Ölkə

"İnamını və vicdanını itirmiş insan cəmiyyət üçün ən təhlükəli canlıdır"

17 İyul 2017 19:25
474 Şərh     Baxış: 22 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az İlkin İzzətin tanınmış yazıçı-filosof Rövşən Abdullaoğlu ilə müsahibəsini təqdim edir:  

- Əgər Allah yoxdursa, hər bir cinayət icazəli olurmu?

- Allaha möhkəm inam, düzgün ideologiya insanı tamamilə dəyişmək qüdrətinə malikdir. Beləsinin daxilində onun davranışlarına nəzarət edən bir qüvvə formalaşır. Bu qüvvə onu həmişə pis işlərdən çəkindirəcəkdir. Beləsi üçün cəza sisteminə də ehtiyac yoxdur. "Əgər Allah yoxdursa, hər şey icazəlidir" məşhur ifadəsi də bu məqama işarə edir.

Bir çoxları, hətta Jan Pol Sartr da bu ifadənin məhz Dostoyevskiyə məxsus olduğunu deyirlər. Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanında belə ifadə vardır: "İnsanda özünün ölümsüzlüyünə olan inamı məhv edin, o andaca onda nəinki məhəbbət, hətta dünya həyatını davam etdirməsi üçün lazım olan hər bir canlı qüvvə də tükənəcəkdir. Bundan başqa, o zaman heç bir iş əxlaqsızlıq hesab edilməyəcək, hər şey icazəli olacaqdır, hətta antropofaqiya (adamyemək) belə".

Platon bu səbəbdən ateizmi cəmiyyət və dövlət üçün böyük bir təhlükə bilirdi. Onun fikrinə görə Allaha və ya "allahlara" inanmayan insanı cani kimi ən sərt cəzalarla, ölüm və ya zindanla cəzalandırmaq lazım idi. Platon deyirdi ki, Allaha inanan şəxs, əgər həqiqi inamı varsa, heç bir zaman qəsdən çirkin iş görməyəcəkdir.

Orta əsrlərdə nəinki inanclılar, hətta ziyalılar, filosoflar belə ateizm əleyhinə çıxırdı. Məsələn, Leybnis, Frensis Bekon, Con Lokk və başqaları. Ümumiyyətlə bir çox, hətta inkişaf etmiş ölkələrdə belə ateistlərə qarşı hüquqi və sosial diskriminasiyanı görmək olar. Aparılmış araşdırmalara görə, bəzi ölkələrdə bəzi xidmət sahələrində ateistlərə daha az etimad edirlər. Belə ki, əksəriyyətin zehnində ateizm cinayət, əxlaqsızlıq, dünyapərəstlik kimi mənfi hallarla assosiasiya olunur.

- Həqiqətənmi bütün ateistlər əxlaqdan uzaqdırlar?

- Xeyr! Təbii ki, yox. İnsanı əxlaqi dəyərlərə sövq edən amillərdən biri və ən güclüsü həqiqi inamdır. Həmçinin, vicdan, ictimai qınaq, məsuliyyət, ölkəsinə bağlılıq hissi kimi amillər də vardır. Mümkündür ki, şəxs Allaha inanmır, ancaq digər amillərin təsirilə hərəkət edir.

Platon özünün "Qanunlar" əsərində ateistləri əxlaqi xüsusiyyətlərinə görə iki hissəyə bölür. Birincisi, pis davranışlardan çəkinən ateistlər, ikincisi, Allahı danmaqla yanaşı öz nəfsinin çirkin istəklərinin qarşısını almayanlar. Platon deyirdi ki, ikincilər mümkündür ki, güclü yaddaşa və hansısa elmləri qavrama xüsusiyyətinə malik olsun, ancaq bununla belə onlar şərdirlər. Platona görə tiranlar, demaqoqlar, qəddar hərbçilər məhz ikinci qism ateistlərin arasından çıxır.
 

