətlərdə hərəkətə gətirən əsas və sonsuz güc verən bir motivasiyadır. Həyatının mənasını itirən zaman insan tükənməyə başlayır, gücü azalır, onda agedoniya halı yaranır. Belə insanlarda sevinc, həzz və səadət kimi müsbət hislər sönür, ruh düşkünlüyü yaranır. Onlar öz əllərində olan maddi nemətlərdən həzz almağı bacarmır, hətta əldə etdiyi yeni nailiyyətə görə də həzz və sevinc hissi duymur, ən kiçik çətinliklər qarşısında özlərini itirirlər.

Məşhur psixoterapevt Viktor Emil Franklın "Loqoterapiya" psixoterapevtik metodunun əsası da məhz buna, həyata məna qatmaqla müalicə prinsipinə əsaslanır. O, deyirdi ki, günümüzün psixoloji xəstəsi mənanın itirilməsi nəticəsində yaranmış dərin mənəvi boşluq hissindən əziyyət çəkir. İnsan hər tərəfdən mövcudiyyətlərinin, həyatlarının mənasının yoxluğundan əziyyət çəkən insanlarla əhatə olunub. Müasir dünyada bütün psixoloji və fəlsəfi məktəblər bunun fərqinə varır. 

- Və sonda: Bəs sizə bu qədər fəaliyyətlə emosional tükənmənin qarşısını almaq üçün kömək edən nədir?

- Hər şeydən öncə gördüyün işi hədsiz sevmək. Bu zaman insan işə həvəslə gedəcək, bütün gününü ona sərf etsə belə, daha da zövq alacaqdır. Atamın belə bir sözü var, deyir, xoşbəxt adam odur ki, işə gedəndə evi üçün, evə gələndə də işi üçün darıxa. Sevdiyin iş hər nə qədər ağır olsa da, heç bir zaman insanı tükəndirməz. Fiziki cəhətdən aktiv həyat tərzi də mənə kömək olur. Fiziki sağlamlıq psixoloji sağlamlığa kömək edir. Həyata pozitiv baxmaq, həyatın sonsuz mənaya və fəlsəfəyə malik olduğuna əminlik insanı tükənməyə qoymur.

Söhbətləşdi: İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.