Ölkə

Qorxaq cəmiyyətin yetişdirdiyi fərdlər də özünə bənzəyəcək

9 Sentyabr 2016 21:08
1 Şərh     Baxış: 8 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yazıçı, psixoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:

Əvvəli burada:

Müsahibə I - http://news.milli.az/country/467220.html

Bu tip insanlar çox paxıl və qısqanc olurlar

- Özünü dəyərsiz və cılız hesab edən şəxsdə, məncə, böyük həsəd də olar...

- Əlbəttə. Hər bir insanın həyatda reallaşdırmaq istədiyi çoxlu sayda arzuları vardır. Ancaq əksər insanlar bu arzularını həyata keçirə bilmir, həyatın onlara təqdim etdiyi fürsətləri əldən verirlər. Bir çox hallarda da buna müqəssir elə onların özləridir. Əldən verilmiş fürsətlərin peşmançılığı, həyata keçməmiş arzuların acısı insanı həmişə yandırır və narahat edir. Bəzən də bu düşüncələr insanı depressiyaya salır. Lakin müəyyən bir zaman keçir və insan öz taleyi ilə barışmalı olur. Ancaq qəlbinin dərinliklərində narahatçılıq, paxıllıq və kin qalır. İnsan həyata küsür. Bu küskünlük həyatın müəyyən məqamlarında özünü biruzə verir. Belə məqamlardan biri də insanın digərlərinin uğurunu görməsi zamanı yaranır. Bu tip insanlar çox paxıl və qısqanc olurlar. Özü də bu həsəd bir çox vaxtlarda məhz öz ölkəsinin nümayəndəsinə qarşı yönəlir. Çünki onunla oxşar şəraitə malik birinin həyatda irəli getməsi daim ona özünün natamam və cılız olmasını xatırladır. Bu hal onu daha çox incidir. Buna görə də bu insanlar digərlərinin uğuruna qıcıq olur, içində narahatçılıq hissi keçirir və daxilində şiddətli dərəcədə onu tənqid etmək istəyi yaranır. Beləsi özü irəli gedə bilmir, başqasının irəli getdiyini gördükdə isə bərk narahat olur. Bu zaman kompleksli adam belə düşünür: "O, irəli getdi, mən gedə bilmədim. Bir halda ki, o da mənim kimi eyni ölkənin vətəndaşıdır. Hə, deməli, burada problem məndədir". Bu düşüncə isə onun üçün dözülməz olur.

Aparılan təbliğat nəticəsində müsəlmanlarda dini natamamlıq kompleksi yarana bilər

   - Natamamlıq kompleksinin yaranma səbəbləri nədir?

- Alfred Adler bu kompleksin məhz uşaqlıq illərində yaranması faktını çox mühüm hesab edirdi. Onun fikrincə, övladlara valideynləri tərəfindən lazımi qayğı və diqqətin göstərilməməsi və ya hədsiz valideyn qayğısı bu kompleksin yaranmasına ciddi təsir edir. Valideyn tərəfindən diqqət görməyən uşaqlarda özünə güvən azalacaqdır. Hədsiz himayə isə uşaq müstəqil fəaliyyət göstərə bilməməsinə, öz ayaqları üzərində durmağı bacarmamasına, həmişə kiməsə möhtac olmasına səbəb olacaqdır. Bu da öz növbəsində kompleksə gətirib çıxardır. Eyni zamanda, uşaqları valideynlərin mütəmadi tənqid etmələri, onları "qanmaz", "axmaq", "bacarıqsız", "tənbəl", "işbacarmaz" kimi pis adlarla çağırmaları da buna səbəb olan amillərdəndir. Uşaqlar valideynlərinə o qədər etimad edirlər ki, onların özləri barəsində dedikləri bütün sözləri həqiqət kimi qəbul edirlər. Belə uşaqlar böyüdükdən sonra bütün həyatları boyu bu kompleksdən əziyyət çəkirlər. Bir çoxları isə bundan heç bir zaman qurtula bilmir və hətta bu komplekslərini sonradan öz övladlarına ötürürlər.

