Siyasət

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

2 İyun 2025 14:31
Baxış: 1 923

Uruqvay dövlət başçısı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Uruqvay Şərq Respublikasının Prezidenti Yamandu Orsi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Uruqvay Şərq Respublikasının xalqı və hökuməti adından və şəxsən öz adımdan 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, əziz xalqınıza sülh və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Ölkələrimiz arasında çox yaxşı ikitərəfli münasibətlər yaranıb və tam əminəm ki, bu münasibətlər mədəni, siyasi əməkdaşlıq zəminində möhkəmlənəcəkdir.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha ən yüksək ehtiramımı bildirirəm".

14:18

Prezident İlham Əliyevə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Əlamətdar bayram - 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu bayram Azərbaycanın milli dövlətçiliyinin dirçəlişinin, ölkənin davamlı sosial-iqtisadi inkişafının və onun beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinin rəmzidir.

Bu gün qarşımızda öz gələcəyini inamla quran, ərazi bütövlüyünü bərpa etmiş və Qafqaz regionunda sabitliyin, tərəqqinin təmin olunmasında getdikcə daha çox mühüm rol oynayan qalib suveren Azərbaycan dayanır.

Əminəm ki, qarşıdakı illər ölkələrimiz arasında çoxplanlı əməkdaşlığın və ənənəvi dostluq əlaqələrinin bundan sonra da möhkəmlənməsində əlavə perspektivlər açacaqdır.

Möhtərəm cənab Prezident, bu bayram münasibətilə Sizə möhkəm cansağlığı, əmin-amanlıq və çoxşaxəli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh, sabitlik və tərəqqi arzulayıram."

20:20

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin adından Sizi və Azərbaycan Respublikasının bütün xalqını 28 May - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Ölkəniz və xalqınız üçün bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün vətəndaşlarına uzun illər ərzində sülh, xeyirxahlıq, firavanlıq, həmçinin iqtisadiyyat, siyasət, mədəniyyət sahələrində sosial əhəmiyyətli layihələrin həyata keçirilməsində, o cümlədən dostluq əlaqələrinin, ikitərəfli əməkdaşlığın və Azərbaycan ilə Rusiya arasında səmərəli əlaqələrin möhkəmləndirilməsində yeni-yeni uğurlar arzulayıram.

Uca Rəbbimdən Azərbaycanın və onun qardaş xalqının firavanlığı naminə bütün xeyirxah işlərə, təşəbbüslərə öz rəhmətini və bərəkətini göndərməsini dua edirəm.

Möhtərəm cənab Prezident, Müstəqillik Gününüz mübarək olsun!"

-------
20:11

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Xahiş edirəm, ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Azərbaycan bu tarixi günü çoxtərəfliliyin sadiq müdafiəçisi, eyni zamanda sülh və təhlükəsizliyə yönəlmiş qlobal və regional çağırışların geniş spektrinin öhdəsindən gəlmək üçün beynəlxalq səylərə rəhbərlik edərək böyük təcrübə qazanmış ölkə kimi qeyd edir. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi kimi mühüm nailiyyəti regional sabitliyə əvəzsiz töhfədir.

Zati-alinizin aydın və strateji baxışı ilə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi təşkilatdakı proseslərə güclü təkan verir. Geniş sədrlik proqramı ilə Azərbaycan öz liderliyini təşkilatın əsas fəaliyyət sahələri olan iqtisadiyyat, ətraf mühit, insan amili, yeni çağırışlarla və təhdidlərlə mübarizə, hərbi-siyasi məsələlər üzrə nümayiş etdirir. Buraya, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin tamhüquqlu regional beynəlxalq təşkilata çevrilməsi prosesinin mühüm mərhələsində nəqliyyat və tranzit əməkdaşlığının inkişafı, eləcə də Azərbaycanın COP-29 Sədrliyinin mühüm uğurları ilə bağlı məsələlər də daxildir.