- Məgər dinlərin iddialarına görə insanlar üçün əxlaqi dəyərləri, davranış qaydalarını yalnız dinlər təyin etmirmi? İnsan din olmadan bir şeyin pis və ya yaxşı olduğunu anlaya bilərmi?

- Hamının qəbul edəcəyi ümumbəşəri əxlaqi və ya hüquqi qanun üçün nə dinə ehtiyac var, nə də hansısa fəlsəfə və ateist məktəbinə. Yalanın pisliyini, oğurluğun çirkinliyini, xəyanətin, günahsız insanın qətlinin, zülmün pis olmasını hamı yekdilliklə qəbul edir. Hamı təvazökarlığı, mərdliyi, humanizmi gözəl hesab edir. Müqəddəs kitablar bu əxlaqi, hüquqi dəyərlər barədə danışmasaydı belə, bunu anlamaq üçün sadəcə sağlam insan ağlı da yetərli idi.

- Maraqlıdır, əgər insanlar bu qədər mövzularda müştərək düşünürlərsə, bəs bu qədər ixtilaf, zülmlər hardan qaynaqlanır?

- Problem onda deyil ki, biri zülmü yaxşı bilir, digəri pis, biri rüşvətxorluğu, korrupsiyanı yaxşı bilir, digəri yox. Problem bildiklərimizə əməl etməməkdədir. Əfsuslar olsun ki, insanlar əməldə düz bildiklərini şəxsi mənfəətlərinə, istəklərinə qurban verirlər. Biz məhz bu düyün nöqtəsinin üzərində işləməliyik.

- Bəs, onda cəmiyyət üçün təhlükəli olan nədir?

- Əslində cəmiyyət üçün təhlükəli olan məhz nəfsinə uymuş insandır. Bu insanın hansı inanca məxsus olması, ateist, yaxud teist olması elə də önəmli deyildir. İnsan səhv yolu daha məntiqli və dəlillərini daha əsaslı hesab etdiyinə görə seçmir. O, həmin yolla sadəcə öz istəklərilə daha uyğun gəldiyinə görə gedir. Həzrət Əlinin (ə.s.) məşhur bir kəlamı var: "Sizin üçün iki şeydən çox qorxuram. Onlardan biri nəfsani istəklərə uymaqdır. Belə ki, nəfsani istəklərə uymaq sizi düzgün yoldan uzaqlaşdırar, həqiqət ardınca getməyinizə mane olar". Bu insan yanlış yolu emosional olaraq seçdikdən sonra öz seçiminə bəraət qazandırmaq üçün "elmi arqumentlər" və məntiqi mülahizələr də uydurmağa başlayır.

- İnam və inamsızlığı müqayisə etdikdə ideologiya öz gücünü hansı məqamda göstərir?

- İnam və dini ideologiya məhz əməl məqamında çox effektlidir. O, insanı düzgün bildiklərinə əməl etməyə sövq edən çox böyük qüvvədir. Ateizm, deizm, aqnostisizm məhz bu məqamda gücsüzdür. Statistikaya görə, Çində ildə 5000 insan 50-ə yaxın maddə əsasında günahkar bilinərək öldürülür. Bu ölkədə ölüm hökmünün olmasına baxmayaraq, korrupsiyanın, cinayətin qarşısını hələ də almaq mümkün olmayıb. Dünyada törədilən cinayətlərin, qətlərin 80-90 %-i inancı olmayan, yaxud da çox zəif olan insanlar tərəfindən törədilir. Halbuki, bu insanlar düzgün ideologiya və möhkəm inama sahib olsaydılar, cinayətə heç bir bəhanə ilə qol qoymazdılar.

- Bir az əvvəl Platondan sitat gətirdiniz. Platonun dediyi kimi, ideoloji diskriminasiya həqiqətən lazımdırmı?

- Heç kəs mənim kimi düşünmək məcburiyyətində deyil, mən də başqa biri kimi düşünməyə məcbur deyiləm. İdeoloji mövqeyinə görə kimisə təhqir etmək, inanclıları, ateistləri və ya qeyrilərini təzyiqə məruz qoymaq yanlışdır. Ancaq fikir mübadiləsi etmək olar.

