Siyasət

Brüssel Bakının önəmini bir daha anladı - Tuskun səfərinin təfərrüatları

9 İyul 2019 16:13
Baxış: 1 412

Biz çox sayda görüş keçirmişik və çox uğurla inkişaf edən əməkdaşlığımızla bağlı geniş spektrli məsələləri müzakirə etmişik. Bu, çox sahələri əhatə edir və biz tərəfdaşlığımızı yeni səviyyəyə yüksəltməyə nail olmuşuq.

Azərbaycanın dövlət başçısı İlham Əliyev bu gün Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşündə belə deyib.

Prezidentiin sözlərinə görə, gündəlikdəki məsələlər müzakirə ediləcək və və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlıq planlaşdırılacaq.

"Əminəm ki, qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir. Ümidvaram ki, uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək", - İlham Əliyev deyib.

Donald Tuskun cavabında diqqət çəkən məqamlar az deyil.

"Bu, yəqin ki, mənim Avropa İttifaqı Şurasının Prezidenti qismində Bakıya son səfərimdir. Mənim niyyətim Avropada bizim hamımız üçün ölkənizlə mümkün qədər ən yaxşı əlaqələrə sahib olmağın nə dərəcədə mühüm olduğunu vurğulamaqdan ibarətdir. Mənim mesajım tamamilə aydındır", - D.Tusk söyləyib.

O, daha sonra davam edib: "Bizim əlaqələrimizə gəldikdə, sizin şəxsi rolunuzun, şəxsi iştirakınızın nə dərəcədə əhəmiyyətli olduğunu bilmənizi istəyirəm. Mən sizin səylərinizi həqiqətən qiymətləndirirəm. Siz hər zaman çox konstruktivsiniz və sizin çox müsbət və konstruktiv rolunuz sayəsində bizim görüşlərimiz də olduqca səmərəli keçir".

Donald Tuskun sözlərinə görə, Avropa İttifaqı və Azərbaycan ildən-ilə daha da yaxınlaşır: "Əlaqələrimiz daha da aktivləşib və bugünkü səfərim buna daha bir bariz nümunədir".

Bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfəri çərçivəsində deyib.

D.Tusk xatırladıb ki, 2018-ci ildə Aİ və Azərbaycan tərəfdaşlıq prioritetlərini təsdiq ediblər.

"Vahid aviasiya məkanı barədə Saziş, eləcə də Aİ ilə Azərbaycan arasındakı yeni saziş üzrə danışıqlarımız başa çatmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq, siyasi, işgüzar və mədəni əlaqələrimiz isə daha da dərinləşəcək. Təbii ki, sözün əsl mənasında bizi birləşdirən Cənub Qaz Dəhlizi layihəsini də unutmamalıyıq. Bu müsbət təkan tərəfdaşlığımızı daha da yüksək səviyyəyə çıxarmalıdır", - D.Tusk bildirib.

Avropa İttifaqı Şurasının prezidenti həmçinin qeyd edib ki, Azərbaycan özünü nəqliyyat-logistika mərkəzinə çevirmək üçün ciddi addımlar atıb.

D.Tusk onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur, yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər. Onun sözlərinə görə, Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin Helsinki Yekun Aktının başlıca prinsiplərinə əsaslanan ədalətli və dayanıqlı çözümə yönələn səylərini hərtərəfli dəstəkləməkdə davam edir: "Bütövlüklə gərginliyin səngiməsindən razıyıq, amma təmas xəttindəki son ölümlərdən həmsədrlər kimi biz də narahatlıq keçiririk. Sülhə yol açan, səmərəli danışıqlar üçün zəmin yaradan ab-havanın bərpası ilə yanaşı, təmkinli olmaq da mühümdür. Avropa İttifaqı da sülhün bərqərar olunmasına dair addımları dəstəkləyərək əhalini barışığa hazırlamaqla bağlı konkret tədbirlərə dəstək verməyə hazırdır".

Göründüyü kimi, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr yüksəklən xətt üzrə inkişafdadır və buna nə ölkə daxilindəki radikal müxalifət düşərgəsində məskunlaşaraq absurd açıqlamaları peşə xüsusiyyətinə çevirmiş binəva "lider"lər, nə də müxtəlif ölkələrdəki "müstəqil" siyasətçilər, qurumlar, fondlar və s. mane ola bilməyiblər, bilmirlər də.

