Dünya

ABŞ-Çin münasibətləri hara aparır - müharibəyə, yoxsa...? - TƏHLİL

18 Sentyabr 2021 22:31
0 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton mövqelərini qorumaq üçün mümkün olan hər şeyi etməyə çalışır, Pekin isə qarşı tərəfi təxribatlarda suçlayaraq müvafiq cavabın veriləcəyini bildirir

"Qədim romalılar məğlubiyyətdən qorxmurdular. Roma da digər böyük imperiyalar kimi, müxtəlif döyüşlərdə uduzar, amma nəticədə, müharibədə qalib gələrdi. Əgər imperiya zərbənin qarşısını ala bilmirsə, o, artıq imperiya deyil", - deyə Yuval Noah Harrari "Sapiens. Bəşəriyyətin Qısa Tarixi" kitabında yazır.

Bu barədə "Kaspi" qəzetində dərc edilən ABŞ-Çin münasibətlərinə dair təhlildə qeyd olunur.

Şübhəsiz, bu gün dünya imperiyası adına layiq olan yeganə dövlət Amerika Birləşmiş Ştatlarıdır. Eks-prezident Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olmuş Zbiqnev Bjezinski deyirdi ki, məhz Avrasiyaya nəzarət edən dövlət dünyaya hökmranlıq edir. ABŞ məlum terror hadisəsindən sonra İraq və Əfqanıstandakı rejimləri devirərək bu ölkələr üzərində nəzarəti ələ keçirmişdi. Bununla o, Avrasiyaya, nəticə etibarı ilə dünyaya hökmranlıq edən dövlətə çevrilmişdi. Amma ABŞ qoşunlarının bu yaxınlarda Əfqanıstandan çıxması, əslində, onun dünya imperiyası olması ilə bağlı suallar yaradıb. Artıq onunla rəqabət aparmaq iqtidarında olan fövqəldövlət var. Söhbət, əlbəttə ki, Çindən gedir...

Bəs ABŞ-ın yeni dünya imperiyası olmağa can atan Çinlə əlaqələri hansı istiqamətdə inkişaf edəcək? Adı çəkilən rəqabət iki dövlət arasında müharibəyə səbəb ola bilərmi?

ABŞ-la Çinin qəliz münasibətləri

Vaşinqtonla Pekin arasında əlaqələr son 40 ildə, yəni 1979-2020-ci illərdə enişli-yoxuşlu olub. Amma bu dönəmi iki dövlət arasında dayanıqlı iqtisadi inteqrasiya dövrü kimi də xarakterizə etmək olar. ABŞ-la Çin arasında iqtisadi əlaqələrin dərinliyi, əslində, dünya iqtisadiyyatının daha da qloballaşmasına və iki fövqəldövlət arasında sülhün güclənməsinə töhfə verib. Lakin Co Baydenin hakimiyyəti dövründə ABŞ-Çin münasibətləri qəlizləşməyə və Vaşinqtonla Pekin bir-birindən uzaqlaşmağa başlayıb. Çin artıq 1980-ci illərdəki kimi, ABŞ və müxtəlif ölkələrə yalnız tekstil məmulatları ixrac edən ölkə deyil. O, bu gün müxtəlif dövlətlərə yüksək texnologiyalar tədarük edir və fəal diplomatiya həyata keçirir. ABŞ rəhbərliyi isə regiondakı bu yeni reallığı başa düşmür və Çinlə konstruktiv münasibətlər qurmağa can atmır.

Cənubi Çin dənizində hökmranlıq savaşı

Bu günlərdə ABŞ-ın "Benfold" esminesi Çin hakimiyyətinin icazəsi olmadan Meydzi rifi yaxınlığında Cənubi Çin dənizinə daxil olub. Çin tərəfi ABŞ esminesini Cənub Çin dənizindən çıxarmaq məqsədilə həmin bölgəyə aviasiya və hərbi gəmilər göndərib.

Xatırladaq ki, Vaşinqtonla Çin arasında Meydzi rifi ətrafındakı 12 millik bölgə ilə bağlı fikir ayrılığı var. Əlbəttə ki, ABŞ-ın bu addımı Çinin qəzəbinə səbəb olub. Çinin "Global Times" nəşrində dərc edilən məqalədə ABŞ hərbi esminesinin mübahisəli bölgəyə daxil olması təxribatçı addım kimi xarakterizə edilib: "Çin ABŞ-ın bu addımına laqeyd yanaşa bilməz. Odur ki, rəsmi Pekin cavab tədbirləri həyata keçirməlidir. Vəziyyətin belə davam edəcəyi təqdirdə Cənubi Çin dənizində Çinlə ABŞ arasında hərbi toqquşma baş verəcək. Vaşinqton adı çəkilən dənizdə təhdid yaradan ən böyük dövlətdir. O, zamanla regiondakı sülhü məhv edə bilər", - deyə məqalədə qeyd edilir.

Əlbəttə ki, Cənub Çin dənizində vəziyyətin gərginləşməsi tərəflər arasında müharibə təhdidini artırır. Bu, təxminedilməz hadisələrə səbəb ola bilər.

Telefon danışığı gərginliyi azalda biləcəkmi?

Doğrudur, bu yaxınlarda ABŞ prezidenti Co Bayden ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon danışığı olub. Onlar ABŞ-Çin əlaqələri, iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlər haqda fikir mübadiləsi aparıblar. Si Cinpin iki ölkə arasında ciddi çətinliklərlə əhatə olunmuş münasibətlərə yeni istiqamət verilməsinə çağırış edib. Co Bayden isə öz növbəsində Çin liderinə tərəflər arasında yarana biləcək anlaşılmazlıqlarla bağlı xəbərdarlıq edib.

Amma tərəflər arasında mübahisəli məsələlərin ciddi olduğunu nəzərə alsaq, yaxın gələcəkdə Vaşinqton ilə Pekin arasında əlaqələrin yeni istiqamətdə inkişaf edəcəyini və onlar arasında fikir ayrılıqlarının asanlıqla aradan qaldırılacağını söyləmək çox çətindir.

Dünya Qərblə Çin arasında

Böyük Britaniyanın nüfuzlu "The Economist" jurnalının sabiq redaktoru Bill Emmot hesab edir ki, hazırda ABŞ ilə Çin beynəlxalq məsələlərdə birgə hərəkət etmir: "Vaşinqtonla Pekin onlara lazım olan məqamlarda bir-biri ilə danışır".

ABŞ-Çin əlaqələrində uçurumun yaşandığı dövrdə digər ölkələr bu iki fövqəldövlət arasında seçim etməli olacaq. B.Emmotun fikrincə, məsələn, Yaponiya və Böyük Britaniya yeganə əsas müttəfiq kimi adı çəkilən iki fövqəldövlətdən birini seçməyə məcbur qalacaq.

Beləliklə, yaxın gələcəkdə dünya ölkələrinin Qərblə Çin arasında seçim etməli olacağını söyləyə bilərik. Doğrudur, iki fövqəldövlətin rəqabətini yeni "soyuq müharibə" kimi xarakterizə etmək olmaz. Çünki bu gün onlar arasında ciddi iqtisadi inteqrasiya mövcuddur.

Bir sözlə, ABŞ-ın dünya imperiyası kimi rolunu necə qoruyacağını, Çinlə münasibətlərini hansı istiqamətə inkişaf etdirəcəyini və zərbələrin qarşısını necə alacağını zaman göstərəcək. ABŞ-ın məşhur dövlət xadimi Henri Kissincerin dediyi kimi, "böyük fövqəldövlətdən heç biri həmişəlik geri çəkilmir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.