Cənab Prezident, bu ilin yanvarında Zati-aliniz tərəfindən səmimi qəbula, həmçinin siyasi uzaqgörənliyinizə, strateji baxışınıza, təşkilatımızın transformasiyasına verdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın uğurlu sədrliyi, üzv dövlətlər arasında təşkilatın Nizamnaməsinin layihəsi üzrə müzakirələrin gedişi bu sənədin 2025-ci ilin oktyabrında Bakıda keçirilməsi planlaşdırılan sammitdə qəbul ediləcəyinə ümid verir. Azərbaycanın səyləri təşkilatın daha da güclənəcəyinə, Asiyada dayanıqlı inkişafa, rəqəmsallaşma prosesinə töhfə verəcəyinə tam əminlik yaradır.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınızın davamlı sülh və firavanlıq yolu ilə irəliyə doğru aparılması istiqamətində fəaliyyətinizdə uğurlar arzulayıram.

Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

----------
20:09

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

28 May Azərbaycan xalqının milli qürurunu, birliyini, xeyirxahlığını və rifahını təcəssüm etdirən bir gündür.

Sizin müdrik, uzaqgörən və praqmatik siyasətiniz sayəsində Azərbaycan dövlətçiliyi möhkəmlənmiş, vətəndaşların rifahı artmış və respublikanızın beynəlxalq arenadakı nüfuzu yüksəlmişdir.

Zəngin mədəni-tarixi irsə malik ölkəniz bu gün güclü dövlətə çevrilmiş, yüksək iqtisadi artım templərinə nail olmuşdur.

Zamanın sınağından çıxmış Rusiya-Azərbaycan münasibətləri sabit və qarşılıqlı faydalı əməkdaşlıq nümunəsi olaraq qalır. Ortaq dəyərlər, hörmət, etimad və dostluq dövlətlərarası əlaqələrin möhkəm təməlini təşkil edir.

Sankt-Peterburqa göstərdiyiniz daimi diqqətiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikası Rusiyanın Şimal paytaxtının əsas tərəfdaşlarından biridir.

Əminəm ki, ortaq qəhrəmanlıq tariximiz və inkişaf istiqamətində səylərimiz iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və turizm sahələrində Sankt-Peterburq-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəkdir.

Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı və rifah, günəşli Odlar Yurduna isə inamla irəliləməkdə davam etməyi arzulayıram."

----------
19:57


Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Böyük məmnunluq hissi ilə qeyd edirəm ki, Monqolustan və Azərbaycan arasında qarşılıqlı hörmətə, ortaq tarixi və mədəni dəyərlərə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq birgə səylərimizlə daim genişlənir.

Cənab Prezident, COP29 çərçivəsində Bakıda səmimi görüşümüz zamanı razılaşdığımız məsələlərin həyata keçirilməsi üçün Sizinlə birlikdə işləməyə sadiqəm.

Fürsətdən istifadə edərək, Sizi gözəl, zəngin tarixə malik ölkəmizə dövlət səfərinə dəvət etdiyimi bir daha bildirirəm. Əminəm ki, Sizin səfəriniz əlaqələrimizdə yeni səhifə açmaqla yanaşı, Monqolustan və Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə dəyərli töhfələr verəcəkdir.

Cənab Prezident, Sizə və sevimli ailənizə möhkəm cansağlığı, rifah, dost Azərbaycan xalqına firavanlıq arzulayıram".

-------
19:42

Qana Respublikasının Prezidenti Con Dramani Mahama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Qana Respublikasının Hökuməti və xalqı adından Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.

Mən ölkələrimiz və xalqlarımız arasında səmimi münasibətlərin inkişafı üçün Zati-alinizlə sıx əməkdaşlığı davam etdirməyə sadiqliyimi bir daha bildirirəm.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq arzulayıram".

--------
19:40

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim.

Sizə cansağlığı və səadət, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı ifadə edirəm".

