İran ilə ABŞ-İsrail koalisiyası arasındakı müharibədə bütün dünyanın qorxduğu ssenari reallaşıb. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) dünya neft daşınmasının təxminən üçdə birinin keçdiyi strateji Hörmüz boğazını bağladıqlarını elan edib. Rəsmi açıqlamada deyilir: "Boğaz bağlanıb, keçməyə çalışan hər bir gəmi hədəfimiz olacaq."
Milli.Az xəbər verir ki, Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin ən kritik nöqtəsidir. Dünyada dəniz yolu ilə daşınan neftin və mayeləşdirilmiş təbii qazın (LNG) böyük hissəsi bu dar keçiddən (ən dar yeri 33 km) keçir. Boğazın bağlanması qlobal bazarlarda yanacaq qıtlığına və qiymətlərin kəskin artmasına səbəb olan geosiyasi fəlakət hesab olunur.
Xatırladaq ki, ABŞ ordusu əməliyyatın ilk 48 saatında İranda 1250-dən çox hədəfin vurulduğunu bildirib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) indiyədək 11 İran gəmisinin tamamilə məhv edildiyini açıqlayıb.
Lalə Qüdrətova
Milli.Az





