Cəmiyyət

“Ağsuda tərəkəmə obaları: Axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular" monoqrafiyası nəşr olunub

21 Noyabr 2018 11:57
17 Şərh     Baxış: 2 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi son illərdə qeydiyyatda olduğu Ağsu rayonunun mədəni müxtəliflik baxımından zəngin kənd və obalarını araşdırır, layihələr həyata keçirir. 2018-ci ildə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Ağsunun tarixən yerləşdiyi Xançoban düzündə məskunlaşan iri əski tərəkəmə obalarının - axtaçılar, padarlar, qaraqoyunlular və kəngərlilərin folkloru, etnoqrafiyası, adət-ənənələri, məişətinin öyrənilməsi, mədəni müxtəlifliyin örnəklərinin təbliği məqsədilə layihə həyata keçirib.

Milli.Az xəbər verir ki, "Ağsuda tərəkəmə ənənələrinin araşdırılması, kitabın nəşri və seminarların keçirilməsi" adlı  layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilib.

Layihənin əsas məqsədi MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Ağsuda Tərəkəmə folkloru və ənənələri istiqamətində gördüyü işlərin davamlılığını təmin etmək və arealını genişləndirmək, Gəgəli, Padar, Qaraqoyunlu və Pirhəsənli kəndlərinin sakinləri ilə işləyərək folklor və etnoqrafik məlumatları toplamaq, etnoqrafik sorğular keçirmək, qədim tariximizin və tərəkəmə ənənələrinin təbliği məqsədi ilə nəşrlər, filmlər və seminarlar təşkil etmək və s. mədəni tədbirlər həyata keçirmək olub.

Qeyd edək ki, aparılan tədqiqatın nəticəsi Fariz Xəlillinin "Ağsuda tərəkəmə obaları: Axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular" monoqrafiyasında toplanılıb. "Elm və Təhsil" nəşriyyatında nəşr olunan kitab yaxın günlərdə tədqiqatın aparıldığı kəndlərdə təqdim ediləcəkdir. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Əliyev, redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Elmira Abasova, rəyçi tarix üzrə elmlər doktoru Qafar Cəbiyevdir. Kitab "Türküstandan Azərbaycana Ağsu", "Şirvan xanlığı mahalları", "Axtaçılar", "Padarlar", "Kəngərlilər", "Qaraqoyunlular", "Tərəkəmə folkloru" bölmələrindən ibarətdir.

Müəllif yazır ki, müasir dövrdə tərəkəməlik həyat tərzidir. Yarımköçəri, "seminomadic" həyat tərzi keçirən, yaylaq-qışlaq maldarlığı ilə məşğul olan azərbaycanlılar hansı topluma və etnosa aid olmasına baxmayaraq tərəkəmə adlandırılır. Bu mənada dağlıq bölgələrdə yaşayan qafqazdilli və irandilli azsaylı xalqlar da, düzən bölgələrdə yaşayan türkdilli əhali də yaylaq-qışlaq maldarlığı ilə məşğul olduğu üçün özlərinə tərəkəmə deyirdilər, indi də deyirlər. Virtual məkanda özünə tərəkəmə deyən çox sayda belə nümunələrlə rastlaşmaq mümkündür. Əslində isə, "tərəkəmə" ərəb dilində "tərakimə" yəni "türkmənlər" sözünün türk dilində səslənməsidir. Belə ki, "türkmən" sözünün cəmi "tərəkəmə"dir, tərəkəmə "türkmənlər" deməkdir.

Tərəkəmə obaları haqqında yazılan kitabın bu sahədəki tədqiqatlara kömək olacağı və istiqamət verəcəyi gözlənilir.

Afaq Rza
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.