Siyasət

İrəvan yenə "canlı ölü"lərdən faydalanmaq istəyir

3 Sentyabr 2024 10:52
Baxış: 1 182

Dünən Ermənistanda saxta "Dağlıq Qarabağ Respublikası"nın 33-cü ildönümü qeyd edildi. Xankəndidəki keçmiş separatçı-terrorçu rejimin son "lideri" Samvel Şahramanyan da bu münasibətlə açıqlama verdi.

"Ola bilməzdi ki, təhlükəsizliyimizin qarantı olan Ermənistan bizi tərk etdi. İnsanları Ermənistana təhlükəsiz çıxarmaq üçün hüquqi baxımdan heç bir əhəmiyyət kəsb etməyən bir sənədə imza atmağa məcbur oldum. Yalnız güclü Ermənistanla Qarabağı geri qaytara bilərik. Vardan Oskanyanın (Ermənistanın sabiq XİN başçısı, - müəllif) rəhbərliyi altında xüsusi bir komissiya yaradılıb. Bu komissiya beynəlxalq təminatlar altında xalqımızın öz evlərinə təhlükəsiz qayıdışını təmin etmək üçün beynəlxalq təşkilatlardan dəstək və mexanizmlər axtarır", - C.Şahramanyan bildirib.

Ümumiyyətlə, Ermənistanın siyasi səhnəsində "maraqlı" hadisələr yaşanır.

Bu dəfə baş rolda keçmiş Qarabağ separatçılarının "son lideri" Samvel Şahramanyan çıxış edib. Şahramanyan separatçı rejimin ləğvi ilə bağlı imzaladığı sənədin "hüquqi əhəmiyyəti olmadığını" iddia edib. Onun sözlərinə görə, bu sənəd "konstitusiyaya zidd" və "qanunsuz" olaraq imzalanıb. Maraqlıdır ki, Şahramanyan Qarabağ ermənilərinin "öz torpaqlarına qayıdıb orada inkişaf etməyə böyük istəkləri olduğunu" vurğuladı, lakin bu qayıdışın yalnız "beynəlxalq zəmanətlərlə" mümkün olduğunu bildirdi.

"Övladlarımıza layiq bir qayıdış olmalıdır", - deyə o qeyd edib.

Deyilən sözlər S.Şahramanyanın öz imzasından geri çəkilməsinin ilk nümunəsi deyil. Amma bu dəfə o haqlıdır - onun imzası, həqiqətən də, konstitusiyaya ziddir, eləcə də, "qondarma Qarabağ Respublikası"nın yaradılması və fəaliyyəti. Azərbaycanın və beynəlxalq birliyin gözündə Qarabağdakı separatçıların fəaliyyəti qanunsuzdur və onların imzaladığı hər hansı sənəd qeyri-legitimdir. Buna baxmayaraq, biz onlara öz rejimlərinin ləğvi barədə qərar qəbul etdirməklə tarixin bu səhifəsini bağlamağa məcbur etdik. Lakin indi diqqətimizi başqa bir məsələyə yönəltməliyik.

Şahramanyanın hüquqi mövqeyindən çox, onun davranış modeli maraq doğurur. Əvvəl bir şeyi bəyan edib, sonra isə bir müddət keçdikdən sonra "fikrimi dəyişdim" və ya "zarafat edirdim" demək. Bu, çox tanış gəlir, elə deyilmi? Ermənistanın baş naziri Nikol Paşinyan da məhz bu şəkildə davranmırmı? Ədalət naminə qeyd etmək lazımdır ki, Paşinyan bu sahədə ən yüksək zirvəyə çatıb.

Nikol Paşinyanın bir şey deyib, sonra başqa bir addım atmasının və daha sonra öz bəyanatlarından geri çəkilməsinin şahidi olmuşuq. Bu yanaşmanın ən son nümunələrindən biri də onun Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları olduğu barədə iddialar səsləndirməsidir. Halbuki, o, hələ bu ilin əvvəlində Ermənistan Konstitusiyasını reallığa uyğunlaşdırmaq məqsədilə dəyişikliklər təklif etmişdi. Bu dəyişiklik təşəbbüsünün əsl mahiyyəti sadəcə bir örtük imiş.

Ermənistanın baş nazirinin Azərbaycan Konstitusiyasındakı iddialarla bağlı irəli sürdüyü narrativ Ermənistan hökumətinin Ermənistan Konstitusiyasını dəyişməkdən imtina etmək üçün, eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarını dövlət səviyyəsində saxlamaq üçün yaratmağa çalışdığı yanlış təsəvvürlərdən başqa bir şey deyil. Bu məqsəd isə addım-addım həyata keçirilir - ilk addım olaraq ermənilər Qarabağ ermənilərinin statusunu yenidən gündəmə gətirməyə çalışırlar.

