Ölkə

Xaricdə təhsil adı ilə dələduzluq - Təhsil şirkətlərinin tanınmayan diplomları

21 Sentyabr 2022 09:56
Baxış: 2 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər ölkənin ali məktəblərinə aparılan qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlər, bir qayda olaraq, xarici ölkələrin universitetlərində "əlverişli təhsil" təklifləri edən şirkətlərə üz tuturlar. Bu təhsil maklerləri azərbaycanlı gənclərdən aldıqları yüksək məbləğdə vəsait hesabına 4 il ərzində onların bütün təhsil problemlərini də "həll etməyi" öz üzərlərinə götürürlər. Sonda isə ölkə sərhədlərindən çıxmayan həmyerlilərimizə xarici universitetlərinin diplomlarını təqdim edirlər. Bu diplomların əksəriyyəti isə sonradan tanınmır.

Bəs bu cür təhsil vəd edən şirkətlərə inanmaq nə dərəcə doğrudur?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, xaricdə attestatla təhsil vəd edən şirkətlərə inanmaq xeyli risklidir.

"Xaricdə təhsil adı ilə göndərilən gənclər məzun olduqdan sonra onların diplomlarının tanınmasında kifayət qədər problemlər yaşanır. Açığı, ciddi universitetlər xarici tələbələri beynəlxalq imtahanların nəticələrinə görə qəbul edirlər. Xaricdə təhsilə attestatla gedən gənclər kimlər olur? Onlar burada Dövlət Imtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında kifayət qədər aşağı nəticə əldə edən gənclərdir. Onların xeyli hissəsilə ünsiyyətim olub. Ən yaxşı halda təhsil üçün Türkiyəyə gedirlər, amma təhsil ala bilmirlər. Bir çoxu təhsili yarımçıq qoyub geri dönür, bəzisi oxumaqda çətinliklə qarşılarılar ondan sonraki dönəmlərdə Azərbaycana yerdəyişmə etmək istəyirlər, bir qismi Ukrayna, Belarus, Rusiya, Gürcüstana təhsil adı ilə gedirlər və o məzunların əksəriyyəti növbəti mərhələdə diplomlarını tanıda bilmirlər. O şirkətlərin vədləri çox acınacaqlıdır. Bu cür şirkətlər Azərbaycanda kifayət qədərdir. Dərs ilinin başlamasına baxmayaraq, hələ də attestatla xaricdə təhsil adı ilə o bazar davam edir və təəssüf ki, o şirkətlərin vədlərinə inanan insanlar kifayət qədərdir. Bu baxımdan insanlar diqqətli olmalı və bu şirkətlərin vədlərinə aldanmamalıdır. Həmçinin övladlarının 4-5 ilinin boşa getməsinə yol verməməlidirlər. Hətta bəzən həmin universitetlər diplomların tanınması ilə bağlı bir problemin yaşanmayacağını vəd edirlər. Amma insanlar o problemlə üzləşdiklərində şirkətlər məsuliyyəti öz boyunlarından atırlar. Gənclərimizi diqqətli olmağa və sonrakı aqibətlərini əvvəlcədən düşünməyə çağırıram", - deyə İ.Orucov əlavə edib.

Təhsil eksperti Kamran Əsədov isə Trend-ə açıqlaması zamanı bildirib ki, ali məktəblərə qəbulun nəticələrinin elan olunması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb.

"Xarici ölkələrə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan bir qrupu qəbul imtahanlarında topladıqları balları yerli ali məktəblərə qəbul olmağa imkan verməyənlərlədir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstanın universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta nüfuzlu ixtisaslarda təhsil alsalar belə, qeyri-qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə-iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər.

İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar.

Azərbaycanda xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. Sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbəttə ki, bu hüquq pozuntusu deyil. Sadəcə olaraq valideynlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də, istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər", - deyə K.Əsədov bildirib.

Ekspert vurğulayıb ki, insanların çoxunu təhsil yox, diplom düşündürür. Buna görə də onlar imtahansız xaricdə "təhsil" fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt bu cür diplomlar tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havaya getmiş olur", - deyə ekspert əlavə edib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Trend-ə verilən məlumata görə, avqust ayı üzrə diplomların tanınması ilə bağlı 200 müraciətçinin 178-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 22 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

"Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 81, Rusiya Federasiyasından 63, Ukraynadan 22, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 9, Gürcüstandan 6, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunur",- deyə əlavə edilib

Elm və Təhsil Nazirliyindən isə Trend-ə bildirilib ki, bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı nazirliyə mütəmadi müraciət edirlər. Təəssüf ki, belə şikayətlər, xüsusilə, dövlət proqramları, eyni zamanda, hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil müsabiqələrinin keçirildiyi dövrdə daha intensivləşir.

"Bununla əlaqədar bildirmək istərdik ki, Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də qeyd edilən proqramlar ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

Vətəndaşlara bir daha bildirmək istərdik ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd sözügedən proqramlara seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Elm və Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Elm və Təhsil Nazirliyinin 146 - 6 "Çağrı Mərkəzi"nə məlumat versinlər", - deyə əlavə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.