Burada  diskriminasiyanın da çox təsiri var. Hər hansı bir ölkəni, hər hansı bir dinin nümayəndələrini, yaxud da hər hansı bir sosial qrupu sıxışdırdıqda, əleyhinə geniş miqyaslı əks təbliğat apardıqda bu, o insanlarda kompleksin yaranmasına gətirib çıxarda bilir. Məsələn, islamofobiyanın yayılması, İslamı terrorizmlə eyniləşdirmək cəhdləri kimi aparılan təbliğat nəticəsində müsəlmanlarda dini natamamlıq kompleksi yarana bilər. Ölkəmizin vətəndaşları digər xalqları özlərindən üstün görsələr, onlarda milli və ya coğrafi natamamlıq kompleksi formalaşacaqdır. Kasıb ailələrdə böyümüş insanlarda sinfi natamamlıq kompleksi, özünün intellektual və elmi səviyyəsi aşağı olan qrupa, ölkəyə aid olduğunu hesab edən insanlarda isə intellektual natamamlıq kompleksi yarana bilər.

Genetik faktorlar, insanın xarakter və temperamenti də bu kompleksin yaranmasında rol oynayır.

Qorxaq və kompleksli cəmiyyətin yetişdirdiyi fərdlər də elə özünə bənzəyəcəkdir

- Cəmiyyət özü natamam və kompleksli insanın yetişməsində hansı rolu oynayır?

- Psixologiyaya dair ədəbiyyatlardan çıxan nəticə ümumilikdə belədir: yanlış tərbiyə sistemi, yanlış ailə modeli, orta və ali təhsil mərkəzlərində yanlış təhsil sistemi, televizor və radiolarda cəmiyyəti cılız və eybəcər edən bayağı verilişlər, ölkədə informasiya vasitələri ilə cəmiyyətə nümunə şəxs kimi aktyor, rəqqasə, müğənnilərin, şou biznes adamlarının tanıdılması, intellektual səviyyəni yüksəldən, insanlarda özlərinə inam yaradan, cəmiyyəti bir şəxsiyyət olaraq tərbiyə edən verilişlərin olmaması, hər şeyin yalnız maddi maraqlar ətrafında cərəyan etməsi və bunun təbliği, bütün şəhərin başdan-başa şadlıq sarayları, ticarət mərkəzləri ilə doldurdurulması, əvəzində isə kitabxanaların, elm mərkəzlərinin, kitab satış dükanlarının bağlanılması, elmi-mənəvi, vətənpərvərlik dəyərlərinin təbliğ edilməməsi və ucuzlaşması, kitab mütaliəsi səviyyəsinin çox aşağı düşməsi, fərdi inkişafa vaxt qoyulmasının vaxt itkisi hesab edilməsi, təhsil səviyyəsinin çox aşağı olması, ən yüksək təhsilin xarici təhsil hesab edilməsi - bütün bunlar psixologiyanın da təsdiqlədiyi kimi, cəmiyyətin özünə inamını zədələyən ən güclü amillərdəndir. Qorxaq və kompleksli cəmiyyətin yetişdirdiyi fərdlər də elə özünə bənzəyəcəkdir. O, kompleksini genetik olaraq öz gələcək nəslinə ötürəcəkdir. Cəmiyyət çox böyük gücə malikdir. Onun psixoloji təzyiqi qarşısında müqavimət göstərmək əksəriyyətin iradəsi xaricindədir. Deməli, ilk növbədə cəmiyyət islah olunmalıdır.

Kompleksli cəmiyyətdə geyim, maşın və digər məişət əşyaları özünü göstərmək vasitəsi formasını alıb

 - Fərdlərlə aydındır. Bəs cəmiyyət bütünlüklə maskalana bilərmi? Onun olmadığı kimi görsənməsi mümkündürmü?

