Ölkə

"Quranla Allahı isbat etməzlər" - FOTO

13 Dekabr 2016 20:38
32 Şərh     Baxış: 5 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az modern.az-a istinadən filosof-şərqşünas, teoloq Rövşən Abdullaoğlu ilə müsahibəni təqdim edir: 

- Rövşən müəllim, dinə münasibət dini sevənlərin arasında da fərqli şəkildə təzahür edir. Bu fərqlər bəzən şəxsi  və ictimai münasibətlərin pozulmasına qədər gətirib çıxarır. Teoloqlar isə dini daha çox fəlsəfi aspektdən izah edirlər. Ənənəvi və klassik yanaşma  isə müasir dövrlə ayaqlaşmır və buna görə də özünü doğrultmur. Buyurun, söhbətə bu mövzuya giriş etməklə başlayaq. 
 
- İlk növbədə, deyim ki, belə yanaşma təkcə dində deyil. Digər fəlsəfi və hüquq məktəblərində də bu cür - radikal yanaşmanı görürük. Radikallıq  odur ki, hansısa bir ideologiyanın tərəfdarısan və düşünürsən ki, sənin kimi düşünməyənlərin hamısının yolu səhvdir. Üstəgəl, bu cür düşüncə insanın davranışlarında da təzahür edir: onlarla ünsiyyətdə, rəftarda, cəmiyyətdəki hər hansı bir rabitələrdə bu radikallıq özünü göstərir. Radikallıq düşüncədə və davranışlarda kəskin münasibətdir.
İndi isə daha tolerant və səmimi yanaşmadan söz açaq.
Səmimi yanaşmanın düsturu: əvvəla öz yanaşmamı düz bilirəm. Ancaq davranışlarda və münasibətlərdə qarşı tərəflə mütləq ortaq məxrəcə gəlməliyəm. Onlara səmimi münasibət göstərməliyəm. Biz cəmiyyət şəklində yaşayırıqsa, anlamalıyıq ki, hər bir fərdin fərqli dünyagörüşü və baxışları var. Hər kəs istəsə ki, ancaq öz görüşlərini yeritsin və əks tərəflərə kəskin münasibət göstərsin - bu zaman cəmiyyətdə yaşayış çətinləşəcək.
Dini mövzularda da bizlər düşünürük ki, səmimi şəkildə bütün fikirləri qəbul etmək lazımdır. Hansısa bir fikrə irad bildirmək, onu tənqid etmək olar. Amma bu, qərəzə, ixtilaflara gətirib çıxarmamalıdır.
 
- Sizinlə tam razıyam, qərəz olmamalıdır. Ancaq bu yaxınlarda verdiyiniz müsahibədə demişdiniz ki, ateistlər din sahəsində savadlı ola bilməzlər. Məncə, bu cür mövqe sərgiləmək sizin qərəziniz idi. Çünki insan var ki, dini yaxşı bilsə də, onu qəbul etmir. Bu baxımdan savad deyərkən konkret nəyi nəzərdə tutduğunuzu anlamıram. 
 
- Nəyisə istər isbat, istərsə də inkar etmək üçün bu mövzuda insanın əhatəli məlumatları olmalıdır. Sokratın zamanında fəlsəfə məktəbinə qarşı hücum var idi. Sokrat bir şüarla onların qarşısında çıxış etdi. "Fəlsəfənin düz ya da səhv olmasını demək üçün fəlsəfə oxumaq lazımdır" dedi. Hər hansı mövzunu inkar ya da təsdiq edirəmsə, o sahədə tam məlumatlı olmalıyam. Bizim yanaşmamız da bu cürdür. Hər bir şəxs öz sahəsində biliyi olduğu həddə söz deməlidir. İrad gətirilmiş mövzu elmlə düz mütənasibdir. İrad nə qədər dərindirsə, mənim bu sahədə elmim də dərin olmalıdır. Orta əsrlərdən tutmuş, müasir dövrə qədər olan bütün ateistlərin din barədə dedikləri birmənalı olaraq primitivdir. Bu onların din sahəsində əhatəli biliyinin olmamasından qaynaqlanır.
 
- Məsələn, hansı ateistlərin adını çəkə bilərsiniz? Müasir tanınmış ateistlərdən Riçard Doukinzin İslam dinindən məlumatı azdır. Amma başqa dinlər barədə məlumatlıdır.  

- Hansı dinlərdən?

- Məsələn, xristianlıqdan.  

- Doukinz xristianlıq mövzusundakı bəzi iradlarında haqlıdır. Bunu da qəbul edirik. Xristianlıq haqqında məlumatı varsa, bu barədə danışmalısan. Doukinzin etirafına görə, özünün İslam, peyğəmbərimizin tarixi və İslam fəlsəfəsi haqqında məlumatı yoxdur. İslam fəlsəfəsi və hüquq sistemi o qədər geniş mövzudur ki, bu haqda danışmaq üçün sənin nə qədər məlumatın olmalıdır. Buna görə də bütün dini sistemlərə qarşı həmlə etmək düzgün deyil. Doukinz etiraf edir ki, İslam dini haqqında məlumatı yoxdur. Biliyi yoxdursa, deməli o, ümumi din adına danışa bilməz. "Dinlər səhvdir, dinlər bütün şərlərin açarıdır" deyə bilməz.

- Deyirsiniz ki, bilmədən fikir ortaya qoymaq yanlışdır. Tam razıyam. Tutaq ki, Doukinz dinlər haqqında az bilir. Amma bu adam bioloq, genetikdir. Genetika ilə bağlı konkret elmi araşdırmalar ortaya qoyur  və nəticə onu göstərir ki, bu, dindəki yaradılış prinsipi ilə ziddir. Bu zaman isə ilahiyyatçılar elmi nəticənin səhv olduğunu göstərməyə cəhd edir. Yaxşı olmazmı ki, ilahiyyatçılar da müdaxilə etməsin? 
 
- Bir ilahiyyatçı genetik deyilsə, genlərin mutasiyası, genetik kodlaşma, DNT-nin quruluşu və xüsusiyyətləri haqqında bilmədən fikir deyirsə və bu, birbaşa həmin sahənin dərin izahları ilə əlaqəlidirsə, bu da yanlış yanaşmadır. İlahiyyatçının öz əhatəsindən kənar mövzularda konkret fikir bildirməsi düzgün deyil.
 
