Ölkə

Maska geymiş cəmiyyət və onun arxasında gizlənən həqiqətlər

6 Sentyabr 2016 21:04
9 Şərh     Baxış: 17 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yazıçı, psixoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:

İnsanı və cəmiyyəti qeyri-adekvat hərəkətlərə sürükləyən ən qorxulu psixoloji viruslardan biri natamamlıq kompleksidir.

- Bir fərdin və cəmiyyətin formalaşmasında, ona xas dünyagörüşünün yaranmasında təsiri olan ən mühüm psixoloji amil hansıdır?

- Hər şey insan psixikasından başlayır. İnsanın və cəmiyyətin bütün davranışlarını idarə edən də məhz onun psixikasıdır. Ona görə hər bir qüsurlu və ya uğurlu davranışı anlamaq üçün onun arxasında duran psixoloji aləmi incələmək lazımdır. İnsanı və cəmiyyəti qeyri-adekvat hərəkətlərə sürükləyən ən qorxulu psixoloji viruslardan biri natamamlıq kompleksidir. Natamamlıq kompleksi insanın özü barəsində zehnində formalaşdırdığı neqativ təsəvvürdür. Bu təsəvvür insanın fiziki, maddi və ya mənəvi cəhətləri ilə əlaqəli ola bilər. Natamamlıq kompleksi olan insanlar özlərini hansısa cəhətdən qüsurlu, bacarıqsız hesab edir, digərlərini özündən daha üstün bilir, özlərini qiymətləndirmələri və özlərinə inamları davamlı şəkildə çox aşağı olur. Başqa cür desək, bu insanlar daxilən özlərini cılız və natamam şəxsiyyət hesab edirlər. Bu proseslər şüursuzluq mərhələsində getdiyinə görə mümkündür ki, insan bir çox hallarda bu kompleksə tutulduğunu anlamasın. Hətta özlərində bu kompleksin olduğunu bilən insanlar belə bunun onların məhz hansı davranışlarının arxasında durduğunu müəyyən edə bilmirlər.

Natamamlıq kompleksi insanın psixikasında olan elə bir "yara"dır ki, müəyyən şəraitlər və ya şəxslər onun üstünə basmaqla insanı bir sıra yanlış addımlar atmağa vadar edə bilirlər. Bu zaman insan bəzən özünə qapanır, düz bildiyi yoldan geri çəkilir, aqressiv olur və öz mənafeyinə zərərli hərəkətlər etməyə başlayır. Yeri gəlmişkən, bu kompleksi ilk dəfə tədqiq edərək təsvir etmiş şəxs isə tanınmış avstriyalı psixoterapevt Alfred Adler olub.

Natamam insanlar üçün ən mühümü özünü qəhrəman, qüdrətli şəxs kimi hiss etməsidir.

- Qeyd etdiniz ki, bəzi hallarda insanın, cəmiyyətin hərəkətlərinin pərdəarxasında məhz natamamlıq kompleksi durur və bunu insanın, cəmiyyətin özü də anlamır. Ancaq yəqin ki, hansısa əlamətlərlə bunu müəyyən etmək mümkündür. Hansı əlamətlərlə bir cəmiyyətin bu kompleksə tutulduğunu anlamaq olar?

