Mədəniyyət

Azərbaycanlı aktrisa şəxsi həyatından danışdı: "7 illik ailəm bir xəyanət üstündə dağıldı" - FOTO

18 Yanvar 2017 21:29
11 Şərh     Baxış: 32 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Sonaxanım Əliyevanın Milli.Az-a müsahibəsi.

- Sonaxanım, sizi mən şəxsən son bir neçə ildə televiziya kanallarında yayımlanan seriallardan tanımışam. Seriallara qədər haradasa çalışırdınız?

- Bəli, mən teatrda çalışmışam. Rollarım və tamaşalarımdan kifayət qədər tanınırdım. Amma gəlin razılaşaq ki, teatrda tamaşaçı az olur, ekran qarşısında isə çox. Teatra tamaşaçı kütləsinin axın etməsi üçün, ilk növbədə, tamaşanın reklamı telekanallarda getməlidir. Böyük kütlə üçün tanınmamağımın səbəbi də elə bu olub.

- Teatra gəlişinizi xatırlayırsız?

- Bəli, elə bil ki, dünən gəlmişəm. İncəsənət Universitetinin 3-cü kursunda oxuyurdum, ilk gəldiyim teatr İlham Miniatür Teatrı oldu. Teatra gəldiyim gün heç vaxt yadımdan çıxmaz. Məni gələn kimi səhnədə gedən "Qulağ" tamaşasına digər bir aktrisanın yerinə daxil etdilər. Düz 1 həftədən sonra mən artıq səhnədə "Ağ ciyər" tamaşasında oynayırdım. Mənə bu teatrdan böyük nizam-intizam, gözəl və səmimi aktyorlar, şirin xatirə olaraq qaldı.

- Həmin teatrda neçə il çalışdınız?

- Düz 8 il teatrda çalışdım. Həmin teatr fəaliyyətini dayandırandan sonra Gənc Tamaşaçılar Teatrına gəldim.

- Hansı teatrdakı fəaliyyətiniz daha səmərəli olub?

- Mən teatrlar arasında fərq qoymuram. İstər İlham Miniatür Teatrı olsun, istərsə də Gənc Tamaşaçılar Teatrı. Hər iki teatrda sevdiyim tamaşalar olub. Təbii ki, Gənc Tamaşaçılar Teatrında qastrol səfərlərimiz, müxtəlif janrlarda oynadığım tamaşalar peşəkarlığımı daha da artırdı.

- Bəs niyə teatrı birdəfəlik tərk etdiniz?

- Teatrı heç vaxt tərk etməzdim, sadəcə olaraq həyatımda bir sıra çətinliklər oldu. Mən də məcbur olub teatrı tərk etdim. İndi isə teatra qayıtmaq bir qədər çətindir.

- Nə idi bu çətinliklər?

- Bu çətinliklər şəxsi həyatımla əlaqəli idi. Ya evsiz qalmalıydım, ya da teatrsız. Seçim qarşısında qalıb ailəmin yaşayışını seçdim.

- Teatrı seçməməklə düzgün qərar verdiyinizi düşünürsüz?

- Düz seçim idi ki, məni anam və qızımın həyatı düşündürürdü. Nə olursa olsun, mən bu qərarı verməli idim. Artıq 5-6 il olar kı, teatrda çalışmıram. Darıxmıram desəm, yalan olar, teatr üçün çox darıxıram. İndi də gedə bilmirəm, deyilənə görə ştat dolub.

- Bütün bu çətinliklərin başında nə dayanırdı?

- Ailə həyatım uğursuz oldu. Bir xəyanət hər şeyi alt-üst etdi.

- Neçə illik ailəni dağıtdınız?

- 7 illik ailəm bir xəyanətin qurbanı oldu.

- Bəzən qadınlar deyir ki, "Kişi hara gedir-getsin, axşam evə gəlsin". Bununla razılaşırsız?

- Qadınlar fərqli olduğu kimi düşüncələri də fərqlidir. Bu fikir, ümumiyyətlə, məndən uzaqdır. Mən düşünürəm ki, iki sevən və bir-birini başa düşən insanlar arasında yalan, xəyanət qəbul edilməzdir. Əgər mən bir kişiyə sadiq ola bilirəmsə, o, niyə sadiq olmamalıdır?

- Necə tanış olmuşdunuz?

- Həyat yoldaşım fanatım idi. Uzun müddət məni izləyirdi, amma tanış olmağa cəhd etmirdi. Sonradan isə qismətimə o yazıldı. Qismətdən artıq yemək olmaz. Elə də oldu.

- Ayrılmağınıza peşman oldunuz?

- Heç təəssüf də etmədim. Deməli, Allah bu cür məsləhət bilib. Arada bir qız övladımız olduğu üçün, təbii ki, istər-istəməz üz-üzə gəlirik. Görüşəndə yalnız övladımızın gələcəyi haqqında söhbətlər edirik. Kişilər əldə etdiyi xoşbəxtliyin qədrini bilmirlər, itirəndən sonra isə çox gec olur.

- Həyat yoldaşınız necə, peşmançılıq çəkdi?

- Onun peşman olub-olmamağını bilmirəm, amma bilirəm ki, sonrakı peşmançılıq fayda verməz.

