Rusiya Ordusu Ukraynanın Konstantinovka şəhərinə hücumların intensivliyini azaldıb.
Milli.Az xəbər verir ki, ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri bildirirlər ki, bu, Rusiya Ordusunun hücum strategiyasının dəyişməsi ilə bağlıdır. Hazırda əsas diqqət Ukraynanın Pokrovsk və Mirnoqrad şəhərlərinin ələ keçirilməsi istiqamətində cəmlənib.
Məlumata görə, Rusiya qüvvələri Pokrovskun cənub-şərq istiqamətində müəyyən irəliləyiş əldə edib. Şəhərlərə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirilir, eyni zamanda artilleriya sistemlərindən də istifadə olunur. Quru qoşunları isə əsasən kiçik hücum dəstələri ilə irəliləməyə çalışır.
Rusiyalı hərbi bloqerlərin məlumatına əsasən, Pokrovskun şimal-şərq hissəsi artıq rus qüvvələrinin nəzarətindədir. Mirnoqrad şəhərinin də şimal və cənub-şərq istiqamətləri Rusiya Ordusu tərəfindən ələ keçirilib. Bununla belə, Ukrayna qüvvələri Zatışka yaşayış məntəqəsində rus hərbçilərinin geri çəkilməsinə nail olublar.
Pokrovsk istiqamətində yerləşən Ukrayna batalyonunun komandiri qeyd edib ki, Rusiya Ordusu müdafiə xəttini birbaşa deyil, dolayısı ilə yarmağa çalışır:
"Üzbəüz toqquşmalarda böyük itkilər verdikləri üçün dolayısı taktikalara üstünlük verirlər. Hücumlarda təlimsiz əsgərlər ön xəttə göndərilir, bu da əsas piyada bölmələrinin PUA və artilleriya zərbələrindən qorunmasına şərait yaradır".
Hazırda Pokrovsk ətrafında Rusiyanın üç hərbi dəstəsinin cəmləşdiyi bildirilir. Bu vəziyyət Ukrayna Ordusunun rus qüvvələrini şəhərdən sıxışdırıb çıxarmasını çətinləşdirir. Ukrayna hərbçiləri isə mühasirədən çıxmaq və əlavə qüvvələrin cəmlənməsi üçün vaxt qazanmağa çalışırlar.
Asya Hüseyn
Milli.Az