- Bu kompleksə tutulmuş cəmiyyət özünə aid olan hər bir şeydən boyun qaçırır. Öz dilində danışmağı gerilik, öz adət-ənənələrinə bağlılığı müasirlikdən uzaqlıq hesab edir. Belələri üçün üstün bildikləri ölkələrdən gələn hər bir şey daha dəyərli, daha əzizdir. Belə insanlar adətən özləri barədə mənfi yüklü ictimai stiqmalar da yaradırlar. Bəzən bu stiqmalar kənar qüvvələr tərəfindən də uydurulur. Stiqma hər hansı bir cəmiyyət, millət, ölkənin əhalisi barədə olan sosial damğadır. Bu stiqmaların əksəriyyəti o cəmiyyətdə olmayan, yaxud da əksəriyyətində olmayan hansısa xüsusiyyəti, halı ifadə edir. Məsələn, "bizim insanlar avamdırlar", "bizdən pisi yoxdur", "biz həmişə başıqapazlı olacağıq", "biz hara, onlar hara?".. Natamamlıq hissinə tutulmuş cəmiyyət şüuraltı olaraq ölkəsi, insanları barədə onları gülünc göstərən lətifələr də qoşar. Bu lətifələr insanların emosiyaları ilə əlaqəli olduğuna görə tez bir zamanda cəmiyyətdə yayılar və gülüş pərdəsi altında insanlara mətnində daşıdığı mənfi təsiri ötürər. Lətifələr, ümumiyyətlə, psixoloji müharibələrdə çox geniş istifadə olunan bir vasitədir. Məsələn, Sovet ordusunun Xüsusi Təbliğat İdarəsinin zabitləri Əfqanıstan müharibəsində bu vasitədən çox geniş istifadə edərdilər. Belə ki, onlar müxaliflərə psixoloji təsir məqsədi ilə çoxlu sayda siyasi lətifələr uydurub əfqanlar arasında yayardılar.

Cəmiyyətin özünü natamam hiss etməsi fərdlərin iradəsini süstləşdirər, beləliklə də onlara öz potensiallarını realizə etməyə imkan verməz. Bununla da mədəniyyət, incəsənət, elm, düşüncə, geyim tərzi kimi məsələlərdə yad cəmiyyətlərin ruhu onlara hakim olar. Zamanla natamamlıq kompleksinə tutulmuş cəmiyyətin "biz onsuz da digərlərindən üstün ola bilmərik" təsəvvürü onu öz fərdlərinə qarşı qaldırır. Belə ki, özünü digər cəmiyyətin fərdlərindən daha aşağı görən belələri içlərində olan natamamlıq hissini təmin etmək üçün öz cəmiyyətinin nümayəndələrini tapdalamağa, onları alçaltmağa, nəticədə də onlar üzərində öz üstünlüyünü göstərməyə çalışarlar. Axı daxildəki üstünlük hissini də təmin etmək üçün nəsə etmək lazımdır. Əgər bu, tərəqqi etməklə mümkün deyilsə, yeganə yol kimlərisə alçaltmaqla təmin etməkdir. Natamam cəmiyyətin üzvləri üçün həqiqi mənada üstün olmaq elə də əsas deyildir, mühüm olan ən azı öz gözündə qalxması, heç olmasa bir anlıq da olsa, özünü qəhrəman, şəxsiyyətli, qüdrətli biri kimi hiss etməsidir. Bütün bunlara görə onlarda gizli formalı özünənifrət də yaranır. Bu nifrət sonda onu həqiqi mənada üstün və dəyərli olan hər hansı bir addımı atmaq imkanından məhrum edir.

Bu da bir həqiqətdir ki, şəxsiyyətli bir cəmiyyət heç zaman özünün səviyyəsini aşağı salmaq istəməz, buna görə də bir çox işləri etməyi özünə ar bilər. Özünü natamam hiss edən cəmiyyət isə ən alçaq işlərə və cinayətlərə belə əl atar. Belə cəmiyyət öz şəxsiyyətini tapdalanmış hiss etdiyindən ona ən çirkin işləri belə görmək çox asandır. Belə cəmiyyətin nümayəndələri azacıq pul müqabilində yeri gəlsə, öz anasını, atasını da öldürər, çox asanlıqla rüşvət alar, uşaqları yetim qoyar, yetimin malını yeyər, fahişəliyi rəsmi surətdə təbliğ edib dəstəkləyər, oğurluq edər və s... Natamamlıq kompleksinin hakim olduğu cəmiyyətin hər bir mərhələsində bu mexanizm tam işləkdir.

