Küveytdə baş verən hərbi qəza zamanı ABŞ-yə məxsus 3 döyüş təyyarəsi yerli hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulub. Hadisə nəticəsində paraşütlə yerə enən pilotlardan birinin yanına qaçan Küveyt vətəndaşının ona təşəkkür etdiyi anlar kameraya əks olunub.
Milli.Az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən verilən rəsmi açıqlamaya görə, ABŞ-nin 3 döyüş təyyarəsi Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən "yanlışlıqla" hədəf alınıb.
Təyyarələrin Küveyt ordusu tərəfindən "dost atəşi" nəticəsində vurulduğu təsdiqlənib.
Ümumilikdə 6 ekipaj üzvünün hamısı katapult (fırlatma oturacağı) vasitəsilə təyyarələri tərk edə bilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Hadisənin ən çox danışılan tərəfi isə xilas olan pilotlardan biri ilə yerli sakinin dialoqu olub. Paraşütlə yerə enən əsgərin yanına qaçan küveytli mülki şəxs kameranı əlində tutaraq pilotu sakitləşdirməyə çalışıb.
"Yaxşısan? Problem yoxdur, təhlükəsizlikdəsən. Hər şey qaydasındadır," deyərək pilota dəstək olub. Daha sonra isə səmimi şəkildə: "Bizə kömək etdiyiniz üçün sizə təşəkkür edirik," deyə əlavə edib.
Küveyt rəhbərliyi baş vermiş səhvi qəbul edib. ABŞ tərəfi isə Küveyt ordusunun dərhal göstərdiyi dəstəkdən məmnunluğunu ifadə edib. Hazırda sistemlərin niyə yanlışlıqla öz müttəfiqini hədəf aldığına dair genişmiqyaslı araşdırma aparılır.
Lalə Qüdrətova
Milli.Az