- Ondan sonra ailə qurmaq haqqında fikirləşmədiniz?

- Sözün düzü, çox təkliflər gəldi, amma mən ehtiyat etdim. Bir dəfə yandım deyə, ikinci dəfə yanmaq istəmədim. O da Allahın qismətidir. Əgər alnımın yazısı təklikdirsə, mən nə edə bilərəm?

- Həyat yoldaşınızla ayrıldınız, bəs qayınananızla, baldızınızla münasibətiniz necədir?

- Mən ailəli olanda artıq onun anası neçə il idi ki, ağır xəstəlikdən dünyasını dəyişmişdi. Baldızlarım əvvəldən necə soyuqqanlı olublarsa, indi də bu soyuqluq davam edir.

- Hansısa səhvinizə görə özünüzü qınamısız?

- Əlbəttə ki, istər sənətdə, istərsə də həyatda yalnışlıqlar olur. Bu insana xas olan xüsusiyyətdir. Heç kim deyə bilməz ki, heç bir yerdə səhv etməyib. Heç vaxt özümü qınamamışam. Çünki etdiyim səhvlərdən nəticə çıxarmışam. O səhvlər bir növ mənə dərs olub.

- Niyə bu sənətə vəfasız deyirlər?

- Görün bizim nə qədər gözəl sənətkarlarımız olub və indiki dövrdə də var. Onlar yaşa dolduqca həm gündəmdən düşür, həm də unudulurlar. Sənətkara sağlığında qiymət vermək lazımdır.

- Seriala, filmə təklif gəlməyəndə bəs necə dolanırsınız?

- Təklif gələndə çəkilirəm, amma şükür edirəm ki, Allah mənə aktrisalıq sənətimdən də başqa oxumağa da səs verib. Çəkilişlər olmayanda el şənliklərinə gedirəm.

- Müğənnilərin qısqanc münasibəti ilə rastlaşmısınız?

- Bəzən olur, amma mən bunlara fikir vermirəm. İmkan verməmişəm ki, bu qısqanclığı qəti şəkildə bildirsinlər. Özüm sülh sevən insanam, mehribançılıq yarada bilirəm. Ola bilər ki, kiminsə gözü məni götürmür, amma mən onu hiss etməmişəm.

- Sonaxanım, daha çox mafiyoz qadın, bir sözlə mənfi rollarda çəkilirsiniz. Bu, rejissorların seçimidir, yoxsa özünüzün?

- Çox təəssüf ki, çox şeylər həyatda bizim istədiyimiz kimi olmur. Təbii ki, rol bölgüsünü rejissorlar edir, nədənsə məni mənfi rolda görürlər.

- Ən çox bəyəndiyiniz rolunuz hansı olub?

- Düşünürəm ki, rolun yaxşısı, pisi yoxdur, əsas o rolun öhdəsindən gəlməkdir. Ümumilikdə götürəndə "Pərvanələrin rəqsi" serialında Afət obrazımı çox sevirəm. Çox istərdim ki, obrazlarım bir-birindən fərqli olsun. Mənfi rollar oynasam da, çalışıram ki, elə oynayım ki, bir-birinə bənzəməsin.

- Sizi necə təəccübləndirmək olar?

- Bunu heç özüm də bilmirəm. Bəlkə də elə bir möcüzə olmalıdır ki, mən təəccüblənim. O da hələ ki, yoxdur.

- Hazırda "Vicdan haqqı" serialında çəkilirsiniz. Obrazınız tamaşaçılara necə təsir bağışlayır?

- Mən bu serialda Ofeliya obrazını yaradıram. Rolumdan və kollektivdən çox razıyam. Aktyor-aktrisa hər biri obrazını sevməlidir, sevməsə, onu yarada bilməz.

- Heç olubmu ki, nə vaxtsa həyatınızı oynayasız?

- Tam dəqiqliyi ilə olmasa da, "Pərvanələrin rəqsi" serialının bəzi səhnələri həyatımla səsləşirdi. O səhnələri oynayanda, sanki, bütün həyatımı yenidən yaşayırdım.

- Ən sevdiyiniz rejissorunuz kim olub?

- Mən həmişə deyirəm ki, Rövşən İsax mənim rejissorumdur. Çünki mənə uğur qazandıran o olub. Təbii ki, "Pərvanələrin rəqsi" serialı ilə. Baxmayaraq ki, o seriala qədər teatrda, filmlərdə, seriallarda çəkilmişdim, amma etiraf edim ki, uğur qazanmamışdım. O, aktyorlarla işləməyi bacarır. Bir sözlə gözəl sənətkardır.

- Sənətdə idealınız kimdir?

- Bizim gözəl sənətkarımız, canlı korifeyimiz Həmidə Ömərova. Həmidə xanım, ilk növbədə, mənim sənət müəlliməm olub, sonra onunla biz "Bir ailəm var" serialında çəkildik. O, mənim üçün böyük bir varlıqdır, fədakar ana, səmimi və mehriban xanım, etibarlı dostdur. Onun haqqında danışmaq üçün 1 gün bəs etməz. Bir söz deyə bilərəm ki, mənim gözəl Həmidə Ömərovam, sizi çox sevirəm!

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.