Cəmiyyət

Talemiz qara pişiklə güzgü ümidinə qalıb?

15 İyul 2014 02:00
0 Şərh     Baxış: 4 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Qarşıma qara pişik çıxmışdı", "filankəsin toyunda güzgü sınmışdı", "sol əlim qaşınırdı" - başımıza gələn pis, xoşagəlməz hadisələrə çox zaman bu cür şərh veririk. Və ya sağ əlimiz qaşınanda "pul gələcək", tikəmiz yerə düşəndə "sevinəcəyik" deyirik. İnsafən bəzən bu gözləntilərimiz düz çıxır.

Tarixdə, tanınmış insanların həyatlarında da taleni qabaqcadan xəbər verən hadisələr olub. Böyük rus şairi Aleksandr Puşkinin nikah mərasimində ikona düşüb sınıb. Məlum olduğu kimi, bu nikah Puşkinə həyatı bahasına başa gəlib. Nikolay Qoqolun isə həyatı başdan-başa mistika ilə dolu olub. Belə misallar çox çəkmək olar.

Yaxın tarixdə isə Ukrayna prezidenti Viktor Yanukoviçin tez-tez rastlaşdığı kuryozlar, andiçmə zamanı qapının üzünə bağlanması, üstəlik yeni prezident Petro Poroşenkonun da andiçməsində yanından keçdiyi əsgərin özündən getməsi maraqlı görünür. Bunlar taleni qabaqcadan xəbər verən əlamətlər ola bilərmi? Ümumiyyətlə, əlamətlərə inanmaq, işlərini əlamətlər üzərində qurmaq nə dərəcədə düzgündür? Mütəxəssislər necə düşünürlər?

Ekstrasens Firudin Qurbansoy Milli.Az-a açıqlamasında bunları dedi: "Hər bir xalqın öz adət-ənənələri olduğu kimi öz sınamaları da var. Bunlar həmin xalqın folklorunun, mədəniyyətinin bir hissəsidir və onları inkar etmək olmaz. İnsanlar bu hadisələri uzun illər, əsrlər boyu izləyib, sınayıb, müəyyən qənaətə gəliblər. Yəni bu bir, ya iki dəfə baş verən hadisəyə formalaşmış inanclar deyil. Əgər bir insanın qarşısına hansısa əlamət çıxırsa və onun inanıb-inanmamasından asılı olmayaraq, bu əlamətə uyğun hadisə baş verirsə, sınamaları necə inkar etmək olar?"

Firudin Qurbansoy hesab edir ki, insanların öz işlərini əlamətlərə əsasən qurması da təbiidir. Xüsusən də həyatdan hansısa zərbə alan insanların özünü qoruma instinkti ilə əlamətlərə diqqət etməsi anlaşılandır. "Həyatında hansısa pis hadisələr baş vermiş insanlar həssas olurlar. Daha bir pisliklə üzləşəcəklərindən qorxurlar, diqqətli olmağa çalışırlar. Bu da başa düşüləndir".

Qurbansoy deyir ki, Quran əlamətlərə inanmağı tam qadağan etmir: "Əksinə, orada "yerlərdə və göydə, sizin özünüzdə də Allahın varlığını sübut edən əlamətlər vardır" deyən ayələr var. İslamın əlamətlərə inanmağı yasaq etdiyini söyləyən dindarlar dini dərindən bilməyənlərdir".

Psixoloq Taryel Faziloğlu da Milli.Az-a açıqlamasında əlamətlərə inandığını deyir. "O hadisələr ki, təbiətlə bağlıdır, onların hansısa hadisəni qabaqcadan xəbər verməsini güman etmək olar. Amma elə hadisələr də var ki, bunlar kiməsə qarşı qəsdən törədilir və psixoloji təzyiq kimi istifadə olunur. Məsələn, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin tez-tez qarşılaşdığı kuryozlar ona qarşı aparılan qara piarın tərkib hissəsi idi".

Psixoloq hesab edir ki, ucdantutma bütün hadisələrdə məna axtarmaq, onları əlamət kimi qiymətləndirmək düzgün deyil: "Daha çox böyük təbiət hadisələrini əlamət saymaq olar. Amma o hadisələri ki, insan törədə bilər onları əlamət saymaq düzgün deyil".
 

Taryel Faziloğlu deyir ki, insanların özlərini əlamətlərdən asılı hala salması halları da olur: "Bu, çox zaman zəif iradəli, çətinliklərdən qorxan insanlarda olur. Əlbəttə, hamı istəyir ki, həyatında hər şey düz xətt boyunca getsin, xoşagəlməzliklər olmasın. Amma başa düşmək lazımdır ki, bu həyatdır. Onu qorxa-qorxa yox, olduğu kimi yaşamaq lazımdır".

Dini ekspert Elşən Mustafaoğlu isə bu qənaətdədir: "Əlamətlərə, nişanələrə inanmağın nə elmi, nə də dini əsası var. Bu, sadəcə keçmişlərin xürafatıdır. Din insanı həyatını məhdudlaşdıran belə puç və əsassız inanclardan çəkindirir. İnsan əqlinə və mənəviyyatına söykənib, asudə həyat sürməlidir və nişanələrdən asılılıq kimi xürafatçılıqdan uzaq durmalıdır".

Dindar bildirir ki, insanın həyatı etdiyi əməllərə uyğun qurulur. "Hansısa batil inanclara yox, Allaha sığınmaq lazımdır..."

Gülnar
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.