- Çox gözəl. Məndə Rövşən Abdulloğlunun obyektiv obrazı qənaətini yarada bilirsiniz. 
 
- Bizim, ümumiyyətlə, dünyanın əsas problemi budur ki, insanlar öz ixtisası olmayan sahələrdə az qala mütəxəssis kimi fikir bildirirlər. Fərq etmir - bu, ilahiyyatçı, təcrübə elmlərinin mütəxəssisi də ola bilər. Bir də görürsən ki, ixtisasca həkim olan biri tarixi proseslər haqqında elə fikir irəli sürür ki, qəbul edilmiş bütün düşüncələri alt-üst edir. Buna deyən lazımdır ki, sənin ixtisasın tibbdir.
Hərə öz biliyi olan sahə ilə məşğul olsa bu, daha konstruktiv olar. Nəticəsi də daha faydalı olar.
 
- Doukinz ya da dünyanın ən intellektual simalarından biri, fizik Stiven Houkinqin izahlarının bir çoxu konkret elmi eksperimentlərə söykənir. Yəni, onların gəldiyi nəticələrin yeganə istinad divarı elmdir. Doukinz elmi araşdırmalarla bu nəticəyə gəlib ki, insanlar və digər canlılar təkamül yolu ilə müasir formasını alıblar. Bu isə dini mətnlərlə ziddiyyət təşkil edir. Əksdirsə, avtomatik olaraq, istəsək də, istəməsək də, dinə qarşıdır. Siz hansını qəbul edirsiniz? Elmin gəldiyi nəticəni yoxsa dində yazılanları?
 
- Elm adına təsdiqlənmiş elə bir fikir yoxdur ki, bu, İslamın irəli sürdüyü hansısa fikirlərlə ziddiyyət təşkil etsin. Ümumiyyətlə elm, ağıl və din arasında ziddiyyət qeyri-mümkündür. Dinlər aləmləri yaradan hansısa varlıq, qüdrətdən qaynaqlanır. Aləmdəki bütün yaradılış eyni mənbədən gəlir. Həm İslamın hökmləri, həm də kainat. Ona görə də, bunlar arasında ziddiyyət ola bilməz. Allahın varlığının isbat yollarından biri də ağıldır. Bizlər Allahın mövcud olmasının isbatına görə ayələrə və hədislərə əsaslanmırıq. Biz ilk olaraq Allahı ayə və hədissiz isbat etməliyik. Allahı yalnız bir yolla - ağılla isbat etmək lazımdır. Quranla Allahın varlığını isbat etməzlər.
Bir adam Allahı qəbul etmirsə, Quranı da qəbul etmir.
Biri "Allahı mənə isbat edin. O var yoxsa yoxdur" deyə sual edir. Adətən isə cavab belə olur: "Allahın varlığının dəlili Qurani-Kərimdir". O isə "mən heç Allahı qəbul etmirəm, o ki qaldı Quran ola" deyə bildirir.
Allah, yaradılışla bağlı mövzularda bizlər nə Qurandan, nə də hədisdən dəlil gətirə bilərik. Onlara istinad edə bilmərik. Biz yalnız ağılla Allahın varlığı, xüsusiyyətləri, sifətlərini isbat edə bilərik. Bundan sonra isə Qurani-Kərimin Allah tərəfindən gəldiyini sübut etməliyik.
İndi keçək siz toxunduğunuz məsələyə. İstər nəzəri fizika alimləri, istərsə də genetiklər, bioloqlar, zooloqların araşdırma sahələri təcrübə elmləridir. Təcrübə elmlərindən çıxış edərək deyə bilmərik ki, Allah var, yoxsa yoxdur.
 
- Bəli, onsuz da, Allahın varlığı ya da yoxluğu elmin araşdırma predmeti deyil. 
 
- Nəzəri fizikada,  Eynşteyndən tutmuş müasir dövrdəki alimlərə qədər hamısı kainatı izah ediblər. Alimlərin dedikləri kainatda olan qara dəliklər, kainatın genişlənməsi və digər mövzuları əhatə edir. Allah, peyğəmbər, din - bunlar elmin tədqiqat mövzusuna daxil deyil. Elm yalnız o məsələləri müzakirə edir ki, bu yalnız elmin predmeti olsun. Buna görə də elmin ardıcılları heç zaman elmlərindən və elmi biliklərindən çıxış edərək Allah, yaradılış barəsində fikir deyə bilməzlər.
Elmi müddəalar tarix boyu dəfələrlə dəyişikliyə uğrayıb. Əvvəllər mövzud olan bəzi nəzəriyyələrin indi düzgün olmadığını sübut edirlər. Bu, fizikada da, genetikada da bu cürdür. Ən dəyişkən elm nəzəri fizikadır. Nəzəri fizikanın işlədiyi mövzular təcrübədən kənardır. Kainatdakı qara dəliklər haqqında çox nəzəriyyə var. Qara dəlikləri heç kəs görməyib. Bunlar heç teleskoplarla da müəyyən olunmayıb. Sadəcə müşahidə olunur ki, kainatın bəzi yerlərində güclü cazibə qüvvəsi var və o, ətrafındakı hər şeyi öz içinə alır. Bunun əsasında deyirlər ki, kainatda qara dəliklər var. Houkinqin özü belə bir fikir irəli sürür ki, qara dəliklərin o biri tərəfində hansısa bir aləm var. Amma bunun nə riyazi nə də fiziki dəlili var. Deməyim odur ki, nəzəri fizika əsasında "din səhvdir" demək absurd bir şeydir.
 
- Din mənəvi məsələləri tənzimləyən bir sistemdir, inancdır, həm də həyat tərzidir. Elm isə fərqlidir. Amma özünüz də bilirsiniz ki, din açıq şəkildə elm sahələrinə müdaxilə edir. Misal üçün: deyək ki, hansısa alim uzun illər əziyyət çəkir və bir nəzəriyyə ortaya qoyur və bu uğur qazanır. Bu zaman isə din xadimləri "bu onsuz da Quranda var idi" deyirlər. Bu, aşkar şəkildə həmin alimin əməyinə hörmətsizlikdir. 
 
