Mədəniyyət

Sehrli xalat, Qatır Məmmədin əşyaları...

26 Aprel 2020 23:00
0 Şərh     Baxış: 3 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər Azərbaycanda kino muzeyinin olmaması ilə bağlı sualımızı əsaslı hesab edirlər

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Kino bir həyatdır. İnsanı keçmişinə aparan, bu günü ilə yaşadan, gələcəyindən xəbər verən ayrı bir dünyadır. Keçmiş filmlərimizlə yaşayır, onların hər anını, fraqmentini beynimizə həkk edir, əzbər bilirik. Hətta o filmlərdə hansı hadisələrin baş verəcəyini əvvəlcədən bilsək də, yenə də ekran qarşısına həvəslə əyləşib, o nostalji hissləri sevərək yaşayırıq. 

Bu gün köhnə filmləri izləsək də, onların çəkilişində istifadə edilmiş əşyaları görmək və toxunmaq imkanımız yoxdur. Halbuki, xarici ölkələrə səfərdə olarkən ilk görmək üçün müraciət etdiyimiz yerlədən biri də köhnə filmlərdə istifadə edilən əşyaların qorunduğu kino muzeyləri olur. Bəs görəsən keçmiş filmlərimizə belə bağlı olduğumuz halda, nə üçün ölkəmizdə kino muzeyi fəaliyyət göstərmir? Filmlərimizdə tarixiləşmiş əşyalar haradasa saxlanılırmı?

Mədəniyyət Nazirliyindən qəzetimizə verilən məlumata görə, Azərbaycanda xüsusi kino muzeyi fəaliyyət göstərmir: "Dövlət Film Fondunda əsas filmlər, arxiv sənədləri və şəkillər qorunub saxlanılır. Şəkillər daha çox film zamanı və kadr arxası çəkilmiş materiallardan ibarətdir. Filmlərdə istifadə edilən əşyalar, rekvizitlər muzeydə deyil, kinostudiyanın rekvizit sexində saxlanılır. Filmlərdəki geyimlər, silahlar, digər əşyalar kinostudiyada qorunur". 

Azərbaycan Dövlət Film Fondunun baş mütəxəssisi Rəşad Qasımov deyir ki, arxiv tipli təşkilatların xüsusi muzeyi fəaliyyət göstərir: "Dövlət Film Fondu muzey tipli təşkilat deyil, bir növ, kino arxiv təşkilatıdır. Fondda özümüzə məxsus muzeyimiz var. Bu da muzey tipli fəaliyyət hesab edilmir. Muzey tipli fəaliyyət o deməkdir ki, muzey formasında olan qanunlara cavab verir və tələblərə riayət edir. Bizdə isə arxiv təşkilatının tərkibində olan muzey olaraq fəaliyyət göstərir. Orda texnikalar qorunub saxlanılır. Raritet texnikalar o deməkdir ki, kütləvi istifadədən sonra köhnələnlər artıq muzey eksponatına çevrilir. Fondda köhnə filmlərdə istifadə edilən əşyalar da qorunur. Misal üçün, "Sehrli xalat" filmindəki sehrli xalat, "Qatır Məmməd" filmindəki Qatır Məmmədin obrazı üçün istifadə edilən əşyalar və sair bizim fonddadır. Onlar fondda vətəndaşlara nümayiş, ya da sərgi üçün qorunmur, arxiv üçün saxlanılır. Biz onlardan fondda kiçik muzey düzəltmişik. Həmin əşyalardan xüsusi çəkilişlərdə, arxivə yolu düşən, tədqiqat işi aparan insanlar tərəfindən istifadə edilir". 