Ateist, yaxud da inanclı olmasından asılı olmayaraq, hansısa ideoloji məktəbin nümayəndəsini gələcəkdə cinayət edə bilmə ehtimalı ilə indidən cəzalandırmaq, təhqirə məruz qoymaq səhvdir. Bəzən olur ki, hansısa qrup barəsində onun bir neçə nümayəndəsinin mənfi hərəkəti əsasında ümumi stereotip formalaşdırırlar, daha sonra isə qurunun oduna yaşı da yandırırlar.

- Allaha inanan, mömin olan hər kəsi vicdanlı və əxlaqlı hesab etmək olarmı?

- Xeyr!

- Bəs bir insanda həm imanın, həm də əxlaqsızlığın cəmləşməsi paradoks deyilmi?

- Yox, deyil. Siz dedikləriniz kamil imanla cəmləşə bilməz, ancaq bəzilərindəki naqis imanla hər şey birləşə bilər. Quranda Yusif surəsinin 102-ci ayəsində deyilir: "Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman etmişlər". Əgər bir qəlbdə imanla şirk cəm ola bilirsə, onda hər şey naqis imanla cəm ola bilər. İnsan çirkin işlərdən imanı kamilləşdiyi həddə uzaqlaşır. Platon da "Qanunlar" əsərində Allaha inanan insanın pis iş tuta bilməsinin mümkünlüyünü deyir, lakin belə bir şəxs Allahın insanların həyatına təsir qoya bildiyini tamlığı ilə qəbul etməyib. Platona görə, Allahı layiqincə tanıyan çirkin iş tuta bilməz.

- Sizcə Allaha inamın psixoloji effekti necə, varmı?

- Uilyam Ceyms, Viktor Emil Frankl, Karl Qustav Yunq, Deyl Karnegi kimi tanınmış psixoloqlar, Dostoyevski, Tolstoy, Kant kimi şəxsiyyətlər inamın psixoloji zəruriliyini, bunun insanın əxlaqi davranışlarına təsirini artıq vurğulayıblar. Lakin Tanrıya inamın faydası sadəcə psixoloji cəhətlərlə məhdudlaşmır.
 

- Rövşən müəllim, əgər Allah olmasaydı, onu uydurardınızmı?

- Xeyr, qətiyyən! Allaha  inamın praktik, əxlaqi, fərdi və ictimai faydalarının olmasına rəğmən, belə bir məsələdə yalandan istifadə etməyi qətiyyən düzgün bilmirəm. Çünki inam heç zaman yalan üzərində çox dayana bilməz. İnam yalnız və yalnız elmi yəqinlik üzərində qurulmalıdır. Elmi yəqinlik olmadıqda heç bir inamdan söhbət gedə bilməz.

- Hansı ideologiyanı və ya dini terrorizmə daha yaxın görürsünüz?

- Terrorizmin dini, milləti olmaz. Ona görə də belə bir yanaşmanı səhv hesab edirəm.

Bəzən deyirlər ki, İslam və ümumiyyətlə inanclı olmaq cəmiyyət üçün təhlükədir, ateistdə isə bu ictimai təhlükə yoxdur, çünki inancsız biri daha çox humanist olur, cəmiyyətini daha çox düşünür. Bu düşüncə ilə də razılaşmıram. Ən azından ona görə ki, mən sizə cəmiyyəti məhv etmiş çoxlu ateist, dinsiz şəxsləri misal çəkə bilərəm. Elə götürək Sovet İttifaqını. Stalin ateizmin qatı tərəfdarlarından və ən güclü təbliğatçılarından idi. Qeyd edilən iddiaya görə, o, dünyanın ən humanist insanı olmalı idi. Rus tarixçisi, Nobel mükafatçısı Aleksandr İsayeviç Soljenitsının "Qulaq arxipelaqı" əsərində yazdıqlarına görə, 1917-1959-cu illərdə Sovetlər birliyində rejim tərəfindən aclıqdan, həbs düşərgələrində, sürgünlərdə, terrordan 66 milyondan çox insan öldürülüb.