- Səmavi kitablar nəyə görə nazil edilib? Kainatda olan qayda-qanunları öyrətmək üçün? Canlılar aləmində olan müxtəlifliyi izah etmək üçün? Xeyr. Heç bir dini kitab iddia etmir ki, o insanlara kosmosa uçmağın, raket düzəltməyin yollarını öyrətmək üçün gəlib.
 

- Üzr istəyirəm, amma bunu siz teoloqlar deyirsiniz. Din xadimləri belə demir axı.

- Heç bir dini kitab bunu iddia etmir. Səmavi kitablar insanlara hidayət yollarını, mənəvi aləmi, dünya və axirət səadətlərinə gedən yolları bəyan edir. İnsanlara əxlaqi mövzuları, ibadəti başa salır. İnsan hüquqları, insan davranışları, cəmiyyətin tənzimlənməsi məsələlərini izah edir. Bütün bunlar insanın səadəti, xoşbəxtliyi üçündür. Din fizikanı, riyaziyyatı öyrətmək mövzusunu öz öhdəsinə götürməyib. Heç belə bir iddia da etmir. Quran bu iddia ilə çıxış etsəydi və özündə fizikaya dair məqamlar olmasaydı deyərdik: 
"Bunun iddiası ilə əməli uyğun gəlmir". Halbuki, din bu iddianı öz üzərinə götürməyib. Düzdür, mümkündür ki, Quranda üstüörtülü yaradılışdan danışılsın.
Məsələn, Yerin, göyün yaranması Allahın varlığına dəlil kimi göstərilir. Bildirilir ki, burada nizamsızlıq görmək olmaz, bütün sistemlər bir-birini tamamlayır. Bu mövzularda ümumi danışılır. Ancaq məsələn, atmosferin tərkibinin nədən ibarət olduğu, göyün quruluşunun hansı formada olması mövzusunda yazılmır. Dinlərin vəzifəsi deyil ki, bu mövzulara toxunsun.
 
"Hər bir canlını cüt-cüt yaratdıq" deyilir. Amma bütün heyvan və bitkilərdə olan mayalanmanın nə cür qurulmasını demir. Dinin vəzifəsi deyil ki, bu mövzuları araşdırsın. Bunu dindən gözləməyimiz də düzgün deyil. Yenə də qeyd edirəm. Müəyyən bir toxunmalar, işarələr ola bilər. Lakin bunlar Quranın missiyası ilə əlaqəli olduğu həddədir.
 
- Dindəki müddəaların fəlsəfi izahları fərqlidir. Mən istərdim ki, Yaradanı - adını nə qoyuruqsa qoyaq - fəlsəfi cizgilər və boyalarla təsvir edəsiniz. Bayaq dediniz ki, ağılla Allahı dərk etmək olar. Teologiyada Allahın varlığının bir neçə dəlilindən bəhs edilir. Amma məncə, bunlar da yetərli deyil. Bəs insan tam olaraq Allahı nə zaman dərk edəcək? 
 
- Yaradanın tam olaraq dərkindən söhbət gedirsə, bu, qeyri-mümkündür. Bizlər ağıl yolu ilə, əqli mühakimələrlə, fəlsəfi-əqli təhlillər aparmaqla belə bir qüdrətin, varlığın olmasını isbat edirik. Düzdür, hər bir din ya da fəlsəfə buna fərqli adlar qoyur. Biri substansiya, digəri isə Ali İdrak deyir. Fərq etmir, əksər fəlsəfi məktəblər bunun üzərində ittifaq edirlər ki, hər bir nəticə hansısa bir səbəbdən qaynaqlanmalıdır. Mümkün deyil ki, nəticəni zahir edən bir səbəb olmasın. Bəs bu səbəb hansı xüsusiyyətə malikdir? Onun mahiyyəti, özü, yaradılışa olan təması nədən ibarətdir? Biz bunu dərk edə bilmirik. Dərk etmək də qeyri-mümkün bir şeydir. İnsan təmasda olduğu, ağıla girə bilən predmetləri təhlil edir. Bundan kənarda olan mövzulara isə insan girişə bilmir. Heç bir elm adamı və filosof da iddia etmir ki, insan hər bir şeyi dərk edə bilər.
 
- Bu məsələlərə yenidən qayıdacağam. Amma bayaq dediyiniz konetkstdən çıxış edərək ağlıma bir sual gəldi. Dediniz ki, Quranla Allahın varlığını sübut etməzlər. Bu o mənaya gəlmir ki, 7-ci əsrdə yazılanlar sübut baxımından bu gün üçün yetərli deyil?
 
- Bəzən deyirlər ki, niyə inanırsan ki, Allah var? İnsanların cavabı belə olur: "Çünki Quranda yazılıb". İstinad mənbəyi kimi Quran göstərirlər. Bu isə kökündən yanlış yanaşmadır. Quranın isbatı Yaradanın isbatından sonrakı mərhələyə aiddir. İlk olaraq Quranı göndərən Yaradanı isbat etmək lazımdır. Yaradan Qurandan əvvəlki mərhələdə olduğuna görə, Yaradanın isbatında ondan sonrakı mərhələyə istinad edə bilmərik. Düzdür, Qurani-Kərimdə Allahın varlığının sübutunun əqli yolları ilə bağlı yanaşmalar var. Ancaq yenə də deyə bilmərik ki, Allah var, ona görə ki, Quranda yazılıb və peyğəmbər deyib.
 
- Səbəb-nəticə əlaqələrindən danışdınız. Allahın varlığını sübut etmək üçün həmişə səbəb-nəticə zəncirindən nümunə gətirirlər. Yəni bir şey mövcuddursa, onun mövcud olmasını zəruri edən səbəb var. Bəs bu səbəb-nəticə əlaqəsi sonsuz ola bilməzmi? Ya da niyə ilk təkan kimi məhz Allahı götürürük? Allahın özünə çatanda  niyə başqa bir səbəbə istinad etməməliyik?
 
