Mədəniyyət

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun "Bahar ayini" xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi - FOTO

17 Noyabr 2025 19:38
Baxış: 273
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

BIAF 2025 - Bakı Beynəlxalq İncəsənət Festivalı məşhur Yang Liping Contemporary Dance (Çin) qrupunun "Bahar ayini" xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş etdirilən tamaşa festival proqramının kulminasiya anlarından biri olmaqla yanaşı, tamaşaçılara İqor Stravinskinin klassik şah əsərini yenidən güclü, emosional və dərin poetik düşünməyi təklif etdi.

Beynəlxalq mətbuat tərəfindən tez-tez "Şərqin Pina Bauşu" adlandırılan xoreoqraf-vizioner Yan Lipin məşhur əsərə öz təfsirini verir və onu qədim Çin simvolizmini Avropa musiqi ənənəsi ilə birləşdirən valehedici bir rituala çevirir. Onun bu yanaşması Şərq ilə Qərb arasında yeni bir bədii dialoq açır, iki estetik sistemi vahid səhnə ifadəsində birləşdirir.

Kollektivin aparıcı rəqqasəsi Maya Donq tamaşanın fəlsəfəsini belə şərh edir: 
"Tamaşamızın fəlsəfəsi hekayənin tarixi versiyasından fərqlənir. Oynadığım personaj özünü cəmiyyət üçün qurban verir. Lakin bu, xilas üçün qurban deyil, əksinə, onun həyatına daha çox dəyər verən bir hərəkətdir. Bu, insan həyatının dəyərini anlamaq üçün fərqli bir yanaşmadır."

Quruluşun kreativ prodüseri Faruk Çaudxri Çin təfsirinin unikallığını belə izah edir:
"Bahar ayini"nin əksər klassik baletlərində baharın gəlməsi üçün ölən bir qurban təsvir olunur. Lakin Yan Lipinin versiyasında biz qurbanın əslində bir məsuliyyət olduğu fikrini araşdırırıq. Biz həyatın düz xətt deyil, bir dövrə olduğu konsepsiyası ilə işləyirik. Düşünürəm ki, Bakı bu tamaşa üçün bəlkə də ən uyğun yerdir, çünki Şərqlə Qərbin həqiqətən qovuşduğu və yeni bir dil yaratdığı yer buradır".

Tamaşa, kişi və qadın başlanğıclarının qarşılıqlı təsiri, eləcə də təbiətin dövriliyi ideyası vasitəsilə araşdırılan qurban və yenidən doğuluş mövzusuna əsaslanır. Baş qəhrəman Çin mədəniyyətinin ənənəvi təsəvvürlərində dərindən kök salmış motiv - yeni başlanğıca həyat vermək üçün könüllü olaraq özünü qurban verir.

Tamaşa sənətin incə sintezidir: müasir xoreoqrafiya və ənənəvi rəqsin elementləri orijinal musiqi palitrası ilə birləşir. Stravinskinin partiturası bəstəkar He Syuntyanın aranjimanında Tibet intonasiyaları ilə zənginləşdirilib ki, bu da mistik və ritual atmosferi daha da gücləndirir. Tamaşanın vizual obrazı rəssam Tim Yip ("Əyilən Pələng, Gizlənən Əjdaha"), işıqlandırma dizayneri Fabian Piççoli və video rəssam Tobias Qremmlerdən ibarət beynəlxalq yaradıcı heyət tərəfindən yaradılıb.

"Bahar ayini"nin nümayişi BIAF 2025 - Bakı Beynəlxalq İncəsənət Festivalının miqyaslı beynəlxalq tədbir statusunu bir daha təsdiqlədi və Azərbaycan tamaşaçılarına dünya incəsənətinin ən gözəl nümunələrini seyr etməyə imkan verdi. Festival 16 noyabr tarixinə qədər davam edəcək və Bakının görkəmli musiqiçilərinə həsr olunmuş final konsertlə başa çatacaq.

Saytın rəsmi saytı: https://www.biaf.az/ 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.