Stalinin məqsədyönlü daxili siyasəti nəticəsində SSRİ-də, əsasən də Ukraynada, Belarusiyada, Cənubi Uralda, Şimali Qafqazda, Qazaxıstanda bir neçə dəfə böyük aclıq yaranmışdı. Təkcə 1932-1933-cü illərdə baş vermiş kütləvi aclıq nəticəsində SSRİ-də 7-8 milyon insan aclıqdan ölüb. Ukraynada 1932-33-cü illər aclığı ukraynalılarının məqsədyönlü soyqırımı kimi qəbul edilir. 

Gəlin 18-ci əsrdə baş vermiş Böyük Fransız inqilabını götürək. Bu inqilab zamanı ateistlər və deistlər köhnə ictimai quruluşla mübarizə adı altında keşişləri, inanclı kütlələri və zadəganları kütləvi şəkildə qırdılar. Bu inqilab zamanı bəziləri ən azı 600 000 insanın öldürüldüyünü deyir. Fransız tarixçiləri isə qeyd edirlər ki, bu inqilabın qurbanlarının həqiqi sayını biz heç bir zaman öyrənə bilməyəcəyik. Minlərlə keşişin, rahiblərin gilyotinada başları kəsilib. Fransız inqilabı ilə bağlı belə bir anlayış var - böyük terror dövrü. Yəni inqilabçıların fikirlərini qəbul etməyən şəxslərin kütləvi surətdə qətli. Yakobinlərin ölkə daxilində həyata keçirdikləri radikal fəaliyyətləri, kütləvi terrorları.

1931-39-cu illərdə II İspaniya respublikası dövründə respublikaçılar hakimiyyətə gəldikləri zaman inanclı insanlara qarşı kütləvi qətllər törətməyə başladılar. Bu dövrlərdə 50-ə yaxın kilsə yandırıldı, 7 000 -ə yaxın keşiş və rahib qətlə yetirildi. Ateist respublikaçıların vəhşilikləri adi inanclılara qarşı da yönəlmişdi. Belə ki, bunlar on minlərlə insanı sadəcə hansısa müqəddəs atribut daşıdıqlarına görə öldürmüşdülər. Bu qətllər xüsusi amansızlıqla törədilirdi. Onların qulaqları kəsilir, xaçları udmağa məcbur edilir, tonqalda yüzlərlə keşiş və rahibələr yandırılır, rahibələrə cinsi təcavüz edilır, inanclıları çarmışa çəkirdilər. Onların hakimiyyəti məhkəməsiz qətllər, müxaliflərə qarşı xüsusi amansızlığı ilə yadda qalıb. Bunlar üçün insanın inanclı, yaxud keşiş, dinlə hər hansı bir əlasinin olması məhkəməsiz edam edilməsi üçün kifayət idi. Qırmızı terror adı ilə tanınan bu hadisələrdə yalnız inanclılara deyil, siyasətçilərə, zadəganlara, böyük mülkləri olan şəxslərə, sənayeçilərə belə hücumlar olunurdu. Bunun nəticəsində çox ziyalılar ölkəni tərk etmək məcburiyyətində qaldılar.

Yaxud da gəlin Çində dinsiz Mao Tsedunun hakimiyyət illərini götürək. O, "böyük sıçrayış" və "mədəni inqilab" adı altında iki geniş miqyaslı islahatlar həyata keçirirdi. Bunu əslində xalqın üzərində aparılmış təcrübə, xalqın soyqırımı kimi qəbul etmək daha düzgün olardı. Nəticədə kütləvi aclıq, ziyalı təbəqənin terroru, repressiyalar başladı. Bu "islahat" on milyona yaxın günahsız insanın ölümü ilə nəticələndi. "Mədəni inqilab" adı ilə 53 000 alim, 3000-ə yaxın yazıçı, incəsənət xadimi, 142 000 müəllim və çoxlu sayda müxtəlif məsul vəzifələr tutmuş insanlar qətlə yetirildi. Ay ərzində fərqli məntəqələrdə yüz min insan qətlə yetirilirdi. Mao ona qarşı etiraz etmə ehtimalı olan partiyalardan 5 milyon insanı öldürdü, yerinə özünə müti insanları gətizdirdi. Əksər mənbələr Maonun hakimiyyətindən zərərçəkmişlərin 100 milyon nəfər olduğunu deyir. İnanmaq çox çətindir, ancaq Maonun hakimiyyəti illərində inqilab düşmənlərinin bədən üzvlərini yemək partiyaya, Maoya olan sevgi və fədakarlıq hesab olunurdu. Bir çoxları bu yolla öz sədaqətlərini göstərir və vəzifə pilləsində irəli gedirdilər.