------------
19:25


D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Azərbaycanın Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və xalqına D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının adından və öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan, şübhəsiz ki, Zati-alinizin müdrik rəhbərliyi ilə sosial-iqtisadi inkişaf istiqamətində möhtəşəm uğurlar əldə edib və bununla da həm regional, həm də qlobal məsələlərdə rolunu daha da artırıb.

D-8 ailəsinin ən yeni üzvü kimi Azərbaycan təşkilatımıza özü ilə zəngin təcrübə, dinamizm və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığa möhkəm sadiqlik gətirib. Biz Azərbaycanın çoxtərəfliliyə və inklüziv inkişafa davamlı dəstəyini yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycanın D-8 təşkilatında fəal iştirakı qarşılıqlı fayda naminə qurumun daha da inkişaf etməsinə mühüm töhfə verəcək.

Möhtərəm Prezident, Sizi Müstəqillik Gününüzün ildönümü münasibətilə bir daha təbrik edir, Azərbaycan Respublikasına qarşıdakı illərdə davamlı sülh, tərəqqi, birlik və sabitlik arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

---------
19:18

Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

İcazə verin, Vyetnam dövləti və xalqı adından Sizə Azərbaycan Respublikasının Müstəqillik Gününün 107 illiyi münasibətilə ən səmimi təbriklərimi çatdırım.

Azərbaycan xalqının yaxın dostu olan Vyetnam ölkənizin Sizin rəhbərliyinizlə inkişafı, beynəlxalq inteqrasiya sahəsində nailiyyətləri, regionda və dünyada mövqeyinin, statusunun möhkəmləndirilməsi ilə bağlı uğurlara daim maraq göstərir və sevinir.

Məmnuniyyətlə qeyd edirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri güclü inkişaf mərhələsinə qədəm qoyub və bu baxımdan, 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və iki ölkə arasında strateji tərəfdaşlığın qurulması mühüm tarixi mərhələ olub.

Əminəm ki, Vyetnam ilə Azərbaycan arasında mövcud ənənəvi dostluq və strateji tərəfdaşlıq əsasında ölkələrimiz əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsi, həmçinin bu əməkdaşlığın bütün potensialından hər iki xalqın rifahı naminə istifadə olunması üçün yeni imkanlar əldə edəcəklər.

Azərbaycan Respublikasına tərəqqi, Azərbaycan xalqına səadət arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli vəzifənizdə böyük uğurlar

-----------
13:40

İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza davamlı tərəqqi, firavanlıq və uğurlar diləyirəm".

-------

20:35

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi və ən xoş arzularımı çaldırmaqdan məmnunluq duyuram.

Liviya Dövləti və Azərbaycan Respublikası arasında tarixi əlaqələrin dost xalqlarımızın müştərək mənafeyi naminə bütün sahələrdə inkişaf etdirilməsi üçün Sizinlə birgə əməkdaşlığa hazır olduğumu bildirirəm.

Hörmətli cənab Prezident, Sizə dərin minnətdarlığımı ifadə edir, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etmənizi xahiş edirəm."

-----------
20:31


Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının qeyd olunduğu bu əlamətdar gün xalqınızın dəyanətinin, birliyinin, arzularının rəmzidir.

Somali Federativ Respublikası ölkələrimiz arasında münasibətləri səciyyələndirən səmimi əlaqələri və inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirir.

Əminəm ki, Somali ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə dərinləşməkdə davam edəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm."

----------
19:34


San-Marino Respublikasının Kapitan-Regentləri Denise Bronzetti və İtalo Riqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə uğurlar diləyir, ən yüksək ehtiramımızı bildirir, Azərbaycan xalqına rifah və firavanlıq dolu gələcək arzulayırıq".

