Cəmiyyət

Turistləri heyrətə gətirən ölkə: Küçələrində bu mənzərə ilə qarşılaşacaqsınız

21 Noyabr 2026 14:44
Baxış: 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Vyetnam qeyri-adi həyat tərzi, maraqlı adətləri, heyrətamiz təbiəti və turistləri təəccübləndirən məkanları ilə dünyanın diqqət çəkən ölkələrindən biridir. Cənub-Şərqi Asiyada yerləşən bu ölkədə küçələrdəki motosiklet axınından evlərin arasından keçən qatara, yeraltı meşələrdən fərqli hazırlanma üsulu ilə seçilən qəhvəyə qədər bir çox maraqlı məqam var.

Milli.Az Vyetnamın diqqətçəkən xüsusiyyətlərini təqdim edir:

Motosikletlər Vyetnamın həyat tərzidir

Vyetnama səfər edənlərin ilk diqqətini çəkən mənzərələrdən biri küçələrdəki motosiklet sıxlığıdır. Burada motosiklet sadəcə nəqliyyat vasitəsi deyil, gündəlik həyatın ayrılmaz hissəsidir. Küçələrdə saysız-hesabsız motosikletin hərəkət etdiyini görmək, xüsusilə ilk dəfə gələn turistlər üçün qeyri-adi mənzərə yaradır. İlk baxışda bu sıxlıqda yolu keçmək çətin görünsə də, yerli sakinlər hərəkətə alışıb və nəqliyyat axınında rahatlıqla irəliləyirlər. Motosikletlərdə bütöv ailələrə, eləcə də müxtəlif əşyalar daşıyan sürücülərə rast gəlmək mümkündür.

Qatar evlərin və kafelərin arasından keçir

Vyetnamın paytaxtı Hanoyda yerləşən məşhur "Train Street"küçəsi turistlərin ən çox maraq göstərdiyi məkanlardan biridir. Burada dəmir yolu xətti yaşayış evlərinin və kafelərin arasından keçir. Küçədə sakitcə qəhvə içən insanlar qatarın yaxınlaşması ilə yerlərini dəyişir, stullar kənara çəkilir və hər kəs təhlükəsiz məsafəyə çəkilir. Qatarın binalara çox yaxın keçməsi isə bu küçəni turistlər üçün unudulmaz və fərqli təcrübəyə çevirir.

Yeraltında gizlənən nəhəng dünya- "Son Doong"mağarası

Vyetnamın təbiət möcüzələrindən biri də Son Doong mağarasıdır. Dünyanın məlum ən böyük mağara keçidi hesab edilən bu məkan təkcə nəhəng ölçüsü ilə deyil, özünəməxsus ekosistemi ilə də diqqət çəkir. Mağaranın daxilində yeraltı çaylar, meşə sahələri və müxtəlif təbii mühitlər mövcuddur. Bəzi hissələrində tavanın açıldığı sahələrdən günəş işığı içəri düşür və yeraltında qeyri-adi mənzərə yaradır. Bu görüntülər mağaranı sanki başqa bir planetdən olan məkan kimi göstərir.

Vyetnamın qeyri-adi qəhvələri

Vyetnam dünyanın aparıcı qəhvə istehsalçılarından biridir. Ölkənin qəhvə mədəniyyəti isə yalnız istehsalı ilə deyil, fərqli hazırlanma üsulları və dadları ilə də seçilir. Qəhvə burada çox vaxt metal filtr vasitəsilə yavaş-yavaş dəmlənir. Ən məşhur içkilərdən biri qatılaşdırılmış südlə hazırlanan soyuq Vyetnam qəhvəsidir.

Daha qeyri-adi seçim isə yumurtalı qəhvədir. Bu içkinin üzərinə yumurta sarısı, şəkər və qatılaşdırılmış süddən hazırlanan krem əlavə olunur. İlk eşidəndə fərqli görünsə də, yumurtalı qəhvə Vyetnamın məşhur içkilərindən birinə çevrilib.

Təbiəti ilə insanı valeh edən Vyetnam

Vyetnamın təbiəti də ölkənin ən böyük üstünlüklərindən biridir. Zümrüd rəngli sular, nəhəng əhəngdaşı qayaları, düyü plantasiyaları və sıx tropik meşələr ölkənin mənzərəsinə xüsusi gözəllik qatır. Məhz təbiətin bu rəngarəngliyi, qədim tarix, fərqli həyat tərzi və qeyri-adi məkanlar Vyetnamı dünyanın maraqlı səyahət istiqamətlərindən birinə çevirir.

Vyetnam yalnız gəzmək üçün deyil, fərqli mədəniyyət tanımaq, yeni təcrübələr yaşamaq və dünyanın nə qədər rəngarəng olduğunu görmək üçün də seçilən ölkələrdəndir.

Müəllif: Mina Mikayılova 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.