- Bertran Rassel necə ateist olmasını izah edir. Bilirsiniz ki, Rassel ateist düşüncəli mütəfəkkirlərdən olub. Eyni zamanda da filosof olub. O bildirir ki, fəlsəfədə belə bir qanun var: hər şeyin bir səbəbi olmalıdır.
Rassel deyir: "Bir gün mən fikirləşdim ki, hər bir şeyin səbəbi varsa, bu zaman sual yaranır. Allah da bir mövcuddur. Allah varsa, o da səbəb-nəticə qanunundan kənarda deyil. Allahın da bir səbəbi olmalıdır. Mən burada ziddiyyət gördüm".
Rasselin ateizmə yönəlməsinin səbəbi fəlsəfi məsələnin həll edilməməsi olub.
İslam fəlsəfəsinin irəli sürdüyü bir konsepsiya var. Bu, səbəb-nəticə əlaqəsinə dəqiq baxışdır. Bu baxış isə bundan ibarətdir: "Hər bir varlığın səbəbi var" formulu düzgün deyil. Qeyd edirik ki, mahiyyət, vücud etibarı ilə mümkün olan varlıqların səbəbə ehtiyacı var. Bu mümkünləri fəlsəfə özü izah edir. Allah-Təala isə mövcudiyyəti mümkün olan bir varlıq deyil. Yaradanın mövcudluğu elə onun özündən qaynaqlanır. Ağıl isbat edir ki, bu aləmdə elə bir varlıq olmalıdır ki, onun mövcudiyyəti heç bir səbəbə bağlı olmasın. Bu nəticəyə yenə əqli təhlillərlə gəlmək mümkündür.
 
- Yaxşı, bəs onun mahiyyəti, mövcudiyyəti hansı formadadır? 
 
- Bunu tam mahiyyətinə varıb dərk etmək insan ağlından kənarda olan bir məsələdir. Sizə bir misal çəkəcəyəm. Təsəvvür edin, marafonçulardır və hamısı xəttə durub, qaçmalıdırlar. Birinci qaçışçı deyir ki, mən qaçmayacağam. Bir şərtlə ki, ikinci qaçsın. İkinci də eyni sözü deyir. Beləcə hamısı eyni fikri deyir. Əgər bunların içərisində heç biri qaçmasa, yarış baş tutmayacaq. Bizlər mübahisənin sonunun nə ilə bitdiyindən xəbərsizik. Amma birdən baxıb görürük ki, marafonçular qaçmağa başlayıb. Kim birinci qaçdı, bu nə cür baş verdi? Biz bu prosesi tam bilməsək də, deyirik ki, mütləq olaraq kimsə qanunu pozdu. Yəni kimsə qaçdı ki, digərləri də qaçdı.
Kainatda kökdə proses necə başlayıb? Bunu nə nəzəri fizika, nə də başqa elmlər isbat edə bilir. İnsan da heç zaman neçə milyard il əvvəl yaradılışın necə başladığını dərk edə bilməyəcək. Çünki arada böyük fasilə var. Bizlər heç öz yaşadığımız kainatda real olan mövcudları izah edə bilmirik. O ki qaldı, milyard illər bizdən uzaqda olan proseslər olsun. Ağıl isə deyir ki, bir bulaq olmasa, heç zaman su olmaz. Yaradılış da varsa, deməli, bunun qaynaqlandığı, vücudu özündən olan bir varlıq olmalıdır. Fəlsəfədə belə bir qanun var. Deyir ki, vücuddan fəqir olan heç zaman vücud verə bilməz. Birində heç zaman bir şey yoxdursa, kiməsə nəsə bağışlaya bilməz. Mənim cibimdə pul yoxdursa, kimisə varlı edə bilmərəm, kiməsə pul verə bilmərəm. Əgər kiməsə pul vermişəmsə, deməli məndə pul var. Mən deyək ki, pulu kimdənsə almışam, o da kimdənsə alıb. İlk səbəb isə pulu çap edən hansısa bir mənbəyə gedib çıxmalıdır. Ağıl bizə belə deyir.
Kainatda da belədir. Bəs bu ilk mənbə necədir, necə işləyir? Ağıl bunu dərk edə bilmir. Çünki zəncirlər həddən artıq çoxdur, buna görə də həlqənin birincisinə gedib çıxıb, onu təhlil etmək insanın iqtidarında deyil. Məhdud elmimiz, məhdud qüdrətimiz buna imkan vermir.

- Əvvəlcədən mövcudiyyət məsələsini qabartdınız...
  
- Bağışlayın, sözünüzü kəsirəm. Bu mövzular sizin üçün maraqlıdır, yoxsa ancaq oxucular üçün? Çünki hiss edirəm ki, özünüz bu mövzulara girişməyə çox maraqlısınız.
 
- Mən imkanım daxilində bu mövzularla maraqlanıram. Düzü, deməli deyiləm, ancaq qeyd edəcəyəm. Özüm ateist dünyagörüşünə sahibəm. Sizin sualınıza gəlincə, həm özüm maraqlanıram, həm də düşünürəm ki, oxucular üçün də maraqlı olar. 

- Hiss olunur ki, bir insanın özünün də bu mövzulara marağı var. Bəzən suallar ancaq sual xatirinə verirlər, amma sizdə bunu görmədim.
 
- Təşəkkür edirəm. Qayıdaq mənim verəcəyim növbəti suala. Əvvəlcədən mövcudiyyət məsələsini qabartdınız, yəni ilk mənbə yaranmayıb, yaradılmayıb. Eyni şeyi kainatın, təbiətin özünə aid edə bilmərikmi? Yəni kainat da yaranmayıb, yaradılmayıb. Houkinq özü də bunu vurğulayır. 
 
- Onların özləri belə nəzəriyyələrində təbiəti mövcud olan bir varlıq kimi görürlər. Bizlər ağacı görürük. O, təbiətin bir hissəsidir. Amma biz ağacı heç zaman Allah saya bilmərik. Günəşi, qalaktikaları Allah kimi təqdim edə bilmərik. Aydındır ki, bunlar dəyişkəndir, hansısa haldan-hala düşürlər. Bir zaman yox idilər, lakin sonra yarandılar.
Qurani-Kərimdən bir misal çəkəcəyəm. İbrahim peyğəmbər Günəşlə Ayı müqayisə edir və deyir.
"Günəş  Aydır, o batır. Mən isə batanları sevmirəm". Eyni müqayisə ilə Aya da yanaşır. Burada mistik və irfani yanaşma var. Əqli bir istiqamət də var. Bir şey ki, dəyişir, əvvəl yox idi, sonradan mövcud olub, bunu vücudu özündən olan bir varlıq kimi təsəvvür edə bilmərik.
 