----------
15:50

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az xəbər verir ki, təbrik məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

İnanıram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq birgə səylərlə gələcək illərdə xalqlarımızın mənafeləri, eləcə də regionda və bütövlükdə dünyada sülh, sabitlik və davamlı inkişaf naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ali missiyanızda uğurlar, Azərbaycan xalqına isə davamlı rifah və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

15:34

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debono Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza Malta xalqı adından, həmçinin öz adımdan səmimi təbriklərimi çatdırıram.

Bu il Malta Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət və ümumi anlaşma əsasında qurulmuş diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Əminəm ki, dövlətlərimiz arasında münasibətlər gələcək illərdə də inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zatı-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

------

15:12

İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına İrlandiya xalqı adından və öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox rifah və xoşbəxtlik gətirsin!"

-------

14:50

İsraildə fəaliyyət göstərən "Sholumi" Dağ Yəhudiləri İrsi Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan Prezident İlham Əliyevi təbrik edib.

Milli.Az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

"Sholumi" Mərkəzinin adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Müstəqilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1918-ci il mayın 28-i tarixə Şərqdə ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü kimi daxil olub. Həmin gün azadlığın, milli ləyaqətin, sülhə və tərəqqiyə yönəlmiş səylərin rəmzinə çevrilib.

Müasir Azərbaycan zəngin tarixə, güclü dövlətçilik ruhuna, parlaq mədəniyyətə malik ölkədir. İsrail ilə Azərbaycanın dostluğu təkcə ümumi maraqlara deyil, həm də xalqlarımız arasında formalaşmış dərin hörmətə və etimada əsaslanır.

Əsrlər boyu Azərbaycanda yaşamış dağ yəhudiləri özlərini həmişə bu torpağın bir parçası kimi hiss ediblər. Biz Azərbaycan xalqından gördüyümüz hörmət və dəstəklə bağlı xatirəni qürurla yaşadırıq. Bu səmimi münasibətlər indi də davam edir və əminik ki, daha da güclənəcəkdir.

"Sholumi" Mərkəzi Azərbaycanın çoxmillətli tarixinin tərkib hissəsi kimi dağ yəhudilərinin mədəni irsini qoruyub saxlamağa və yaymağa çalışır. Biz mədəniyyət və qarşılıqlı anlaşma yolu ilə əməkdaşlıq etmək və insanları birləşdirmək imkanından çox məmnunuq.

Cənab Prezident, bu əlamətdar gündə Sizə, həmçinin bütün qardaş Azərbaycan xalqına daim sülh, tərəqqi, xoşbəxtlik və yeni qələbələr arzulayıram".

-----------

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo Prezident İlham Əliyevi təbrik ediblər.

Milli.Az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident, əziz Qardaşımız.

28 May - Müstəqillik Günü münasibətilə Sizə, qardaş Azərbaycan xalqına və Hökumətinə Barışıq və Milli Birlik Hökuməti adından, həmçinin öz adımızdan səmimi təbriklərimizi çatdırırıq.

Azərbaycan xalqının tarixini, milli kimliyini və suverenliyini təcəssüm etdirən bu əlamətdar günü daim firavan və azad olan Nikaraquada ölkənizlə birlikdə qeyd edirik. Xalqlarımızı birləşdirən dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərini möhkəmləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.

Hörmətli Prezident, Zati-alinizə və bütün qardaş Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və rifah arzularımızı çatdırırıq".

-------

20:16

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Prezidenti İlham Əliyevi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan sabit, dinamik inkişaf edən müstəqil və bənzərsiz dövlətdir, zamanın çağırışlarına şərəflə cavab verir, öz vətəndaşlarının rifahı naminə hüquqi vətəndaş cəmiyyətini möhkəmləndirir.