Belə cəmiyyətə məxsus milli-mənəvi dəyərlər, milli şüur və vahid ideologiya olmur, olsa da sönük olur və üstün bildikləri yad bir cəmiyyət tərəfindən pislənməyənə qədər qismən qüvvədə qalır. Belə bir cəmiyyətdə dünyaya gələn hər yeni fərd də eyni həyatı yaşayır. Nəticədə cəmiyyətdə mənəviyyatsız, şikəst və həyasız insanlar formalaşır. Bu tip cəmiyyətdə yaşamaq, onlarla rəqabət aparmaq üçün təbii olaraq onlar kimi olmaq lazımdır. Buna görə də cəmiyyətdə onlarla rəqabətə davam gətirə bilən mənfi tipli fərdlərin sayı daha da çoxalır. Sosioloji təbii seçmə baş verir, əxlaqlı insanlar rəqabətə tab gətirməyib sıradan çıxırlar. Burada yaşamaq üçün onların heç bir şansı yoxdur. Çünki onlarla bacarmaq üçün gərək elə onların səviyyəsinə düşəsən. Belə bir cəmiyyətdə əxlaqdan, dəyərlərdən danışan bir şəxs gülməli, səfeh və uğursuzdur. Əxlaqi dəyərlər və qanunla yaşayan bacarıqsız, gündəmdən geri qalan, zəmanənin adamı olmayan, pul qazana bilməyən biri hesab olunur.

Təəccüblüsü odur ki, onlar komplekslərindən qaynaqlanan davranışlarını müxtəlif fərqli adlarla təqdim etməyə, bununla da öz komplekslərini ört-basdır etməyə çalışırlar. Və çox vaxt da öz istəklərinə nail olurlar. Onların bu formalı təsiri bəzən elə qabarıq olur ki, normal düşüncəli insanlar belə öz fikirlərində şəkk edir, həyatlarının müxtəlif mərhələlərində məhz onlara oxşamağa çalışırlar.

Bəzi insanlar müxtəlif vasitələrlə maskalanırlar

- Özünü daxilən cılız bilən kompleksli insanlar və cəmiyyət bunu necə ört-basdır edir?

- Bu ört-basdır etmə cəhdi özünü ilk növbədə onların danışığında göstərir. Belələri özlərini sözlərində üstün, dəyərli insan kimi təqdim edir, özünün maddi və ya elmi-mənəvi üstünlüklərindən şişirdərək danışır, həyat tərzlərində hədsiz təmtərağa meylli olurlar. Bununla öz natamamlıq hissini kompensasiya etmək istəyirlər. Onlar yüksək ictimai status hesab edilən simvollara bağlı olurlar. İctimai status simvolları isə ölkədən-ölkəyə dəyişir. Bu, bahalı maşın, hansısa telefon modeli, brend geyimlər, saatlar, xarakterik geyim forması, yaşayış tərzi, böyük imarətlər, xarici ölkələrə səfərlər, qidalar belə ola bilər. Məsələn, suşi yemək. Bəzi insanlar suşini onu xoşladıqlarına, qarınlarını doydurduqlarına görə yemirlər. Sadəcə onu yeyən zaman özlərini Avropanın yüksək statuslu, müasir təbəqəsinə bənzədirlər. Bu zaman da psixoloji bir məmnunluq hissi yaşayırlar. Bax bu məmnunluq natamamlıq kompleksinin doyuzdurulmasıdır. Yeri gəlmişkən, suşinin yapon mətbəxindən çıxaraq dünya brendinə və bestseller yeməyinə çevrilməsi faktı da olduqca maraqlıdır. Belə ki, bir zamanlar suşi Yaponiyada kasıb təbəqənin qidası hesab edilirdi. Çünki bu qidanın hazırlanması çox ucuz başa gəlirdi. Günümüzdə isə dünyada ən çox sifariş edilən və ən dəbli qida növlərindəndir. Hətta qiymətinə görə artıq kasıb təbəqənin qidası olma statusundan da çıxıb. 

Bu tip natamam insanlar yüksək statusla əlaqəli fəaliyyətini müxtəlif vasitələrlə digərlərinə göstərməyə çalışarlar. Sosial şəbəkələr, saytlar, portallar da bu zaman münasib vasitələrə çevrilir. Bəzən isə insanlar natamamlıq komplekslərini aqressiya, spirtli içkilərin həddindən artıq istifadəsi, narkotik maddələrin qəbulu, hədsiz lovğalıq kimi hərəkətlərlə də maskalayırlar. Natamam insan öz kompleksini gizlətmək üçün yaxınlarını, əli altında işləyən insanları, özündən zəifləri, xülasə ərki çatanları təhqir edib alçaltmaqla özünün üstün olduğunu özünə və digərlərinə hiss etdirmək istəyir. Belələri real aləmdən uzaqlaşıb, məcazi, xəyal aləmində yaşamağa çalışırlar. Onlar öz xəyallarında hansısa kino qəhrəmanının, serialın, kitabın personajının həyatını yaşayırlar. Belələrini günlərlə televizor qarşısında əyləşərək filmlərə, seriallara baxan, saatlarla kompüter oyunları oynayan görərsiniz. Bu kompleks nə qədər dərindirsə, insanın təmtəraqlı həyat, yalançı və süni yüksək ictimai status əldə etmək istəyi də yüksəlir.

