Siyasət

YAP İdarə Heyətinin iclası keçirilildi - FOTO

15 Dekabr 2023 11:43
Baxış: 786

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov toplantının gündəliyi barədə iştirakçılara ətraflı məlumat verib. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazandığını bəyan edib: "Gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır".

YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov isə qeyd edib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir: "Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək".

Tədbirdə YAP İdarə Heyətinin üzvləri - Tahir Mirkişili, Musa Quliyev, Kamal Cəfərov, Bahar Muradova, Mübariz Qurbanlı və digər şəxslər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda keçirilən işlərdən bəhs ediblər.

Çıxışlardan sonra partiya tərəfindən İlham Əliyevin 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib.

Daha sonra YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Partiyanın seçki Qərargahının yaradılması barədə də qərar səsvrməyə çıxarılaraq təsdiqlənib.

Bununla da iclas başa çatıb.

---------

10:03


Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.

Milli.Az xəbər verir ki, iclasda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.

İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur.

- Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;

- Seçkilərlə əlaqədar Qərargahın yaradılması;

- Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;

- Təşkilati məsələlər.

Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 12-də jurnalistlərə açıqlamasında YAP İdarə Heyətinin iclasının keçiriləcəyini bildirmişdi.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.