Siyasət

"Qafqazda artıq cin şüşədən çıxdı" - Abdullah Ağar

4 Mart 2021 16:31
Baxış: 2 715

Ermənistanda qeyri-sabitlik hökm sürür.

Bunu Milli.Az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Türkiyəli ekspert bildirib ki, Paşinyanın "İsgəndər" raket ilə bağlı dedikləri rusların dünyada ortaya qoyduğu təsir imkanlarının sorğulanmasına səbəb oldu:

"Ermənistandakı hökm sürən bu xaos vəziyyətin bir çox səbəbi var. Hərbi və siyasi müstəvidəki qeyri-sabitlik hər kəsə bəllidir. Amma açığı, Ermənistanda həm iqtisadi, həm sosioloji, həm də psixoloji bir dağılma var. Əslində, bu dağılma nəticəsində ortaya çıxan mənzərə bir-biri ilə savaşan tərəflər vasitəsilə Atlantik ittifaqı və Avrasiya ittifaqı arasındakı bir mübarizə səhnəsi olduğunu düşünürəm. 

Açığı "İsgəndər" raketləri səbəbindən baş verən və çevriliş müddətinə daxil olan hazırkı durum 44 günlük müharibənin qoyduğu travmadır ki, bu Ermənistanda ciddi çaxnaşmaya gətirib çıxarıb. Yəni, sabitliyi pozulmuş bir ölkə ilə qarşı-qarşıyayıq. İndi bu qeyri-sabitlik vəziyyətində ölkənin gələcəyinə sahib olmaq üçün tərəflər arasında və tərəflər arxasındakı güclər arasında bir davanın olduğunu proqnozlaşdırmağımız lazımdır. 

Ermənistandakı bu vəziyyət fikrimcə, hələ uzun müddət davam edəcək, yəni bir güc dövləti müdaxilə edənə qədər. Burada, təbii ki, Rusiyanın dünyadakı təsir gücünə sahib olmasına səbəb olan müdafiə sənayesi ilə bağlı ortaya çıxan mübahisəli məqamlar da işin son dərəcə önəmli bir hissəsidir. Çünki "İsgəndər" raket ilə bağlı erməni baş nazirinin dedikləri rusların dünyada ortaya qoyduğu təsir imkanlarının sorğulanmasına səbəb verəcək bir qapını da aralamış oldu. Açıqlamadan ortaya çıxan sual budur - Rusiyanın ümumi silah sistemləri, taktiki-ballistik raket sistemləri və bunun daha üst qatında olan raket sistemləri iddia edildiyi və ya deyildiyi kimi, həqiqətən, yüksək səviyyədə deyilmi? Paşinyanın dedikləri bu cür sualları meydana gətirdi. Yəni, Ermənistan rus silahlarından ibarət Qarabağda müdafiə sistemi qurmuşdu və bu, nəticədə böyük bir hərbi məğlubiyyətlə nəticələndi. Bu da Rusiya nöqteyi nəzərindən çox mübahisələrə səbəb olacaq məsələləri gündəmə gətirir.

Bütün bu proseslər bir anda Paşinyanın çevrilişlə üz-üzə qoymaqla yanaşı küçələrdə, meydanlarda qarşıdurmalara, sosioloji qütbləşmələrə gətirib çıxardı. Bu, açığı Ermənistan baxımından da, Qafqazda sabitlik baxımından da son dərəcə önəmli bir prosesdir. Hətta belə bir cümlə də istifadə edə bilərik - Qafqazda artıq cin şüşədən çıxdı. Hara gedəcəyini bir yerdə gözləyəcəyik. Burada önəmli olan sabitliyi qoruyub saxlayacaq ölkələrin ortaya qoyacaqları müqavimət və güclü dayanıqlıqdır. Yəni, indi istər Atlantikdə, istərsə də Avrasiyada Rusiyanın, ABŞ və Fransanın müxtəlif formalarda daxil olduqları bir Ermənistan mənzərəsi ilə qarşı-qarşıyayıq".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.