Siyasət

Bakıya qarşı yeni ultimatum. Bu dəfə nə istəyirlər?

20 Aprel 2015 09:27
0 Şərh     Baxış: 3 661

Azərbaycanda Milli Məclisə seçkilər yaxınlaşdıqca sözdə ölkəmizlə normal və tərəfdaşlıq münasibətlərində olan, işdə isə Bakıya sürəkli təzyiqlər göstərərək məqsədlərinə çatmağa çalışan ölkələrin fəallığı artır.
 

Onlar Bakının hələ də deyilənləri etməməsi, göstərişləri yerinə yetirməməsi, buyruqları qulaqardına vurmasından narahatdırlar. Əndişəlidirlər ki, Bakıdakı hakimiyyət beynəlxalq qurumlara üzv olanda öhdəsinə götürdüyü bütün işləri yerinə yetirdiyi üçün işlərini bitmiş sayır və özünü Qərb qarşısında borclu hiss etmir.
 

Qərb isə tam əksinə, vədlərlə öhdəliklərin bitmədiyini, borcluluq hissinin də əslində gerçək demokratiya göstəricisi olduğunu israrla təkrarlayır.
 

Ölkələri Qərb və Şərqə bölmək istəməzdik, çünki belə bölgünün özündə naqislik, yaramazlıq, bəlkə də mənəviyyatsızlıq var. Amma dünyadakı dövlətləri cənub və ya şimalda, qərbdə və ya şərqdə yerləşməsindən asılı olmayaraq bölənlər əsrlər əvvəl Avropa siyasətçiləri olublar. Onlar üçün Avropa ölkələrinin mədəniyyəti "Qərb sivilizasiyası", yerdə qalan bütün ölkələrin yaşamı, keçmişi və indisi "Şərq" idi.
 

Qərb həmişə özünü Şərqdən üstün tutub və qərbli siyasətçilər də şərqli adamlarla ünsiyyətlərində sanki azyaşlı uşaqla danışırmış kimi davranıblar.
 

Belə bölgü indi də var və aşağılanan, təzyiqlərə məruz qalan Şərqə yuxarıdan aşağı baxan Qərb özünü əlahiddə planet sayan insanların toplusu kimi qələmə verilir.
 

Yanaşma qərəzli, davranış nöqsanlı olsa da, davam edir.
 

ABŞ Qərbin düşünən beyni sayıldığından, Qərbin ikiqatı təki qəbul olunur.
 

Dünya siyasətindəki məhvərlərdən biri belədir.
 

Qərbin Şərqə münasibətini elə ABŞ-ın siyasətçiləri ilə dövlət mənsublarının son vaxtlar Azərbaycanla bağlı bəyanatlarında aşkar sezmək olur.
 

Yenidən gündəmə gəlmək, unudulmadıqlarını göstərmək, aktiv olduqlarını Vaşinqtona xatırlatmaq və bununla da "bəlkə, yenidən vəzifə verdilər" fəlsəfəsi ilə nəyəsə ümid edən sabiq səfirlər, keçmiş konqresmenlər, müxtəlif institut və mərkəzlərin rəhbərləri Azərbaycanda insan haqları, vətəndaş cəmiyyəti, demokratik dəyərlər və s. barədə konfranslar keçirir, toplantılar təşkil edir, müzakirələrə başlayır, sonda da Ağ Evə müraciətlər ünvanlayırlar.
 

Onların dediklərinə görə, Azərbaycan hakimiyyəti ABŞ ilə münasibətləri korlamaq üçün əlindən gələni edir, əlaqələrə ziyan vurmağa çalışır və buna görə də Bakıya qarşı sanksiyalar tətbiq olunmalı, Azərbaycan ən ağır şəkildə cəzalanmalıdır.
 

Mərhum Bernard Şou demişkən, "ağlın qürubudur bu".
 

Bir anlıq təsəvvür edin ki, qonşularınızdan biri sizi onunla münasibətləri korlamaqda, əlaqələrə kölgə salmağa cəhd göstərməkdə suçlayır və sonra da qapınızın qarşısına iki maşın qum tökür ki, evinizə girəndə çətinlik çəkəsiniz.
 

Daha sonra həmin qonşu ailə üzvlərinizin hüquqlarını pozduğunuzu qışqırır, evinizi daşa basır və daşların çoxu da elə ailə üzvlərinə dəyir.
 

Azərbaycanı "sərt tənqid" edən amerikalı siyasətçilərin məntiqi belə absurd, paradoksaldır.

Bakını münasibətləri pozmaqda suçlayanlar elə Azərbaycan-Vaşinqton təmaslarını pisləşdirmək üçün əllərindən gələni edirlər.
 

Buna ikili standartlar da deyirlər.
 

Əslində belə də olmalıdır, çünki həmin ikili standartlar Qərbin qərbli olmayan insanların yaşadıqları bütün ölkələrə münasibətlərinin məcmusu, siyasətidir.
 

Siyasət dəyişmir.
 

Bakı önəmli bir tədbirə hazırlıq görməyə başlayan kimi "Finis sanctificat media", yəni "Məqsəd vasitələrə haqq qazandırır" ifadəsi hərəkət prinsipinə çevrilir.
 

