İtaliya yığmasının sabiq futbolçusu Klaudio Markizio karyerası ərzində etdiyi səhvlərdən danışıb.
Milli.Az apasport.az-a istinadən bildirir ki, keçmiş yarımmüdafiəçi gənclik illərində intizamsız oyunçu olduğunu etiraf edib.
O, hətta intizamsızlıqlarından birini də açıqlayıb: "Cavan olduğum vaxt necə davranacağımı bilmirdim. Çox axmaq işlər gördüm. 18-19 yaşımda Fabio Kapelonun rəhbərlik etdiyi "Yuventus"un əsas komandasına cəlb olundum. Fırtınalı bir gecədən sonra bazanın yaxınlığında avtomobildə yatmaq qərarına gəldim. Səhər Alessandro Del Pyeronun avtomobilinin siqnalına oyandım. O, maşında yatdığımı bilmədi, hətta vaxtından tez gəldiyim üçün məni təriflədi".
Qeyd edək ki, 2005-2018-ci illərdə "Yuventus"un şərəfini qoruyan Klaudio Markizio qısa müddət "Empoli" (2007-08) və "Zenit"də (2018-19) çıxış edib.
Milli.Az