R.Qasımov bildirir ki, dünyanın bir çox kino muzeylərində olub və onların hər biri özəl müəssisə kimi fəaliyyət göstərir: "Kino muzeyi dövlət tərəfindən maliyyələşmir və dövlətə məxsus deyil. Kino muzeyini formalaşdırmaq üçün kolleksiyaçı olmalısan. Kino muzeyinə tələbat elə də böyük deyil. Əslində bu, biznes məqsədi ilə açılan bir müəssisədir. Bütün kino muzeylərində kiçik kino zalı var ki, orada daha çox retro filmlər nümayiş olunur. Kafe, kino zalı olan bu bölmələr isə  ödənişlidir. Kino muzeyləri daha çox turizmin inkişaf etdiyi yerlərdə fəaliyyət göstərir. Bizim  muzeydə 1910-cu ilə aid Azərbaycanın ilk səssiz filmlərinin çəkildiyi kameralar var. Hətta Jerar Depardye Bakıya gələndə, o da bu kameraları gördükdə təəccüblənmişdi ki, Azərbaycanda belə qədim kameralar saxlanılır. Onu da qeyd edim ki, kino texnikasının avadanlıqları dünyadakı muzeylərin kino texnikalarından geri qalmır". 

Kinorejissor Tahir Tahiroviç dünyanın müxtəlif kinostudiyalarının muzeylərinin fəaliyyət göstərdiyini qeyd edir: "Mən bir neçəsində olmuşam və bu möhtəşəmliyin şahidi olmaq başqa aləmdir. Amma və lakin bizdə bu işi atıblar Film Fondunun üstünə. Onlar da əllərindən gələni edir. Bildiyim qədər, köhnə texnikaları saxlayırlar. Düzdür, bu, birbaşa onların işi deyil. Kinostudiyada yəqin ki, Azərbaycan filmlərində istifadə olunmuş rekvizit və geyimlər qalır. Əslində "Azərbaycanfilm"in həyətində açıq muzey yaratmaq olardı. Təəssüf ki, kinostudiyanın həyətində muzey yaratmaq üçün yer qalmayıb. Bir də ki, bu işləri görəcək və fikirləşəcək kadrlar lazımdır".

Gənc rejissor Kamla Yaşar bildirir ki, köhnə filmlərdə istifadə edilən əşyalar bir tarix və əfsanədir: "Bizim izləyərək böyüdüyümüz həmin filmlərdəki əşyaları görmək, onlara toxunmaq, təbii ki, gözəl olardı. Ancaq o avadanlıqlara, əşyalara istədiyimiz zaman gedib baxmaq imkanına sahib deyilik. Həmin əşyaların bir qismi Dövlət Film Fondunda qorunur. Təəssüf hissi ilə qeyd edim ki, o əşyalar tamaşaçılar üçün açıq deyil. Həmin əşyalar müəyyən günlərdə Film Fondunun həyətində bir günlük nümayişə çıxarılır. Məsələn, ötən ilin oktyabrında belə olmuşdu. Bir gündən sonra yenə əşyalar bazaya qaytarıldı. Əlbəttə, daha yaxşı olar ki, onlar hamı üçün açıq nümayişdə də olsun. Bir gündə yox kiminsə maraq dairəsində olsun. Buda dövlət dəstəyi ilə mümkün ola biləcək bir şeydir. Bizdə köhnə filmlərin sifarişçisi elə dövlətin özü olub. Bütün  istehsalat da məhz orda baş verib. Baza, yəni film texnikaları hamısı yalnız bir yerdə olub. Tarixə boylananda isə, çox da qədimə gedib çıxmır. Kino gənc sənətdir. Azərbaycanda müəyyən quruluşlar zamanına düşüb. Bizdə də müstəqil kino çəkən olmayıb, çəksə də, onun avadanlığını hardan tapacaqdı. O zamanlar hansı filmlər çəkilibsə, dövlətin dəstəyi ilə çəkilib. Ona görə də bazada olan-qalan nə varsa, Film Fondundadır. Onu açıq muzey halına sala biləcək qurum Mədəniyyət Nazirliyidir. Əgər bizdə kino muzeyi yaradılsa, bu həm turistik baxımdan, həm də  bizim tamaşaçılarımız üçün maraqlı olar. Mədəniyyət Nazirliyinə bağlı fəaliyyət göstərən əyləncə mərkəzləri də bu təşəbbüsü edə bilər. Belə ki, bura həm muzey, həm də əyləncə mərkəzi kimi fəaliyyət göstərər. Hansısa sahibkar köhnə filmlərdə istifadə edilən əşyaları, texniki avadanlıqları pul verib ala bilməz. Çünki o əşyaların hamısı, avadanlıqlar dövlətin vəsaiti hesabına alınıb, onlar dövlətin mülkü hesab edilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.