Avropa Parlamenti tərəfindən Azərbaycan əleyhinə qərəzli və əsassız qətnamələrin qəbul edilməsi ilə Azərbaycan və Aİ münasibətlərində müəyyən müddət ərzində durğunluq yaranmışdı. Xatırladaq ki,  Avropa Parlamenti tərəfindən Azərbaycan əleyhinə əsassız və qərəzli qətnamələrin qəbul edilməsinə rəsmi Bakı ciddi etirazını bildirərək, özünəməxsus qətiyyət nümayiş etdirmişdi. Bu ədalətsiz münasibətə qarşı Rəsmi Bakı, Azərbaycan Respublikası Milli Məclisinin Avronest Parlament Assambleyasından çıxması, həmçinin Avropa Parlamenti ilə ikitərəfli dialoqun dayandırılması haqda qərar qəbul etmişdi. Lakin Avropa Parlamentinin müraciətinə əsasən, Azərbaycan Aİ ilə əməkdaşlığının parlamentlərarası ölçüsünün tam bərpasına razılıq verlb. Bunun davamında, Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Azərbaycana rəsmi səfər edib.

Münasibətlərdə yaranmış bu durğunluq yeni hərtərəfli sazişin imzalanması üçün aparılan danışıqlar prosesi ilə dinamik vüsət aldı. Münasibətlərin bu cür dinamikası tərəflər arasında etimadın, qarşılıqlı anlayışın və hörmətin daha da inkişaf etdirilməsini qoruyub saxlamağa və möhkəmləndirməyə kömək edəcək.

Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli münasibətlərə üstünlük verir. Yeni hərtərəfli saziş əlavə olaraq münasibətlərin miqyasını və tərəflərin istəklərini müəyyən edəcək. 2015-ci ilin may ayında "Şərq Tərəfdaşlığı" üzrə Riqa Zirvə toplantısı zamanı Azərbaycan Aİ ilə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini yeniləyəcək Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsini Aİ-yə təqdim etmişdir. Azərbaycan və Aİ sözügedən Saziş layihəsi üzrə ilkin məsləhətləşmələri uğurla başa vurmuşdu. Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan Respublikası ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat vermişdir.

Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək məqsədi ilə 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni sazişə dair danışıqlara başlayıb. Bu istiqamətdə Azərbaycan və Aİ münasibətlərin fundamental bazasını möhkəmləndirmək üçün əsl strateji tərəfdaşlar kimi bütün məsələləri açıq dialoq formatında uğurla davam etdirirlər. Bu yeni saziş gələcək illərdə Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni siyasi mərhələ və hüquqi əsas olacaq.

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi və yeni hərtərəfli əməkdaşlıq sazişinin imzalanması gözlənilir. Hazırda Avropa İttifaqının müvafiq strukturları bu sazişin Azərbaycan tərəfindən təqdim olunan versiyasını öyrənirlər, onların sualları yarandıqca bu suallar ətrafında müzakirələr və razılaşdırmalar aparılır. Bütün bu işlər başa çatdıqdan sonra sazişin layihə formasinda əks olunan bütün müddəaların hər iki tərəfi qane edəcək məzmuna gətiriləcəyi halda tərəflər müqaviləni imzalamağa hazır olacaqlar. Sənəddə Azərbaycan üçün zəruri hesab olunan bütün məsələlər öz əksini tapmalıdır. Sazişdə Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün zəmanətlər, Azərbaycan vətəndaşlarının Aİ ilə təmaslarının asanlaşdırılması, Azərbaycanın işğal olunmuş ərazilərinin Aİ və bu quruma daxil olan bütün ölkələr tərəfindən birmənalı şəkildə tanınması və münaqişənin həllində dəstəyinin ifadə olunmasına çalışılır. Ona görə də sazişin necə adlanmasından asılı olmayaraq bu sazişdə bütün bu məsələlərin öz əksini tapması Azərbaycan üçün çox önəmlidir. Saziş Azərbaycanla Avropa İttifaqı arasında daha geniş, hərtərəfli münasibətləri nəzərdə tutur və uzaq perspektivə hədəflənib.

Dörd il əvvəl Krımın ilhaqına görə Rusiyanın Avropa Şurasının Parlament Assambleyasında çox sərt sanksiyalara məruz qalması, nümayəndə heyətinin faktiki olaraq bütün səlahiyyətlərdən məhrum edilməsi Avropanın bu siyasi önəmini çoxdan itirərək zəifləmiş qurumunun, sadəcə, Rusiyaya təzyiqi deyildi.

AŞPA bütün postsovet ölkələrinə "qaydalarımızla davranın, şərtlərimiz çərçivəsində siyasət yürüdün" təki qaba messic ünvanlayırdı.