Siyahı bununla bitmir. Kambocada Pol Potun rejimini misal çəkək. Pol Pot da nə Allaha inanır, nə də dinləri qəbul edirdi. Onun üzərində iki milyona yaxın əhalinin qanı vardır. Pol Pot müasirliyə, ziyalılığa, elmə düşmən idi, çünki onlara burjuaziya dəyərlərinin qalığı, rejimin düşməni kimi baxırdı. Ona görə də ziyalıları, həkimləri, müəllimləri, alimləri kütləvi surətdə qətlə yetirirdi. Hakim rejim kitabxanaları dağıdır, hər növ incəsənətə qarşı çıxır, müsiqini, oynamağı, bayramları qadağan edirdi. Pol Pot bütöv bir xalqın bütün mədəniyyətini, düşünən beyinlərini, elmi-mədəni irsini məhv etdi. O, kəndli həyatına üstünlük verdiyindən bütün ölkəni aqrar sosializmə çevirmək haqda qanunlar qəbul edirdi. Şəhər camaatını belə zorla kənd təsərrüfatı ilə məşğul olmağa məcbur edirdilər.

Elə bilməyin ki, Pol Pot savadsız, təhsilsiz biri idi. Xeyr, o, Paris Universitetini bitirmiş ali təhsilli şəxs idi. Pol Potun əsgərlərini uşaqlıqdan yetişdirir, onlara insan qanı içizdirirdilər. Bununla onları amansız etmək istəyirdilər.

Görəsən, bu insanlar dini inanclı olmadıqları halda niyə bu qədər qəddar işlər göürdülər? Onlarda insanlara qarşı bu qədər nifrət hardan idi? Bu insanlar dinə zidd, onu qəbul etməyən şəxslər olublar, ancaq ateist olmaları onları humanist etməyib. Deməli, humanizm insanın ateist olması ilə əlaqəli deyildir. Əksinə, insan Tanrıya inamını itirdikdə ən təhlükəli canlıya çevrilir. Tarix və müşahidələr də bunu isbat edir.

Adətən buddizmi daha humanist din hesab edirlər, çünki buddizmdə insanı öldürmək böyük günahdır, onun qanunları insansevərliyə daha çox köklənib. Məgər İslamda, yaxud da digər səmavi dinlərdə insan öldürmək günah deyil?! İnsan qətli nəinki buddizmdə, bütün dinlərdə ən böyük günah hesab edilir. Bütün dinlər zülmü pis bilir. İslamın bütün qanunları haqq və hüquq məsələsinə həssaslıqla yanaşır.