- Kompleksli insanlar başqaları üçün, başqalarının xoşuna gəlmək üçün, başqalarının istəkləri ilə yaşayan insanlardır. Onlar başqalarına görə geyinir, başqalarına görə danışır, başqalarının xoşuna gəlmək üçün davranır və hətta səyahət edirlər. Kişi hansısa bir telefon modelini və ya qadın hansısa bir bahalı geyimi aldıqda bir müddət öz komplekslərindən qurtulur. Əvvəllər cırıq şalvarda gəzmək utancverici idi, günümüzdə isə şalvarda nə qədər "cırıq" yerlər çox olarsa, bir o qədər dəbli hesab olunur. Avropada orta əsrlərdə cinsi azlıqları xəstəlik və ictimai bir bəla bilərək tonqallarda yandırırdılarsa, günümüzdə eyni cinsin nümayəndələrinin evliliyini normal qəbul edirlər. Orta əsrlərə qədər əksər mədəniyyətlərdə qadınların geyimləri uzun ətəklər və qollu köynəklərdən ibarət idi. Qısa ətəkləri isə rəqqasələr, eyş-işrət məkanlarında işləyənlər, sirk işçiləri geyinərdilər. XX əsrin ortalarından sonra isə əksər dünya mədəniyyətləri bu geyim formasını qəbul etdi. Bu yeniliklərin yayılmasında təsirli faktor kimi tanınmış ictimai şəxslərin, aktrisaların, modelyerlərin rolunu göstərmək lazımdır. Belə nümunələri göstərməyimiz insanların düşüncə, mədəniyyət, geyim və dəyərlərinin zamanla dəyişilə bilməsinə bir işarədir. Bütün bu dəyişikliklərin yayılması isə bir çox hallarda komplekslərlə birbaşa əlaqədardır.

Rus yazıçısı Dovlatov 1978-ci ildə Amerikaya mühacirət edir. O, bu ölkə barədə öz təəssüratlarını oradakı qəzetlərdə çap etdirir. Dovlatov yazır ki, SSRİ-də cəmiyyət tərəfindən bizim beynimizə hər bir yerə xas şablon geyim forması, "importnı" mallar, paltarlar geyinmək şəxsiyyətin şəxsiyyətli olmasının əlaməti kimi yeridilmişdi. Professora xas geyim var idi. O cür geyinməsə, özünü cılız hiss edərdi. Ancaq amerikada yolda görürəm ki, bir kök yaşlı kişi gedir, ayaqqabısının bağları açıqdır, yerlə sürünür. Yaxasında da düymələri bağlanmayıb. Diqqət edirəm ki, zərrə qədər də kompleksi yoxdur. O gonbulun arxasınca da eleqant cavan oğlan gəlir. Kostyum, ağ köynək, parıldayan laklı çəkmə. Onda da kompleks yoxdur. Onun arxasınca da bir qız gəlir. Dar qısa ətək, əyri ayaqlar. Trikotaj ti-şört geyinib üzərinə də "Mən Sofi Lorenəm" yazılıb. Onun da dünya-aləm vecinə deyil, kompleksiz rahat hərəkət edir. Yanında da cır-cındır geymiş başqa biri, onun da üzündə zərrə qədər də olsun kompleksi və narahatçılığı yoxdur. Fəxrlə, vüqarla addımlayır.
Dovlatov əlavə edir: "Burada belədir. Əgər insan cır-cındır geyinibsə, deməli, ona bu cür xoşdur. Deməli, bu cür dilənçi geyimi onun daxili aləmi ilə, dünyagörüşü ilə uyğundur". Yazıçı deyir ki, mən SSR-də olanda mənə demişdilər ki, Amerikada gərək hər gün köynəyini dəyişəsən, şalvar geyinəsən, ofisdə ancaq qalstuk taxmalısan, piknikə şortda getməlisən, gecə yığıncaqlarında isə kostyum geyinməlisən: "Yenicə Amerikaya getmişdim ki, bir məclisə dəvət aldım. Gördüm ki, içlərində bircə mən geyinib bəzənmişəm, digərləri necə rahatdırlar elə də geyiniblər. Biri smokinq geyinib, biri şort, biri ti-şörtdə, biri dizə qədər çəkmədə, biri ayaqyalın... Kimə necə rahatdırsa, elə geyinib. Biri yavaş söhbət edir, ev sahibi, ümumiyyətlə, divanda uzanıb yatıb. Məndən başqa hamı özünü rahat və təbii hiss edirdi. Amerikada insan necə istəyir elə geyinir. Əsas odur ki, onun təbiəti ilə uyğun olsun, onun üçün rahat, azad və təbii olsun".

Dovlatov sonra özünün bir müşahidəsini qeyd edir. Deyir ki, fəqir zəncilər və Latın Amerikasından bəzi gəlmələr çox daha fərqli və diqqətçəkən geyinməyə çalışırlar. Çünki onlar özlərində kompleks hiss edirlər və gözəl geyimlə bunu ört-basdır etmək istəyirlər.