-T eologiya məsələlərindən bir az kənarlaşaq. Quranın ilk dəfə yığılması və bundan irəli gələn sonrakı tarixi periodla bağlı sualım olacaq. Burada hədislərə istinad etməli olacağıq, çünki bu fəlsəfi yox, tarixi proseslərdir. "Bu gün əlimizdə olan Quran Məhəmməd peyğəmbərin ölümündən sonra hazırlanan Quranın orijinalı deyil" deyə bilərikmi? 
 
- Xeyr. Qurani-Kərim 14 əsr bundan əvvəl nazil olub. 14 əsrdən də o yana, elə bir informasiya mənbəyi, daş kitabə yoxdurmu ki, günümüzə qədər qorunub saxlansın? Təbii ki, var. Eramızdan əvvəldə də, bir çox yazılı mənbələr var ki, olduğu kimi dövrümüzə kim qorunub saxlanılıb. Bizlər bu gün də Aristotelin, Sokratın fikirlərindən danışırıq. Onların fikirlərini bölüşürük. Məntiqin özü Aristotelin fikirləri üzərində qurulub. Günümüzdə olan məntiq Aristotel məntiqinin əlavə olunmuş, genişləndirilmiş formasıdır. Yəni, məlumatların, informasiyaların uzaq bir məsafədən, tarixi prosesləri keçərək gəlib çıxması mümkündür. Nə qədər daş kitabələr, məlumatlar var. O ki qaldı 14 əsr bundan qabaqkı ola. 14 əsr bundan əvvəl  o birilərlə müqayisədə elə də böyük zaman deyil.
Siz təsəvvür edin ki, adi bir yazıçının, eramızdan əvvəlki fikirləri gəlib günümüzə çıxır.
Bir şəxs isə peyğəmbər olaraq göndərilib. Yüz minlərlə müsəlmanın inanc mənbəyi olan bir kitab təqdim edib. Hansı ki, onun bütün inancları bunun üzərində qurulub. Onlar da bu kitabı həssasiyyətlə qoruyub saxlamazlarmı?! Hansı ki, dini-imanı bu kitaba bağlıdır. Bir məsələni də qeyd edim. İslam peyğəmbərinin digər peyğəmbərlərdən fərqi bundan ibarətdir: İslam peyğəmbəri gəlib İslam sistemini qurdu. İsa Məsih göylərə çəkiləndən sonra onun qoyduğu sistem dağıldı. Buna görə də, İncil təhrif olundu. Çünki İsa peyğəmbər sistem, dövlət qura bilməmişdi ki, İncili qoruyub saxlasın.
Məkkənin fəthindən sonra isə xilafət sistemi quruldu. Və İslam hökumətinin Konstitusiyası Quran idi. Buna görə də, bizlər Quranın zərrə qədər də dəyişdirilməsində şübhəyə belə düşmürük.
 
- Mən iddia etmirəm ki, əlimizdə olan bugünkü mətn dəyişdirilmiş, təhrif edilmiş yazılardır. Çünki əlimdə konkret dəlilim yoxdur. Mənim dediyim Quranın orijinalı ilə bağlıdır. Məsələn, hədislərdə nəql olunur ki, Məhəmməd peyğəmbərin ölümündən sonra yığılan Quranı Əməvi xəlifəsi Mərvan İbn Həkəm yandırdıb. 

- Quran İslam peyğəmbərinə nazil olandan sonra bu kitabın qorunması və gələcək nəsillərə ötürülməsi bir neçə mərhələdə həyata keçirilib. O dövrdə yüzlərlə Quran qarisi var idi. Qədim ərəb şeirləri var ki, bunları adi, bədəvi bir ərəb deyib. Şeir, ədəbiyyat ərəblərdə həddindən artıq inkişaf etmişdi. Çox asan da əzbərləyirdilər. Quran da asanlıqla ərəblər arasında əzbərlənirdi. O dövrdə zəif imanlı bir müsəlman belə Qurani-Kərimin üçdə-birini əzbər bilib. Onlar danışıqlarında kitab çıxarıb Qurandan sitat gətirməyiblər. Birbaşa içdən deyiblər. Deməli, Quranı əzbərləyirdilər, əzbərlədirdilər. Bundan başqa Quran ayələri enli sümük lövhələrdə yazılırdı və saxlanılırdı. Yəni həm yaddaşlarda, həm də yazı formasında. Peyğəmbərimizin vəfatından sonra dəridə olan Quran ayələri bir kitab şəklinə salınır. Bundan sonra Quran qarilər tərəfindən oxunur. Bu proses artıq peyğəmbərimizin dövründə başlamışdı. 

Peyğəmbərimiz dəri və sümük üzərində olan ayələri dəfələrlə oxutdururdu. Peyğəmbərimizin birbaşa vəzifəsi idi ki, bu işlərə nəzarət etsin. I xəlifə Əbu Bəkrin dövründə Quran toplanılır, cəm olunur. Daha sonra başqa xəlifələri dövründə nüsxələri çıxardılır. Bu şəkildə Quran İslam məmləkətlərinə göndərilir. Quranın o qədər çox nüsxəsi olub ki, onu hifz edən, əzbər bilən o qədər insan var idi ki! Buna görə də heç bir zaman Quranın orijinallığını itirməsi, dəyişdirilməsi məsələsi heç zaman gündəmə gəlməyib. Hətta qədim Quran əlyazmaları da mövcuddur. Bu, indiki Qurani-Kərimlə eynilik təşkil edir.
 
- Quranda qeyd olunur ki, biz bu kitabı endirdik və onu qoruyacağıq. Bəs Allah digər göndərdiyi kitabları - Tövratı və İncili niyə qorumadı? Bu sualı ona görə səsləndirdim ki, bu gün ən çox  Tövratla İncilin təhrifindən söz düşür. 
 