Buddistdən terrorçu çıxmaz kimi düşünənlər yəqin ki, yer planetinə yeni gəlmişlər. Belələri "buddist terroru" adı ilə ən azı internetdə, xəbər portallarında bir axtarış etsinlər.  Mümkündür ki, buddizmi ənənəvi olaraq ən humanist din, davamçılarını da ən sülhməramlı kimi bilsinlər. Əgər buddizm insanı ən humanist şəxsiyyətə çevirirdisə, o zaman buddizmin geniş surətdə yayılmış olduğu ölkələr dünyanın ən az cinayətlər törədiliən, ən az müharibə edən ölkələri olmalı idi. Bu ölkələr Çin, Butan, Yaponiya, Hindistan, Kamboca, Koreya, Laos, Monqolustan, Myanma, Nepal, Tailand, Şir-Lanka və sairədir. Bu ölkələrin bəzilərinin əhalisinin mütləq əksəriyyəti, yəni 80-95 %-i buddistdir, bəzilərində isə onlar əksəriyyət təşkil edir. Amma bu ölkələrin tarixinə nəzər salsaq, necə dəhşətli və amansız müharibələrə imza atdıqlarının şahidi olarıq. Cinayət və adam qətllərinin sayına görə də bu ölkələr öndə gedirlər. Burada ən çirkin və amansız qətllər məhz buddist inanclıların əli ilə törədilib. Bəs, görəsən onların humanist buddizmi niyə bütün bu cinayətlərin qarşısını almadı?

Bunlar bir kənara qalsın. Gəlin bir qədər də buddist rahiblərin etdiklərindən danışaq. Aşin Viratu buddistlərin lideri idi. O, 14 yaşından bəri buddist rahibidir. Məhz o, səbəb olmuşdur ki, buddist rahibləri Myanmada müsəlman kəndlərinə hücum edib onları qətlə yetirsinlər, evlərini yandırsınlar. Onun göstərişi ilə buddistlər məscidlərə hücum edir, müsəlmanların alış-veriş mərkəzlərini dağıdırdılar. Dünya mətbuatı Viratunu "buddist terrorunun siması", "Birmanın Hitleri", "Buddist Bin Ladeni" kimi ləqəblərlə adlandırır. Onun yaratdığı "969" radikal təşkilatının hədəfi ölkədən bütün müsəlmanlarını yer üzündən silmək idi. O və onun tələbələri bütün ölkədə kin, nifrət və qəzəb yayan çıxışlar edirdilər.

Həmçinin Şri Lankada da "Bodu Bala Sena" (Buddist gücü) adlı başqa bir buddist terror təşkilatı var. Onlar da ölkədə həm müsəlman, həm də xristianlara qarşı qətllər törədir, onların ticarət mərkəzlərini, ibadət yerlərini dağıdırlar. Bu təşkilatın ən azı on minlərlə üzvü vardır ki, onların da bir qismi məhz rahiblərdir.

Bu sıralamaya Yaponiyada fəaliyyət göstərən "Aum Sinrikyo" buddist terrorist təşkilatını da aid etmək olar. Bu təşkilat Tokioda metronun partladılmasından tutmuş bir sıra qətllərə səbəb olub. Bu, dünyada ilk terrorist təşkilatıdır ki, adi, mülki vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edib.

Burada həmçinin, Hindistan və Koreyadakı buddist terrorlarından da danışmaq olar. Hindistan racalarının buddizmi insanlara qəbul etdirmək üçün törətdikləri qətlləri də yada salmaqda fayda vardır. Eramızdan 3 əsr əvvəl padşah Aşoka buddizmi Hindistanın rəsmi dövlət dini etməyə cəhd etdi. Aşoka buddist hökmlərinə tabe olmayanları öldürür, başqa inanclılara qarşı amansızlıq göstərirdi. Oxşar addımı bir çox buddist racaların fəaliyyətlərində də müşahidə edirik.

- Nəticədə ən təhlükəli insan kimi hesab edə bilərik?

- Ən təhlükəli insan nə Tanrısı, nə də vicdanı olandır. Belə birisi ateist, deist, müsəlman, xristian, buddist kimi fərqli simalarda peyda ola bilər. Oksford professoru Alister Makqrat bir məqaləsində yazır ki, "zamanla ateizmdə istənilən dindəki qədər fırıldaqçı, psixopat və vəzifəpərəstlər əmələ gəldi". Fırıldaqçı üçün hansı ad altında fəaliyyət göstərməsi mühüm deyildir. Beləsi hansısa dünyagörüşünü ona səmimiyyətlə inandığına görə deyil, sadəcə hansısa şəxsi maraqlarına, yaxud da psixoloji durumuna uyğun gəldiyi üçün seçir.

