Cəmiyyət

Gəncədə yerləşən N saylı hərbi hissənin ildönümü keçirilib

13 Yanvar 2012 19:38
Baxış: 13 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az-ın Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, Gəncədə yerləşən N saylı hərbi hissənin yaranmasının 20-ci ildönümü qeyd edilib. Yubiley tədbirində hərbi hissənin yaranma tarixinə və keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb.

N saylı hərbi hissənin yaranması gününə həsr edilən tədbir hərbi hissənin ərazisində yerləşən ulu öndər Heydər Əliyevin büstünü ziyarət və şəhidlər abidəsi önünə çiçəklərin qoyulması ilə başlayıb. Döyüş bayrağının gətirilməsi və Dövlət himninin səsləndirilməsindən sonra müdafiə naziri Səfər Əbiyevin şəxsi heyyətə ünvanladığı təbrik məktubu oxunub.

Korpus komandiri Rövşən Əkbərov, N saylı hərbi hissənin komandiri Münasib Babayev və ehtiyatda olan zabitlər çıxışlarında bildiriblər ki, yaranmasının 20-ci ildönümü qeyd edilən hərbi hissə Dağlıq Qarabağ müharibəsi dönəmində, 1992-ci ilin yanvarında yaradılıb. N saylı hərbi hissənin bütün şəxsi heyəti amansız düşmənlə Sədərək, Şuşa, Ağdam, Fizuli, Tərtər istiqamətində gedən döyüşlərdə mübarizəyə qoşulub. Qeyd olunub ki, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi, erməni qoşunlarının irəliləməsinin qarşısının alınmasında nümayiş etdirilən igidlik və şücaət bu gün gənc əsgərlərə aşılanır.

Bildirək ki, Qarabağ döyüşlərində hərbi hissənin 400-ə yaxın döyüşçüsü qəhrəmancasına həlak olub, 23 nəfər Milli Qəhrəman, 31 hərbçi Azərbaycan bayrağı ordeni, 45 nəfər isə hərbi xidmətlərə görə medallarla təltif olunublar. Hərbi hissənin 20 illiyinə həsr edilən
tədbirdə beş mayora medal və qiymətli hədiyyələr təqdim edilib.

N saylı hərbi hissənin yaranmasının 20-ci ildönümünə həsr edilən tədbirdə, xidmətdə fərqlənən bir qrup zabit, gizir və əsgər ordu korpus komandiri və N saylı hərbi hissənin komandiri tərəfindən fəxri fərmana layiq görülüblər.

Hərbiçiləri təbrikə gələn azyaşlılar Azərbaycana, vətənə həsr olunmuş şeirlər söyləyib, əsgər marşını ifa ediblər. Tədbirin yekununda əsgərlərin təntənəli keçidi olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.