Deməli, özünü natamam hiss edən, inamsız insan özü barəsindəki fikirlərini, öz əsl mahiyyətini gizlətmək üçün həqiqətlə uyğun gəlməyən bir maska geyinir. Bütün bu maskalanma müddətində də maskanın bir gün düşəcəyi və öz əsl siması ilə qarşılaşa biləcəyi qorxusu ilə yaşayır. Bir çox hallarda bu kompleks gizli şüuraltı olaraq fəaliyyət göstərir. İnsan özündə elə bilir ki, heç bir psixoloji problemi yoxdur, əslində isə həyatında hər şeyi şüuraltı olaraq bu kompleksin diktəsi ilə edir.

Natamamlıq kompleksinin geniş yayıldığı ölkələrdən biri...

- Bəs Azərbaycanda necə, natamamlıq kompleksi nə dərəcədə geniş yayılıb?

- Bu kompleksdən sığortalanmış heç bir cəmiyyət yoxdur. Lakin bəzi cəmiyyətlərdə bu daha geniş yayılıb. Ölkəmiz də natamamlıq kompleksinin geniş yayıldığı ölkələr sırasındadır. Çünki bunun üçün cəmiyyətimizdə əlverişli şərait vardır. İnsanların toy, yas mərasimlərinin keçirilmə tərzindən, əsassız səbəblərlə özlərini göstərmək istəmələrindən, gəlirlərinə uyğun olmayan təmtəraqlı yaşama cəhdlərindən də məlum olur ki, bu, sağlam psixologiyalı cəmiyyətin həyat tərzi deyildir.

Bir tanışımız var. Özünün şəxsi ofisi, maşını olduğu halda çox bahalı yerlərdə böyük ofislər, şirkəti üçün bahalı maşınlar icarəyə götürür. Səbəbi də odur ki, xaricdən gələn qonaqlar onun necə bacarıqlı, intellektual və perspektivli bir iş adamı olduğunu düşünsünlər. Əslində isə savadı və bacarığı olmayan həmin şəxs xaricdən gələn, qərb universitetlərinin məzunları olan tanınmış iş adamlarının yanında özünü cılız və natamam hiss edir. Bu cür zahiri vasitələrlə isə daxili psixoloji gərginliyini maskalamaq istəyir. Hərçənd, böyük büdcələri olmasına baxmayaraq, onun qonaqlarının şirkətləri və maşınları özünün sadəliyi ilə seçilir. Kompleksli insan üçün maşın yalnız minik vasitəsi deyildir. Onun üçün telefon da yalnız ünsiyyət vasitəsi deyildir, başqa daxili mənalar kəsb edir. Onun aldığı digər əşyalar da bunun kimidir. Hər şey onun daxilindəki acgöz kompleksinin təhriki ilə edilir. Hər hansı bir cəmiyyətdə insanlar heç bir məntiqi əsas olmadan hər hansı bir vasitəyə hədsiz meyl göstərirlərsə, bu, normal olmayan insan psixologiyasından xəbər verir. Məsələn, maaşı az olan biri üç-dörd aylıq maaşına bərabər bahalı çoxfunksiyalı bir telefon alır. Halbuki, o telefondan əsasən danışıq üçün istifadə edəcəkdir. Lakin həmin telefonu almayana qədər özündə narahatlıq hiss edir. Sanki nəsə çatmır. Bax bu narahatlıq sonunda onu o telefonu almağa məcbur edir.