- Sizcə cəzaları sərtləşdirməklə cinayətin kökünü kəsmək mümkündürmü?

- Mən deyərdim ki, bu qismən effektlidir. Nəfsinin çirkin istəklərini həyata keçirmək istəyən şəxs qanunun əli çatmayan yer tapdığı ilk anda həmin işi icra edəcəkdir. Vay o gündən ki, həmin şəxsin özü qanun başına keçə. Bu zaman onun sui-istifadələrinin qarşısını daha heç kəs ala bilməyəcəkdir. Biz cinayətin mənbəyini qurutmalıyıq. Yəni, insanların düşüncələrində, qəlblərində inqilab etməliyik. Hər bir insan bütün varlığı ilə cinayətin bütün növlərinə nifrət etməlidir. Bu zaman qanunun əli çatmayan yerlərdə belə cinayət törədilməyəcəkdir.
 

- Nəzəriyyəyə görə, İslam kamil din olaraq müsəlmanların hərtərəfli tərəqqisinə gətirib çıxarmalıdır. Bəs, onda niyə bunu bütün müsəlmanlarda görmürük?

- Belə deyək, səbəbin öz təsirini göstərə bilməsi üçün iki şərtin olması və bir də maneənin yoxluğu vacibdir. Məsələn, buğda toxumunun buğda olması üçün onun torpağa əkilməsi, vaxtında suvarılması, gübrə verilməsi şərtdir. Əlbəttə ki, şiddətli şaxta kimi maneənin olmaması da zəruridir. İlahi hökmlərin, mənəvi əməllərin insanları ucaltmaq təsiri vardır. Ancaq bu təsirin insanda, cəmiyyətdə, ölkədə, dünyada özünü göstərməsi üçün lazım olan şərtlər və maneələri də nəzərə almaq lazımdır. Əgər şərtlər hasil olsa və arada heç bir maneə də olmazsa, qeyd olunan müsbət nəticələr qaçılmazdır. Savadlı, zəhmətkeş müəllimin bacarıqsız, oxumaq istəməyən şagirləri heç bir nəticəyə varmırlarsa, bundan müəllimin təsirsiz, savadsız olduğu nəticəsini çıxartmaq düzgün deyil axı. Əgər bundan sonra 100 il də eyni formada ötsə və həmin müəllimin şagirdləri tənbəl olaraq qalsalar, yenə də müəllim müqəssir deyildir. Bu, çox sadə bir məntiqdir. Hətta məsələni bir qədər də dərinləşdirək. Əgər hətta bütün müsəlman ölkələri Afrika tayfaları kimi inkişafdan, mədəniyyətdən kənar yaşasaydılar belə, yenə də buradan Quranın, İslamın yanlışlığı nəticəsinə gəlmək çox gülünc olardı. Universitetin bütün tələbələri tənlik əsasında səhv hesablama aparsalar belə, tənlik səhvdir nəticəsinə gəlinməz. Tənliyin düzgün və ya səhv olduğunu düşünürsənsə, tənliyin özündə araşdırma aparmaq lazımdır.

- Bəzən deyirlər ki, bəzi müsəlman ölkələrinin acınacaqlı vəziyyəti onları inancları ilə əlaqəlidir. Bu həqiqətən də belədir?

- Biz eyni məntiqsiz yanaşma ilə belə bir nəticə də çıxarda bilərik: Əgər müsəlman olmamaq ölkənin və ya insanın mədəni olmasına və inkişaf etməyinə birbaşa təsir edirsə, o zaman gərək Mərkəzi Afrika Respublikası dünyanın ən inkişaf etmiş ölkələrindən olaydı. Halbuki əhalisinin 80-85 %-ni xristianlar təşkil edən MAR dünyada ən kasıb və geridə qalmış, QİÇS xəstəliyinin yayılmasına görə isə öndə gedən ölkələrdəndir. Zambiyanın da əksəriyyəti xristiandır, yalnız 5% əhalisi müsəlmandır. Ancaq xristian olmaları onları da bir ağ günə çıxartmayıb. Eyni şeyi əhalisi bütpərəst, ateist olan ölkələrə də şamil etmək olar. Vyetnam və Estoniyanın da əhalisinin əksəriyyəti ateistlərdir. Ancaq orada da vəd olunan fövqəladə tərəqqi və sivilizasiyanı görmürük.