Ermənistanın sülh istəkləri, yumşaq desək, inandırıcı görünmür. Bütün əlamətlər göstərir ki, Ermənistana lazım olan sülh deyil, məğlub olduqları müharibənin yaralarını sağaltmaq, şokdan çıxmaq və yenidən Azərbaycana hücum etmək üçün bir fasilədir. Lakin onlar unudurlar ki, Azərbaycan artıq otuz il əvvəlki Azərbaycan deyil və hər hansı yeni təcavüz yalnız "miatsum" ideyasına deyil, Ermənistanın dövlətçiliyinə də son qoya bilər.

Qərb Ermənistandakı qarabağlı ermənilər üçün yüz milyonlarla dollar həcmində maliyyə yardımı ayırıb. Bu vəsaitin bir hissəsi artıq Ermənistana çatdırılıb. Lakin qarabağlı ermənilər həmin pullardan bir iz görməyiblər və ehtimal ki, görməyəcəklər. Bu vəziyyət davam edərsə, Ermənistanda qarabağlı ermənilərin sayı xeyli azalacaq.

Ermənistandakı qarabağlı ermənilərin sayı sürətlə artır. 2023-cü ilin noyabr ayının sonlarında rəsmi İrəvan onların sayını 100 min nəfər olaraq göstərmişdisə, indi bu rəqəm 150 min nəfərə "çatıb". Ermənistan dövlət qurumlarının statistikasına inansaq, qarabağlı ermənilərin sayı dayanmadan artır və bu sürətlə davam edərsə, 2024-cü ilin sonuna qədər onların ümumi sayı 200 min nəfərə "çatacaq".

2023-cü ilin sentyabr ayının sonlarında Azərbaycandan Ermənistana köçən qarabağlı ermənilərin ümumi sayı təxminən 42 min nəfər idi. Bu, maksimal ehtimaldır; reallıqda dəqiq hesablamalar aparılarsa, bu rəqəmin 35-37 min nəfər arasında ola biləcəyi istisna edilmir.

Bütün bu amillərlə yanaşı, Ermənistan iqtisadiyyatının rəsmi statistikadan və böyük bəyanatlardan fərqli olaraq ağır vəziyyətdə olması, işsizlik, ümidsizlik və total korrupsiya ölkəni tərk edən qarabağlı ermənilərin sayını artırır.

Proseslər ermənilər arasında narazılığa səbəb olur. Onlar qonşu Gürcüstandakı vəziyyəti Ermənistanla müqayisə edirlər. 2008-ci ilin avqust hadisələrindən sonra yalnız ABŞ-nin Tbilisiyə yardımları 1 milyard dollara çatdı. Avropa İttifaqı isə Gürcüstana 120 milyon dollar göndərdi.

Fransa və Avropa İttifaqının çoxsaylı dəstək bəyanatlarına baxmayaraq, Qarabağlı ermənilərə yardım məqsədilə Qərbdən Ermənistana göndərilən maliyyə vəsaiti 72 milyon dolları keçməyib.

Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası bütün ittihamları rədd edir. Rəsmi İrəvan bildirir ki, qarabağlı ermənilərin sosial-məişət problemlərinin həlli üçün "lazım olan bütün tədbirlər görülür".

Bundan əlavə, İrəvandakı hakimiyyət daha çox yardım cəlb etmək üçün beynəlxalq donor konfransı təşkil etməyi planlaşdırır.

"Yardımlar" zahirən Qarabağlı ermənilərin sosial problemlərini qismən həll etməyə imkan yaradırsa da, onların siyasi iddialarının ortaya çıxara biləcəyi çətinliklər İrəvanın hakimiyyət dairələrində narahatlıq yaradır.

Keçmiş separatçı xuntanın başçısı Samvel Şahramanyanın siyasi ambisiyaları hələ də davam edir. O, özünü hələ də mifik "Dağlıq Qarabağ"ın illüzor "rəhbəri" hesab edir, İrəvandakı ofisində mətbuat konfransları keçirir və beynəlxalq təşkilatlara müraciətlər göndərir.

Nikol Paşinyan "Ermənistanda bir hökumət var, burada "sürgündə olan hökumət" fəaliyyət göstərə bilməz" desə də, "qarabağlı ermənilərin Ermənistanda toplanmış halda siyasi fəaliyyəti ölkənin təhlükəsizliyinə təhdid yarada bilər" söyləsə də, rəsmi İrəvan həmin şəxsləri öz maraqları üçün istifadə etməkdə davam edir.