Dünyada bir çox brend firmalar insanların natamamlıq kompleksi üzərindən milyardlar qazanır

- Belə görünür ki, natamamlıq kompleksi daha çox biznes sektorunun xeyrinə işləyir.

- Rus-amerikan yazıçısı Sergey Dovlatovun "Речь без повода... или Колонки редактора" adlı əsərində maraqlı bir fikir yer alır. Sitat: "Dünyanı hərəkətə gətirən nədir? Bu nəhəng, paslanmış və mənasız mexanizmi işləməyə məcbur edən nədir? Məhəbbət? İdeyalar? Pul? Bəlkə, səadətə meyl? Və ya sakitləşməyən sinfi mübarizə? Qətiyyən, bunların heç biri deyildir! Dünya tarixi prosesinin əsasında bayağı olan natamamlıq kompleksi durur. O hər dəqiqə, hər bir addımda özünü göstərir. Tamamilə hamı ona tutulmuşdur. Boksçular, şikəstlər, alimlər, zibildaşıyanlar, cinayətkarlar, hakimlər, generallar, sıravilər, milyonçular və fəqirlər. Natamamlıq kompleksi dövlətlər və materiklərdə, xalqlarda və irqlərdə də vardır... Natamamlıq kompleksi dünya problemlərinin əsasında durur. Bu fenomenin prizmasından bizim möhtəşəm xaotik dünya nizamının bütün detalları çox daha yaxşı görünür".  

Cəmiyyətin əksər hallarda bu və ya digər formada davranmasına onların qorxuları, kompleksləri səbəb olur. Dünyada mövcud olan bir çox brend firmalar məhz insanların bu natamamlıq kompleksi üzərindən milyardlar qazanır. İnsanları dünyada yalnız iki ədəd buraxılmış maşına, yalnız yüz ədəd istehsal olunmuş saata, marka hesab edilən firmanın mallarına dəyərindən qat-qat çox pul ödəməyə nə vadar edir? Müxtəlif reklam mexanizmləri ilə bəzi əşyalar insanlara üstünlük, cəmiyyətdə yüksək status meyarı kimi təqdim olunur. Bununla da insanlar bu malları almağa çalışır, onları aldıqdan sonra isə özlərini yüksək təbəqənin nümayəndəsi hesab edirlər. 

Əgər alınan mala o qədər pul verməyin bir səbəbi olarsa, mal ona verilən pula dəyərsə, bu zaman həmin alış məntiqlidir. Əks halda bu yalnız psixoloji xarakter daşıyacaqdır. Günümüzdə dünyanın bir çox böyük firmaları öz bizneslərini məhz insanların bu kompleksi üzərində qurub və bununla böyük sərvətlər qazanırlar. Sizcə, nəyə görə reklam çarxlarında hər hansı bir malı təqdim edərkən cəmiyyətdə, dünyada tanınmış, uğurlu və müvəffəq bilinən şəxslərdən istifadə edirlər?! Çünki o malın tanıtımı üçün həmin məhsulun uğurlu insanların seçimi olması, istehlakçının məhsulun alışı ilə dəyərə minməsi, cəmiyyətdə seçilən, kübar cəmiyyətin üzvü olması kimi elementlərlə əlaqələndirilməsi lazımdır. Bu zaman alıcı o malı aldıqda şüuraltı olaraq özünü o uğurlu şəxslə assosiasiya edəcəkdir. Malı alıb istifadə etdikdə özündə bir razılıq, üstünlük hissi yaşayacaqdır. Bu hiss də aydındır ki, mal köhnələnə və ya xarab olana qədərdir. Bir insan özünü natamam bilirsə, yalandan bu cür malları almaqla bu sindromdan qurtula bilməyəcəkdir.

- İnsanın və ya cəmiyyətin özünü natamam hiss etməsinin kökündə mütləq mənada onun fiziki və ya mənəvi planda zəif olması durur?

- Natamamlıq kompleksi sırf psixoloji bir haldır. Onun həqiqətdə insanın necə olması ilə birbaşa əlaqəsi yoxdur. Belə ki, bəzən bir insan və ya cəmiyyət böyük tarixi kökə, böyük maddi, mənəvi potensiala malik olduğu halda belə yenə də bu kompleksə tutula bilər.

(ardı var)

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.