21:45
Bakıda özünü psixoloq və ruhi-mənəvi kouç (Spiritual coach) kimi təqdim edən Əfsanə Qasımlının təşkil etdiyi, kütləvi hipnoza bənzər bir seansın videosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, həmin videoda Ə.Qasımlının həkim xalatında, iştirakçıların isə xüsusi geyimlərdə olması birmənalı qarşılanmayıb.
Bəzi izləyicilər bu cür seansların qeyri-adi və potensial təhlükəli olduğunu bildirərək tənqid edib, bəziləri isə məsələdən heç nə anlamadıqlarını vurğulayıblar. Seansın necə keçirildiyi və iştirakçıların yaşadığı təcrübələr haqqında çox sayda sual yaranıb.
Məsələyə aydınlıq gətirmək məqsədilə Oxu.Az-ın əməkdaşı Əfsanə Qasımlı ilə əlaqə saxlamağa çalışsa da, xanım telefon zənglərinə cavab verməyib və yalnız "WhatsApp" üzərindən bəzi fikirlərini bildirib.
O, keçirdiyi seansın adının "psixoloji trans seansı" olduğunu qeyd edib. Bununla yanaşı, xanım sosial şəbəkələrdə yayılan tənqidləri ciddiyyətlə rədd edib.
Əfsanə Qasımlı bildirib ki, bu məsələ ilə bağlı o, hüquq-mühafizə orqanlarına müraciət edib.
"Videonu paylaşan şəxslər tapılacaqlar. Min nəfər də şikayət ərizəsi yazacaq, qoy görsünlər ki, adamı şərləmək necə olur", - deyə Ə.Qasımlı bildirib.
Lakin o, hansı şəxslərin və hansı səbəbdən şərlənməsi məsələsinə dair sualları cavabsız buraxıb.
Bundan əlavə, xanım qeyd edib ki, məsələnin araşdırılması üçün Səhiyyə Nazirliyinə müraciət edilməsi qeyri-mümkündür, çünki o, həkim deyil.
Əfsanə Qasımlı fikirlərinə yayılan məlumatların dezinformasiya olduğunu və "cinayətkar"ların tapılaraq cəzalandırılacağını da əlavə edib. Lakin hansı dezinformasiyadan və cinayətkarlardan bəhs etdiyi barədə suallarımıza heç bir cavab verməyib.
Sonda Ə.Qasımlı hansı universitetdə oxuduğu və diplomunda ixtisas olaraq nəyin qeyd olunduğu barədə sualımızı təhdid və təhqirlə qarşılayıb:
"Sizin məlumatı paylaşmağınız və ya paylaşmamağınız mənə maraqlı deyil. Paylaşsanız, hüquq-mühafizə orqanlarına yenidən müraciət edəcəyik. Mən diplomumu polis bölməsində, kim ki bizim haqqımızda paylaşır, onlara göstərəcəyəm, qoy sürtsünlər gözlərinə".
---------------
10:42
Bakıda özünü psixoloq kimi təqdim edən Əfsanə Qasımlı adlı şəxs "şəfalanma" adlı seans keçirib. Seans zamanı qonaqlar xəstələr üçün nəzərdə tutulmuş paltar geyiniblər. Onlardan bəziləri əsə-əsə, bəziləri isə yerə yıxılaraq ağlayıb. İddia edilir ki, bu yolla bütün acılar ortaya çıxır və travmalarını xatırlayaraq şəfa tapırlar.
Yenisabah.az psixoloq və spiritual təlimçi kimi fəaliyyət göstərən qadınla bağlı araşdırma edib.
Əfsanə Qasımlı bir müddət öncə "Azerina" adı ilə məşhurlaşıb. Onun haqqında dələduzluq ittihamları yayılıb. Belə ki, instaqramda "life coach" kimi fəaliyyət göstərən Azerina adlı xanımın insanları aldadaraq pullarını mənimsədiyi iddia edilib və feysbukda"Şəbəkə" səhifəsi dələduzluqda ittiham olunan Azerinanı ifşa edib.
"Şəbəkə"nin yazdığı mətndə deyilir:
"Bu gənc qadın deyilənə görə, fırıldaqçılıqla məşğuldur. İnstaqramda Azerina adı ilə tanınır. Adi, ucuz pul kisələrini "dua oxumuşam, çoxlu pul qazanacaqsınız" adı ilə 400-500 AZN-ə satır. Sonra da camaatı inandırmaq üçün fake profillər açıb (və ya açdırıb) özünə təriflər yazdırır. Adamın 400 mindən çox izləyicisi var. Müraciətlərə meneceri cavab verir. Özünü uzman astroloq kimi təqdim edir. Şüarı da belədir: "xəyallarınızı reallarınız edirəm". Deyilənə görə, bu qadının toruna düşmüş xeyli zərərçəkən var. Paylaşırıq ki, xəbəriniz olsun", - səhifə izləyicilərini aldanmamağa çağırıb.
Xatırladaq ki, Azerinanın dələduzluğu haqqında ilk dəfə bloger Aynur Qurbanqızı məlumat yayıb. O bildirib ki, Azerina insanları ağlasığmaz yalanlarla aldadır:
"Araşdırdım məlum oldu ki, hamısı pulla tutulmuş profillərdir. Bunu tək mən yox, siz özünüz də baxsanız görərsiz ki, eyni mesajlar kopyalanıb "spam" kimi bütün statuslara atılır və eyni profillər tərəfindən edilir. Sonra onunla işləyən adamın yaxını ilə danışdım, deyir bu saxta reklam mesajlar üçün xüsusi şirkətə pul ödəyir və status paylaşılanda hamısı spam kimi bu tip şərhlər atmağa başlayır. Və bizim kimi sadə adam da baxır şərhə ki, bu qədər adam yazıbsa, yəqin düz olar. Seansına gedib 300-500 azn ödəyir. Marafonların eynisi başqa adamlarda 15-20 AZN-dir, amma reklam şərhlər və pul qarşılığı bloger reklamlarından sonra adını məşhurlaşdıran bu 150- 200 AZN qoyur. Təsəvvür edin də, 50-100 təsirə düşmüş adam qatılanda (və qatılırlar da) nə qədər pul edir. 1 həftəyə 10-20 min AZN. Əlbəttə, sizin bu pulla daha çox gəlir əldə etmək üçün məşhur blogerlərə pul ödəyib reklam da etmək olar, hələ pulla şərh yazanları tutmaq da. Mənə gələn məktubların birində deyilir ki, Azerina maşın yanında durmuş qız paylaşıb və yazıb ki, bəs mənim pul marafonumdan sonra bu qoşulan xanım 3 günə bahalı maşına sahib oldu. Məktubda bildirilir ki, əslində maşın onun qardaşına məxsusdur, sevgilisi yanında şəkil çəkdirib və bu da hansısa məvacib qarşılığında başlayıb. Yəni belə oyunlar qurulur. Əlbəttə həftəyə 20 min azn qazanan üçün pulla adam tutmaq çətin deyil".
Milli.Az