Samvel Şahramanyan və onun tərəfdarları üçün İrəvanda xüsusi bir bina ayrılıb və bu binanın xərcləri dövlət büdcəsindən ödənilir.

Nikol Paşinyan əgər qarabağlı ermənilərin "sürgündəki hökumət"ini qanunsuz və fəaliyyəti yolverilməz hesab edirsə, məntiqlə, Samvel Şahramanyan və onun qrupunu həmin binadan çıxarmalı və onlara qarşı qanunvericiliyə uyğun tədbirlər görməli idi.

Nikol Paşinyanın sözləri ilə əməlləri arasında həmişə fərq olub və bu dəfə də bu fərq özünü bariz şəkildə göstərir.

Ermənistanda yaşayan qarabağlı ermənilər İrəvan hakimiyyətinə daha çox maliyyə vəsaiti əldə etmək üçün lazımdır. Bu pullar isə sonradan silahlanmaya yönəldilir.

Vaşinqton bu vəziyyəti bilir, Paris buna razılaşır, Brüssel isə hadisələrə göz yumur.

Qarabağlı erməniləri siyasi vasitəyə çevirən Paşinyan administrasiyasını hansısa sıravi bir vətəndaşın problemi maraqlandırmır.

İrəvan anlayır ki, indi irəli sürdüyü və dəyişmək niyyətində olmadığı şərtlərlə qarabağlı ermənilərin Azərbaycana qayıdışı mümkün deyil.

Şərtlər sadədir: Ermənistandakı qarabağlı ermənilərin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etmək və Azərbaycan qanunlarına riayət etməklə yaşamağa razı deyillər.

Onlar hələ də efemer "millətin öz müqəddəratanı təyin etmək hüququ"ndan danışır, "müstəqil və suveren Dağlıq Qarabağ" haqqında xəyallara qapılır və hətta silahlı dəstələr yaratmaq hüququna malik olduqlarını iddia edirlər.

Aydındır ki, belə absurd şərtlərlə qayıdış qeyri-mümkündür.

Azərbaycan qarabağlı ermənilərin geri dönməsini, onların təhlükəsiz və normal həyatını təmin etməyə hazırdır. Lakin bir şərtlə: qayıdacaq hər bir qarabağlı erməni Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Bu qədər sadə.

Qarabağdan olan ermənilərin Azərbaycana geri dönməsi mümkündür. Rəsmi Bakı dəfələrlə bildirib ki, reinteqrasiya prosesinə qoşulmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən hər bir qarabağlı erməni ölkəsinə qayıdaraq normal həyat sürə bilər. Bu ermənilərin hüquqları və təhlükəsizlikləri tam şəkildə təmin ediləcək. Onların hüquqları və azadlıqları Azərbaycanın digər vətəndaşları ilə eyni səviyyədə olacaq.

Bu, Azərbaycanın verdiyi sözdür və ermənilər də yaxşı bilirlər ki, Bakının dedikləri ilə əməli bir-birinə uyğundur.

Ermənistana köç etmiş qarabağlı ermənilər arasında geri dönməyi düşünənlərin sayı çox azdır. Bu məsələ ilə əlaqədar rəsmi İrəvan, erməni diaspor təşkilatları və onları dəstəkləyən ölkələr, siyasətçilər və dövlət başçıları müxtəlif iddialar irəli sürürlər.

Amma bu iddialar, hər zamankı kimi, dezinformasiya və təbliğatdan başqa bir şey deyil.

Qarabağlı ermənilərin qarşısında duran iki əsas çətinlik var: psixoloji və reallıqdan qaynaqlanan.

Psixoloji çətinlik ondan ibarətdir ki, onlar 33 il ərzində Azərbaycan ərazisində yaşadıqları zaman qanunları pozduqlarını, Azərbaycana və azərbaycanlılara qarşı nifrəti gündəlik həyatın bir parçası etdiklərini, bəzilərinin isə vətəndaşlarımıza qarşı törədilən cinayətlərdə birbaşa və ya dolayısı ilə iştirak etdiklərini bilirlər. Onlar hələ də erməni millətçiliyinin, dini və etnik əsasda dözümsüzlük ideologiyasının və azərbaycanlılara, ümumiyyətlə, türklərə qarşı nifrətin təsiri altında qalıblar.

33 il ərzində inandıqları "Artsax" mifinin sona çatmasını qəbul etmək onlar üçün çox çətindir. Onlar həmçinin düşünürlər ki, geri dönsələr, qisasla üzləşəcəklər.

Bu, ciddi psixoloji problemlərdir və hərtərəfli psixoloji yardım olmadan həlli mümkün deyil.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.