Tam əminəm ki, xalqlarımızın dostluğu ildən-ilə möhkəmlənəcəkdir. Seçenov Universitetinin birinci xarici filialı məhz Azərbaycanın paytaxtında açılıb və bu, bizim üçün xüsusi qürur mənbəyidir. Bu il Bakı filialı onillik yubileyini - ölkələrimizin təhsil, elm və səhiyyə tərəfdaşlığı tarixində mühüm mərhələni qeyd edir. Bu əməkdaşlığın ən qiymətli bəhrələrindən biri hazırda Azərbaycan səhiyyəsini inkişaf etdirən gənc mütəxəssislərdir. Onlar ölkənin sakinlərinin sağlamlığı naminə fəaliyyət göstərirlər.

Azərbaycana bütün qəlbimlə davamlı inkişaf, tərəqqi və sülh arzulayıram".

-------

20:16

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan, möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə Zati-alinizin müdrik rəhbərliyi altında davamlı tərəqqi və rifah arzulamaqdan məmnunluq duyuram.

Ölkənizin tarixində bu əlamətdar hadisənin qeyd olunması son illərdə ikitərəfli əməkdaşlığımızın inkişafında müşahidə olunan müsbət dinamikadan məmnunluğumu ifadə etmək üçün gözəl fürsət yaradır. Əməkdaşlığın bütün sahələrdə xalqlarımızın ortaq maraqlarına xidmət məqsədilə daha da dərinləşdirilməsi naminə Sizinlə birgə fəaliyyətimizi davam etdirməyə tam hazır olduğumu bir daha bəyan edirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

-----------
19:32


İsveçrə Konfederasiyasının prezidenti Karin Keller-Sutter Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İsveçrə Federal Şurası və İsveçrə xalqı adından Sizə və həmvətənlərinizə təbriklərimi çatdırıram. Ölkənizə və onun vətəndaşlarına xoşbəxt və uğurlu gələcəklə bağlı ən xoş arzularımı ifadə edirəm.

Mən şadam ki, ölkələrimiz arasında çoxşaxəli əlaqələr davam edir. Əminəm ki, biz bu əlaqələri gələcək illərdə də inkişaf etdirəcəyik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

---------
19:27

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Sudan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi, dost xalqınıza davamlı tərəqqi, firavanlıq və rifah arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Bu əlamətdar hadisə Sudan Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən qardaşlıq əlaqələrinin dərinliyini və möhkəmliyini bir daha təsdiq etmək imkanı verir.

Fürsətdən istifadə edərək, ikitərəfli əməkdaşlığımızı xalqlarımızın qarşılıqlı maraqlarına xidmət edən vasitələrlə daha da genişləndirməyə və möhkəmləndirməyə sadiqliyimi ifadə edirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".

----------
18:30


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqa və İsmail Serageldin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və böyük xalqınıza ən səmimi təbriklərimizi yetiririk. Bu tarixi gün zəngin mədəni irs, müstəqillik arzusu, ləyaqət əsasında suveren, müasir dövlət qurmuş Azərbaycan xalqının mətanətinin, uzaqgörənliyinin və dəyanətinin qürurverici sübutudur.

Sizin rəhbərliyinizlə Azərbaycan öz milli birliyini daha da möhkəmləndirməkdə, regional sabitliyə mühüm töhfə verməkdə, dinamik inkişaf yolu ilə beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Qoy bu bayram keçmiş fədakarlıqlara və zəfərlərə hörmətlə yanaşı, ölkənin gələcəyinə istiqamət verən dəyərlərin yenilənmiş təsdiqi olsun!

Əlamətdar bayram münasibətilə Azərbaycanın bütün vətəndaşlarına davamlı sülh, firavanlıq və rifah arzulayırıq.

Cənab Prezident, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".

------------
17:52

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm".

---------
17:23

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə səmimi-qəlbdən təbriklərimi, Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycana əsas üzv dövlət kimi verdiyi əhəmiyyəti bir daha təsdiqləyir, ölkənizin təşkilatın iqtisadi gündəliyinin təşviqinə əvəzsiz töhfələrini yüksək dəyərləndirirəm.