Aydındır ki, biz gözəl və səliqəli geyimin əleyhinə deyilik. Həmçinin demək istəmirik ki, hər yaxşı və dəblə geyinən insanda kompleks var. Xeyr, sözümüzün canı odur ki, kompleksli cəmiyyətdə geyim, maşın və digər məişət əşyaları özünü göstərmək vasitəsi formasını alıb. Həyat tərzi istədikləri kimi deyil, cəmiyyətdə yaradılımış süni şablonlar əsasındadır. Ayaqlarını yorğanlarına görə uzatmırlar, ruhlarına uyğun, düz bildikləri formada yaşamırlar. Bəzi hərəkətləri səhv bilir, ancaq düşünürlər ki, mən bu cür etməsəm (məsələn, təmtəraqlı toy məclisi etməsəm, təmtəraqlı yas verməsəm...), insanlar mənə nə deyər. Bu şablonlar hətta düşüncələrə belə geydirilir. Bu zaman cəmiyyət də şablonlarla düşünmək məcburiyyətində qalacaqdır.

Hitler və Stalin natamamlıq kompleksindən əziyyət çəkib

- Əgər bu fikirləri siyasi müstəviyə transformasiya etsək, nə demək olar? Yəni diktatura və dünyəvi hegemonluqların arxasında hansı psixoloji problemlər gizlənir?