Beləcə, latınların "media", yəni "vasitə" adlandırdıqları media strukturları Azərbaycanı hədəfə almaq, böhtanlara tuş etmək üçün işləyirlər. Eyni zamanda sosial şəbəkələrdə Qərbin yerli lakeyləri "Qoymayın!", "İcazə verin!", "Gəlirik!", "Getdilər!", "Qarət etdilər!", "Apardılar!", "Gətirdilər!" şüarları ilə bəyanatlar, çağırışlar, tələblər və umu-küsü kampaniyasına təkan verirlər.
 

Ssenari eynidir, amma ildən-ilə təkrarlanır, əvvəlcədən hazırlanmış simalar və təşkilatlar işə salınır. Qəzəb saxta, hiddət qüsurlu, şüarlar bəsit olsa da, buna pis pul verilmədiyindən "Vur Azərbaycanı" adlandıra biləcəyimiz bu vodevilə qoşulan müxalifətçilərin sayı az olmur.

Onların arasında əllərini göynək yerləri yarananadək bir-birinə sürtən fəal siyasi tüfeylilər də var.
 

"Azərbaycan üçün nə qədər çox pisdirsə, bizə o qədər yaxşıdır" devizini həyat normasına çevirmiş bu adamlar Bakıda məruz qaldıqları "məşəqqətlər, təqiblər, həbslər, saxlamalar"dan "Amnesty İnternational", "Human Rights Watch", "Reporters Without Borders" və ABŞ-ın dövlət katibindən tutmuş, İslandiya Ətraf Mühitin Mühafizəsi Fondu, Britaniya Qara Pivə Sevənlər Assosiasiyası, Norveç Duzlu Balıq Pərəstişkarları Cəmiyyəti, Fransa Baget Dərnəyinədək ən müxtəlif təşkilatlara şikayətlər edirlər. Bundan sonra Avropanın hansısa ölkəsinin nazirliklərindən birində çalışan şöbə müdirinin ikinci müavininin baş köməkçisinin üçüncü yardımçısı "Bakını repressiyalara son qoymağa" çağırır, az sonra elə həmin ölkənin XİN-i o bəyanatı təkzib edir və "səslənən fikirlər dövlətin yox, fərdin mövqeyidir" deyir, Bakıda şikayətlənənlər də qəmlənərək bələdiyyə seçkilərində hamilə qadınlara gender münasibəti, Azərbaycan yollarında ağ boyalarının rənginin əslində qara olması və bunun iqtidarın məkrli siyasətinin nəticəsi kimi anlaşılmasının zəruriliyi ilə bağlı iki mətbuat konfransı, üç də seminar keçirərək Facebook-da "Hamı mitinqə! ...izmə yox deyək!" qrupları yaradırlar.
 

Təsadüfən də Azərbaycan hakimiyyəti ölkənin milli maraqlarını və geosiyasi mənafelərini qoruyaraq Qərbdəki tərəfdaşlardan birinin növbəti inadlı "xahiş"ini rədd edəndə bəhs olunan plan işə salınır.
 

Əvvəlcə şikayətlər, sonra bəyanatlar, sonra da aksiya cəhdləri.
 

Bəzən də hamısı bir yerdə, eyni vaxtda.
 

Zavallı şüurlar hələ də dərk etmək istəmirlər ki, Bakıdakı hakimiyyət kimlərinsə konspiroloji nəzəriyyələrinə və ya ehtimallarına əsaslanaraq hərəkət etmir, addımlarını reallığın tələblərinə uyğun atır və məqsəd yalnız bir-iki adamın istəklərinin təminatı yox, ölkənin maraqlarıdır.
 

Qərbin yerli müdafiəçiləri ilə mübahisə etmək, onları diskussiyaya dəvət etmək mənasızdır: səbəb bu şəxslərin həddən artıq emosional olmaları, üstəlik, sözlərindəki məntiqin yoxluğudur.
 

Onlar hələ də şüarçılıq psixologiyasından qurtula bilmədikləri üçün təmkinli söhbətdən yayınaraq ittihamlara və kütləyə xitaba üstünlük verirlər.
 

Qərbə gəldikdə isə...
 

Azərbaycanda müxtəlif cinayətlərə görə həbs olunan, ədalət məhkəməsində cəzasını alan, qanun pozuntularında suçlanan insanları məqsədyönlü şəkildə müdafiə etməklə, onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını istəməklə, ultimatumlar səsləndirməklə, sanksiyalarla hədələməklə Bakı ilə normal, inamlı münasibətlər qurmaq mümkün deyil.
 

Qərbin belə yarıtmaz davranışı sayəsində "demokratiya" kəlməsi Azərabycanda az qala ölkəyə təzyiqin, pressinqin sinoniminə çevrilməkdədir.
 

Demokratiya Azərbaycan cəmiyyətinin inqilablar, qiyamlar, çevrilişlər vasitəsilə yox, siyasi və sosial təkamül vasitəsilə can atdığı məqsəddir.
 

Məhz buna görə Azərbaycanda millət vəkilləri və siyasətçilər Fransada kiminsə həbsini qətiyyətlə pisləyərək rəsmi Parisə ultimatumlar yollamır, ABŞ-da qaradərililərin təqiblərə məruz qaldığını bəyan edərək Barak Obamaya nə etməli olduğunu göstərmirlər.
 

Azərbaycan başqa dövlətlərin işlərinə qarışmır və bunu özlərini bizə strateji tərəfdaş, müttəfiq və dost elan edən dövlətlərdən də tələb edir.
 

Orxan Hun

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.