- Digər kitabların aradan getməsi təbii bir formada oldu. Bayaq da qeyd etdim ki, İslam peyğəmbəri sistem qurdu və onun konstitusiyası müqəddəs kitab Quran oldu. Digər peyğəmbərlərdə isə bunu görmürük. Buna görə də digər kitablarda təhrif təbii formada oldu. İsa Məsihdən sonra yəhudi icması xristianlıq əleyhinə fəaliyyət göstərdi. İsa peyğəmbərin özünü də bir terrorist kimi bilirdilər.
Allah isə Quranda bildirir ki, onu təbii axarı ilə hifz edəcək, qoruyacaq. Siz dediyiniz ayə də buna işarədir. Hətta Tövrat və İncil qalsaydılar belə, İslam peyğəmbərinin gəlməyi ilə onlar qüvvədən düşəcəkdilər. Çünki orada olan hökmlərin bəsitliyi, o dövrdə olan ictimai əlaqələrə yönəlmiş hökmlər olduğu göz önündə idi. Həm də o hökmlər İslamdakı kimi çoxşaxəli deyil. İslam hüquq sistemi çox geniş və dərindir.
İncil və Tövratdakı hökmlər isə tam əhatəli deyildi.
 
- Allahın həzrəti Məryəmə ruh üfürməsi və bundan sonra İsa peyğəmbərin doğulması faktını Quran da təsdiqləyir. Amma elmə görə, məməlilər sinfində müəyyən cinsi proseslər getməsə, çoxalma olmaz. Bəs necə oldu ki, Məryəm İsa peyğəmbəri bakirə doğumla dünyaya gətirdi? 
 
- Yaxşı sualdır. Bir məsələni qeyd edim ki, yaradılışı biz erkək və dişi olaraq görürük. Bitkilər aləmində belə, erkək və dişi deyilən kateqoriyalar var. Deməyim odur ki, biz bütün sistemlərdə erkək və dişi görürük. Bəs necə oldu ki, bir erkək olmadan dişidə mayalanma baş verdi? Bu, təbiətşünaslığa məchul olan bir şey deyil. Həyatda elə canlılar var ki, onlar erkək olmadan çoxalırlar.
 
- Bəli razıyam, hətta özü-özünü çoxaldan canlılar da var. Amma insan bu kateqoriya canlılara daxil deyil axı.
 
- İlahi qüdrətlə məsələyə baxsaq, bu mövzu həll olunur. Əsas mayalanmanın getməsi üçün ona ruhun üfürülməsi və prosesin ana bətnində getməsidir. Həmin şərait də həzrəti Məryəmdə baş tutdu. İkincisi də bayaq dediyim kimi, elə canlılar var ki, onlar erkək olmadan çoxalırlar. İnsan da canlının bir növüdür. Allahın qüdrəti qarşısında elə bir məhdudlaşdırıcı amil yoxdur. Bəzi canlılarda erkək olmadan mayalanma mümkündürsə, bu, insanda da ola bilər.

- Yaradanın dərin izahından belə anlaşılır ki, Ali Şüur zamanın və məkanın fövqündə duran bir mövcudiyyətdir. Necə düşünək və hansı qərara gələk? 
 
- Allahın vəsfinə toxunmaq istəyirəm. Qurani-Kərimdə də bildirilir ki, Allah hər yerdədir. Nə aşağıdadır, nə yuxarıdadır. Nə bir şeyin içinə girib, nə də ondan kənardadır. Allah hər bir şeylədir. Amma nəyəsə durub Allah da deyə bilmərik. Sizə bir misal çəkim və bunun ətrafında düşünün. Beyninizdə bir planet yaradın. Bu planetin üzərində milyonlarla insanlar düşünün. Bu insanlar müxtəlif bölgələrdə yaşayırlar. Hamısının evi, təsərrüfatı var. İndi sizə sual verirəm. Siz bu beyninizdə yaratdığınız planet və insanlara nisbətdə haradasınız?
 
- Nəyi nəzərdə tutduğunuzu bilmədiyimə görə, cavablandırmaqda çətinlik çəkirəm. 
 
- Nə aşağıdasınız, nə də yuxarıda. Amma bu planeti tamlığı ilə əhatə etmisiniz. Bu insanlar içərisindən bir nəfəri peyğəmbər seçirsiniz. Ona sözlər deyirsiniz. Sözləri nə cür deyəcəksiniz?
Təbii ki, bu cür danışıqlarla yox. Siz onun düşüncəsinə nəyisə salacaqsınız. Çünki siz danışanda o eşitmir axı. Mənim beynimdə yaratdığım planet və onun üzərində olan insanlar mənim səsimi eşitmir. Mənim səsimi mənimlə paralel olanlar eşidir. Mən peyğəmbər seçsəm necə edəcəyəm? Onun içində səslər və sözləri yaradacağam. Onun başa düşdüyü impulslarla hökmlərimi ona ötürəcəyəm. Bu, vəhydir.
 
- Yəni, prosesləri dini mətnlərdə yazılan kimi başa düşməyək? Yəni, kimsə Allahla söhbət etdi, ona mələklər nəsə dedi və sairi nəzərdə tuturam. 
 
- Bəli, qətiyyən belə başa düşməməliyik. Bunu sadəcə təsəvvürləri yaxınlaşdırmaq üçün edirlər.
 
- Amma Musa peyğəmbər Allahla danışan peyğəmbər kimi din tarixinə düşüb. 
 