- Natamamlıq hissinə tutulmuş cəmiyyətdən natamam şikəst ruhlu insanlar çıxacaqdır. Tarixin diktatorlarını, məşhur canilərini psixoloji təhlil etsək, bir çoxunun natamamlıq kompleksindən və ya başqa psixoloji problemlərdən əziyyət çəkdiyini görərik. Hitler və Stalinin natamamlıq kompleksindən əziyyət çəkdiyini o dövrün bir çox tanınmış psixoterapevtləri də qeyd edirdilər. Erix Fromm "İnsan deestruktivliyinin anatomiyası" əsərində Stalinin bir çox psixoloji problemlərinin olduğunu faktlarla sübut edir. Karl Qustav Yunq isə Hitlerin güclü natamamlıq kompleksinə tutulduğunu yazır. Həm Stalin, həm də Hitler uşaqlıqda valideynləri tərəfindən davamlı zorakılığa məruz qalıb, hər ikisi qüsurlu psixologiyaya malik olublar.
   Analitik psixologiyanın banilərindən biri, isveçrəli psixiatr Karl Qustav Yunqun amerikalı jurnalist Hyubert Renfro Nikerbokerə verdiyi məşhur bir müsahibəsi var. Bu müsahibə ilk dəfə 1941-ci ildə Nikerbokerin "Sabah Hitler" adlı kitabında dərc olunub. O, müsahibədə sizin sualınızla birbaşa əlaqəli hissələr var. Yunq ümumi olaraq bunları deyir: "Almanlar Dunay vadisinə gec gəliblər və millət olaraq, dövlət olaraq formalaşmaları İngiltərə və Fransadan çox sonralar baş verib. Hansı ki, həmin dövrdə onların hər ikisi daha çox inkişaf etmişdilər. Almanlar müstəmləkə işğalında və öz imperiyalarının əsasını qoymaqda da çox gecikdilər. Onlar vahid bir millət olaraq birləşdikləri zaman ətraflarında İngiltərə və Fransanı və digər ölkələri artıq çoxdan formalaşmış gördülər. Belə ki, bu ölkələr onlara nisbətdə çox inkişaf etmişdilər və çoxlu müstəmləkələrə sahib idilər. Artıq almanlara heç bir şey qalmamışdı. Bax, onda almanlar küskün oldular, incidilər, qəlblərində həsəd və qısqanclıq yarandı. Onlar özlərini mirasdan iri hissələr ələ keçirmiş böyük qardaşların kiçik qardaşı kimi hiss edirdilər. Bu, almanlarda natamamlıq kompleksinin yaranmasının həqiqi mənbəyi oldu. Məhz bu natamamlıq kompleksi onların siyasi düşüncələrinin və siyasi fəaliyyətlərinin istiqamətini təyin etdi. Bu kompleks almanların şüuraltında oturub qəlblərinin dərinliklərinə nüfuz etdi. Natamamlıq kompleksi onları I Dünya Müharibəsini başlamağa sövq etdi. Almanlar I Dünya Müharibəsində nifrət etdikləri böyük qardaşları tərəfindən məğlub edildilər. Bu, onlarda olan natamamlıq hisslərini daha da şiddətləndirdi və bütün almanların ümumi psixoloji xüsusiyyətinə çevrildi. Sonra isə hakimiyyətə Hitler gəldi və almanların içlərində olan şiddətlənmiş gizli komplekslərini bir daha qıcıqlandırdı. Hər bir alman üçün Hitler onun daxili aləminin güzgüsü idi. O, hər bir almanın qəlbinin gizli səsini eşidilən edən səsucaldıcıya çevrildi. Ona görə də Hitlerin hakimiyyəti siyasi deyil, ecazkar və mistik idi. Bu zaman almanlar Hitlerin simasında əmin oldular ki, onlar bütün ömür boyu, məxsusən də I Dünya Müharibəsindəki məğlubiyyətdən bəri intizarında olduqları öz xilaskarlarını və öz məsihlərini tapıblar".
   Natamamlıq kompleksi insanı ən təhlükəli birinə çevirə, qeyri-adi dəhşətli addımlar atmağa məcbur edə bilər. Qədim antik dövrdə Herostrat adlı bir şəxs yaşayırdı. O, özündə güclü dərəcədə cılızlıq hiss edirdi. O, tanınmaq, adının tarixə düşməsini istəyirdi. Halbuki, o, öz dövründə olan böyük filosoflar, ədiblər, şairlər, siyasi xadimlər kimi istedada malik deyildi. Ona görə də məşhur Artemida ilahəsinin məbədini yandırdı. Ondan bunun səbəbini soruşduqda isə tanınmaq və tarixə düşmək istədiyini etiraf etdi.
  Natamamlıq kompleksi uzun illərdən bəri püskürməyən və buna görə də bütün enerjisi içində yığılmış bir vulkan kimidir. Böyük gücə malikdir, ya insanı məhv edəcək, ya da onu uğur yolunda göylərə ucaldacaqdır. Vilma Rudolf uşaqlıqda tez-tez müxtəlif xəstəliklərə tutulurdu. Xəstəlikləri səbəbindən hətta yerişində də qüsur yaranmışdı. O, özündə olan natamamlıq kompleksini yenməyə səy edir. Nəticədə yüngül atletika üzrə üçqat olimpiya çempionu olur, qaçış üzrə dünya rekordu vurur.
   Natamamlıq kompleksi birmənalı olaraq insanı və ya ölkənin əhalisini məhv edən lənət deyildir. Onun insanı hansı istiqamətə və aqibətə aparacağı insanın öz əlindədir. Bir milləti ucaldır, digərini isə məhv edir. Burada almanlardan danışdıq. Ancaq misal olaraq yəhudiləri də göstərmək olar. Yəhudi xalqı tarix boyu bir neçə dəfə kütləvi şəkildə əsarətə, məhvə məruz qalıb. Eramızdan əvvəl VI əsrdə baş vermiş Babil əsarəti yəhudi dövlətinin məhvi ilə başladı və 70 ilə yaxın davam etdi. Sonra isə Babil fars şahı II Kir tərəfindən işğal olundu. Bundan sonra o, yəhudilərə öz torpaqlarına qayıtmaq icazəsi verdi. Yəhudilər assuriyalılar tərəfindən də bir neçə dəfə kütləvi deportasiyalara məruz qalıblar. Hətta da Quranda da onların əsarəti və verilən işgəncələr barədə danışılır. Tarix boyu onlar dəfələrlə müxtəlif güclərin işğalı altında olublar. Yunqun da təhlili məhz belədir. O, yəhudilərin tarixdə ümumi psixoloji zədələr səbəbilə kütləvi natamamlıq kompleksinə tutulduqlarını deyir. Ancaq bu kompleks onları yox etmədi. Onlar bununla mübarizə aparmağa başladılar. Yunq bütün yəhudiləri birləşdirəcək "böyük yəhudi dövləti" kimi ideyaları məhz bu kompleksin təhriki ilə uydurduqlarını yazır. Belə ki, onlar bu ideyalar ilə vahid bir millət kimi birləşmək və qurtuluşa çatmağa çalışırdılar.

