İsrail Baş naziri Binyamin Netanyahu İranın raket zərbəsi nəticəsində 9 mülki vətəndaşın həyatını itirdiyi Qüdsün qərbindəki Beyt-Şemeş qəsəbəsinə baş çəkib. Dağıntılar kölgəsində kameralar qarşısına keçən Netanyahu İranı birbaşa mülki şəxsləri hədəf almaqda ittiham edib və ABŞ ilə atılan addımların "qlobal təhdidi aradan qaldırmağa" yönəldiyini müdafiə edib.
Milli.Az xəbər verir ki, Netanyahu çıxışında Tehran rəhbərliyini "tiraniya" adlandıraraq, İsrailin hərəkətlərinin qanuni müdafiə çərçivəsində olduğunu bildirib:
"Tehranın tiranları mülki insanları hədəf alır. Biz isə mülki insanları qorumaq üçün həmin tiranları hədəf alırıq," - deyə o, vurğulayıb.
Baş nazir qeyd edib ki, İranın nüvə silahı və qitələrarası ballistik raket imkanlarına sahib olması təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükədir.
İranın illərdir "İsrailə ölüm, Amerikaya ölüm" şüarları atdığını xatırladan Netanyahu təhdidin Avropa da daxil olmaqla bir çox regiona uzandığını iddia edib. O, əməliyyatların məqsədinin bu qlobal təhlükəni mənbəyində yox etmək olduğunu bildirib.
Netanyahu çıxışının ən diqqətçəkən hissəsini ABŞ Prezidentinə ayırıb:
"Dünyanı xilas etməyə yönəlmiş bu kritik səydə yanımızda olan böyük dostumuz və dünyanın böyük lideri Donald Trampa təşəkkür edirəm," - deyən Netanyahu, Vaşinqton və Təl-Əviv arasındakı koordinasiyanın qətiyyətlə davam edəcəyini vurğulayıb.
O, "Tramp ilə birlikdə dünyanı xilas etdik" ifadəsini işlədərək, həyata keçirilən hərbi əməliyyatların miqyasının və əhəmiyyətinin tarixi xarakter daşıdığını qeyd edib.
Lalə Qüdrətova
Milli.Az





