İdman

Adrian Mutu: “İstanbula qələbə qazanmaq üçün gedəcəyik”

10 Avqust 2023 23:44
Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizim üçün İstanbuldakı oyun çox vacibdir. Ora yalnız qələbə qazanmaq üçün gedəcəyik".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu Türkiyənin "Beşiktaş" klubuna 1:3 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis güclü rəqiblə qarşılaşdıqlarını etiraf edib: "Çətin oyun oldu, güclü rəqiblə qarşılaşırdıq. Çalışdıq ki, sona qədər mübarizədə olaq. Birinci hissədə "Beşiktaş" daha güclü idi. Amma ikinci hissədə biz daha fəal oynadıq, qol imkanları yaratdıq. Bəxtimiz gətirsəydi, ikinci qolu da vurardıq. Qapımızda buraxdığımız üçüncü qolu rəqibə hədiyyə etdik. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Orada Koffinin səhvi oldu. Amma o da zədədən təzə qayıdıb. Oyunçuların səhvsiz oynaması çox çətindir. Çünki rəqibimiz çox keyfiyyətli komanda idi. Bəzən elə məqamlar var ki, rəqibin gücünü qəbul etməlisən. Bu axşam qolları analiz edəcəyəm. Müdafiədə boşluqlar verdik, rəqib də bundan yararlandı. Bunun üzərində işləyəcəyik".

Baş məşqçi start heyət seçimində yanılmadığını düşünür: "Start heyətində yanıldığımı deməzdim. Əlimizdəki oyunçularla çıxış etdik. Məsələn, Olanare dünən kollektivə qoşulub, hələ gücünün 30 faizində deyil. Koffi də zədələnmişdi, yeni sağalıb. Təəssüf ki, Eddi İsrafilov, Ömər Buludov zədəli idilər. Kim daha yaxşı durumda idi, onlara da şans verdim. Bu cür rəqiblərlə görüşdən qopmamaq üçün daha çox qaçmalısan. Zədədən sağalan oyunçuları ikinci hissədə meydana buraxmağı planlaşdırırdım. Çünki ən yaxşı məşq oyundur. Oynayarkən fiziki durumun daha sürətlə yaxşılaşır. Fasilədən sonra bəzi futbolçuları 45 dəqiqə meydanda oynatmağa məcbur idim. Hətta zədələnmələrindən ehtiyatlanırdım. Zədələnməmələri bizim üçün sevindirici oldu".

O, bəzi oyunçuların hələ tam hazır olmadığını vurğulayıb: "Beşiktaş"la cavab görüşünə hələ bir həftə vaxt var, indidən nəsə demək çətindir. Bu, qurmaq istədiyim heyətin hələ 30 faizidir. Yeni transferlər etməyə çalışırıq. Eyni zamanda heyətdəki oyunçuları yaxşı fiziki duruma çatdırmaq üzərində işləyirik. Qarşıdakı matçlarda seçimlərimizdə diqqətli olmalıyıq. Çünki üç gündən bir oynamaq zədə riskini artırır. Yüz faiz hazır olmadıqda zədə almaq ehtimalı daha da çoxalır".

Mutu komandasının ikinci hissədəki performansından məmnunluqla danışıb: "Birinci hissə emosiya dolu keçdi. "Beşiktaş"ın yox, yalnız "Neftçi" azarkeşlərinin səsini eşidirdim. İkinci hissədəki çıxışımızdan çox xoşum gəldi. Sona qədər mübarizə apardıq. Biz təkcə avrokubok yox, çempionat oyunlarını da düşünməliyik. Çünki qarşımızda böyük hədəflərimiz var".

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 17-də İstanbulda baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.