- Bəziləri deyir ki, müasir dövr ateizmə məxsusdur. Sizcə bu belədir?

- Ateizm XX əsrin birinci yarısına qədər aktual idi. 70-80-cı illərdə də öz aktuallığında qalırdı. Dünyada baş verən bəzi siyasi, elmi və cəmiyyətin dünyagörüşündəki dəyişikliklər ateizmi aktuallıqdan saldı. Ateizm artıq müasir cəmiyyət üçün maraqlı deyildir. Günümüzdə bir çox elmi dairələr ateizmi əvvəllər olduğu kimi elə də qabartmır.  Demək olar ki, ateizm artıq dəbdən düşür. Mənə görə bu dəbdən düşməyə əsl səbəb elmi yetərsizlikdir, bəziləri bura əxlaq və mənəviyyat yetərsizliyini də əlavə ediblər. Oksford Univsersitetinin professoru Alister Makqrat Amerika jurnallarının birindəki müsahibəsində yazırdı ki, gələcəkdə ateizm kəskin azalacaqdır. O, bu azalmanı iki faktorla əlaqələndirir: Birincisi, elmi bünövrənin, ikincisi, ateistlərin yüksək əxlaqi dəyərlərə sahib olmaması.

- O zaman hazırda hansı fəlsəfi məktəbi dinə rəqib görürsünüz?

- Deizmi və aqnostisizmi. Müasir dünyada bu iki dünyagörüş hardasa populyarlaşır. Ateizm elm və düşüncə aləmində yaranmış bir çox suallara cavab verməkdə aciz olduğuna görə, hazırda bir çox elm adamları və insanlar daha çox deizmə və aqnostisizmə yönəlirlər. Tomas Nagel kimi bəzi ateist elm adamları müasir elmi nəzəriyyələrin bir çox elmi suallara cavab verməkdə aciz olduğunu etiraf edirlər. Amerikanın milli səhiyyə institutlarının (NIH) rəhbəri, genetik Frensis Sellers Kollinz isə sonradan ateist mövqeyini dəyişib, hətta Tanrının mövcudluğu barədə "Allahın dili: Bir alim Allaha inanmaq üçün dəlillər təqdim edir" adlı kitab da yazıb. Eynilə dünyada müasir ateizmin ən güclü ideoloqlarından sayılan tanınmış ingilis filosofu Entoni Flyu da ömrünün sonuna 6 il qalmış Tanrıya inandığını elan edib. Bu, etiraf böyük ək-sədaya səbəb olmuşdu.

- Sizcə gələcəkdə cəmiyyət əsasən hansı məktəbin təsiri altında olacaq?

- Deizm də ateizm kimi bir müddətdən sonra elm adamları, cəmiyyət üçün marağını itirəcəkdir. Çox güman ki, başqa yeni bir cərəyan gündəmə gələcək. Hər halda cəbhəni boş qoymazlar və inanc məktəblərinin müqabilində nəsə yaradarlar. İlahi inanc məktəbinin qarşısında fərqli-fərqli yeni məktəblər duracaq, lakin onlar da elmi-məntiqi mübarizəyə tab gətirməyərək aradan gedəcəklər.

- Bəs nəticə necə olacaq?

- Sonda bəşərin dünyagörüşündə, ideologiyasında köklü dəyişikliklər baş verəcək. Elm aləmində, epistemologiyada, dünya fəlsəfəsində dünənə kimi aksiom kimi bilinən prinsiplər qüvvədən düşəcək. Hazırda isə bəşəriyyət təcrübə dövrünü yaşayır, müxtəlif məktəbləri səadətə və həqiqətə çatmaq ümidilə sınaqdan keçirir.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.