- Birini beyninizdə peyğəmbər seçirsiniz. Onunla danışmaq üçün bəzən onun içində səs yaradırsınız. Bəzən onun təmasa olduğu bir əşya ilə. Məsələn, beyninizdə olan insan yolla gedir və bir ağacın yanından keçir. Siz isə ona vəhy göndərmək istəyirsiniz. O ağac od tutub yanır. Bu zaman ağacın yolu ilə onun başa düşdüyü formada hökmləri ona çatdırırsan. Əslində bu, Allahın səsi deyil. Bu səs dalğalar şəklində yaranır və ağacdan çıxır. İnsan da bunu başa düşür. Deyək ki, sizin nəzərdə tutduğunuz insan deyir: Ay Allah sən hardasan? Siz isə "Mən hər yerdəyəm" cavabını verirsiniz. "Bəs hər yerdəsinizsə, bu ağacın içində də varsan?" deyə yenə sual edir.
"Hə varam" cavabı verilir. "Bəs bu zaman deyə bilərəm ki, bu ağac sənsən?". Cavab isə "yox" olur.
"Mən hər şeyi əhatə etmişəm. Amma bu o demək deyil ki, bu ağac, bu daş, planet mənəm" bildirilir. Sonrakı dialoq isə belə olacaq:

-Bəs sən uzaqdasan?

- Uzaqdayam, amma bu, o demək deyil ki, səninlə mənim aramda böyük məsafə var.
 
Bizlər Allahı anlamaq üçün fəlsəfi bəhslərdə bu modeli misal kimi gətiririk ki, insan mövzunu anlaya bilsin. Bu cür izah heç bir dində yoxdur. Nə İncil, nə Tövrat, nə də onlara yazılan şərhlərdə. Bu İslam fəlsəfəsinin Quran ayələri və hədisləri əsasında olan yanaşmasıdır. Hətta bir çox ateistlər dinlər içərisində İslamın fəlsəfəsini və yanaşmasını qat-qat üstün tuturlar.
 
- Bu məsələdə mövqeyinizi bölüşürəm. Məsələn, mən özüm Əli Şəriətinin "Həcc" əsərini oxuyanda o qədər dərin hisslər keçirdim ki, bir anlıq özümü Həcc ziyarətində gördüm. Eyni zamanda Mürtəza Mütəhərri də çox xoşuma gəlir. Ancaq bir məqam da var ki, bu da fəlsəfənin özünün cəlbediciliyi və ecazkarlığı ilə bağlıdır. Məsələn, fəlsəfə ilə Məlikməmmədin nağılına da elə bir izah vermək olar ki, adam heyran qalar. 

- Elə deyil. Mənim verdiyim izahlar fərqlidir. Məlikməmməd nağılına nə qədər fəlsəfi çalar verilsə də, bu haqda nə qədər gözəl danışılsa da, insanlar bunun həqiqətə uyğun olub-olmadığını dərk edir.
İzahlar düsturlar şəklində olmalıdır. Hər bir mühakimə müəyyən bir kökə söykənməlidir. Quranın yanaşmasına görə, inancda məcburiyyət yoxdur. Bu, mütləq şəkildə bu cürdür. Kim din adından nəsə danışır - bununla işim yoxdur. Dinlə dindar arasında fərq qoymaq lazımdır. Dindar dini öz həyatında yaşamağa səy edən şəxsdir. Bu bəzən uğurlu, bəzən də uğursuz olur. Buna görə də, biz dindarın yaşayışı ilə dinə qiymət verə bilmərik. Dinin öz kökü, məcəlləsi, konsepsiyası var. İlk olaraq buna baxmaq lazımdır. Bundan sonra dinlə dindarı müqayisə etməliyik. Ayırd etməliyik ki, bu həqiqi dindardır, yoxsa yox. İnsanlar bu cür yanaşmırlar. Dini dindarla dəyərləndirirlər. Bəzən həkimlərə görə tibbə qiymət verirlər. Bu cür yanaşmanı hansısa millətə, ölkəyə qarşı da sərgiləyirlər. Bir də görürsən ki, bir nəfərə görə bütün milləti günühlandırırlar. Bu, səhv bir düşüncədir.
 
"Zümər" surəsinin 18-ci ayəsində deyilir: "Ağıl sahibləri o kəslərdir ki, sözləri, fikirləri eşidərlər". Deməli Quran ilk növbədə insana əmr edir ki, müxtəlifliyi dinlə. Demir ki, ancaq peyğəmbərə qulaq as və digərlərini heç dinləmə!
Quranda bildirilir ki, bütün fikirləri dinləyəndən sonra hansı daha əhsəndirsə, ağılla, məntiqlə hansı daha üstündürsə, onu qəbul et!
 
"Ağıl sahibləri o kəslərdir ki, müxtəlif fikirləri dinləyirlər. Ən düz məntiqli, ağıllı bildiyini insafla qəbul edirlər. Doğru yolda yönəltdiyim insanlar da bunlardır" deyə qeyd olunur.
 
- Deyək ki, birinin ağlı və məntiqi diktə edir və o, ateizmi qəbul edir. 
 
- 2 vur 2-nin neçə cavabı var? Yalnız bir. O da 4-dür. Biri ateizmə ya da teizmə gəlirsə, biri cavabı 4, biri də 5 bilib. Təbii ki, ikisindən biri yanlışdır.
 
- O zaman siz dediklərinizdən "Müxtəlif fikirləri dinləyəndən sonra yalnız məni qəbul et" qənaəti yaranır. Dinin yanaşması da bunu deyir. 
 
- Yaradanı qəbul etmək dini qəbul etmək demək deyil. Bəzən insanlar dindarların bəzi əməllərini görürlər və bunu birbaşa Yaradanla əlaqələndirirlər. İnsanların əməllərinə görə, Yaradanı danırlar. Nə dindən, nə də İslamdan danışaq və belə bir sual verək: Bu yaradılış özbaşına, heç bir təsir olmadan yaranıb, yoxsa bunun bir mənbəyi var? İndi bu mənbənin adı - Substansiyadır, Allahdır - fərqi yoxdur. Mənim bununla işim yoxdur. Ateist belə, mən dediklərim üzərində düşünsə, görəcək ki, o da Yaradanı qəbul edir.  Onlar da bu sistemin kökündə hansısa bir qüdrəti, Ali İdrakı bilirlər. Amma buna nə ad verirlər - bunlar fərqlidir. 

Spinoza fəlsəfəsində buna Substansiya deyilir. Volter fikirləşir ki, Spinoza Substansiya deyərkən Allahı nəzərdə tutub. Volter Fransada ən böyük mütəfəkkirlərdən sayılır. Volterin özü ateistləri qınayır. O "Fəlsəfə lüğəti"ndə ateistlər əleyhinə sərt ittihamlarla çıxış edir. Düzdür, Volter dinlərə qarşı bədbin bir insan olub. Ancaq yaradılışda qüdrət və varlığı qəbul edib.
 
