Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində dünyanın müxtəlif ölkələrindən 3000-dən artıq muzey mütəxəssisinin iştirakı ilə Beynəlxalq Muzeylər Şurasının (ICOM) "Sürətlə Dəyişən İcmalarda Muzeylərin Gələcəyi" devizi altında 27-cı Baş Konfransı keçirilib. Bu il ICOM Baş Konfransının Yaxın Şərq, Afrika və Cənubi Asiya regionunda ilk dəfə keçirilib. Üç ildən bir keçirilən bu konfrans beynəlxalq muzey ictimaiyyətini müvafiq mövzu ətrafında fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır. Bu barədə xəbəri ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, fəlsəfə doktoru, kreativ sənayelərin beynəlxalq eksperti, "Azərxalça" ASC- nin İdarə heyətinin üzvü Əsmər Babayeva çatdırıb.
Konfransın gündəliyinə ondan çox əsas sessiya, 400-dən çox natiq, 100-dən çox çıxış, panel və seminar, eləcə də bir sıra interaktiv qabaqcıl təlim sessiyaları daxildir.
Əsmər Babayeva 2023-2025-ci illərdə ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə ölkəmizin muzey həyatında baş verən yeniliklər, təşkil olunan tədbirlər, beynəlxalq konfranslar 3 il ərzində Milli Komitənin ümumi fəaliyyəti haqqında konfrans iştirakçılarına və beynəlxalq muzey ictimaiyyətinə təqdim edib: "Azərbaycanın belə genişmiqyaslı beynəlxalq platformada iştirakı ölkəmizin dünya muzey icmasının inkişafında fəal rolunu təsdiqləyir. Biz muzey həyatında baş verən yenilikləri, keçirilmiş tədbirləri və beynəlxalq konfransları təqdim etmişik. Muzey - maddi və qeyri-maddi irsi tədqiq edən, toplayan, mühafizə edən, şərh və nümayiş etdirən, daim cəmiyyətin xidmətində fəaliyyət göstərən qeyri-kommersiya qurumudur. İctimaiyyət üçün açıq, əlçatan və inklüziv muzeylər müxtəlifliyi və davamlılığı təşviq edir. Onlar təhsil, əyləncə, düşüncə və bilik mübadiləsi üçün müxtəlif təcrübələr təklif edərək etik, peşəkar və icmaların iştirakı ilə fəaliyyət göstərir".
Tədbirdə ölkəmiz ICOM Azərbaycan Milli Komitəsinin üzvləri - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Təsviri sənət sektorunun müdiri Aybəniz Əliyeva, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyəti sədrinin köməkçisi Turan Həsənova və hər bir nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) müvafiq sahə üzrə üzv olduqları komitələrdə iştirak və təqdimatlarla nümayiş olunub.