Messic gözlənildiyinin tam tərsi olan reaksiyalar doğurdu: əgər Ukrayna, Baltikyanı dövlətlər və Gürcüstan AŞPA qərarını yekdilliklə dəstəklədilərsə, postsovet məkanının digər ölkələri bu qərarı absurd və ikili standartlara söykənən yanlışlıq kimi dəyərləndirdilər.

Sonucda məntiq sözünü dedi, AŞPA Rusiyaya qarşı sanksiyalarını ləğv etdi. Rusiyanın nümayəndə heyətinin bütün səlahiyyətləri bərpa olunub. Yəni AŞPA liberalizm, utoptik "maksidemokratiya" ideyalarının puçluğunu, "real politick" aksiomunun isə kimsə tərəfindən ləğv olunmadığını anlayaraq illüziyalar aləmindən reallığa qayıdıb.

Avropa İttifaqı ilə Azərbaycan arasında da münasibətlər belədir.

Rəsmi Bakı yaxın illərdə, hətta bundan sonrakı 20 il ərzində Avropa İttifaqına asanlıqla üzv qəbul edilməyəcəyini bilir, çünki Balkan ölkələrinin və Şərqi Avropa dövlətlərinin Aİ-yə tələsik qəbul prosesi göstərdi ki, belə "meqasürətli" qəbulun fəsadları çox ağır, şərtləri diktat həddindədir.

Nəyin bahasına olursa-olsun, Avropa İttifaqına qatılmaq istəyən "yeni üzv" dövlətlər suveren xarici siyasət və müstəqil daxili siyasətdən faktiki olaraq imtina edərək bir çox səlahiyyətlərini "könüllü" olaraq Brüsselə veriblər.

Avropa İttifaqının aparıcı ölkələrindən fərqli olaraq, "aparılan" ölkələr üzvlüklə bağlı preferensiyalar və dividendlərin seçimində sərt məhdudiyyətlərlə üzləşir, dar çərçivədə hərəkət məcburiyyətində qalırlar.

Ən azı onlar ölkə qanunvericiliklərini Aİ tələblərinə uyğunlaşdırmalı idilər və bunu etdilər də.

Məsələn, Rumıniyanın cinayət məcəlləsindəki dəyişikliklərlə bağlı şərtlər məcmusu 242 səhifədən ibarətdi.

Bolqarıstan üçün 183 səhifə, Sloveniya üçünsə 234 səhifəlik "şərtlər toplusu" vardı.

"Qanunvericiliyin zəruri adaptasiya ehtiyacı" adlandırılan bu şərtlər Türkiyə qarşısına da qoyulmuşdu. Onillərlə davam edən danışıqlar, müzakirələr və debatlardan, hətta qarşılıqlı ittihamlardan sonra Ankara anladı ki, Brüssel onu Aİ sıralarında görmək istəmir.

İstəsə belə, həmin istək ziyadə ağır şərtlərin, hətta ultimativ tələblərin yerinə yetirilməsindən sonrakı "müzakirələr prosesi"ndə nəzərdən keçiriləcək.

Azərbaycan müstəqil xarici siyasət yeridir və millətin maraqları ilə dövlətin mənafeyini heç bir ölkənin, qurumun istəkləri ilə razılaşdırmır.

Bu səbəbdən bizi Avropa İttifaqı ilə hansısa şaquli yox, yalnız və yalnız üfüqi müstəvidə, bərabərhüquqlu, qarşılıqlı mənfəət kəsb edən və reversiv sayğıya istinad edən əlaqələr maraqlandırır.

Brüssel Bakının mövqelərindən xəbərdar olduğu üçün Donald Tusk ölkəmizə səfərində verbal reveranslar edir, Azərbaycanın Avropa İttifaqı üçün hansı əhəmiyyət kəsb etdiyini anladığını aşkar vurğulayır.

Tuskun demədiyi mətləblər çoxdur və onların arasında ən kiçiyi Avropa İttifaqı ölkələri üçün təbii qaz tələbatının ödənməsi sahəsində Rusiyadan asılılığın azaldılması kimi problemin həllində Azərbaycanın müstəsna əhəmiyyət kəsb etməsidir.

Azərbaycan illərdir ki, Avropa İttifaqı üçün alternativ, amma stabil, etibarlı və güvəncəli enerji təminatçısıdır.

Donald Tuskun bəyanatlarında bu məqam sətiraltı ifadə də sayıla bilər.

Sətir üstündə olansa budur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq çox sürətlə inkişaf etdir.

İnkişaf hər iki tərəfin daha da güclənməsinə təkan verəcək.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.