Bu kontekstdə, Sizin rəhbərliyinizlə Azərbaycanın ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, Sizin dəstəyinizlə Zirvə görüşü daha geniş regional inteqrasiya baxımından irəliyə doğru böyük bir addım olacaqdır.

Ortaq məqsədlərimizə nail olmaq üçün davamlı dəstəyinizə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

17:05

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycanın bütün sakinlərini səmimi-qəlbdən təbrik edirəm.

Tarixi irsə və zəngin mədəni ənənələrə malik olan Azərbaycan bu gün dinamik inkişaf edən dövlətlər sırasında haqlı olaraq layiqli yer tutur.

Sizin müdrik rəhbərliyinizlə ölkə iqtisadiyyatdan tutmuş beynəlxalq mədəni əməkdaşlığa qədər bütün sahələrdə mühüm uğurlar əldə edib.

Azərbaycanın əsas qürur mənbəyi onun istedadlı, zəhmətkeş və qonaqpərvər xalqıdır. Məhz bu keyfiyyətlərin sayəsində respublika gələcəyə inamla addımlayarkən, eyni zamanda, özünəməxsus kimliyini qoruyub saxlayır.

Biz Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərkib hissəsi olan Qaraçay-Çərkəz Respublikası arasında inkişaf etmiş dostluq münasibətlərini və səmərəli əməkdaşlığı yüksək qiymətləndiririk.

Əminəm ki, respublikaların sakinlərinin rifahı naminə əlaqələrimiz bundan sonra da möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, uzun ömür, uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

16:55

ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

28 May - Müstəqillik Günü münasibətilə Sizə və sevimli Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram.

Azərbaycanı regional liderə və mühüm qlobal rolunun getdikcə artdığı bir dövlətə çevirən uzaqgörən liderliyinizi, müdrikliyinizi və güclü prinsiplərinizi alqışlayıram. Azərbaycanın sülh şəraitində birgəyaşayış modeli dünyada uğur qazanıb. Ölkənizin əsrlər boyu dinlərarası və mədəni harmoniya baxımından əldə etdiyi nailiyyətlər müasir dünyamız üçün ruhlandırıcıdır.

Bu əlamətdar günü qeyd edərkən əmin olun ki, mən bir dost kimi müsəlman-yəhudi münasibətlərinin möhkəmləndirilməsi üçün uzun illər davam edən tərəfdaşlığımıza çox böyük önəm verirəm.

Ölkənizə etdiyim çoxsaylı səfərlər məndə Azərbaycan xalqının qonaqpərvərliyi və səxavəti ilə bağlı olduqca xoş xatirələr yaradıb.

Bu bayram münasibətilə Sizə və bütün dünya azərbaycanlılarına xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram.

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bildirirəm".

16:15

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktorluğunun və beynəlxalq kollektivinin adından Sizi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sözsüz ki, dövlətin inkişafında ən mühüm amillərdən biri elm və texnikanın tərəqqisidir. Hazırda, əsasən, ölkə rəhbərliyinin yorulmaz fəaliyyəti sayəsində Azərbaycanda elmi-texniki potensialın artırılması üçün geniş imkanlar və perspektivlər yaradılır.

Azərbaycan Respublikasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv olduğu illər ərzində fundamental və tətbiqi elmlər sahəsində birgə tədqiqatlar üzrə zəngin təcrübə toplanıb, dostluq, etimad və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan səmərəli əməkdaşlığımızın inkişafı və daha da möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradılıb.

Əminəm ki, Azərbaycanın elmi-tədris mərkəzləri ilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında zamanın sınağından çıxmış əlaqələr elmi əməkdaşlığımızın davamlı şəkildə genişlənməsinə, o cümlədən ölkəniz və institutumuzun bütün üzv dövlətləri üçün qarşılıqlı maraq doğuran praktiki məqsədlərin həyata keçirilməsinə töhfə verəcək.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

Milli.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.