Onlar komplekslərini öz inkişafına yönləndirməyə çalışırlar

- Qərb cəmiyyətində necə, natamamlıq kompleksi varmı? Varsa, bu, özünü hansı formada göstərir?

- Qərbin də özünü məxsusi şəkildə göstərən natamamlıq kompleksləri var. Ancaq onlar bu komplekslərini daha çox öz inkişafına yönləndirməyə çalışırlar. Orada daim kütlələrin uğura, gözəl yaşayışa doğru can atmaları təbliğ olunur. Daim uğura səy göstərmək kütlələrin psixologiyasında qəribə inkişaf effekti yaradır. Hər bir Qərb cəmiyyətinin təsəvvüründə uğurlu, müvəffəq və müasir insan obrazı və belə bir insana xas olan ideyal, gözəl həyat tərzi yaradılıb. Onlar da kütləvi olaraq həm özləri, həm də həyat tərzlərini bu etalona uyğunlaşdırmağa çalışırlar. Aydındır ki, uğurlu insanın və daha yaxşı ideal həyat tərzinin forması onlara müxtəlif yollarla, məsələn, bədii filmlər, əbədiyyatlar, reklam çarxları, jurnallar, qəzetlərlə və s. ilə təbliğ olunur, beyinlərinə yeridilir. Bu cür düşünməyən, bu cür yaşamayan insanlar isə geridə qalmış, uğursuz hesab olunur. Nəticədə uğurlu insan standartına uyğun gəlməyənlərdə şiddətli formada natamamlıq kompleksi yaranmağa başlayır. Bu zaman cəmiyyət çalışır ki, bu standartlara uyğun gəlmək üçün əlindən gələni etsin, ali təhsil alsın, işləsin, pul qazansın, kurslara getsin, mütaliə əhli olsun, fərdi inkişafı üçün çalışsın və s. etsin. Uğurlu olmaq istəyirsənsə, bütün potensialını işə salmalısan, ortaya iş qoymalısan, elmin ilə, təhsilinlə, cəmiyyətə faydan ilə fərqlənib irəli getməlisən. Orada pul ilə diplom ala bilməyəcəksən, savadsız və perspektivsiz olsan, yaxşı iş yerləri sənlik olmayacaq və sairə... Nəticədə isə Qərbi müasir, inkişaf etmiş, elm və texnikada irəli getmiş bir cəmiyyət olaraq görürük...

Özümüzə uyğun müasir-kamil insan modelini yaratmalıyıq

- Məncə, həmin Qərb etalonunun mənfi tərəfləri də var...

- Mənfi tərəfləri odur ki, onlar dünyaya təqdim etdikləri nümunəvi, müasir kamil insan modelini məhz özlərinə uyğun yaradıblar. Bu kamil insanın özünə xas həyat tərzi, düşüncə forması, inancları var. Bu kamil insan hüquq, əxlaq, din, dünyagörüşü, ənənələr, həyat fəlsəfəsi, şəxsi mənafe mövzularında özünəməxsus formada düşünür. Məsələn, bu insan modeli eyni cinslərin evliliyinə, odlu silahların, narkotik vasitələrin açıq-aşkar satışına, hətta heyvanlarla ailə həyatı qurmağa belə normal baxa bilər. Müsəlmanları təhlükə mənbəyi kimi də görə bilər, ən ali dəyərlərin Qərbə aid olduğunu düşünüb özünü ali irq də saya bilər, biznes və siyasət mövzularında öz xeyrinə olan ikili standartları da normal hesab edər və s. Mümkündür ki, qeyd etdiyimiz mövzularda olan yanaşmalar bəzən digər cəmiyyətlərlə, məsələn bizim cəmiyyətlə kəskin fərqlənmiş olsun, hətta bəzi hallarda bizim üçün təhlükə mənbəyi də hesab olunsun. Ona görə də öz cəmiyyətimizə uyğun olan, milli-mənəvi dəyərlərimizlə uzlaşan müasir-kamil insan modelini yaratmaq lazımdır.

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.