- Rövşən müəllim, çox deyirlər ki, Quranı oxu və digər mənbələrə çox da etibar etmə. Çox gözəl. Mən Quranı oxuyuram və görürəm ki, surələrin birində əllərin, ayaqların çarpaz kəsilməsi əmr olunur. Bu zaman mənim inancımda bağlar qopmayıbsa, bu hökmü yazıldığı kimi qəbul edəcəyəm və bunun mütləq doğru olduğu qənaətinə gələcəyəm, onu edənlərə haqq qazandırcağam. 
 
- Siz hansı surəni və ayəni nəzərdə tutursunuz? 
 
- "Maidə" surəsi 33-cü ayə. Təxmini belədir ki, Yer üzərində fitnə-fəsad salanların əlləri, qolları çarpaz kəsilsin. 
 
- İslamda əllə ayaqların çarpaz kəsilməsi cəzası yoxdur. İslamda barmaqların kəsilməsi var. Özü də ancaq xüsusi kateqoriyaya girən oğruların. Ancaq əllə-ayağın çarpaz kəsilməsi məsələsi yoxdur.
 
- Yaxşı, lap barmaqların kəsilməsi cəzası olsun. Biz qatı cinayətkarların öldürülməsini istəyə bilərik. Ancaq bu cinayətkara verdiyimiz instinktdir, bəlkə də qeyri-iradi reaksiyadır. Müasir, praqmatik hüquqda isə ölüm, edam cəzası yoxdur.
 
- Ölüm daha şiddətlidir, yoxsa 4 barmağın kəsilməsi?  
 
- Təbii ki, ölüm. 
 
- Deməli, İslam da bu məsələyə daha humanist yanaşıb. Çinin özündə rüşvətə görə edam edirlər. Mən Çinlə bağlı bir statistikaya baxmışdım. 10 min nəfər rüşvət üstündə edam olunub. Çünki Çin deyir ki, kimsə camaatın malına, büdcəyə əl uzadırsa, bunun nəticəsi insanların fahişəliyə sürüklənməsinə gətirib çıxaracaq. Yəni bir nəfərin boğazından kəssən, o pis yola düşə bilər. Oğurluq qətllər yaradır. Deməli, sənin etdiyin işin təsiri daha çoxdur. 

Quranda belə bir ayə var: 

"Fitnə qətldən də şiddətlidir". Bəzən insan elə bir hərəkət edər ki, bu, cəmiyyəti ömürlük iflic, bədbəxt edər. Minlərlə insanı əxlaqsızlığa, fahişəliyə sövq edər. Çin bu cür düşünür. Deyir ki, qlobal miqyaslı oğrular edam olunmalıdır və cəmiyyət yaşamalıdır. İslamın yanaşması bu cürdür. İslam da istəyir ki, cəmiyyət sağlam yaşasın, cinayətkarlığın qarşısı alınsın. Ancaq İslamda olan cəzaların hamısı qorxutmaq xarakteri daşıyır. Əl kəsilməsinin hansı şərtlərdə olduğunu desəm, görərsiniz ki, gərək 100-200 ildə bir şəxs buna uyğun gəlsin ya da gəlməsin. Belə deyil ki, hər oğrunun əli kəsilməlidir. Biri digərinin cibinə girirsə, onu əli kəsilmir. Əsas çağırış budur ki. cəmiyyət, insanlar pis əməllərdən çəkinsinlər, oğurluq etməsinlər, cinayət törətməsinlər.
Digər edam hökmlərində belə şərtlər çox sərtdir. Neçə dənə şahid olmalıdır və hamısı eyni sözü deməlidir.

- Gələk özünüzlə bağlı məqamlara. İranda fəlsəfə və teologiya mərkəzlərində təhsil almısınız. Bu barədə məlumatlar azdır, olanlar da yalnız səthidir. Yəqin ki, Qumda təhsil almısınız. 
 
- Bəli, Qumda təhsil almışam. Mən İqtisad Universitetini  bitirmişəm. Sadəcə olaraq psixologiya, şərqşünaslıq, psixologiya, irfan mövzuları həmişə mənim maraq dairəmdə olub. İqtisadiyyat mənim mənəvi və fəlsəfi axtarışlarımı ödəyən bir mərkəz deyildi. Mən orta məktəbin son illərindən psixologiya, fəlsəfədən çox oxumuşam. Bir nəfər psixologiya, irfan, fəlsəfə ilə maraqlanırsa, dindən yan keçə bilməz. Azərbaycanda istədiyim bilgiləri tam olaraq mənə verən bir mənbə olmadığına görə, İrana getdim.
 
- Məsələn, Əl-Əzhər Universitetinə də gedə bilərdiniz. 
 
- Əvvəl müxtəlif variantlar var idi. Müxtəlif yerləri düşünürdüm. Əl-Əzhər Universiteti və digər İslam ölkələrində olan mərkəzlərin proqramlarında mən istədiyim mövzular yox idi. Məsələn, onlar irfan mövzularına o qədər də girmirlər. Həmçinin mütaliə fəlsəfəsi də.

- Ateistlərə münasibətiniz necədir? İstərdim tam səmimi cavab verəsiniz. Qarşınızda ateist oturub deyə, mənə xoş gəlmək üçün fikir bildirməyəsiniz. 
 
- Tam səmimi sözümdür. Kimdənsə, çəkinəcəyimiz yoxdur. Nə düşünürüksə, onu deyirik. Ateist mənim yanımda oturanda və fikir bildirəndə, qətiyyən içimdə bir narahatlıq keçirmirəm. O ateistə qarşı daxilimdə zərrə qədər də qıcıq yaranmır. Bizim bir çox oxucularımız ateistlərdir. Yazırlar, fikir mübadiləsi aparırlar. Ona görə də, fikirləşirəm ki, ünsiyyətdə əsas olan insan faktoru, qarşılıqlı hörmətdir. Düzdür, hərənin bir baxışı var və bu da normaldır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.